Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Yaşanan tarix Azərbaycan nəsrində - Lütviyyə Əsgərzadə Zemfira Məhərrəmli haqqında yazır

21-05-2024 [ 13:00 ] [ oxunub:184 ]
printerA+ | A-
104574

Keçmişi təhlil etmək, gələcəyə ötürmək ədəbiyyatın üzərinə çətin və məsuliyyətli iş düşür. Yəni ədəbi mətn hansı növdə yazılmasından asılı olmayaraq, "keçmişin, tarixin fonunda insan həyatı və cəmiyyətinin təhlilidir. Bizdən öncə yaşamış yazıçı və şairlər öz dövrlərinin səciyyəvi cəhətlərini dərindən əks etdirdikləri üçün onların əsərləri bu gün dövrün tarixi, mənəvi dəyərləri haqqında məlumat vermək baxımından əvəzolunmazdır. Məsələn, "Puşkinin yazdığı hər şey tarixi sənəddir və onun çoxsaylı əsərləri dövrün poetik salnaməsidir" (Vasili Klyucevski). Yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin əsərləri də yaxın və yaşanan tariximizin ədəbi səlnaməsidir.

1991-ci ildən mətbuatda hərbi mövzuda çıxış edən, hər zaman günün reallıqlarını izləyən Zemfira Məhərrəmli, dəfələrlə "qaynar" nöqtələrdə olub, yaşanan tarixə şahidlik edib. Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda vuruşan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları dərc etdirib.

Şükürlər olsun ki, ədəbiyyatımızda qaçqınlıq, köçkünlük, "ağrı" notlarıyla əksini tapan I və II Qarabağ müharibəsi Böyük Zəfərimizlə taclandı. Həsrət yanğımıza çevrilmiş cənnət məkanımız Ali Baş Komandanın "Əziz Şuşa, sən azadsan! Biz səni yenidən dirçəldəcəyik!" nidaları Azərbaycan ədəbiyyatına bir başqa ab-hava gətirdi. Z.Məhərrəmlinin sözləri ilə desək, "ədəbiyyatımızın rəngini dəyişdi.

Zemfira xanımın əsərlərinin əksəriyyəti sənədli hekayələrdir. Müharibədən keçən insanların həyatından yazmaq, "ayrı-ayrı fakt və hadisələrə poetik nəfəs vermək", bu həyatları içindən keçirmək çox çətindir, əzablıdır. Bu baxımdan, Z.Məhərrəmlinin yazdığı hekayələr ağrıdır, iztirabdır, yanğıdır. "Bakıda doğulub boya-başa çatan insanın ağrını, yanğını bu qədər içdən duyması təkcə onun sevdiyi Qarabağa zaman-zaman gedib-gəlməsi ilə mümkün deyil. Bu, ayrı bir sevgidən doğan ağrıdır, yanğıdır, hissdir, yanaşmadır. Zemfira xanımın Qarabağla bağlı istər hekayələrində, istərsə də publisistik yazılarındakı çırpıntı vətən sevgisindən, vətən ağrısından qaynaqlanır. Bu, vətən üçün döyünən ürəyin çırpıntısıdır".

Zemfira xanım ədəbi mətnlərində yurdun tarixindən, yurd yerlərimizin adlarından danışır, mifik yaddaşımızı təzələyir. Uşaqlıqdan yaddaşımıza həkk olunmuş xilaskar obrazını - "Ağ atlı oğlan"ı xatırladır. Yaddaşımızda belə bir fikir də formalaşıb ki, "Aslanın erkəyi, dişisi olmaz." Məqsəd Vətənin xilasıdırsa, xilaskar yalnız "Ağ atlı oğlan" deyil, "Ağ atlı qız"larımız da var. Vətən eşqi ilə döyüşə atılan "Ağ atlı qız"larımız qəhrəmanlıqları ilə dastan yazdı. Zemfira xanım "Ağ atlı qız" hekayəsində, belə bir qəhrəmanın, Nərmin Abbasquliyevanın bədii obrazını əbədiləşdirir. Şəhadətə yüksələn "Ağ atlı" xilaskarlarımıza sözdən abidə ucaldır. Vətənin azadlığı uğruna döyüşən "Ağ atlı oğlan"la "Ağ atlı qız"a eyni müstəvidən yanaşır.

Z.Məhərrəmli "Son görüş və ayrılıq... Əbədi xatirə" hekayəsində yarımçıq taleləri, ayrılıqları böyük kədərlə hekayəsinə mövzu edir. Hekayənin qəhrəmanları Salehlə Gülərdir. Onların sevgisi ötən illərdə Qarabağda yaşanan və Salehin şəhid olması ilə yarıda qırılan nakam sevgilərin real bədii təsviridir. Bu mövzu yüzlərlə real hekayənin ədəbiyyatda inikasıdır.

Hamımız bu hadisələrin, hekayələrin canlı şahidləriyik. Bu əzab, bu ağrı 30 illik ədəbiyyatımızın içindən keçdi. Çəkilməz hadisələrin yaşandığı bir zamana şahidlik etmiş ədəbiyyat adamları, o cümlədən Zemfira xanım da "susmadı", yaşanan tarixi ədəbiyyata daşıdı. Bunu "Qırxqızın qırxbirinci" hekayəsində izləmək mümkündür. Hekayə dağ adamının aranda yaşamaq əzabından, çadır həyatından başlayır (1948-ci ildəki deportasiyada nə qədər insan iqlim dəyişikliyindən həyatını itirmişdi). Əsasən, dağlıq ərazilərdə yaşayan, dağ havası, bulaq suyu ilə böyüyən insanların aranda yaşaması, bu həyata adaptasiya olması asan məsələ deyildi. Zemfira xanım anlatdığı hekayələrin içində yeri gəldiyində, bir az öncə bəhs etdiyimiz kimi, tariximizin güzgüsü sayılan, xalqın keçmişini, indisi və gələcəyini göstərən yer-yurd adlarımızın yaranmasına da toxunur, izah verir. "Qədim zamanlarda bu ərazilərə basqınlar olanda ərənlər son nəfəslərinədək vuruşublar. Elin igid qızları da ox atmağı, qılınc oynatmağı bacarıblar. Bir gün qanlı savaşda qarı düşmən başı dəbilqəli xanımların da öz məmləkətinə yiyə çıxdığına heyrətlənmiş, onları əsir götürmək istəmişdi. Pusquya düşdüklərini anlayan qızlar özlərini dərin uçurumlara atmış, öz namus və heysiyyətlərini qorumuşdular. O vaxtdan bu dağa Qırxqız dağı deyirlər".

Eyni hadisəni erməni əsirliyində olan Səma təkrarlayır. Ölmədən öncə anasına məktub yazır: "Bu gecə əvvəlkilərə bənzəmirdi. Səma gözləri yollarda qalan anasına son məktubunu yazırdı: "Əziz anam, köç edirəm. Amma bu, sizin köçməyinizdən fərqlidir. İnanıram ki, siz nə vaxtsa doğma el-obamıza qayıdacaqsınız. Mənimki isə ağır bir yol, əbədiyyət köçüdür. İstəyirəm biləsən ki, sənin qızın qardaşlarının yanına "girov" damğası ilə qayıtmaq istəmədi".

Müharibədə ərləri, övladları, qardaşları həlak olan qadınlar ömürlük əzaba məhkum olur. Əsir düşən qadınları, uşaqları daha məşəqqətli həyat gözləyir. Ölməyi arzu etsə də öldürülmür, uşaqlar şikəst buraxılır və s. Hələ Xocalıda yaşananlar, dağ yollarından qaçmağa çalışanların başına gətirilənlər... Bütün bunlar müəllifin yaradıcılığında təsirli bir şəkildə inikas edir. Məsələn, əsərdə ermənilərin hamilə Səmanı maşından sürüyüb qarnını nişan alması səhnəsi dözülməzdir. Ana bətnində ölən körpənin çığırtısı qulaqlardan silinib getmir. Xocalıda əsir götürülən ananın döşünü kəsib südəmər körpənin ağzına soxaraq səsini kəsmələri... Əsir düşən qadınların başlarına gətirilən müsibətlər... Yadıma o illərdə televiziyada izlədiyim bir epizod düşür. Jurnalist ağsaqqal bir kişiyə sual verir: - Sizin də gəlin əsirlikdədir. Heç cəhd edirsiz qurtarmağa? (ilk vaxtlarda əsirlərin bəziləri dəyişdirilir və ya küllü miqdarda pul qarşılığında alınırdı). Jurnalist yəqin ki, bunu nəzərdə tutub soruşurdu. Üzərindən illər keçsə də ağsaqqalın dediyi sözləri unuda bilmirəm. "Cəhd etmişik, xeyli pul da toplamışdıq alaq. Gəlin azad olanlarla bizə xəbər göndərib ki, məni geri qaytarmağa çalışmayın". Təkcə bir fakt düşmənin nə qədər şərəfsiz və qorxunc olduğunun sübutudur.

Zemfira xanımın elə hekayəsi var ki, onu məzmun və mahiyyət etibarı ilə kiçik povest adlandırmaq olar. Məsələn, "Əbədiyyət nəğməsi." "Kiçikhəcmli poetik etüdün" qəhrəmanı Qaratel Hacımahmudovadır. Qaratelin obrazı insan şüurunun alt qatında yaşayan yurd, torpaq arxetipi ilə səsləşir. Hələ sağ ikən cəbhədəki rəşadətləri dilə-ağıza düşüb əfsanələşən, son nəfəsinə qədər misilsiz qəhrəmanlıqlar göstərib döyüşən və döyüş meydanında qəhrəmanlıqla həlak olan Qaratelin varlığı və adı torpaq kimi əbədiyyətin simvoluna çevrilir.

Zemfira xanımın hekayələrindən biri də "Şuşa Gültəkini" adlanır. "Hekayənin qəhrəmanı, ictimaiyyətin daha yaxından tanıdığı, şərəfli ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş Gültəkin Əsgərovadır. Yazıçı müharibəyə getməzdən əvvəl təcili yardım məntəqəsində həkim işləyən Gültəkinin insani sifətlərini xəstə-həkim müstəvisində təqdim edir.

Yazıçı əsərin finalında "hekayə içində hekayə" təqdim edir. Qəhrəman Gültəkinin təsəvvürümüzdə olan obrazını bütövləşdirir. Yalnız "Şəhid olduğu yerə "Gültəkin qayası" adı verilən "Gül ömürlü Gültəkini" deyil, sözüylə, qələmiylə döyüşən "Qarabağın Salatını", Vətən eşqiylə döyünən ürəyindəki sevdanı içində dəfn edən, könül verdiyinə "Qəbirdə qovuşanlar"dan olan talesiz Rəhiləni, barəsində cəsarət və əbədiyyət nəğməsi bəstələnsə də, bu şərqini heç vaxt eşitməyəcək Qarateli, "Son döyüş"ündə şəhid olduğu torpağa qanıyla sədaqət möhürü vuran cəsur qız Sədaqəti, incə bədənində cüssəsindən daha böyük ruh daşıyan və ömrünün iyirmi birinci payızında xəzan yarpağı kimi doğma torpağa düşən Könülü, oğlu ilə çiyin-çiyinə vuruşan, onu əlləriylə torpağa tapşırıb yenidən cəbhədəki odun-alovun içinə qayıdan cəsur Nurcahan ananı, cəbhədə qardaşlarının yarasını saran, qanadlanmış mələktək cövlan edən Nərminəni, könül verdiyi cəsur Həsənin batalyonunda düşmənlə vuruşan və Vətən dərdiylə Tanrı dərgahına qovuşan Rahilə Qorxmazı da bütövləşdirir, sədaqət, dəyanət, cəsarət, ləyaqət simvolu kimi əbədiləşdirir. Əslində, Zemfira xanımın hər bir hekayəsin gələcəkdə yazılacaq romanın səhifələridir.

Müharibə dəhşətlərindən yazan Zemfira xanım həm də Böyük Zəfərimizdən bəhs edən hekayələr yazdı. Zəfər savaşımızın başladığı ilk gündən vətənin müdafiəsinə qalxan rəşadətli Azərbaycan ordusunun Ali Baş Komandanın ətrafında sıx birləşərək göstərdiyi misilsiz qəhrəmanlığı, torpaq uğrunda əzalarını itirmiş qazilərimizin, Vətən bağrında qırmızı lalələrə dönən şəhidlərimizin rəşadətini əks etdirdi.

SİZƏ MARAQLI OLA BİLƏR