Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Artur Rudolfoviç Zifeld-Simumyaqi (Nizami Gəncəvi ad. Ədəbiyyat İnstitutu-90)

09-02-2024 [ 14:39 ] [ oxunub:38 ]
printerA+ | A-
104255

Repressiya illərində Bakıda yaşayan dilçilər arasında ən məşhuru və qeyri-adi şəxsiyyəti ilə seçiləni milliyyətcə eston olan Artur Rudolfoviç Zifeld-Simumyaqi idi. Onun məsləkdaşlarının türk dilinin konkret məsələlərinə həsr olunmuş araşdırmaları müxtəlif səviyyələrdə öz əhəmiyyətini saxlasa da, Zifeld-Simumyaqinin böyük ümumiləşdirmələri və qlobal mühakimələri perspektivsiz qaldı. Lakin hər halda Azərbaycanın elmi, ictimai həyatında və mütəxəssislərin hazırlanmasında o əhəmiyyətli rol oynamışdır. Bu yazıda onun 22326 №-li arxiv materialından istifadə etmişik.

Artur Rudolfoviç Zifeld (soyadının ikinci hissəsini sonradan götürüb) 1889-cu ildə Reveldə (Tallin) doğulmuşdur. Onun gəncliyi Odessada keçmişdir, öz ifadəsinə görə Novorossiysk universitetində "1912-ci ildə tarix-filologiya fakultəsində kurs keçmişdir". Onun universitet diplomunun olub-olmaması məlum deyil, hərçənd sovet dövründə Zifeld-Simumyaqi professor dərəcəsi daşıyırdı. Lakin o, Odessada, əsasən, gizli inqilabi fəaliyyətlə məşğul olmuş, özünün etiraf etdiyi kimi, siyasi görüşləri dəfələrlə dəyişmişdir. 1906-cı ildə o, eserlər partiyasına daxil olmuş, 1907-ci ildə "xalq sosialistləri" (sağ eserlər partiyası) partiyasına keçmiş, lakin 1908-ci ildə onlardan ayrılan, əqidəcə sol eserlərə yaxın olan  "anarxo-sosialistlər" partiyasının başına keçmişdir. 1912-ci ildə  Zifeld-Simumyaqi təxribatçı kimi ifşa edilir, qeyri-qanuni fəaliyyətə keçir, daha sonra saxta pasportla Almaniyaya mühacirət edir. 

Bir il sonra pasportundakı aydın olmayan məsələlərə görə Zifeld-Simumyaqi Almaniyadan çıxarılır və İsveçrəyə köçür, 1917-ci ilə qədər Sürixdə yaşayır. Onun sözlərinə görə, hələ Odessada olduğu müddətdə Q.V.Plexanovun əsərlərinin təsiri  ilə sosial demokratların sırasına keçir və 1911-ci ildən özünü marksist adlandırır.  İsveçrəyə köçdükdən sonra Artur Rudolfoviç menşevik partiyasının kiçik bir qrupuna başçılıq edən Plexanovla tanış olur  və onların xarici bürosunun üzvünə çevrilir.  1-ci dünya müharibəsinin başlanması ilə müharibə fikirlərini dəstəkləyən   Plexanovla əlaqələrini kəsir, onunla birlikdə işləməkdən imtina etmiş bolşeviklərlə münasibətlərini yaxşılaşdırmağa çalışır. Dövlət Dumasının ikinci çağırış deputatı A.Q.Zurabovla birlikdə 1914-cü ilin sonunda Sürixdə antimüharibə mövqeyi tutan Birləşmiş Sosial-Demokrat İnternasionalistləri partiyasını yaradır: sonralar özü bu birləşməni "müxtəlif siyasi cərəyanların tör-töküntüsü, siyasi Nuh gəmisi" adlandırırdı. 1915-ci ildə o, nəhayət ki, bolşevik partiyasına keçir, bu ildən onun partiyaya üzvlüyü rəsmi şəkildə hesablanmağa başlayır.

Lakin hələ emiqrant olduğu müddətdə Zifeld-Simumyaqi dilçilik ilə maraqlanmağa başlayır. Gənc inqilabçı o dövrdə elmdə geniş müzakirə obyektinə çevrilən fin-uqor, samayed, türk, monqol, tunqus-mancur (bəzən yapon və Koreya dilləri də aid edilirdi)  dillərinin böyük Ural-Altay ailəsində birləşməsini təsdiq edən  Ural-Altay hipotezi ilə maraqlanırdı. Müasir elm bu hipotezi daha fərqli formada təsdiq edir: Ural (fin-uqor, samayed) və altay (türk, monqol, tunqus-mancur, Koreya, yapon) dilləri hind-Avropa və digərləri ilə birlikdə  qiqant makroailənin üzvü hesab edilir, lakin ayrıca Ural-Altay ailəsini qəbul etmir. Lakin  XX əsrin 10-30-cu illərində bu hipotezi nə sübut ermək, nə də təkzib etmək mümkünsüz idi, çünki bir çox Ural və Altay dilləri tam öyrənilməmişdi. Odessada olarkən böyük linqvist A.V.Tomsonun mühazirələrinə qulaq asma ehtimalı olsa belə, çətin ki linqvistik hazırlığı yaxşı olan bu gənc tədqiqatçı problemin çətinliyini özü də dərk etmədən siyasi mübarizələrindən boş qalan zamanlarında güclü hipotezlər hazırlamışdı. O, şumerlərə aid olan hər hansı materialı, hətta ikinci, üçüncü əldən alsa da, istifadə etməkdən qorxmurdu.

1916-cı ildə Artur Rudolfoviçin sonrakı həyatının bir çox məqamlarını müəyyənləşdirən hadisə baş verdi. Lozanda III Millətlər  birliyində o jurnalist kimi iştirak edirdi (istintaq işində qeyd olunub). Rusiya nümayəndə heyətinə, sonralar emiqrant olan görkəmli türk alimi və siyasi xadimi Yusif Akçurin başçılıq edirdi. Bu dövrdə o, İstanbulda çıxan "Türk yurdu" jurnalına redaktorluq edirdi. Zifeld-Simumyaqi türklərlə şumerlərin əlaqəsindən bəhs edən məqaləsini ona təklif etdi və o yazı çap olundu. Beləliklə də, gənc entuziastın türkoloqlarla olan əməkdaşlığı başladı.

S.N.Zemlyanonun "Müstəqil qəzet"də çap olunmuş məqaləsindən  Zifeld-Simumyaqinin o dövrlərdə yaradıcılığının daha bir aspektinın mövcud olduğunu öyrəndik. Orada alman kəşfiyyatçılarının V.İ.Leninin başçılıq etdiyi bolşeviklərin yaradıcılığına olan marağından bəhs edilir (əlbəttə bu o demək deyil ki, Lenin "alman casusu" dur). Məqalədə almanların İsveçə göndərdiyi səfir fon Remberq və onun katibi, əslən eston olan Aleksandr Keskuladan da bəhs edilir. Sonra isə Zemlyano yazır: fon Remberq, Aleksandr Keskula və Lenin arasındakı vasitəçiliyi bolşeviklərin liderliyinə yaxın olan skandinav əsilli bolşevik Artur Zifeld yerinə yetirirdi. Keskula Zifeldi almanlardan aldığı pullarla təmin edir, o isə onları hiss olunmadan bolşevik partiyasının kassasına köçürürdü. Zifeld isə öz növbəsində Leninin davranışları və  ətrafında baş verən hər bir şey haqqında Keskulanı xəbərdar edirdi. 

İstintaq işində Leninin adı heç bir yerdə çəkilmir. Bu ad yalnız onun bəraəti zamanı meydana çıxır, Zifeld-Simumyaqinin Leninlə əməkdaşlığı  müsbət arqument kimi xeyrinə istifadə edilir. Buradan aydın olur ki, Bakı bu əməkdaşlıqdan xəbərdar idi, ən azı, Artur Rudolfun  özü çox şeyi danışmaqdan yayına bilməmişdi. Qeyd edək ki, bütün bu məsələlərin Zifeld-Simumyaqinin 1938-ci ildəki həbsi ilə heç bir əlaqəsi yox idi və onun istintaq işində bu məsələlərə ümumiyyətlə baxılmayıb.

Bu hekayədə heç də hər şey aydın deyil. Lakin bu insan haqqında bildiklərimizə əsasən onu professional kəşfiyyatçı kimi təsəvvür etmək çətindir. Xəyalpərəst, hər şeylə maraqlanan, lakin əslində qeyri-ciddi bir adam kimi o özü də bilmədən gizli fəaliyyətdə nə rol oynayırdısa, elmi fəaliyyətində də eyni rola malik idi. Ola bilərdi ki, həmyerlisi Keskulanın işinin əsl mahiyyətini dərk etmirdi. Yeri gəlmişkən, maraqlıdır ki, Zifeldin "skandinav əsilli" olması versiyası haradan yaranmışdı? Bu versiyanı öz qiymətini qaldırmaq üçün elə özü ortaya atmamışdımı? Görünür, məhz bu cəhətlərinə görə sovet dövründə öz inqilabi keçmişinə və Leninlə yaxınlığına baxmayaraq Zifeld-Simumyaqi xüsusi karyera qurmamışdı.

1917-ci ildə V.İ.Leninin gəldiyi ilk emiqrantların dalınca, tərkibində Artur Rudolfoviçin də olduğu ikinci qruppa Almaniya və İsveçi keçərək  İsveçrədən Rusiyaya daxil oldu. Onun 1917-1923-cü illərdəki fəaliyyəti xüsusilə aktiv idi, lakin istintaq işində onların yalnız bəzi epizodları əks olunub: 1919-cu ildə Şimali Qafqazda Tonkonovun partizan dəstəsində döyüşüb, 1920-ci ildə RSFSR-in o zamankı menşevik Gürcüstanının səfirliyində  çalışıb. 

1923-cü ildə Zifeld-Simumyaqi Bakıya işləməyə göndərilir. O, burada 30-cu illərin əvvəlinə qədər yaşayır, sonra qısa müddətlik Tiflisə köçür, 1935-ci ildə Bakıya qayıdır və həbs olunana qədər burada yaşayır. Bir müddət partiya işində işləyir, lakin 20-ci illərdən tamamilə elm sahəsinə keçir. 20-ci illərin sonu - 30-cu illərin əvvəlində Zifeld-Simumyaqi Azərbaycan Dövlət Universitetində  və Azərbaycanı Tədqiq və  Tətəbbö (Araşdırma) cəmiyyətində işləyir. Bakıya qayıtdıqdan sonra onun əsas iş yeri SSRİ EA-nın Azərbaycan filialı oldu. Belə ki, 1935-1937-ci illərdə Dil və Ədəbiyyat İnstitutunun direktoru olmuş, 1937-ci ildə qısa bir müddətə birləşdirilmiş Tarix, Dil və Ədəbiyyat institutuna rəhbərlik etmiş; eyni vaxtda, həmçinin, filialın prezidiumunun üzvü və onun əsas mətbu orqanı olan "Xəbərlər"in baş redaktoru olmuşdur.

Zifeld-Simumyaqi Bakıda inqilabi keçmişi, geniş biliyə malik olması və elmə bağlılığı sayəsində böyük nüfuza malik idi. Lakin müasir oxucularda onun fəaliyyəti kifayət qədər qəribə təəssürat oyadacaq. Ural-Altay ailəsi ideyasını müdafiə edən alim sonradan o dövrdə böyük nüfuzu olan və akademik N.Y.Marr tərəfindən dəfələrlə  irəli sürülən "Dilin yeni tədrisi"nin təsiri altına düşdü. Bu təhsil üsulunu qəbul edən bakılı professor təkcə Maarı tədqiq etmirdi, həm də onunla rəqabət etməyə cəhd göstərir, özünüküləşdirdiyi, Marrın inkar etdiyi Altay-Azərbaycan ərazisində yaşayan bütün ural-estonları kimi  onun üçün də vacib olan Ural-Altay  konsepsiyası ilə birləşdirmişdi. 

Nəticədə o, Ural-Altay dillərinin ailə deyil, iqtisadi xüsusiyyətlərinə görə birləşən  "dillər federasiyası" olduğunu başa düşmüşdü. Ural-Altay dillərinə şumerlərdən latış dilinə qədər bir çoxunu  və bəzi slavyan dillərini aid edirdi: "Böyük ruslar əhəmiyyətli ölçüdə slavyanlaşmış Volqa finləri... Dunay bolqarları Volqa bulqarlarından (türklərindən) törəyənlərdir" .... O, hədsiz sayda dilləri əhatə edən material yığmışdı, amma onları A.V.Starçevskinin "Yüzdillik lüğət"i kimi əsassız qaynaqlardan əldə etmişdi.

Ümumiyyətlə, professorun əsərləri elmi diletantizmin nümunəsi hesab edilir. Bunu sübut etmək üçün əlavə şərh tələb etməyən bir nümunəyə diqqət edək: "Dağ çobanlarının birliklərinin fonetikasında ümumi olan çox şey var. Məsələn, İsveçrə və Qafqaz dağlılarında damaqarxası boğaz səslərinin inkişafı, Hollandiyadan Yakutiyaya qədər Şimal regionlarının soyuqqanlı xalqlarında uzun saitin inkişafı baxımından oxşarlıq var". Elm xadiminin öz prinsiplərinə qarşılıq gözləmədən və fanatik şəkildə bağlılığını belə bir nümunə də sübut edir: 1927-ci ildə anadan olan yeganə qızına Uraltay adı vermişdi".

O, öz xəyallar dünyasında yaşayan, institutu idarə etmək kimi adi ictimai işlərə əhəmiyyət verməyən biri idi. Bu məsələyə bəzi istintaq işlərində bir çox şəxsin verdiyi eyni ifadələrdə  də təsadüf etdik. Zifeld-Sumumyaqinin müavini Qulam Bağırov onun haqqında belə ifadəyə verir: "Yaxşı elm xadimi, pis rəhbər və təşkilatçı". SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının (EAAF) partiya komitəsinin katibi S.Tevosov bildirir: "Biz bilirik ki, təşkilati işlərdə bacarıqsızdır". Etnoqraf A.A.Klimov Zifeld-Sumumyaqinin bəraətindən əvvəl verdiyi ifadədə qeyd edir: "İnsan kimi həssas xasiyyəti var idi, hər kəsə inanırdı, heç kimi incitmək istəməzdi. Rəhbər kimi zəif idi, elmə daha çox əhəmiyyət verirdi, İnstitutun ictimai işləri ilə elə çox maraqlanmazdı. Bu işləri İnstitutun digər səlahiyyətli işçilərinə - H.Zeynallı və Q.Bağırova etibar edərdi".

Zifeld-Simumyaqini qeyri-türk əsilli bakılı professorlardan fərləndirən əsas cəhət  Azərbaycan dilini bilməsi və türk mədəniyyətinə olan marağı idi. Rus, yəhudi və erməni professorlar bu dili bilmir və işdən kənarda türk yoldaşları ilə ünsiyyətdə olmurdular. Artur Rudolfoviçi türk ziyalılarına yaxınlaşdıran əsas amil onun daima sadiq qaldığı Ural-Altay hipotezi idi; istintaq işində qeyd edildiyi kimi o pantürkist olmasa da, ən azından türk pərəstişkarı idi. İstintaq zamanı "inqilab əleyhinə" fəaliyyətini etiraf etməsə də, o zamana qədər artıq məhv edilmiş B.V.Çobanzadə, Q.S.Qubaydullin, V.Xuluflu, H.Zeynallı, A.Tağızadə, X.S.Xocayev və başqaları ilə yaxın münasibətdə olduğunu inkar edə bilməmişdi. Çünki onlar da Zifeldin adını çəkmişdi. Onun həbsini vacib edən əsas sübutlardan biri Q.S.Qubaydullinin verdiyi ifadə olmuşdu, böyük ehtimalla, real əsasları olan bu ifadədə deyilir: "Hər hansı  bir insan birbaşa marksist-kommunist olmur. Şərq zəhmətkeşləri kommunizmə adətən bu şəkildə keçirlər: əvvəlcə o, yerli-milliyətçi olur, sonra  pantürkist, panturanist və nəhayət beynəlmiləlçi". 1924-cü ilə qədər Zifeld-Simumyaqi özünü pantürkist adlandırır, bundan sonra pantürkizmdən uzaqlaşır. Ehtimal ki, 1924-cü ilə qədər o türk dillərinin qohumluğunu etiraf etməsini nəzərdə tuturdu, sonra isə  N.Y.Marrın araşdırmalarının təsiri ilə öz baxış bucağını dəyişmişdi. Lakin istintaq onun sözlərini başqa şəkildə şərh etmişdi.

Ehtimal edilir ki, türk alimləri ilə yaxın əlaqəsi onun faciəli tale yaşamasına səbəb olmuşdu. Qeyd etdiyimiz kimi, 1937-1938-ci illər repressiyalarında Azərbaycanda qeyri-türk əsilli alimlərə və peşəkarlara demək olar ki, az toxunurdular və ya heç toxunmurdular. Maraqlıdır ki, demək olar bütün rəhbərliyin zərər gördüyü repressiya dalğasından sonra Tarix, Dil və Ədəbiyyat institutuna artıq təqaüdə çıxmış, Azərbaycan dilini bilməyən rus etnoqraf - A.A.Klimov rəhbərlik edirdi. Zifeld-Simumyaqin isə türk alimləri qrupuna daxil idi...

Amma kütləvi həbslərin birinci hissəsinə düşmədi: 1937-ci ilin nə yanvarında, nə martında nə də iyununda ona toxundular. Lakin 1937-ci ilin yanvarında B.B.Çobanzadə və H.Zeynallının həbsindən sonra onun vəziyyəti pisləşməyə başladı. Hər ikisi onun rəhbər olduğu Dil və Ədəbiyyat institutunda işləyir, Zeynallı isə institutun elmi katibi idi. Q.Bağırovun işinə SSRİ EA-nın Azərbaycan filialının partiya komitəsinin 1937-ci il 14 fevral tarixli iclas protokolu da tikilmişdir. Zifeld-Simumyaqi bu dövrdə hələ də partiya komitəsinin üzvü idi və digərləri ilə birlikdə iclasda partiya üzvlüyünə namizədlikdən xaric edilən müavini Qulam Bağırovu tənqid etdi. Lakin partiya komitəsinin digər üzvlərinin çıxışlarında artıq institut direktorunun özünün tənqid olunması hiss olunurdu. Onu "liberalizm"də, həmçinin, institut işlərindən uzaqlaşmaqda, bunun isə "Zeynallının özbaşınalığı" ilə nəticələnməsində günahlandırırdılar. Daha ciddi ittihamlar da üzə çıxmışdı. 1937-ci ilin yanvarında B.V.Çobanzadə və Q.Bağırov B.V.Çobanzadənin həbs olunduğu Kislovodskidə birlikdə istirahət edirdilər. Son hadisələrdən xəbərsiz olan Zifeld-Simumyaqi Kislovodskiyə - Bağırova məktub yazır və məktubda Çobanzədəyə salam göndərir. Dindirmədə belə bir mənasız sual verilir: "Siz nə üçün Bağırova olan məktubunuzda Çobanzadəyə salam göndərirsiz?" O dövrdə hələ bu məsələ inkişaf etməmişdi, hərçənd, istintaqda Artur Rufdolfoviçi bu məsələ ilə bağlı xəbərdar edəcəkdilər. Hələlik belə qeyd olundu ki: "Zifelddə liberalizm var, biz onu düzəltməyə çalışırıq, əgər lazım gəlsə məsələni kəskin şəkildə qoyacağıq".

Tezliklə həbslər səbəbindən tərkibi ciddi şəkildə azalan iki humanitar institut birləşdirildi. Zifeld-Simumyaqi bir neçə ay birləşdirilmiş insitutun direktoru oldu, lakin 1937-ci ilin sentyabrında məsələ kəskin şəkildə qoyuldu və onu həbs etməsələr də, bu vəzifədən azad etdilər. Həbs olunana qədər o, filialda sadəcə olaraq Qədim-Şərq tarixi üzrə professor-məsləhətçi kimi fəaliyyət göstərdi.

Daha sonra isə, 12493 №-li işdən başqa SSRİ EA-nın Azərbaycan filialına ziyan vermək adı altında yeni iş açıldı. 1938-ci ilin fevral-aprel aylarında bu iş üzrə 4 nəfər həbs olundu: A.R.Zifeld-Simumyaqi, onun keçmiş müavini Q.Bağırov, institut rəhbərliyinə gələn İ.Həsənov və filialın ümumi elmi katibi, kimyaçı D.A.R.Kazımov. Onlardan içində ən birinci Artur Rudolfoviç həbs olundu - 1938-ci ilin 1 fevralında.

Həmin vaxtda artıq 1937-ci ilin oktyabrında və 1938-ci ilin yanvarında güllələnmiş bütün tanışları və əməkdaşlarından onun üçün dəlillər toplanmışdı. Heç kəs onu "təşkilatın üzvü" adlandırmasa da, əldə olan materiallar kifayət edirdi. Qeyd edək ki, professorun həbsi zamanı R.Axundovun istintaq işində bəhs edilən Azərbaycan NKVD-sinin rəhbərliyində dəyişikliklər edildi. Xalq Komissarı köməkçisi vəzifəsini yerinə yetirən B.Gerasimovu o dövrdə Mir Cəfər Bağırovla yaxın münasibətləri olan Timofey Mixayloviç Borşev əvəz etdi. Qeyd olunduğu kimi, 1956-cı ildə onlar eyni taleyi yaşadı.

Həbs haqqında arayışda Azərbaycan SSR NKVD-sinin Dövlət Təhlükəsizlik İdarəsinin 4-cü şöbəsinin rəisi Rasskazçikov belə nəticə çıxardı ki, B.V.Çobanzadə, H.S.Qubaydullin və Əli Nazim Mahmudzadənin ifadələrində Zifeld-Simumyaqi "kifayət qədər ifşa edilir". Sonra isə Borşev tərəfindən imzalanmış qəti imkan tədbiri barədə qərar çıxarılır. Həbs orderi də onun adı ilə imzalanıb. Aradan qaldırılan əşyalar arasında "parsiqar"ın da olduğu axtarış protokolu və şəxsi axtarış da eyni gündə baş vermişdi. İstintaq işinin bu hissəsinə  daha sonralar, 29 mart 1939-cu ildə "əlyazmaların, məktubların və kitabların yandırılması ilə məhv etmək" fərmanı tikilmişdir. Beləliklə də, alimin çap olunmamış işləri  haqqında biz heç zaman heç nə bilməyəcəyik (30-cu illərdə o az çap olunmuşdu).

Həbsdən sonra, 1938-ci ilin 20 fevralında  Zifeld-Simumyaqi müstəntiq Mustafayev tərəfindən dindirilir. Növbəti 1 il ərzində isə işdə heç bir sənəd qeyd olunmayıb. Yalnız 1939-cu ilin martın axırında dindirmə protokolları yenidən ortaya çıxır, aydın görünür ki, hər hansısa səbəbdən uzun sürən işi bağlamaq istəyirlər. 1939-cu ilin martın 26-dan 27-nə keçən gecədə müstəntiq Dranişkov tərəfindən 3 protokol tərtib edilib. Qeyd edilir ki, dindirmə 26 martda 17 saat gedib, 23 saata qədər fasilə verilib, sonra isə bütün gecə davam edilib və növbəti günün səhər saat 10.30-da bitib.

Bu iki gündə Zifeld-Simumyaqi  özünün müxtəlif hadisələrlə zəngin keçmişi haqqında ətraflı danışmış, "pantürkizm"ə uyduğunu etiraf etmiş, tanış olduğu "düşmənlər"i sadalamışdı. O etiraf etdi ki, 1937-ci ildə "pantürkist" Çobanzadənin qovulması məsələsi qaldırılanda partiya iclasında onu öz himayəsinə almış və işində qalmasına köməklik göstərmişdir. Digər peşmançılıq  isə Mahmud Kaşğarinin lüğəti ilə ilə bağlı idi. "Mən etiraf edirəm ki, bu kitabı kifayət qədər öyrənməmişəm və sıradan çıxmış digər dillərə nisbətdə ona dilçiliyin nadir nüsxəsi kimi baxmışam".  Lakin fiziki təzyiqlərə məruz qalsa da (ona olan münasibət haqqında istintaq işində heç bir məlumat yoxdur, lakin onunla eyni vaxtda dindirilən Q.Bağırov buna şahidlik etmişdi), əsas məsələni - "təşkilatın üzvü olmaq" məsələsini heç də etiraf etmədi. Əvvəl dindirilənlərin ifadəsinə cavab olaraq Zifeld-Simumyaqi öz ifadəsində bildirdi ki, hər kəs ona böhtan atır, çünki o, onların iç üzünü açmışdı. Həmçinin, o, başa düşmürdü ki, yaxşı münasibətləri olduğu halda Qubaydullin nə üçün onun əleyhinə ifadə verib. O, sübut etməyə çalışırdı ki, onun "Ural-Altay" ideyası pantürkizmə və panislamizmə qarşı hazırlanıb, çünki bir türk xalqını digəri ilə, müsəlmanı-qeyri müsəlmanla birləşdirirməyə xidmət edir.

İstintaq professorun nə eston əslinə,   nə də eser-menşevik keçmişinə maraq göstərmirdi. Zifeld-Simumyaqi özü gənclik fəaliyyəti haqqında açıq-aydın danışırdı. İstintaq "əksinqilabi pantürkist təşkilat" üzrə proqramlaşdırılmışdı, qalan hər şey onlara maraqsız idi. İşin sonrakı səhifələrinə Zifeld-Simumyaqinə qarşı  ifadələr də əlavə edilmişdi. 1937-ci ildəki ifadələrə Q.Bağırovun ( digər iki nəfər  lazımı heç  bir məlumat vermədi) və 1938-1939-cu illərdə SSRİ EA-nın Azərbaycan filialında  rəhbər vəzifələrdə olan Y.D.Kozinanın, S.P.Tevosova və A.A.Klimovanın ifadəsi də əlavə olundu. Son üç nəfər həbs olunan Zifeldin əksinqilabi fəaliyyəti haqqında heç nə deməmişdi, yalnız idarədəki təşkilati qüsurları və B.V.Çobanzadə, Q.S.Qubaydullin və H.Zeynallı ilə yaxın münasibətlərini təsdiqləmişdilər.

1939-cu ilin 27 martında dindimədən sonra onun başa çatması haqqında protokol hazırlanmışdı. Orada qeyd olunmuşdu ki, təqsirləndirilən şəxs deyilənləri qəbul etmir və yalnız "Dil və Ədəbiyyat İnstitutundakı maddi-təsərrrüfat işini elmi katib H.Zeynallıya etibar etdiyini" etiraf edir, buna görə də məsuliyyət daşımağa hazırdır. 1 apreldə Dranişnikov və Mustafayev narkomun yeni müavini Kərimov tərəfindən təsdiq olunmuş iddianamə hazırladılar. A.R.Zifeld-Simumyaqi "təşkilata" üzv olmaqda, "M.Kaşğarinin pantürkist kitabının" tərcüməsində iştirak etməkdə və "SSRİ EA-nın Azərbaycan filialında ziyanlı elmi tədqiqat planlaşdırmaqda" günahlandırılırdı. Maraqlıdır ki, onun özünü günahkar bilmədiyinə dair qeydlər də var.  Qərara gəlindi ki, bu dörd iş edam hökmünü nəzərdə tutmayan işlərə baxan idarəyə təqdim edilməsi üçün Moskvaya xüsusi müzakirəyə göndərilsin. 1938-ci ildə N.İ.Yejovun vəzifəsindən azad edilməsindən  sonra  repressiya dalğası zəiflədiyi üçün bu prosedur adiləşməyə başlamışdı.

Məhkəmə iclasından əvvəl Moskva prokuroru Kuzmin 03 may 1939-cu il tarixli çıxarış hazırladı. Orada yazılırdı: "Zifeld pantürkistlərlə yalnız 1924-cü ilə qədər əlaqədə olub, sonra isə onlardan ayrıldığını göstərərk özünü günahkar heab etmir. Yalnız sonralar SSRİ EA-nın Azərbaycan filialında pantürkist təşkilatın mövcudluğundan şübhələnib. Bununla yanaşı Zifeld 1931-ci ildə pantürksit Çobanzadəni himayəsinə aldığını inkar etmir. Hesab edilir ki, bu sözdən sonra prokuror həbs olunanın həqiqətən günahkar olub-olmaması haqqında düşünməli  idi. Lakin o belə qərar gəlir ki, Zifeld-Simumyaqi səkkiz illik sürgün olunsun. 21 iyun 1939-cu il tarixli iclasdan belə qərar çıxdı.

Artur Rudolfoviçin yoldaşı Sara Yakovlenna Xovanskaya sonralar yazırdı ki, 1939-cu il 16 iyunda, daha doğrusu, iş kəsilənə qədər artıq o, Bakıdan çıxarılmışdı, sonra isə noyabrın axırında Vladivastokdan yazırdı ki, bütün bakılıları (Q.Bağırovu, İ.Həsənovu, D.A.R.Kazımovu) Kolıma, onun kimi "qocaları" isə daha mülayim iqlimli bir əraziyə aparırlar. Məktubu digərləri ilə tutuşdurduqda aydın görünür ki, məktub daha əvvəl yazılmış, noyabrın axırında isə Bakıya çatmışdı. Lakin alimi aldatmışdılar: onu məhz Kolıma, səhhətinin sərt iqliminə dözməyəcəyi bir yerə göndərmişdilər.

İstintaq materiallarının içində Bakıda 1939-cu il 19 martda tərtib edilmiş, onun tamamilə sağlam  və şimal iqliminə dözə biləcəyi haqqında həkim arayışı var. Daha sonra - ölüm aktında A.R. Zifeld-Simumyaqinin 1939-cu il 6 dekabrında adı anlaşılmaz şəkildə yazılmış düşərgədə (yalnız aydın olan odur ki, X hərfi ilə başlayır) vəfat etdiyi bildirilir. O sənəddə qeyd edilir ki, Nijni Debindən (Kolımda yerləşir) mərkəzə (yəqin ki, xəstəxana bu mərkəzdəymiş) 29 noyabrda gətirilmişdir. "Yaşla əlaqədar zəiflik, yorğunluq" diaqnozu qoyulmuş, ölüm səbəbi kimi "ürək çatışmazlığı" yazılmışdı. Heç bir xəstəliyi olmayan, enerjili, 50 yaşındakı insan 16 aylıq həbsxana həyatı və 6 aylıq sürgündən sonra bitkin yaşlıya çevrilmiş və ölmüşdü.

İşin bəraət hissəsi Bakıda olan S. Xovanskayanın 7 dekabr 1955-ci il tarixli ərizəsi ilə başlayır. Professora böhtan atmaq məcburiyyətində qalan bütün şəxslərə, o zamana qədər ya bəraət verilmişdi, ya da bəraət verməyə hazırlıq işləri aparılırdı. Əvvəlki şahidlərdən A.Klimov və S.Tavesov təkrarən dindirilmiş, hər iki şəxs mərhum haqqında müsbət fikir bildirmişdilər. Prokurorun yekun sənədində 22.06.1956-cı il, Ali Məhkəməyə etiraz ərizəsində 27.06.1956-cı il və istintaq işinin qüvvədən düşməsinə dair məhkəmə qərarında 03.07.1956-cı il tarixləri var.

 

Mətn F.D.Aşnin, B.M.Alpatov və D.M.Nasilovun birgə hazırladığı "Repressiya olunmuş türkologiya" kitabından tərcümə edilmişdir.

 

Tərcümə Nərmin Cahangirovanındır

"Ədəbiyyat qəzeti". 2018. 8;12 may.