Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Dəmir yumruq”lu və Zəfər bayraqlı lider

09-02-2024 [ 09:37 ] [ oxunub:196 ]
printerA+ | A-
104252

Bu gün artıq böyük qürur hissi ilə, demək olar ki, 7 fevral 2024-cü ilin növbədənkənar prezident seçkiləri Azərbaycan tarixinə Zəfər seçkisi kimi daxil olmuşdur. Xalqımızı 2020-ci ildəki 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayındakı bir günlük lokal xarakterli antiterror tədbirlərində qazandığı tarixi Zəfəri böyük birlik və mütəşəkkillik şəraitində başa çatdırdığı 7 fevral prezident seçkiləri ilə qəti şəkildə möhkəmləndirmişdir. 

XXI əsrin dünya liderləri arasında xüsusi yeri və mövqeyi olan, öz xalqına tarixi zəfərlər qa­zandırmış cənab İlham Əliyevin 2024-cü il fev­ralın 7-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə müstəqil dövlətimiz həm də Zəfərdən – Zəfərlərə doğru yeni və etibarlı tə­minat almışdır. Bu mənada xalqımız və ölkəmiz 7 fevral 2024-cü ilin növbədənkənar prezident seçkiləri ilə müstəqillik tariximizin indiyə qədərki möhtəşəm tarixi inkişaf yoluna yekun vurmuş və daha böyük inkişafın geniş üfüqlərini nümayiş et­dirən yeni dövrə qədəm qoymuşdur.

Azərbaycan Respublikasına uğurla rəhbərlik edən, ölkəmizi və xalqımızı yeni tarixi inkişaf mərhələsinə çatdırmış, 7 fevral seçkilərində qazandığı möhtəşəm qələbə ilə tariximizə silinməz izlər salmış, 20 illik inkişafın möhtəşəm hesabatını təqdim edən İlham Əliyev həm də daha böyük gələcəyə təminat verə bilən lider olduğunu da təsdiqləmişdir. 

Azərbaycan tarixində xüsusi mərhələ olan 2003-2023-cü illər Prezident İlham Əliyevin siyasi hakimiyyətinin birinci döv­rünün epopeyası, 7 fevral 2024-cü il seç­kilərində qazanılmış tarixi qələbə isə Ali Baş Komandanın daha böyük gələcəyə çağırışlarını ifadə edən manifestidir. Bu, müstəqil dövlətçilik manifestinin ideya müəllifi uzaqgörən dövlət xadimi, ümum­milli liderimiz Heydər Əliyev, baş qəhrə­manı və böyük sükançısı isə müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Bütün bunlara görə 7 fevral 2024-cü il prezident seçkiləri müstəqillik tariximizin möhtəşəm yekunu, yeni tarixi epoxanın böyük başlanğıcı və paroludur. Dünyanın gözü qarşısında 7 fevral seçkilərində mü­hüm tarixi qələbə qazanmış Azərbaycan xalqı böyük qürur hissi ilə İlham Əliyevə səs verməklə özünün yeni zəfərlər vəd edən daha böyük gələcəyinə mandat al­mışdır.

Daşıdığı dərin mənaya və zərurətə görə 7 fevral 2024-cü il prezident seç­kilərini Azərbaycan tarixində yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəldiyi 3 oktyabr 1993-cü il seçkiləri ilə müqayisə etmək olar. Azər­baycanda dərin böhranların yaşandığı, müstəqilliyin itirilmək təhlükəsinin mey­danda olduğu həmin məsuliyyətli sınaq dövründə xalqımız birmənalı şəkildə zən­gin təcrübəyə malik olan, dünya şöhrətli görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizi xilas edəcəyinə böyük ümid və inam bəsləmişdir. Bu baxımdan 3 oktyabr 1993-cü il seçkilərində xalqımız Heydər Əliyevin simasında öz taleyinə, sabahı­na səs vermişdi. Tarix Heydər Əliyevin xilaskarlıq missiyasının timsalında xalqı­mızın nə qədər müdrik olduğunu sübut etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev dövlət müstəqilliyimizi itirilmək təhlükəsindən xilas etmək və inkişafın növbəti mərhələsinin möhkəm təməllərini yaratmaqla tarixin gedişatını dəyişdirmə­yi bacardığını isbat etmişdir. 

Məlum olduğu kimi, hazırkı 7 fevral 2024-cü il seçkiləri isə 3 oktyabr 1993-cü il seçkilərindən fərqli olaraq, müstəqil dövlətimizin böyük sürətlə inkişaf etdiyi, ölkəmizin Qarabağ müharibəsində tarixi Zəfər qazandığı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təsdiq olundu­ğu bir şəraitdə keçirilmişdir. Xalqımız 3 oktyabr 1993-cü il seçkilərində dövlət müstəqilliyimizi itirməmək və möhkəm­ləndirmək üçün Heydər Əliyevlə müqa­yisə oluna bilən digər bir lider görmədiyi kimi, 7 fevral 2024-cü il seçkilərində də ölkəmizi gəlib çatdığı Zirvədə qoruyub saxlamaq və yeni zirvələrə doğru apar­maq bacarığında da İlham Əliyevdən başqa heç bir alternativ namizəd haqqın­da fikirləşməli olmamışdır. Bu mənada Azərbaycan xalqı 3 oktyabr 1993-cü ildə hansı böyük inamla prezident seçkilərinə getmişdisə, 7 fevral 2024-cü il seçkilə­rində də həmin qətiyyətlə və eyni qürur hissi ilə seçkilərdə öz sözünü demişdir. Ona görə də 3 oktyabr 1993-cü il prezi­dent seçkilərində görkəmli dövlət xadimi Heydər Əliyevin ölkə rəhbəri seçilməsi ilə müstəqilliyini itirmək təhlükəsinin aradan qalxmasını bayram edən xalqımız 7 fev­ral 2024-cü il seçkilərində də müzəffər Ali Baş Komandan İlham Əliyevə mandat verməklə müstəqil dövlətimizin Zəfər­dən-Zəfərlərə doğru inkişaf edəcəyinə böyük inamının real təntənəsini yaşamış­dır. Bu cəhətdən dövlətçilik baxımından Heydər Əliyevin dəmir iradəsi ilə İlham Əliyevin “dəmir yumruğ”u bir-birini ta­mamlayır və daha da gücləndirir. Bütün bunlar isə Heydər Əliyev – İlham Əliyev epoxasının Azərbaycan çoxəsrlik tarixin­də yeni bir tarixi dövr olduğunu əyani şə­kildə nümayiş etdirir. 

Azərbaycan Prezidenti İlham Əliyev XXI əsrin dünya liderlərindən biridir. Müstəqillik dövründə yaranmış yeni dövlətlərdən heç biri Prezidenti İlham Əliyev qədər öz xalqına böyük tarixi zəfərlər qazandıra bilməmişdir. Belə ki, bəzi ölkələrdə iqtisadiyyat, digərlərində turizm və nəqliyyat, başqa birində aqrar sahə, yüngül sənaye sahələrindən iki­si-üçü üstünlük qazandığı halda, Azər­baycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələri yüksək templərlə inkişaf etməkdə davam edir. Qədim neft ölkəsi olan Azərbaycan da bu gün dövlət bü­dcəsinin formalaşmasında qeyri-neft sahələri: aqrar sektor, nəqliyyat – logis­tika, turizm, xidmət sahələri xüsusi çə­kiyə malikdir. Həm də ölkəmizdə bütün sahələr dəqiq proqnozlaşdırılmış Dövlət proqramları və özəl sektorun birgə iştira­kı ilə məqsədyönlü şəkildə inkişaf etdirilir. 

Prezident İlham Əliyev uzaqgörən rəhbər kimi bu günün reallıqlarını obyek­tiv şəkildə qiymətləndirdiyi kimi, sabahın üfüqlərini də doğru-düzgün proqnozlaş­dıran liderdir. Ona görə də Azərbaycan Respublikasında bütün sahələr üzrə da­vamlı və dayanıqlı inkişaf təmin olunmuş­dur. Müstəqil Azərbaycan dövlətinin irə­liyə doğru inkişafının əsasında Prezident İlham Əliyevin yüksək idarəetmə bacarı­ğı dayanır. Çoxillik uğurlu dövlətçilik təc­rübəsi ilə, o, sözün əsl mənasında, böyük siyasətdə olduğu kimi, böyük idarəetmə sahəsində də məharətli bir qrosmeystr olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyev müstəqil si­yasət həyata keçirən liderdir. “Sözümüz imzamızdır” devizi İlham Əliyevin sözü ilə özünün, ideyası ilə iradəsinin möh­kəm bir vəhdət təşkil etməsinin təsdiq olunmuş tezisidir. Dövlət başçısının möhkəm daxili-mənəvi müstəqilliyi onun siyasi müstəqilliyinin möhkəm bünövrəsi­dir. Bu mənada Prezident İlham Əliyevin müstəqil siyasət həyata keçirməsi Azər­baycan Respublikasının müstəqil döv­lətçiliyinin əsas təminatıdır. Müstəqil Azərbaycan dövləti dünyanın heç bir blo­kundan və ya dövlətindən asılı deyildir. Prezident İlham Əliyevin hesabat verdi­yi yalnız bir ünvan vardır ki, o da dərin sədaqətlə və böyük bacarıqla rəhbərlik etdiyi Azərbaycan xalqıdır. Xalqın dön­məz dəstəyini qazanmaq İlham Əliyevin müstəqil dövlətçilik siyasətinin əsasını təşkil edir.

Ölkədaxili siyasətlə xarici siyasəti üzvü surətdə əlaqələndirmək baxımın­dan da İlham Əliyev mahir dövlət xadimi­dir. Çünki Prezident İlham Əliyevin xarici siyasətdə də, daxili siyasi gedişatda da müqəddəs hesab etdiyi yalnız bir ma­rağı vardır ki, o da Azərbaycan xalqının milli maraqlarından və müstəqil ölkəmi­zin dövlətçilik mənafelərindən ibarətdir. Ölkəmizin daxili və xarici siyasəti bir yerdə, bütövlükdə, Azərbaycan idealına həsr olunmuşdur. Prezident İlham Əliyev Azərbaycan idealının şərəfini Birləşmiş Millətlər Təşkilatının mötəbər xitabət kür­süsü, beynəlxalq təşkilatların tribunaları, dünya dövlətləri liderlərinin danışıqlar masası səviyyəsinə qaldırmışdır. İlham Əliyevin daxili siyasətinin baş qəhrəma­nı, xarici siyasətinin isə əsas strategiyası Azərbaycan idealından ibarətdir.

Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyev xalqımızın gözündə ən uca məqam olan müzəffər Ali Baş Komandan statusu qazanmışdır. Mə­lum olduğu kimi, müzəffər Ali Baş Ko­mandan statusunu, o, 44 günlük Vətən müharibəsindəki, sözün əsl mənasında, təkrarsız qəhrəmanlığı ilə qazanmışdır. Sərkərdəsi olduğu Azərbaycan Ordusu­nu hərbi cəhətdən düzgün istiqamətlən­dirən Ali Baş Komandan İlham Əliyev informasiya cəbhəsində təkbaşına apar­dığı müharibənin də yenilməz qəhrə­manıdır. Bu mənada “dəmir yumruq” Ali Baş Komandanın həm müharibə cəbhə­sindəki və həm də informasiya mühari­bəsindəki dəmir iradəsinin simvoludur. Ali Baş Komandan İlham Əliyev hər iki cəbhənin: real döyüş cəbhəsinin və həm də informasiya müharibəsinin qalibidir. Prezident İlham Əliyev beynəlxalq mü­nasibətlərdə də, ölkədaxili siyasətdə də qalibdir. Müzəffər sözü – qalib sözünün sinonimidir. Bu vaxta qədər ki, çoxcəhətli fəaliyyətinin bütün istiqamətlərində oldu­ğu kimi, 7 fevral 2024-cü il seçkilərində də İlham Əliyev, sözün əsl mənasında, qalibiyyət nümunəsi göstərmişdir. Bu isə artıq Azərbaycan Respublikasının bütün ərazisində dalğalanmaqda olan Zəfər bayraqlarının ədəbiyyət qazanmasının təntənəsidir.

Dünya şöhrətli görkəmli qırğız yazı­çısı Çingiz Aytmatov hələ XXI əsrin əv­vəllərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdə yüksək lider­lik xüsusiyyətlərinin olduğunu aşağıdakı kimi ifadə etmişdir: “İlham Əliyev XXI əs­rin lider etalonudur”.

Doğrudan da İlham Əliyev özünün çoxcəhətli uğurlu fəaliyyəti, ölkəsinə və xalqına qazandırdığı böyük qələbələri, xarakterindəki müstəqil mövqeyə malik olmaq xüsusiyyəti, möhkəm siyasi ira­dəsi etibarilə yeni tarixi epoxanın liderlik missiyasına nümunədir. Bu cəhətdən 7 fevral 2024-cü ildə Azərbaycan xalqı­nın dünyaya nümayiş etdirdiyi birlik və mütəşəkkillik qalib liderə bəslənilən möh­kəm inamın canlı təntənəsidir. 7 fevral 2024-cü ildə seçki məntəqələrinin qarşı­sındakı sıralar və növbələr dərin mahiy­yəti etibarilə xalqımızın Prezident İlham Əliyevə bəslədiyi sarsılmaz inamla böyük ümumxalq vəhdətinin ifadəsidir.

Prezident İlham Əliyev “dəmir yum­ruq”lu və Zəfər bayraqlı Azərbaycan lide­ridir. 

Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevi növbə­dənkənar seçkilərdə qazandığı qanuna­uyğun növbəti böyük qələbə münasibəti ilə ürəkdən təbrik edir, müstəqil Azərbay­can dövlətinin, xalqımızın daha xoşbəxt gələcəyi yollarında möhtərəm liderimizə yeni-yeni uğurlar arzulayıram.

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik

"Xalq qəzeti", 09 fevral, 2024