AMEA-nın prezidenti İsa Həbibbəyli: İlham Əliyev ən layiqli lider, böyük şans və tam düzgün seçimdir
Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi, hər şeydən əvvəl, ölkəmizin yeni inkişaf mərhələsinə daxil olması ilə əlaqədardır. Belə ki, Azərbaycan Respublikası müstəqilliyin 30 ili ərzində özünün bütün strateji vəzifələrini uğurla yerinə yetirmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müstəqilliyin başlanğıc illərində xalqımızı və dövlətimizi real təhlükələrdən xilas etmiş, böyük gələcəyin möhkəm əsaslarını yaratmışdır. Ölkəmizdə hərtərəfli və davamlı inkişafın təmin edilməsi üçün siyasi varislik təmin edilmişdir. Azərbaycan Respublikasının Przeidenti İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 ildən atrıq bir dövr ərzində müstəqil dövlətimizi bütün istiqamətlər üzrə böyük addımlarla və qətiyyətlə irəli aparmışdır. Przeident İlham Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” uğurla davam və inkişaf etdirilərək, ölkəmiz nəinki regionun, hətta Avropanın əsas neft-qaz ixracatçısına çevrilmişdir. Həyata keçirilən uğurlu xarici siyasət Azərbaycan Respublikasını həm regionun və həm də dünyanın həlledici səsə malik olan söz sahibi səviyyəsinə qaldırmışdır. Respublikamızda qeyri-neft sektoru: aqrar sahə, nəqliyyat, gömrük, turizm, ictimai iaşə istiqamətində aparılan islahatlar dövlət büdcəsini formalaşdıran əsas gəlir mənbələri sferasına çatdırılmışdır.
Ən başlıcası isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə Azərbaycanın əsas problemi olan Qarabağ problemi qəti şəkildə həll edilmişdir. Prezident İlham Əliyev cəmi 44 gün ərzində erməni işğalçılarını tarixi Azərbaycan torpağı olan Qarabağda darmadağın edərək, xalqımıza böyük Zəfər qazandırmışdır. Bu ilin 20 sentyabrında isə cəmi bir günlük uğurlu hərbi əməliyyatdan sonra Qarabağda illərdən bəri davam edən separatçı rejimin mövcudluğuna son qoyulmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam təsdiq edilmişdir. Beləliklə, Azərbaycan Respublikası müstəqil dövlət kimi özünün bütün strateji hədəflərinə nail olmuş, qarşısına qoyduğu vəzifələri layiqincə həyata keçirmişdir.
Bütün bunlara görə Azərbaycan Respublikası hazırda de-fakto yeni inkişaf mərhələsinə daxil olmuşdur. Zamanın meydana çıxardığı bu müasir inkişaf mərhələsinin irəli sürdüyü çağırışlar növbədənkənar Prezident seçkilərini şərtləndirən ən mühüm səbəbdir. Çünki yeni mərhələnin strategiya və taktikasının müəyyən edilməsi, bu dövrün siaysi-ideoloji, hərbi-iqtisadi, elmi-mədəni istiqamətlər üzrə məsuliyyətli vəzifələrinin məqsədyönlü şəkildə həyata keçirilməsi zərurəti artıq Zamanın tələbinə çevrilmişdir. Azərbaycan xalqı, o cümlədən ölkəmizin alimləri möhkəm surətdə inanırlar ki, Azərbaycan Respublikasının qarşıdakı böyük qlobal və mühüm regional problemlərinin həyata keçirilməsində ölkəmizin Lideri İlham Əliyev faktoru əsas və həlledici əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətləri, dövlət başçısı kimi möhkəm siyasi iradəsi, zəngin təcrübəsi, beynəlxalq aləmdə qazandığı yüksək nüfuz, doğma xalqından aldığı sarsılmaz etimad onu dünya liderlərinin ön sırasına çıxarmışdır. Müstəqil Azərbaycan Respublikasının bundan sonrakı yeni tarixi mərhələsinin qarşıya çıxaracağı bütün problemlərin həll edilməsində və inkişafdan – intibaha doğru hərəkatda İlham Əliyev əvəzsiz imkanlara malikdir.
Bundan başqa, 7 fevral 2024-cü il seçkiləri Azərbaycan tarixində ilk dəfə ölkəmizin ərazi bütövlüyü şəraitində keçiriləcək seçki olaraq tarixə düşür. Artıq Vətən müharibəsindəki Zəfərdən sonra Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə uğurla həyata keçirilməkdə davam edən Böyük Qayıdış hərəkatı Qarabağ əhalisinin əksəriyyətinin özlərinin dədə-baba torpaqlarında səs vermələrinə şərait yaradır. Bu, eyni zamanda, Azərbaycanın çoxəsrlik tarixi ərzində ilk dəfə Azərbaycanın bütün ərazisində dövlət bayrağımızın dalğalandığı şəraitdə keçirilən birinci Prezident seçkisi kimi də mühüm böyük ictimai-siyasi əhəmiyyətə malikdir. Bu isə öz növbəsində Azərbayca Respublikasında müstəqil dövlətimizin suverenliyinin tam təsdiq olunduğu tarixi bir məqamın seçkisinin keçirilməsi deməkdir. Möhtəşəm 20 ildə bütün istiqamətlər üzrə xalqımıza böyük uğurlar qazandıran, ölkəmizi hərtərəfli surətdə inkişaf etdirən Prezident İlham Əliyev ərazi bütövlüyü və suverenliyi tam təsdiq olunmuş müstəqil Azərbaycanın qüdrətli lideridir. Bundan sonrakı dövrdə Azərbaycan Respublikasının çoxcəhətli inkişafının təmin edilməsi, ölkəmizin ərazi bütövlüyünün etibarlı şəkildə qorunması və dövlət suverenliyimizin daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə meydana çıxacaq problemlərin milli mənafelərimizə uyğun surətdə həll edilməsi üçün əsl dövlət başçısından tələb olunan bütün keyfiyyətlər və xüsusiyyətlərin hamısı ən yüksək səviyyədə İlham Əliyevin simasında cəmlənmişdir. Bu gün dünya miqyasında da İlham Əliyev kimi hərtərəfli yüksək siyasi-mənəvi keyfiyyətlərə, geniş intellektual imkanlara, böyük nüfuza malik olan və xalqının sarsılmaz etimadını qazanmış liderlər göstərmək çətindir. Azərbaycan xalqı, sadə zəhmət adamlarından alimlərimizə, yazıçılarımıza, ziyalılarımıza qədər xalqımızın bütün təbəqələri üçün Yeni Azərbaycan Partiyası tərəfindən növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi tam məntiqi və qanunauyğun bir hal kimi yüksək səviyyədə qəbul edilir. Dünyanın hazırkı çətin və mürəkkəb hərbi-geosiyasi şəraitində və ölkəmizin inkişafdan - intibaha doğru yüksəlişi naminə gedəcəyimiz yolda müstəqil dövlətimiz və xalqımız üçün İlham Əliyev ən layiqli lider, böyük şans və tam düzgün seçimdir.