Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Milli istiqlal marşının və müstəqil dövlətçiliyin böyük carçısı” mövzusunda konfrans keçirilib

26-12-2023 [ 07:36 ] [ oxunub:280 ]
printerA+ | A-
104111

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoyun 150 illiyinə həsr edilmiş “Milli istiqlal marşının və müstəqil dövlətçiliyin böyük carçısı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdən öncə Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy Mərkəzinin açılışı baş tutub. Açılış mərasimində AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Türkiyə Cümhuriyyəti Mehmet Akif Ərsoy vəqfinin başqanı Ruyan Soydan, Türkiyənin Burdur Mehmet Akif Ərsoy Universitetinin rektoru prof. Dr. Hüseyin Dalgar, Bakı Yunus Əmrə İnstitutunun müdiri Selcuk Karakılıç və Ədəbiyyat İnstitutunun kollektivi iştirak edib.

Açılışdan sonra Mehmet Akif Ərsoyun həyat və fəaliyyətini əks etdirən, eləcə də özünün müəllifi olduğu əsərlərdən ibarət sərgiyə baxış keçirilib.

Elmi konfansı giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq eyni dilə, dinə, mədəniyyətə, soykökə malik Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərinin min illərə söykəndiyini bildirib. Vurğulayıb ki, müasir dövrdə dövlətlərimiz arasında sıx əlaqələrin təməlini Ulu Öndərin “Bir millət, iki dövlət” strategiyası təşkil edir. AMEA rəhbəri qeyd edib ki, bu əlaqələr son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx dostluq, qardaşlıq münasibətləri sayəsində özünün ən yüksək dövrünü yaşayır, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq edilir.

Akademik İsa Həbibbəyli AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin müəssisələrində Türkiyənin tarixinə, ədəbiyyatına, mədəniyyətinə həsr olunmuş tədqiqatların aparıldığını, Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy Mərkəzinin açılması ilə bu tədqiqatların daha da zənginləşəcəyini söyləyib. Xüsusilə Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoyun həyatı və ədəbi fəaliyyəti ilə bağlı önəmli araşdırmaların aparıldığını, Burdur Mehmet Akif Ərsoy Universiteti ilə sıx əməkdaşlıq edildiyini deyib.

Akademik İsa Həbibbəyli mərkəzin açılışında göstərdiyi dəstəyə və Mehmet Akif Ərsoyun büstünü hazırlatdıqlarına görə Bakı Yunus Əmrə İnstitutuna minnətdarlığını bildirib. Qeyd edib ki, yeni mərkəz Azərbaycanla Türkiyə qardaşlığına daha bir elmi töhfədir və ölkələrimiz arasında elmi körpü rolunu oynayacaq.

Sonra Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Muhittin Macit, Burdur Mehmet Akif Ərsoy Universitetinin rektoru prof. Dr. Hüseyin Dalgar, Bakı Yunus Əmrə İnstitutunun müdiri Selcuk Karakılıç və Türkiyə Cümhuriyyəti Mehmet Akif Ərsoy vəqfinin başqanı Ruyan Soydan çıxış edərək mərkəzin açılışını yüksək qiymətləndirib, zəhməti keçənlərə minnətdarlıqlarını bildiriblər.

Ədəbiyyat İnstitutunda yeni açılan Mehmet Akif Ərsoy Mərkəzinin önündəki Mehmet Akif Ərsoy büstünü hazırlayan Naxçıvan Dövlət Universitetinin müəllimi, heykəltəraş Elxan Zeynalov isə çıxışında görkəmli istiqlal şairinin bütün Türk dünyasının fəxri olduğunu qeyd edib.

Konfransda Türkiyə Cümhuriyyəti Mehmet Akif Ərsoy vəqfinin başqanı Ruyan Soydan “Mehmet Akifin irfan dünyası”, Burdur Mehmet Akif Ərsoy Universitetinin professoru Zəfər Gölən “Burdur Mehmet Akif Ərsoy Universiteti Mehmet Akif Ərsoy mərkəzinin arxivi”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Məmməd Əliyev “Mehmet Akif Ərsoy və Əhməd Cavadın yaradıcılıq idealları” və Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Eşqanə Babayeva “Mehmet Akif yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə müqayisələr kontekstində” mövzusunda məruzə ediblər.

www.science.gov.az

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR