Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Matsuo Başounun 380 illik yubileyinə həsr edilmiş elmi seminar keçirilib

15-05-2024 [ 14:31 ] [ oxunub:208 ]
printerA+ | A-
104555

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan - Asiya ədəbi əlaqələri şöbəsində Asiya xalqları ədəbiyyatları ilə bağlı ənənəvi olaraq keçirilən seminarlar çərçivəsində yapon ədəbiyyatının görkəmli nümayəndələrindən biri hokku ustadı Matsuo Başounun 380 illik yubileyinə həsr edilmiş elmi seminar keçirilib.

Seminarda ilk olaraq çıxış edən şöbə müdiri professor Bədirxan Əhmədli yapon ədəbiyyatının Azərbaycan cəmiyyəti üçün yeni və yad olmadığını bildirərək, yapon poeziyası ilə tanışlığın XX yüzilliyin ikinci yarısından etibarən başlandığını bildirmişdir: “Elçinin 1975-ci ildən etibarən rus dili vasitəsilə etdiyi tərcümələr, nəzəri aspektdə yazdığı yazılar ilə hayku şeiri Azərbaycanın oxucu auditoriyasına təqdim olunmuşdur. Eyni zamanda, Xalq şairləri Rəsul Rza və Cabir Novruzun tərcümə etdikləri yapon poeziya nümunələri vaxtaşırı “Ədəbiyyat” qəzetinin səhifələrində öz əksini tapmışdır. Zəngin və qədim ənənələrə malik yapon şeri özünəməxsus estetik və sənət dəyərlərinə malikdir”.

Daha sonra şöbənin əməkdaşı Azərbaycan ədəbiyyatşünaslığında ilk və yeganə mütəxəssis olaraq yapon ədəbiyyatı sahəsində filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış Gülnar Yunusova Matsuo Başounun həyat və yaradıcılıq yolunu əhatə edən məruzə ilə çıxış etmişdir: “Başounun mindən artıq şeiri günümüzə qədər gəlib çatmışdır. Onun öz yazdığı haykay (hokku) şeirləri və haykay renqa toplularına töhfə üçün yazdığı şeirlər bir – birindən olduqca fərqlidir. Yapon ədəbiyyatında buraxdığı dərin izləri haykaya borclu olan ustadın şeirlərində özünəməxsus çox fərqli xüsusiyyətlər vardır. Başounun haykaylarında fərdi müşahidələr çox kəskindir. Başou köhnə bir göl, Sado sahillərindəki coşqun dalğalar, qədim döyüş zonalarında böyüyən yaz çiçəkləri haqqında şeirlər yazmışdır. Şair şofou adı ilə bilinən öz üslubunu formalaşdırmışdır ki, bu üslub da müstəqilləşərək hokku, sonradan isə hayku adını almışdır. Başou təbii səslərə və onların şeirdə yaratdığı əks-sədaya çox önəm vermiş, incə zəkasıyla təbiətdəki səslərin təbii halını pozmadan onları poetik qəliblərə salmağı bacarmışdır”.

 

SİZƏ MARAQLI OLA BİLƏR