1
Bir gün içində, bir həftə, bir ay içində zaman qurşağında özünə bir yer seç, baş alıb gedən hadisələrin stixiyasına dal, ruhunda elə bir ortam yaransın ki, bu hadisələrin hər birinin rəsmini, səhnədə oynanıb getdiyini, lap sonuncu ayaq səsini eşidə, görə biləsən. Bu səhnədə susan adamlara yer yoxdu, hamı dil-dodaq əsdirir, danışır, nəfəsini havamıza yamayır, kiminsə ürəyi gedir, kiminsə nəfəsi çatmır...
Susan adamlar yerin təkinə gömülüblər sanki, danışsalar da, səsləri çıxmır, bu mənzərədə hardasa onların içindən çıxan nəfəslə güzgülər tərləyir, hardasa heç gözləmədiyin halda bir çıraq sönür, bir güzgü baxdığın yerdə çat verir, yazacağın nəsə o çatın arasında ilişib qalır, pəncərə şüşəsində oynaşan gün işığı sənə yuxuda itirdiyin adamların rəsmini göstərir, ürəyin ağrıyır...
Sən elə bir yer seç ki, hər şeyi nöqtəbənöqtə görəsən, heç nə gözündən qaçmasın, bir anlıq Borxesin yaddaşına yiyələn, səhnədən dağ çayı kimi "axıb gedən" at dabanından qopan son qığılcımı görəsən, gözünü kor edən, bir-birinin içindən keçən, ürəyini üzən hadisələrin soyuğu günəşi yerə endirər, görərsən, kimsə günəşi tonqal bilib, əllərini açıb isinmək istəyir, kimsə nəfəsiylə sönən közləri üfürür...
Bu son nöqtədə keçmişə dönüb onu yenidən yaşamaq şövqü yaranar... Həyatda və ədəbiyyatda...
2
Heç bir mətn bir dəfə yazılmaqla bitmir, təkrar-təkrar işlənir, sənin yeni ideya kimi işlədiyin mətn ilk cümləsiylə keçmişə dönür, hər vurğu, heca, sətir.. ürək kimi çarpır, keçmişdə yaranmış mətnlərin "boşluqları"ndan keçir, onu tamamlamaq şövqüylə çırpınır, əlinin, barmaqlarının altında. Eynilə, yerə enmiş günəşin oduna indi üşüyən əllərini uzatmaq kimi. Bir araşdırmada oxuyuruq: "... " Borxesin 60-cı illərin əvvəllərində yazdığı "Don Kixot"un müəllifi, Pyer Menar" adlı hekayəsi var. Hekayə ədəbiyyatşünaslıq essesini imitasiya edir və orada söhbət Servantesin romanının bir neçə fəslinin hərfini belə dəyişmədən, yenidən yaratmaq istəyən yazıçıdan gedir".... X.L.Borxesin "Babil kitabxanası" bütün dünyanı əhatə edən, reallığına şübhə olmayan kitabxanadır. Lakin o labirint kimi qarışıb və orada mövcud olan kitablar aynada olduğu kimi bir-birində əks olunur. Əfsanəvi Babil qülləsi bu kitabxananın yanında çox kiçik görünür. Əsər fantaziya ilə reallığın sərhədlərində, uydurma ilə gerçəkliyin sintezində yaranıb..."
Kitablar, mətnlər bir-birində əks olunur...
Çağdaş nəsrimiz indi belə bir dövrü yaşayır, keçmişin gözəl mətnlərini tamamlamaq işi hələ zəif olsa da, proses gedir. Bu onu göstərir ki, nəsr yeni nəfəslə dolur, yeni naxışlar boy atır. Sovet dövründə yazılan, məlum məsələyə görə insanların bəyənmədiyi (dərhal rədd etdiyi - !) mətnlərin içindəki ağrılar qövr edib yeni dərdlər çiçəkləyəcək. Mirzə Cəlilin sovet dövrünə düşən ömrü yeni bədii mətnlər "yaradacaq". Janrların çevrilməsi, transformasiyası baş verəcək: şeirlər hekayələrə, pyes və romanlara çevriləcək, yenidən yazılacaq, boşluqlar yeni hisslərlə dolub daşacaq, olsun ki, Əliağa Vahidin bütün külliyyatı kiminsə qələmində roman cildində zühur etsin. Yaxud "Gələcək gün", "Pərvanə"... Milli ədəbiyyatda dövründən asılı olmayaraq bütün hisslər, bütün duyğular bu və ya digər şəkildə bir məqamda uc-uca calanır və bu, heç də post-modernizm məsələsi deyildir. Xətai haqqında çox romanlar yazıldı, bəlkə heç biri dediyimiz ideyanın əksi deyildir, ən mükəmməl, ürək doyduran mətn o zaman yaranacaq ki, onların nüvəsində Xətainin şeirləri, varsağıları dursun, onları yaradan enerji dursun...
Ən gözəl əsər ən dar macalda yarana bilər.
Bu barədə sonra...