Aşqabad şəhərində Türkmənistan Elmlər Akademiyası Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutu tərəfindən “Hikmət mənbəyi Məhtimqulu Fəraqi” adlı beynəlxalq elmi konfrans keçirilib.
Konfransda bir sıra ölkələrin - Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İngiltərə, Hindistan, Amerika Birləşmiş Ştatları və s. ölkələrdən tanınmış elm və mədəniyyət xadimləri iştirak edib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru dosent Töhfə Talıbova beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib.
Töhfə Talıbova 2016-cı ildə “Müstəqillik illərində Azərbaycan-Türkmənistan ədəbi əlaqələri” adlı dissertasiya işini uğurla müdafiə edib. O, 2023-cü ildə dissertasiyasının nəticələrinə son illərdəki araşdırmalarını da əlavə edərək monoqrafiya nəşr etdirib.
Məhtimqulu Fəraqinin tanınmış tədqiqatçılarından olan T.Talıbova konfransdakı çıxışında böyük mütəfəkkir-şair Məhtimqulu Fəraqi ədəbi irsinin Azərbaycanda geniş tədqiq edildiyindən, onun 1814-cü ildə Buxarada daşbasma üsulu ilə nəşr edilmiş nadir Divanının Azərbaycanda aşkarlanaraq transliterasiya edilib Azərbaycan və türkmən dillərində kitab şəklində nəşr olunmasından, mütəfəkkir şairin ədəbi irsinin Azərbaycan dilinə tərcümə edilərək nəşr edilməsindən, yaradıcılığına həsr edilmiş monoqrafiya və məqalələrdən ətraflı bəhs edib.
Konfransın açılışında və bölmələrində çıxış edən ədəbiyyatşünas alim, həmçinin Türkmənistanın televiziya kanallarına müsahibələr vermiş və dövlət televiziyasının təşkil etdiyi canlı debatda tanınmış alimlərlə birlikdə çıxış etmişdir.
Tədbir iştirakçıları Türkmənistanın Aşqabad şəhərinin yaxınlığında yerləşən yeni salınmış Arkadağ şəhəri ilə yaxından tanış olmuş, eyni zamanda Aşqabad şəhərində yerləşən Milli Xalça Muzeyində, Türkmənistanın Dövlət Mədəniyyət mərkəzinin Dövlət Muzeyində, Türkmənistan Dövlət kitabxanasında da olmuşlar.