Bədii həqiqətlər ssenarisi - Xalq yazıçısı Anarın "Azad bir quşdum" kinossenarisi haqqında qeydlər
Xalq yazıçısı Anar Azərbaycan ədəbiyyatında, mədəniyyətində, incəsənətində, o cümlədən, milli kino tarixində dərin izləri, dəyərli sənət əsərləri ilə milli-mənəvi dəyərlər arsenalını zənginləşdirən dahi, fenomenal, fədakar sənətkarlardan biridir. Onun ölkəmizdə və dünyada sevilə-sevilə seyr edilən, onilliklərdən bəri aktuallığını, baxımlılığını qoruyub saxlayan "Dədə Qorqud", "Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Ötən ilin son gecəsi", "Təhminə", "Otel otağı", "Evləri köndələn yar" və b. əsərləri, fəlsəfi deyimləri, çoxəsrlik milli ənənələrdən bəhrələnən, barınan düşüncələri, çağdaş və modernist qiyafəli obrazları ilə kino tariximizdə silinməz izlər qoymuşdur.
Anar sənətkar ömrünü əbədiləşdirən, canlı boyalarla, unudulmaz cizgilərlə, rəngarəng effektlərlə biçimlənən, görüntülənən "Sübhün səfiri" (Mirzə Fətəli Axundzadə), "Üzeyir ömrü" (Üzeyir Hacıbəyli), "Qəm pəncərəsi" (Cəlil Məmmədquluzadə), "Bu - Səttar Bəhlulzadədir" (Səttar Bəhlulzadə), "Cavid ömrü" (Hüseyn Cavid), "Bu - Cavaddır" (Əhməd Cavad), "Çinar ömrü" (Rəsul Rza) və digər görkəmli sənətkarlarımız haqqında çəkilmiş ekran əsərlərinin ssenari müəllifidir. Onun eyni silsilədən yazdığı və Azərbaycanın görkəmli dramaturqu, böyük sənətkarı Cəfər Cabbarlıya həsr etdiyi "Azad bir quşdum" adlı ədəbi ssenarisi 2020-ci ildə "Azərbaycan" jurnalında (№ 2-3) nəşr olunmuş, oxucularda güclü təəssürat oyadan əsərin tezliklə ekran həyatı yaşayacağına ümidləri artırmışdır.
Etiraf edilməlidir ki, Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr edilmiş sənədli-xronikal filmlərdən 1944-cü ildə Həbib İsmayılovun, 1969-cu ildə Oqtay Mirqasımovun və 1973-cü ildə Nicat Bəkirzadənin rejissorluğu, Oqtay Orucovun və Akif Hüseynovun ssenari müəllifliyi ilə bir-birindən fərqli, dövrün ideoloji çərçivələrinə uyğun ekran əsərləri çəkilərək, geniş tamaşaçı auditoriyasının ixtiyarına təqdim edilmişdir. Böyük zəhmət və maliyyə vəsaiti hesabına araya-ərsəyə gətirilmiş bu ekran əsərləri həqiqət naminə qeyd edək ki, böyük sənətkarın Cümhuriyyət dövrü yaradıcılığına, azadlıq, istiqlal ideyalarına, milli dövlətçilik məfkurəsinə, sovet dönəmi basqılarına, məhbəs həyatına, mübarizə yoluna işıq salmamış və bu istiqamətdəki cəhdlər də, şübhəsiz ki, o zaman mümkünsüz idi.
Xalq yazıçısı Anarın böyük sənət adamı Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr etdiyi "Azad bir quşdum" adlı, ikihissəli kinossenarisi dövrü və mühiti bütün yönlərdən reallıqları ilə əks etdirən, siyasi məhdudiyyətlərdən uzaq, faktlara, gerçək hadisələrə, mötəbər xatirələrə dayalı, bədii təxəyyülün qüdrətli fırçası ilə süslənmiş, çağdaş oxucu və tamaşaçının intellektual zövqünə və müstəqillik dövrünün yüksək ideallarına cavab verən, peşəkarlıqla yazılmış dəyərli ədəbi ssenaridir. Məlum məsələdir ki, ssenari, əsasən, çəkiliş üçün nəzərdə tutulan bədii, publisistik mətndir. Anar müəllim zəngin təcrübəsinə arxalanaraq, elə bil xəyalən gördüyü, öncədən seyr etdiyi təsvirləri rejissor mizanı ilə ardıcıllıqla düzmüş, hər ilmənin, hər rəngin, hər cizginin yerini və məna yükünü zərgər dəqiqliyi ilə müəyyən etmiş, C.Cabbarlı obrazını görünməyən, yasaqlanan tərəfləri ilə birlikdə yaradaraq onu birtərəflilik, yarımçıqlıq kompleksindən xilas edərək böyük məharətlə, sevgiylə bütövləşdirməyi bacarmışdır.
Anarın ikiseriyalı bədii filminin ədəbi ssenarisi Cabbarlı ailəsinin Xızıdan Bakıya araba ilə köçündən başlanır. Bu məlum və xatirələrdə vurğulanan fakt müəllif remarkası ilə simvollaşır, şifrələnir... "Çağırır - Cəfər! Cəfər! Evin damında 4-5 yaşlı Cəfər göyərçin yuvasından quşları havaya buraxır. Mavi səma fonunda ağ göyərçinlər dəstəylə uçur. Balaca Cəfər arabadan onların ardınca baxır. Tozlu yollarla irəliləyən araba və göydə uçan göyərçinlərin fonunda filmin titrləri gedir və zümzüməylə oxunan mahnı səslənir: Azad bir quşdum. Yuvamdan uçdum..."
Xatırlayıram ki, Anar müəllim C.Cabbarlının 110 illiyi ilə əlaqədar "Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyi "Azad bir quşdum" adlı irihəcmli məqaləsində dramaturqun eyniadlı şeirinə yeni, fərqli baxış bucağından yanaşaraq, ədəbiyyatşünasların təsəvvürə belə gətirmədiyi obrazlılıqla təhlil etmiş, misralar arasında yuvalanmış gizli məna qatlarını üzə çıxarmış və yetərincə qabartmışdır. C.Cabbarlının iki bəndlik mahnı mətnini yalnız yüksək yazıçı həssaslığına və fitri şairlik duyğusuna malik olan ancaq Anar müəllim belə orijinal, inandırıcı təqdim edə bilərdi: "Cəfər Cabbarlı daxilən azad, insan olaraq doğulmuşdu - azad quş olmuşdu. Öz yuvasından - müstəqil Azərbaycanın mənəvi mühitindən uçaraq, yad yerə - "sovet bağı"na düşmüşdü. Ovçunun - rejimin gülləsinə tuş gəlir, torpağa düşür, həbs olunur... Cəfər Cabbarlı torpağa düşsə də, nəfəsi kəsilmədi. Antey gücünü torpaqdan aldığı kimi, o ayağa qalxdı, durdu və olduqca sərt şərtlər hüdudunda özünün qeyri-adi istedadının qüdrətiylə demək istədiyinin çoxunu deyə bildi."
Anar müəllim "Azad bir quşdum" ssenarisinin eyniadlı mahnı ilə başlanmasının və sonuclanmasının böyük rəmzi mənası olduğunu müəllif yüksək məharətlə, peşəkarlıqla diqqətə çatdırır. Filmin ssenarisində "Azad bir quşdum" mətn üçün bədii tapıntı olmaqla yanaşı, Cabbarlı ömrünün həyat nəğməsi, yaşam manifesti kimi də səslənir. Ssenarinin süjetini ecazkar və nisgilli mahnının sədaları fonunda qısa və eyni zamanda dolğun sənətkar ömrünün xəyal və gerçəkliklərlə əvəzlənən qaranlıq mühitdən keçən işıq xəttinə bənzətmək olar. Nikbinliklə cilalanmış, ümid, nur, inam yüklü bu xətt sonadək qırılmayan, əbədiyyətə tələsən, insanları azad, ləyaqətli yaşam tərzinə səsləyən mübarizə nümunəsidir. Ssenaristin yozumundakı "azad bir quşdum" deyiminə xalq şairi Səməd Vurğunun "Vaqif" (1937) mənzum dramında Qacarla Vaqifin qarşılaşdığı səhnədə də rast gəlirik: "Mən ellər bağında azad bir quşam". Səməd Vurğunun Molla Pənah Vaqifi, Anarın isə Cəfər Cabbarlını "azad bir quş"a bənzətməsində daxili-mənəvi bağlılığın reallığı, təzahürü mümkün və şübhəsizdir.
Anar müəllimin vurğuladığı kimi, "sərt şərtlər hüdudunda", nəinki yazıb-yaratmaq, hətta yaşamaq, gün-güzəran keçirmək, sakit ömür sürmək də müşkülə çevrilmişdi. Bununla belə, Cəfər xalqımızın milli-mənəvi dəyərlərinə çevrilmiş, millətsevərlik, vətənpərvərlik ruhlu əsərlərini yazıb-yaratmaqdan usanmayaraq özündən sonra zəngin ədəbi irs qoyub getdi.
"Gənclik illərimdə mənim üçün ən sevimli Azərbaycan yazıçısı Cəfər Cabbarlı idi", - deyən Anar müəllim böyük dramaturqun yaradıcılıq irsini dərindən öyrənmiş, düşüncələrini, müşahidələrini zaman-zaman formalaşdırmış, xüsusilə, Cabbarlını yaxından tanıyan, onunla birlikdə çalışan insanların canlı xatirələri, elmi araşdırmalarda incələnən yeni faktlar və qənaətlər əsasında ikiseriyalı bədii filmin mükəmməl ədəbi ssenarisini araya-ərsəyə gətirmişdir.
Ssenarinin növbəti remarkası video-görüntü üçün nəzərdə tutulmuş və müəllif real xatirəyə əsaslanaraq yazmışdır: "Cəfər Cabbarlının Bakıda, Dağlı məhəlləsində evi. Otaqların birində 15-16 yaşlı Cəfər yerdə oturub, arxasını iki üç balışa dayayaraq - dizlərinin üstündə karton - nə isə yazır."
Bu bir cümləlik mənzərədə Cəfərin ailə mühiti, sıxıntıları, ehtiyacları, gəncliyi, yaradıcılıq eşqi canlı cizgilərlə təqdim edilmiş, gənc dramaturqun söz dünyasına, sənət aləminə Bakının Dağlı məhəlləsindən "azad bir quş" kimi qanadlandığı, pərvaz etdiyi ekran əsərində vurğulanmışdır. Ssenaridə rəmzi məna daşıyan və unudulmaz hisslər yaşadan bu lövhənin mənbəyi, qaynağı Sona xanım Cabbarlının xatirələridir. Əsərdə Cəfər Cabbarlı yalnız ədəbi-tarixi mühiti ilə deyil, eyni zamanda yaxınları, dostları, məsləkdaşları ilə də təqdim olunmuşdur. Sona xanım, Zərnişan xanım, Mirzə Bala, Ərəblinski, Tuqanov, İsmayıl Hidayətzadə ... bu obrazlar Cabbarlı sənətinin və şəxsiyyətinin panoramını bütün incəlikləri və aydınlığı ilə görmək üçün olduqca dinamik, çevik və mübarizdirlər.
Anar müəllim "Qəm pəncərəsi"ndə olduğu kimi, bu əsərində də qəhrəmanının - Cəfər Cabbarlının teatr tamaşalarına yerli-yerində istinad edərək, film üçün zəruri sayılan əlvanlığı və dinamikanı qoruyub saxlamış, emosional-ekspressiv əhval-ruhiyyəni uğurla gücləndirməyi bacarmışdır.
Anar müəllim "Azad bir quşdum" kinossenarisinə Cəfər Cabbarlının "Ədirnə fəthi", "Aydın", "Oqtay Eloğlu", "Od Gəlini", "Sevil", "Almas", "1905-ci ildə", "Yaşar", "Dönüş" tamaşalarından yaradıcı şəkildə fraqmentlər daxil etmiş, "Əhməd və Qumru", "Papaq" hekayələrinin motivlərindən bəhrələnmiş və eyni zamanda F.Şillerin "Qaçaqlar", V.Şekspirin "Hamlet" əsərlərindən səmərəli, yaradıcı formada faydalanaraq böyük dramaturqu teatr fenomeni, kinorejissor, yaradıcı qüvvələr arasında birləşdirici üstünlükləri ilə tanıtmağa və sevdirməyə çalışmışdır. Ssenaridə 1918-ci il Mart soyqırımı və onun fəsadları, Bakının qurtuluşu, Nuru Paşanın Qafqaz İslam Ordusu ilə Bakıya gəlişi və Cəfər Cabbarlı ilə görüşü, Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı, Mirzə Bala ilə Cəfərin qanunvericilik orqanında stenoqrafçı vəzifəsində çalışması, Cümhuriyyətin süqutu və s. iri planda "kadr"lar yer almışdır. Parlamentin son, təslimedilmə iclasında Əsəd bəyin söz alaraq "...Bu təklifdən qorxmaq lazım deyil. Burda təhlükəli bir şey yoxdur. Necə deyərlər, o olmasın, bu olsun. Ağa deyir, sür dərəyə, sür dərəyə" - sözləri son iclasın stenoqrafik materiallarından da hansı saxta bolşevikə məxsus olduğu bəllidir. Birinci seriya bolşevik işğalçı qüvvələrinin hərbi təzyiqi ilə Azərbaycanın üçrəngli bayrağı Parlament üzərindən endirilir və C.Cabbarlının "Yaşamaq" şeirinin hüznlü sədaları altında başa çatır...
İkinci seriya Cəfər Cabbarlının həbsxana barmaqlıqları arasından görüntüləri, müstəntiqlə mübahisələri ilə başlayır. Sənətkarın əzablı məhbəs həyatı, işgəncəli aylar uzun sürmür. O yenidən evinə, doğma teatra, ictimai həyata dönür, ailə qurur; rejissor Aleksandr Tuqanovla "Od gəlini"ni tamaşaya hazırlayır. Qəzetçilərin qarayaxmaları, ədəbi mühakimələr Cəfər Cabbarlıya Azçekanın zindanından daha çox mənəvi əzab verir...
Ssenaridə müəllifin xatirələrdən barınmaqla yaratdığı təbəssüm doğuran səhnələr də az deyildir. Teatrda "Sevil" pyesinin məşqləri gedir. Rza Təhmasib - Balaş və Tamara (əslində Mərziyə) Dilbər rolunda öpüş səhnəsini təbii oynamaqda çətinlik çəkirlər. Məşqlər təkrarlansa da, Cəfər razı qalmır. Nəhayət, dramaturq səhnəyə atılaraq Edilyanı necə qucaqlamaq lazım olduğunu Rza Təhmasibə göstərir. Zala dönəndə gənc həyat yoldaşı Sona xanımı orada görür və maraqlı dialoq başlayır:
"Cəfər: Sonası! Burdasan? (tələsik səhnədən düşüb ona yanaşır)
Sona: Sənə qutab gətirmişdim ki, ac-acına, günün-gecən bu teatrda keçir. Demə, günün heç pis keçmirmiş.
Cəfər: Bu olmadı da, özün görürsən ki, məşq edirik, bu mənim işimdir.
Sona: Pis iş deyil... Elə çarpayını gətir, gecəni də burda qal..."
Ssenaridə Cabbarlının yeni əsərlərinə "Məqaləçi"nin yersiz və əsassız "tənqidləri"nə tutarlı cavab verilməsində dramaturq daha çox gənclərə inanır və güvənir. "Gənc işçi" qəzetinin redaksiyasında istedadlı yazarların "1905-ci ildə" əsərinin müzakirəsini keçirməsi və "Məqaləçi"nin Cabbarlıya qərəzli yanaşması tənqid edilmişdir. Ssenariyə salınmış bu epizodu müəllif xalq şairi Rəsul Rzanın söhbətindən eşitdiyini, hətta atasının dramaturq haqqında həmin vaxt - 1931-ci ildə resenziya yazdığını məqalələrindən birində qeyd etmişdir.
Ekran əsərinin son hissəsində "Dönüş"ün qızğın müzakirəsi keçirilir. Özlərini münəqqid hesab edən Hikmət Kamal, Fikrət Kamal və Kamal Fikri böyük dramaturqu ideoloji sapıntıda, pantürkizm və panislamizmdə, teatrda monopoliya yaratmaqda günahlandırırlar. Cəfər Cabbarlı haqsız ittihamlara, ədalətsiz hücumlara, qarayaxmalara qarşı açıq, sərt və tutarlı cavablar versə də, ağır sarsıntılar keçirir.
İkinci seriyanın sonunda Cəfər pərişan, "rəngi-rufu" qaçmış halda evə gəlir, Sona ilə ömrünün son dəqiqələrini yaşayır, arzularını söyləyir, xəyalların qanadında yuxuya gedir... Yanaqlarında iki damla yaş parıldayır. Sonanın "Cəfər!" - deyə dəhşətli qışqırıq səsindən damdan bir dəstə göyərçin pırlayıb uçur. Mavi səmada yüksəklərə pərvaz edən ağ göyərçinləri "Azad bir quşdum" mahnısı həzin-həzin müşayiət edir...
Xalq yazıçısı Anarın "Azad bir quşdum" adlı iki seriyalı kinofilminin ədəbi mətni qüdrətli söz ustası Cəfər Cabbarlının həyat və yaradıcılığının, ictimai fəaliyyətinin az öyrənilən, kölgədə qalan tərəflərinə gur işıq salmaqla yanaşı, böyük dramaturqumuz haqqında yazılmış mükəmməl sənət əsəri, bədii həqiqətlər ssenarisidir.
P.S. Bu ilin mart ayında istedadlı rejissor, Xalq artisti Ramiz Həsənoğlu "Moderator.az" saytına verdiyi müsahibəsində bildirmişdi ki, Xalq yazıçısı Anarın Cəfər Cabbarlıya həsr etdiyi "Azad bir quşdum" kinossenarisi qəbul edilib, amma istehsalata başlanacağı tarix, hələlik dəqiq deyil.
Ümid edirik ki, Mədəniyyət Nazirliyimiz Cəfər Cabbarlının anadan olmasının 125 illiyi ərəfəsində Anarın "Azad bir quşdum" kinossenarisinin çəkilişi üçün xeyir-duasını əsirgəməyəcəkdir.