Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Humanitar Elmlər Bölməsinin müəssisələri 2023-cü il üzrə illik hesabatlarını verib

30-12-2023 [ 15:28 ] [ oxunub:51 ]
printerA+ | A-
104151

Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrinin 2023-cü ilin yekunlarına həsr olunmuş Ümumi yığıncağı keçirilib.

Tədbirdə Humanitar Elmlər Bölməsinin (HEB) üzvləri, elmi müəssisələrin direktorları, icraçı direktorları, elmi katibləri, mühüm nəticələrin icraçıları iştirak edib.

Ümumi yığıncağı giriş sözü ilə HEB-in Elmi şurasının sədr müavini akademik Teymur Kərimli açaraq gündəlikdə qoyulan məsələlərlə iştirakçıları tanış edib. Bildirib ki, cari il ölkəmiz üçün mühüm hadisələr və yüksək nailiyyətlərlə yadda qalıb. 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi digər dövlət qurumları ilə barəbər AMEA qarşısında da mühüm vəzifələr müəyyənləşdirib. Humanitar Elmlər Bölməsi və onun elmi tədqiqat müəssisələrinin əməkdaşları Heydər Əliyev irsinin daha əhatəli öyrənilməsi üçün fundamental tədqiqatlar aparmış, 30-a yaxın kitab, monoqrafiya, konfrans  materialı və jurnalların xüsusi buraxılışını nəşr etdirmişlər.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı ədəbiyyatşünas alimlər tərəfindən cari ildə aparılan elmi-tədqiqat işləri, nəşr olunmuş məqalələr, beynəlxalq əlaqələr, keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, 2023-cü ildə institutda  Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü və inkişaf qanunauyğunluqları və Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları istiqamətlərində 8 problem, 21 mövzu və 162 iş üzrə elmi tədqiqat işləri yerinə yetirilib. 32 kitab (3-ü xaricdə), 29 monoqrafiya (4-ü xaricdə), 1052 məqalə (152-si xaricdə) və  24 dərslik nəşr olunub. Web of Science və Scopus bazalarında əməkdaşların 16 elmi məqaləsi işıq üzü görüb. Ədəbiyyatşünas alimlərin əsərlərinə 1023 istinad edilib. “Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı. Heydər Əliyevdən – İlham Əliyevə”, Kembric Universiteti tərəfindən nəşr olunan “Şota Rustaveli və Nizami Gəncəvi yaradıcılığında identifik mədəni xüsusiyyətlər” (ingilis dilində), “Ozan aşıq sənəti və ədəbiyyatı”, “Azərbaycan ədəbiyyatının klassikləri: Nizami Gəncəvi və İmadəddin Nəsimi” (rus dilində), “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri” adlı kitab və monoqrafiyalar ilin mühüm nəticəsi hesab edilib. “Heydər Əliyev və Azərbaycan ədəbi-ictimai fikri”, “Əhməd Ağaoğlu və türk dünyası”, “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində ədəbiyyat məsələləri” və s. tədbirlər keçirilib. Qərbi Azərbaycana Qayıdış konsepsiyası ilə bağlı “Qərbi Azərbaycan aşıqları” adlı irihəcmli antologiya, “Qərbi Azərbaycan Ensiklopediyası”nın sözlüyü hazırlanıb.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli rəhbərlik etdiyi elmi qurumun hesabatını təqdim edib. O, bildirib ki, dilçi alimlər “Dilçiliyin və Azərbaycan dilinin inkişaf perspektivləri” istiqaməti üzrə 14 problem, 20 mövzu, 100 iş yerinə yetiriblər. İnstitut əməkdaşları tərəfindən 11 kitab, 19 monoqrafiya (1-i xaricdə), 363 məqalə (63-ü xaricdə) nəşr olunub. Web of Science və Scopus bazalarında əməkdaşların 5 elmi məqaləsi işıq üzü görüb. “İşgüzar və akademik kommunikasiyada nitqə verilən tələblər və funksional üslublar”, Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər-üt-türki”, “Azərbaycan terminoqrafiyasının konseptual əsasları” adlı tədqiqat əsərləri ilin mühüm elmi nəticəsi kimi təqdim edilib. “Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri”, “Şuşa toponimləri: türk mənşəyindən Azərbaycan reallığına”, “Qərbi Azərbaycan toponimləri”, “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin dilçilik fəaliyyəti” və s. tədbirlər keçirilib.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 2023-cü ilin yekunlarına dair hesabatını institutun Elmi katibi filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov təqdim edib. Qeyd edib ki, mətnşünas və mənbəşünas alimləri cari il ərzində “Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin toplanması, sistemə salınması, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşrə hazırlanması və təbliği” istiqamətində 4 problem, 14 mövzu, 71 işin müvafiq mərhələləri üzrə elmi tədqiqat işləri aparılıb. Alimlər tərəfindən 25 kitab, 1 monoqrafiya, 106 məqalə (15-i xaricdə) nəşr olunub. İnstitut əməkdaşlarının əsərlərinə 38 istinad edilib. Web of Science və Scopus bazalarında əməkdaşların 2 elmi məqaləsi işıq üzü görüb. “Heydər Əliyev və klassik irs” monoqrafiyası ilin mühüm nəticəsi kimi diqqətə çatdırılıb. “Heydər Əliyev və qeyri-maddi mədəni irs”, “Əlyazma kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələr kontekstində”, “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti - 100 yaşlı Elm Mərkəzi” mövzusunda tədbirlər keçirilib. Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilib.

Folkor İnstitutunun cari ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı institutun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanlı təqdim edib. O, təmsil etdiyi elmi müəssisə tərəfindən cari il ərzində “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 9 mövzu, 66 işin müvafiq mərhələləri üzrə tədqiqat aparıldığını bildirib. Folklorşünas alimlərin araşdırmaları 32 kitab (4-ü xaricdə), 16 monoqrafiya (2-si xaricdə), 282 məqalədə (45-i xaricdə) öz əksini tapıb (45-i xaricdə). Alimlər 6 dərslik və dərs vəsaiti nəşr etdiriblər. Web of Science və Scopus bazalarında əməkdaşların 7 elmi məqaləsi işıq üzü görüb. “Azərbaycan əfsanələrinin poetikası və süjet göstəricisi”, “Zəngəzur folklorunun tarixi və nəzəri məsələləri” ilin mühüm göstəricisi elan edilib. “Zəngəzur folkloru: kollektiv yaddaşdan metaforik düşüncəyə”, “Qərbi Azərbaycan folkloru” kitabının I və II cildlərinin nəşri aktual hadisə kimi yüksək qiymətləndirilib.

“Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Folklorşünaslığın yeni tarixi və aktual problemləri” mövzusunda tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.

Memarlıq və İncəsənət İnstitutunun 2023-cü ilin yekunlarına dair hesabatını AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə təqdim edib. Qeyd edib ki, institutun kollektivi “Azərbaycan mədəniyyətinin (musiqi, memarlıq, rəssamlıq, heykəltəraşlıq, teatr, kino, dekorativ və tətbiqi sənət) tarixi və onun çağdaş dünya bədii mədəniyyətində yeri” istiqamətində 4 problem, 11 mövzu, 70 işin müvafiq mərhələləri üzrə tədqiqat aparılıb. Sənətşünas alimlər tərəfindən 18 kitab (2-si xaricdə), 272 məqalə (46-sı xaricdə) və 3 dərslik nəşr olunub. Alimlərin əsərlərinə 200-dən artıq istinad edilib. “Təsviri sənətdə Heydər Əliyev obrazı”, “Gəncə. Memarlıq salnaməsi. XII-XIX əsrlər”, “Azərbaycan musiqişünaslığı: mühüm mərhələlər”, “Azərbaycan mədəniyyətində Heydər Əliyev fenomeni”, “Müqayisəli sənətşünaslıq” əsərləri ilin mühüm elmi nəticələri kimi xüsusi qeyd olunub. “Heydər Əliyev və Azərbaycan incəsənəti”, “Azərbaycan memarlıq abidələrinin öyrənilməsində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu” mövzusunda konfranslar keçirilib. İnstitut tərəfindən AMEA əməkdaşlarının Ulu Öndər Heydər Əliyev, şanlı zəfərimiz, Qarabağ, Şuşa və türk dünyası mövzusunda rəsm əsərlərindən ibarət sərgilər təşkil edilib.

Humanitar Elmlər Bölməsinə daxil olan 5 elmi müəssisənin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən hesabatlar dinlənildikdən sonra bölmə üzvləri tərəfindən geniş müzakirə olunub. HEB-in Elmi şurasının üzvləri - akademik Zemfira Səfərova, AMEA-nın müxbir üzvləri Tehran Mustafayev, Nüşabə Araslı  və Rəna Məmmədova çıxış edərək humanitar yönümlü elmi müəssisələrin fəaliyyətini yüksək qiymətləndirib.

Elmi şuranın sədr müavini akademik Teymur Kərimli diqqətə çatdırıb ki, 2023-cü ildə HEB üzrə 118 kitab (9-u xaricdə), 65 monoqrafiya (7-si xaricdə), 2078 məqalə (321-i xaricdə), 443 tezis (122-si xaricdə) nəşr olunub. Web of Science və Scopus bazalarında əməkdaşların 33 məqaləsi işıq üzü görüb. Bölmənin elmi müəssisələri tərəfindən 30 dərslik və dərs vəsaitinin nəşri də təqdirəlayiq hal kimi yüksək qiymətləndirilib.

Humanitar Elmlər Bölməsinin 2023-cü ilin yekunlarına həsr olunmuş Ümumi yığıncağında AMEA-nın tabeliyində olmayan humanitar yönümlü elm və təhsil müsəsisələri tərəfindən əldə edilmiş mühüm nəticələrin icraçıları da iştirak edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının professoru, filologiya elmləri doktoru Mahmud Allahmanlı “Bəkir Çobanzadənin poeziyası”, Memarlıq və İnşaat Universitetinin Memarlıq abidələrinin layihələndirilməsi və şəhərsalma kafedrasının dosenti, memarlıq üzrə fəlsəfə doktoru Kəklik Həsənova Fərəcova “Şəhərlərin renovasiyası”, Azərbaycan Dillər Universitetinin əməkdaşı “Kitabi Dədə-Qorqud”da semantik sayrışmalar” adlı kitabın redaktoru Rüstəm Hacıyev çıxış edərək əldə olunmuş ilin mühüm nailiyyətləri haqqında məruzə ediblər.

Sonra Elmi şuranın sədr müavini akademik Teymur Kərimli 2024-cü ilin birinci rübündə Azərbaycan  humanitar elmi və mədəniyyəti qarşısında müstəsna xidmətləri olan alimlərin yubileyləri ilə bağlı məlumatı diqqətə çatdırıb. Qeyd edib ki, yanvarın 10-da  AMEA müxbir üzvü mərhum dilçi alim Afad Qurbanovun 95,  fevralın 23-də isə AMEA-nın həqiqi üzvü, Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi Həmid Araslının 115 illiyi tamam olur. Bu əlamətdar hadisələrlə əlaqədar Nəsimi adına Dilçilik və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutlarına müvafiq tapşırıqlar verilib.

©  www.science.gov.az 

FOTO QALEREYA