Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Elmlər Akademiyasının ilk milli modeli - Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti - Asif Rüstəmli

01-11-2023 [ 11:39 ] [ oxunub:136 ]
printerA+ | A-
103906

ATTC - 100

Cəmiyyət necə yarandı?

Ölkəmizdə elmi-tədqiqat işlərinin sistemli araşdırılması, akademik məcrada davamlı öyrənilməsi və təbliği üçün yüksək, ali qurumların yaradılması ideyaları tanınmış ziyalılarımızı, görkəmli bilim adamlarımızı zaman-zaman düşündürmüşdür. Xalqımız XX yüzilliyin əvvəllərində milli azadlığını, dövlət müstəqilliyini əldə etdikdən, müsəlman Şərqində ilk demokratik təsisatı - Azərbaycan Xalq Cümhuriyyətini yaratdıqdan sonra 1919-cu ildə elmi-pedaqoji düşüncə mərkəzi olan Bakı Universitetini təsis etdi. Elmin fərqli sahələri üzrə Türkiyədən, Rusiyadan bu ilk ali-pedaqoji ocağa görkəmli alimlər, professorlar dəvət olundu. Universitet mühitində araşdırma işlərinin intensivliyi və bu sahədə ümidverici meyillər diqqəti cəlb etsə də, geniş elm sahələri sistemli, planlı və davamlı məcraya yönləndirilmədiyi üçün, yeni elmi-tədqiqat qurumunun təsisinə ehtiyac duyulurdu.

Çoxprofilli tədqiqat müəssisəsinin yaradılmasında başlıca məram, ölkədə elmin müxtəlif sahələri üzrə mükəmməl bazaların təməlini qoymaq, sistemli və planauyğun fundamental araşdırmalar aparmaq, fəaliyyətə başlamış ali təhsil ocaqlarını mükəmməl milli dərsliklərlə təmin etmək, yüksək səviyyəli elmi mütəxəssislərin yetişdirilməsinə nail olmaq və s. qarşıda duran çox ciddi problemlərin həlli idi. İdeyanın gerçəkləşməsi maliyyə problemləri və mütəxəssis qıtlığı ilə bağlı 1923-cü ilin son rübünə qədər uzansa da, dövrün tanınmış ictimai-siyasi xadimləri, elm adamları tərəfindən mövzu mətbuat vasitəsilə gündəmdə saxlanılırdı.

Azərbaycanı Tədqiq və Tətəbbö (öyrənmə) Cəmiyyətinin (ATTC) təsis tarixi müxtəlif elmi araşdırmalarda 1923-cü il noyabr ayının 2-sinə aid edilmişdir. Lakin, yeni üzə çıxarılmış faktlar iddia olunan tarixdən fərqlidir. Mövcud arxiv sənədlərinə əsasən, qeyd etməliyik ki, həmin ilin oktyabr ayında təsis üçün Təşkilat komissiyası yaradılmış, "Kommunist" qəzetinin redaktoru Həbib Cəbiyev Komissiyanın sədri, V.A.Ryumin isə katib seçilmişdir. Təşkilat komissiyasının 26 oktyabr 1923-cü ildə keçirilən iclasında Xalq Maarif Komissarının müavini Tağı Şahbazi və Başpeşətəhsilin müdir müavini Əhməd Pepinov Komissiyaya üzv qəbul olunmuş, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (öncədən 44 nəfərlik tərkibi nəzərdə tutulsa da - A.R.) 29 nəfərlik təsisçilərinin ilk siyahısını təsdiqləmişdir. Həmin iclasda Cəmiyyətin müvəqqəti fəaliyyət göstərəcəyi ünvan və məkan da müəyyən edilmiş, yeni qurum ovaxtkı Fioletov və Trotski (indiki Əbdülkərim Əlizadə və Tərlan Əliyarbəyov - A.R.) küçələrinin kəsişdiyi tində yerləşən 5 saylı binada, mülki mühəndislərdən A.Kalgin və Q.Termikelovun layihəsi əsasında 1901-ci ildə tikilmiş, sovet dönəminə qədər "Tiflis Ticarət Bankı" kimi tanınan, Maarif Evində (sonralar bu bina Bilik Cəmiyyətinə də verilib - A.R.) fəaliyyətə başlamışdır. Cəmiyyət Maarif Evində müvəqqəti yerləşdiyinə görə, yeni binanın axtarılıb tapılmasının sürətləndirilməsi məsələsini Müvəqqəti şuranın 18 noyabr iclasının qərarı ilə yenidən A.R.Zifeldit və V.A.Ryuminə həvalə etmişdir.

ATTC-nin İşlər İdarəsinin müdiri V.Ryumin yeni ünvanla əlaqədar Bakı Poçt-Teleqraf Kontorunun müdirinə göndərdiyi məktubda yazırdı: "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin bütün yazışmalarını növbəti ünvana göndərməyi Sizdən xahiş edirəm: Bakı, Fioletov və Trotski küçələrinin kəsişdiyi tin. Maarif Evi" (AMEA RH Elmi irs şöbəsi, Fond-1, siyahı-1, saxlama vərəqi - 1, qutu-1, vərəq-19). Bu sənəd, göründüyü kimi, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ilk dəfə Maarif Evində fəaliyyətə başlamasını təsdiq edən mötəbər qaynaqdır.

Cəmiyyətin yaranması tarixini özündə əks etdirən digər bir sənəddə - Müvəqqəti Şuranın sədr müavini A.Zifeldt-Simumyaqinin "Xalq Maarif Komissarlığının Kollegiyasına" 13 noyabr 1923-cü il tarixli, 11 saylı məktubunda "Müvəqqəti Şuranın həmin (1923) ilin 26 oktyabrdan - 13 noyabradək olan hesabat dövründə" adlı sənəddə də öz təsdiqini tapmışdır.

ATTC-nin yaranma tarixi ilə bağlı bir maraqlı qaynaq da diqqəti cəlb edir. A.Zifeldt-Simumyaqinin "Xalq Maarif Komissarlığının Kollegiyasına" ünvanladığı məktubun sonunda bir arayış təqdim edilmişdir. Sənəddə yazılır: "Arayış. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yalnız 1923-cü il oktyabrın 26-da təsis olunduğu üçün plandankənar yazışmalar hüququ verilmiş (səlahiyyətlərini aşan - A.R.) kimə görəsə, o (Cəmiyyət - A.R.), Azərbaycanın elmi müəssisələri siyahısına daxil edilməmişdir.

Şura katibinin müavini" (AMEA RH Elmi irs şöbəsi, Fond-1, siyahı-1, saxlama vərəqi - 2, qutu-1, vərəq-3).

Müvəqqəti Şuranın sədr müavini A.R.Zifeldtin imzaladığı sənəddən də bəlli olur ki, Cəmiyyətin "elmi müəssisələrin siyahısına daxil edilmə"sinə bürokratik əngəl törədən, naməlum səlahiyyətli şəxs təsis tarixinə qısqanclıqla yanaşsa da, Xalq Maarif Komissarlığı nəzdində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin "26 oktyabr 1923-cü ildə" yaradıldığı danılmaz faktdır.

Cəmiyyətin 29 nəfərlik ilk təsisçilər siyahısını nəzərdən keçirdikdə, müşahidə edirik ki, Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri və ədiblərindən, Təşkilat komissiyasının sədri, "Kommunist" qəzetinin redaktoru Həbib Cəbiyev,  "Molla Nəsrəddin" jurnalının redaktoru Cəlil Məmmədquluzadə, Az.MİK-in katibi Tağı Şahbazi, Başpeşətəhsilin müdir müavini Əhməd Pepinov, "İqtisadi xəbərlər" jurnalının redaktoru Məhəmməd Həsən Baharlı, Xalq Maarif komissarının müavini Cəlil Məmmədzadə, Pedaqoji İnstitutun müdiri Hənəfi Terequlov, Dövlət Muzeyinin direktoru Davud Şərifov, Kənd Təsərrüfatı Komissarlığının məsul katibi Rəşid İsmayılov, MK-nın əməkdaşı Museyib Şahbazov, Bakı Universitetinin prorektoru Həmid bəy Şahtaxtinski, BXMŞ-nin müəllimlərindən - Sultan Məcid Əfəndiyev, Cəmo bəy Cəbrayılbəyli, Xəlil İbrahim və digər ziyalılar  Müvəqqəti Şuranın 26 oktyabr 1923-cü ildə keçirilən iclasında təsdiqlənmiş ATTC-nin ilk təsisçiləri idi.

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Müvəqqəti Şurasının ilk sədri məlum gözləntilərə rəğmən, türk, ərəb və fars dillərinin mükəmməl bilicisi, şərqşünas-türkoloq, Leninqrad Dövlət Universitetinin professoru Aleksandr Samoyloviç (1880-1938) təyin edilir. Bu seçim, bəlkə də, təsadüfi deyildi. ATTC-ni təsis edənlər Moskvada və Tiflisdə fəaliyyət göstərən Elm Assosiasiyalarından fərqli olan, ümumittifaq miqyaslı, araşdırma fəaliyyətini əlaqələndirən və istiqamətləndirən tədqiqat mərkəzi yaratmağı qarşılarına məqsəd qoymuşdular.

Lakin A.N.Samoyloviçin Bakıya gəlişi və Cəmiyyətə rəhbərliyə başladığı ilk gündən yerli ziyalılara, o cümlədən ATTC Təşkilat komissiyasının sədri Həbib Cəbiyevə qarşı məsafəli münasibəti və subyektiv hisslərinin ümumi əhval-ruhiyyəyə mənfi təsirləri özünü büruzə verirdi. Bununla belə, şübhəsiz ki, böyük amal uğrunda çətinliklərə sinə gərmək üçün konsensus və işgüzar mühit də mövcud idi.

Yaradıldığı gündən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətini dövrün isteblişmenti, elitar ziyalıları, bilim adamları "Elmlər Akademiyası"nın ilk milli modeli kimi dəyərləndirirdilər. Müstəsna gözləntilərin umulduğu Müvəqqəti Şuranın növbəti iclası noyabr ayının 2-də professor Aleksandr Samoyloviçin rəhbərliyi və 9 nəfər şura üzvünün iştirakı ilə Maarif Evində keçirildi. Gündəliyə 2 mövzu çıxarılmışdı: "1. Müvəqqəti şuranın ümumi iclasını Maarif Evində 4 noyabr (1923-cü il), saat 12-yə təyin etmək. 2. Münasib bina tapılanadək Müvəqqəti şuranın və əməkdaşların Maarif Evində otaqlar ilə təmin olunmasını İşlər idarəsinə tapşırmaq" kimi məsələləri yer alırdı (AMEA RH Elmi irs şöbəsi, Fond-1, siyahı-1, saxlama vərəqi - 2, qutu-1, vərəq-2). Hər iki məsələ müsbət həll edilmiş, protokolu sədr A.N.Samoyloviç və katib V.Ryumin imzalamışdır.

Arxiv sənədləri arasında eyni gündə, eyni yerdə, fərqli gündəliyə malik, daha geniş tərkibdə Cəmiyyətin ikinci iclas protokolu da mövcuddur. Bu protokola ATTC-nin Nizamnaməsi və 44 nəfərlik təsisçilərin siyahısı da əlavə edilmişdir. İclasın gündəliyinə 5 məsələ daxil idi: 1. Cəmiyyətin ümumi iclasının çağırılması və Büro üzvünün məruzəsi. 2. Cəmiyyətin Nizamnaməsinin oxunuşu. 3. Cəmiyyətin strukturu (Seksiyalar). 4. Cəmiyyətin müvəqqəti şurasına seçkilər. 5. Digər məsələlər. İclasda Büro üzvləri adından məruzə A.Zifelditə həvalə olundu.

İclasda ATTC-nin Nizamnamə layihəsi müzakirə olunmuş, sənədə əsasən, Cəmiyyət Xalq Maarif Komissarlığının nəzdində təsis edilmiş, 7-ci paraqrafa görə qurumun ilk ərizə yazan bütün təsisçiləri ATTC-nin həqiqi üzvləri (akademikləri - A.R.) hesab olunurdu.

Xüsusi vurğulamaq lazımdır ki, 44 nəfərlik təsisçilər sırasında Bakı Universitetinin və  Ali Pedaqoji İnstitutun tanınmış professor-müəllim heyətindən - A.M.Levin, V.P.Smirnov-Loqinov, N.Q.Uşinski, P.K.Juze, V.V.Tomaşevski, İ.V.Fiqurovski, S.N.Davidenkov, D.N.Qolovin, A.M.Derjavin, P.Y.Rostovtsyev, V.F.Razderski və digər ziyalılar yer almışdı.

ATTC-nin ilk Nizamnaməsi 7 bölmədən və 34 bənddən (1924-cü ildə bir bənd ixtisar edilmişdir - A.R.) ibarətdir. Nizamnamədə Cəmiyyətin məqsədi, tərkibi, işlər idarəsi, fəaliyyəti və onun ünvanı, maliyyəsi və təftiş komissiyası haqqında məlumatlar verilmiş, sənəd Xalq Maarif Komissarı Mustafa Quliyev və XMK-nın katibi O.A.Cəlalbəyov tərəfindən təsdiqlənmişdir.

Cəmiyyətin Müvəqqəti Şurasının 1923-cü il noyabrın 3-də keçirilən iclasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin rəhbəri Səmədağa Ağamalıoğlu ATTC-nin fəxri sədri seçilmiş və bu münasibətlə göndərilən təbrik məktubunu professor A.N.Samoyloviç və V.Ryumin imzalamışlar.

Cəmiyyətin ümumi iclası əvəzinə, 4 noyabr 1923-cü ildə Müvəqqəti Şuranın 6 nəfərdən ibarət üzvlərinin yığıncağı keçirildi. Qəribədir ki, yeni tərkibə Cəmiyyətin yaradılmasında cəfakeşlik nümunəsi göstərmiş, Təşkilat Komissiyasının sədri Həbib Cəbiyev dəvət edilməmişdir. Şurada yeganə azərbaycanlı, "İqtisadi xəbərlər" jurnalının redaktoru Məhəmməd Həsən Baharlı idi. İclasda Biblioqrafiya bürosunun təşkili A.Baqriyə, Tarix-Etnoqrafiya işi prof. A.N.Samoyloviçə, İqtisadi seksiya prof. V.P.Smirnov-Loqinova həvalə edildi. Müvəqqəti Şuranın Rəyasət Heyətinə sədr A.N.Samoyloviç, sədrin müavini A.R.Zifeldit, maliyyə işinə V.M.Sısoyev, katib M.H.Vəliyev-Baharlı, katibin müavini V.A.Ryumin təsdiqləndi. İclasda Xalq Maarif Komissarlığına müraciət, Cəmiyyətin möhür, ştamp və blankının hazırlanmaq üçün mətbəəyə sifariş verilməsi məsələsi də öz əksini tapmışdır.

ATTC Müvəqqəti Şurasının növbəti yığıncağı bazar günü, noyabrın 11-də saat 12-də Maarif evində baş tutdu və şura iclaslarının vaxtı hər həftənin bazar günü, saat 12-00-da Maarif evinin kitabxanasında keçirilməsi qərara alındı. Lakin rəsmi qərara əməl etmək o qədər də asan olmadı. Mövcud reallığın diqtəsi altında həmin iclasdan iki gün sonra, 13 noyabr 1923-cü ildə üç nəfərin iştirakı ilə gündəliyə bir məsələ çıxarılmaqla iclas keçirildi. Maarif evinin müdiri A.S.Loqinov Müvəqqəti şuraya yeni üzv seçildi...

 

 

Cəmiyyətin fəaliyyət yönümü

 

Bakı Universiteti Şərq fakültəsinin dekanı, ictimai-siyasi xadim, yazıçı Əbdürrəhim bəy Haqverdiyev təəssüf ki, ATTC təsisçilərinin birinci və ikinci siyahısında yer almamış, ölkə əhəmiyyətli iclaslara dəvət edilmirdi. Yalnız, Cəmiyyətin Tarix-Etnoqrafiya seksiyasının 1923-cü il 16 noyabr tarixli toplantısına bildiriş aldı. Seksiya sədri, professor A.N.Samoyloviçin rəhbərliyi və İsmayıl Haqqı, Rəşid İsmayılov, Panteleymon Juze, A.Smirnov-Loqinov, E.İ.Baybakov, V.A.Udintsyev, A.R.Zifeldt  və digərlərinin iştirak etdiyi iclasda Əbdürrəhim bəy Haqverdiyev Humanitar və ictimai elmlər qarşısında duran problemlər haqqında dolğun, hərtərəfli əsaslandırılmış mülahizələrini söylədi. Sabiq Rusiya Dövlət Duması deputatının çıxışı hər kəsdə güclü təsir oyatdı. Əbdürrəhim bəy milli irsin elmi tədqiqinin, sözün geniş mənasında, yol xəritəsini Cəmiyyətin Tarix-Etnoqrafiya seksiyasının rəhbərliyi qarşısında sərgilədi. Həmin iclasda təşkilati məsələlərə baxıldı, tarix və etnoqrafiya üzrə iki komissiya yaradıldı, Ə.Haqverdiyev yekdilliklə Etnoqrafiya komissiyasının üzvü seçildi. Əbdürrəhim bəyin iclasda irəli sürdüyü təkliflərdən biri gündəliyə daxil olundu: "Eşidildi: 2. Mərhum Firidun bəy Köçərlinin əlyazmaları haqqında. Qərara alındı: 2. Mərhum Firidun bəy Köçərlinin xalq ədəbiyyatı əlyazmalarının ailəsindən alınaraq əldə edilməsi Xalq Maarif Komissarlığından təkidlə xahiş edilsin" (Azərbaycan Milli Arxiv İdarəsi, fond-389, siy.-1, sax. vahidi-1, vərəq-11).

Cəmiyyətin Tarix-Etnoqrafiya seksiyasının iclasında Firidun bəy Köçərlinin Azərbaycan türklərinin ədəbiyyatı ilə bağlı əlyazmalarının təhvil alınması məsələsinin Xalq Maarif Komissarlığı qarşısında rəsmi şəkildə qaldırılması filologiya elmi istiqamətində irəliyə doğru mühüm addım olmaqla yanaşı, çox cəsarətli təşəbbüs idi. Çünki, nəzərə alsaq ki, Firidun bəy Köçərli 1920-ci ilin may ayında "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə" günahlandırılaraq, işğalçı XI Qırmızı ordunun 20-ci diviziyasının 7-ci Xüsusi bölməsinin rəisi Libermanın qərarı və Azrevkomun üzvü, Daxili işlər komissarı Həmid Sultanovun dərkənarı əsasında güllələnmişdir - o vaxt "xalq düşməni"nin əlyazmalarını alıb yayınlanmasının ATTC üçün nə qədər riskli iş, "xətalı mövzu" olduğunu dərk etmək o qədər də çətin deyildi. Eyni zamanda protokollara əsasən, "Firidun bəy Köçərlinin əlyazmaları" Cəmiyyətin fəaliyyətində filoloji irsin ilk təməl daşı, əhəmiyyətli və irihəcmili əməli iş və milli sərvət idi.

Spektik düşüncələrin sıxlığına rəğmən, Azərbaycanın Maarif Komissarlığı ATTC-yə Firidun bəy Köçərlinin əlyazmalarını almaq və nəşr etmək üçün razılıq və dəstək verdi. Bakı Qadın Müəllimləri Seminariyası (Pedaqoji texnikumun) tərbiyəçisi, Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova-Köçərlidən Firidun bəyin göz bəbəyi kimi qorunan əlyazmalarını almaq çətin olmadı. Badisəba xanım F. Köçərlinin bütün əlyazmalarını onun dostu və həmyerlisi Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə yaradılmış komissiyaya təslim etdi.

Ə.Haqverdiyevin Cəmiyyətə gəlişi milli irsə - xüsusilə, ədəbiyyat, tarix və etnoqrafiya sahəsində tədqiqat işlərinə diqqəti artırdı, gündəliyi formal hesabat statistikasından əməli fəaliyyət proqramına dəyişdi, mütəxəssislərdə inam və coşqu yaratdı.

Etnoqrafiya komissiyasının 20 noyabr 1923-cü il tarixli iclasında "Azərbaycan xalq ədəbiyyatı"nın gündəliyə gətirilməsi Əbdürrəhim bəyin yeni bir uğuru idi. Komissiyanın qərar hissəsində yazılırdı: "Azərbaycan xalq ədəbiyyatının toplanması üzrə qrup yaradılması məqsədəuyğun hesab edilsin. Bu iş Əbdürrəhim bəy Haqverdiyev, Salman Mümtaz və Hacı Kərim Sanılıya həvalə olunsun. Onlara Etnoqrafiya komissiyasında Azərbaycan xalq ədəbiyyatı haqqında məruzə etmək və mütəxəssislər seçmək səlahiyyətləri verilsin" (Azərbaycan Milli Arxiv İdarəsi, fond-389, siy.-1, sax. vahidi-1, vərəq-20).

ATTC-nin 1923-cü il 14 dekabr tarixində illik hesabat iclasına Cəmiyyətin 21 nəfər təsisçisi, 8 nəfər həqiqi üzvü, 37 nəfər namizəd və üzv, 26 nəfər qonaq dəvət edilmişdir. Cəmiyyətin fəxri sədrləri S.Ağamalıoğlu və prof.A.Samoyloviç seçildi. Ə.Haqverdiyev elmi müəssisənin müxbir üzvü və Daimi Şura üzvlüyünə qəbul olundu. İclasın gündəliyinə Cəmiyyətin yeni üzvlərinin təsdiqi, Nizamnamədə dəyişiklik, Daimi şuraya və Təftiş komissiyasına yeni üzvlərin seçilməsi və digər məsələlər salınmışdır. İlk növbədə, Gəncə, Quba, Nuxa və Lənkəran qəzalarında Cəmiyyətin filiallarının açılması nəzərdə tutulurdu. A.Samoyloviç hesabat çıxışında Azərbaycan türklərinin xalq ədəbiyyatının müvafiq komissiya tərəfindın toplanması və çapa hazırlanması ilə əlaqədar geniş məlumat vermişdir. ATTC-nin Nizamnamədə edilən dəyişiklik və düzəlişlərlə bağlı prof. A.Samoyloviç və Həbib Cəbiyev məlumat verdi.

1923-cü il dekabr ayının 19-da  cəmiyyətin 17 qəzada, o cümlədən Naxçıvan, Dağlıq Qarabağ, Gəncə, Lənkəran, Şamaxı, Quba, Göyçay, Şəki, Qazax, Ağdam, Cəbrayıl və digər yerlərdə şöbələri fəaliyyətə başlamışdır. Daimi şuranın fəxri sədri prof. A.Samoyloviçin adına bu və ya sonrakı iclasların sənədlərində rast gəlinmir. Cəmiyyətin 23 dekabr 1923-cü il tarixli Şura iclasına A.R.Zifeldit sədrlik etmişdir.

"Kommunist" qəzetinin verdiyi məlumata əsasən, 1923-cü il dekabrın 27-də S.Ağamalıoğlunun mənzilində Əbdürrəhim bəy Haqverdiyevin sədrliyi ilə keçirilən Şura iclasında yenidən ATTC-də təşkilati məsələlərə baxılmış, APİ-nin Kənd təsərrüfatı fakültəsinin dekanı, professor-geoloq Vladimir Pavloviç Smirnov-Loqinov (1877-1944) cəmiyyətin yeni sədri, Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) və İosif Feodoroviç Blinov sədrin müavinləri, Artur Rudolfoviç Zifeldt elmi katib, Məhəmməd Həsən Vəliyev-Baharlı ikinci elmi katib seçildilər.

...Mesenat Ağamusa Nağıyevin Bakı şəhərində ucaltdığı "İsmailiyyə" binası, bəlli olduğu kimi, Cümhuriyyət dönəminə qədər, 1918-ci ilin mart soyqırımında erməni barbarları tərəfindən yandırılmış və məhv edilmişdir. Sovet dönəmində həmin tarixi memarlıq abidəsi təmir və bərpa edilərək Türk Mədəniyyət Sarayına (indiki AMEA Rəyasət Heyətinin binası, Bakı, İstiqlaliyyət küçəsi-10) çevrilmişdir. Az.MİK-in sədri Səmədağa Ağamalıoğlunun dəstəyi ilə ATTC-nin fəaliyyətini daha da səmərəli həyata keçirmək üçün bu möhtəşəm sarayda çoxprofilli elmi müəssisəyə səxavətlə yer ayrıldı.

Yeni yaradılmış elmi-tədqiqat mərkəzi 3 bölmədən - iqtisadiyyat, təbii-elmi və tarix-etnoqrafiya seksiyalarından və 3 bürodan ibarət idi. Yalnız Tarix-Etnoqrafiya seksiyasında könüllülük əsasında 204 nəfər çalışırdı və sədri Əbdürrəhim bəy Haqverdiyev, müavinləri, professorlar N.İ.Aşmarin (1870-1933) və K.İ.Baybakov, katib V.A.Ryumin idi. Bu seksiyada Ədəbiyyat altkomissiyası Etnoqrafiya komissiyasının tərkibində fəaliyyət göstərirdi. Ədəbiyyat altkomissiyasının da sədri Ə.Haqverdiyev, müavinləri isə prof. V.B.Tomaşevski və H.Cəbiyev, elmi katib M.C.Məmmədov, Rəyasət Heyətinin üzvləri - Salman Mümtaz, Hənəfi Zeynallı, Vəli Xuluflu, Cəfər Cabbarzadə, Məmmədəli Səfərov (Sidqi), Əli Kərimov və başqaları idi. Sonrakı illərdə Türkologiya seksiyasına daxil olan Əhməd Cavad, Əmin Abid kimi milli ruhlu, istedadlı gənclər Cəmiyyətin qaynar mühitinə atıldılar.

Mərkəzi Şuranın yanında Redaksiya-Nəşriyyat kollegiyası yaradılmış, sədr İosif Feodoroviç Blinov, üzvlər - M.H.Baharlı və A.R.Zifeldt təyin olunmuşdur. Məqsəd nəşr işlərini qaydaya salmaq, Cəmiyyətin elmi tədqiqat və toplama işləri haqqında materiallar yayınlamaq idi. Hətta prof. N.İ.Aşmarinə tapşırılmışdır ki, yeni yaradılmış "Maarif və mədəniyyət" jurnalında çap etdirmək üçün materiallar hazırlayıb təqdim etsin.

1924-cü ilin yanvarın 2-dən Etnoqrafiya komissiyasının və Ədəbiyyat altkomissiyasınin sıraları yeni üzvlər hesabına daha da genişləndirildi. O dövrün tanınmış ziyalılarından, ədəbi-ictimai xadimlərindən - Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Əli Heydər Qarayev, Sultan Məcid Qənizadə, Mirzə Cəlal Yusifzadə, İdris Həsənov, Pənah Qasımov, Rza Təhmasib, Feyzulla Qasımbəyli (Qasımzadə), Əbdül Baqi Hüseynov, Xəlil İbrahimov və başqaları böyük həvəslə cəmiyyətin üzvlüyünə daxil oldular.

Cəmiyyət Rusiya Elmlər Akademiyasının Peterburqda 1924-cü il 15-19 yanvar tarixində keçirəcək Diyarşünaslıq qurultayına 1 nəfəri (Cəmiyyətin sədri Vladimir Pavloviç Smirnov-Loqinov - A.R.) nümayəndə göndərməyi qərara aldı və Azərbaycanda da diyarşünaslıq elminin təkamülü üçün yeni layihələr işlənib hazırlanması qərara alındı. Ə.Haqverdiyevi Peterburqa, Diyarşünaslıq qurultayına Xalq Maarif Komissarlığı ezam etmiş, nəticədə qurultay nümayəndəsi işin təşkilindən və səviyyəsindən narazı qalmış, bu barədə Cəmiyyətin Şurasına hesabat ünvanlamışdır.

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti 1925-ci ildən Xalq Maarif Komissarlığının himayəsindən çıxaraq, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında fəaliyyətini davam etdirmişdir. Cəmiyyətin 30 may 1925-ci il tarixli təşkilati iclasında Mərkəzi Şurasının Rəyasət Heyəti seçilmiş, Ə.Haqverdiyev sədr, prof. B.Çobanzadə və İ.F.Blinov sədrin müavinləri, M.H.Baharlı və  A.R.Zifeldt elmi katib, A.P.Fituni katib seçilmişdir.

Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Mərkəzi Şurası Rəyasət Heyətinin sədri seçilməsi Cəmiyyəti struktur etibarilə genişləndirdi, məzmun, sanbal etibarilə daha da dərinləşdirdi. Bu vaxt ATTC dörd seksiyadan: 1. Türkologiya, 2. Tarix-Etnoqrafiya, 3. Sosial-İqtisadi və 4. Təbiət elmlərindən və üç bürodan: 1. Biblioqrafiya bürosu, 2. Azərbaycan elminin populyarlaşdırılması və məktəblərə kömək bürosu, 3. Fotoqrafiya bürolarından ibarət idi. Təbiət elmləri, Sosial-İqtisadi elmlərlə yanaşı Tarix-Etnoqrafiya və Türkologiya elmləri sahəsində tədqiqatçılar daha böyük uğurlar qazanırdı.

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Birinci Türkoloji qurultay ərəfəsində, 1925-ci il dekabr ayında təsdiqlənmiş strukturunu nəzərdən keçirəndə müşahidə edirik ki, təşkilatın fəxri sədrləri iki nəfərdən ibarətdir: Az.MİK-in sədri Səmədağa Ağamalıoğlu və Leninqrad Dövlət Universitetinin professoru Aleksandr Nikolayeviç Samoyloviç.

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 6 nəfərlik fəxri üzvləri sırasına Azərbaycan Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyov, Xalq Torpaq komissarı Dadaş Bünyadzadə, görkəmli akademiklərdən Leninqrad Dövlət Universitetinin professoru Vasiliy Vladimiroviç Bartold, Maddi Mədəniyyət Akademiyasının direktoru Nikolay Yakovleviç Marr və SSRİ EA adademik katibi Sergey Feodoroviç Oldenburq ilə yanaşı, İstanbul Universiteti filologiya fakültəsinin dekanı, professor Mehmet Fuad Köprülüzadənin də adının daxil edilməsi qürurverici hadisə idi.

ATTC Mərkəzi Şurası yanında Redaksiya-Nəşriyyat kollegiyasının nəşr planına 1925-26-cı illər üçün 20-dən çox adda çap məhsulu daxil edilmişdir.

Onlardan Firidun bəy Köçərilinin "Azərbaycan ədəbiyyatı tarixi materialları", Salman Mümtaz "Azərbaycan ədəbiyyatı" (Molla Pənah Vaqif), N.N.Aşmarinin "Türk dilinin Şəki şivəsi haqqında", A.A.Bakıxanovun "Gülüstani-İrəm" (Şirvan və Dağıstan tarixi), Bəkir Çobanzadənin "Türk dili və ədəbiyyatının tədrisi üsulu", "Qumık dili və ədəbiyyatı tədqiqləri", İdris Həsənovun "Türk dilinin Gəncə şivəsi haqqında", "Qərbi Avropa yazıçı - səyyahlarının əsərlərində XVII-XIX əsrlər Azərbaycanı haqqında", M.P.Pavloviçin "İran istiqlaliyyət mübarizəsi uğrunda" (1926) və S.İranskinin "İranda milli-azadlıq hərəkatının yolları" (1926) (mütərcimi Cəfər Cabbarzadə), Vəli Xuluflunun "El aşıqları. Azərbaycan xalq ədəbiyyatından materiallar" (1926), Hənəfi Zeynallının "Azərbaycan atalar sözü" (1926) və digər əsərlər çap edildi və ya nəşr növbəsini gözləyirdi.

Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" iki cilddən və dörd hissədən (kitabdan) ibarət idi. İlk iki hissə 1925-ci ildə, son iki hissə isə 1926-cı ildə işıq üzü görmüşdür. Dörd hissənin ümumi həcmi 1460 səhifədən çoxdur. Salman Mümtazın "Azərbaycan ədəbiyyatı" (Molla Pənah Vaqif) kitabı 1925-ci ildə nəşr olundu. Bu nəşrdə şairin əsərlərinin böyük bir qismi ilk dəfə idi ki, geniş oxucu auditoriyasına təqdim edilirdi.

Cəmiyyətin hasilə gətirdikləri əsərlərin nəşri 1927-29-cu illərdə də uğurla davam etdirildi. Bəkir Çobanzadənin "Türk ədəbiyyatı. Əski türk ədəbiyyatı xülasələri. İkinci il" (1929), Hənəfi Zeynallının "Molla Nəsrəddin məzhəkələri" (1927), "Azərbaycan tapmacaları" (1928), Hümmət Əlizadənin "Azərbaycan el ədəbiyyatı" I və II hissələr (1927),  Vəli Xuluflunun "Koroğlu. Toqat səfəri və Bağdad səfəri" (1927), "Tapmacalar" (1928), "Koroğlu" (1929) və digər tədqiqatçıların əsərlərinin nəşri Cəmiyyətin humanitar düşüncə sahəsində ciddi uğurlarından sayılmalıdır.

Cəmiyyətin 1925-29-cu illərdə "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin əxbarı", "Azərbaycanı öyrənmə yolu" jurnalları nəşr edilmiş, araşdırıcıların elmi-tənqidi məqalələri bu mətbuat orqanlarında davamlı çap olunmuşdur.

Çağdaş Milli Elmlər Akademiyamızın sələfi adlandırılan Tədqiq və Tətəbbö Cəmiyyətinə ən yüksək səviyyədə önəm verilirdi və bu təşkilatın fəaliyyətindən gözləntilər az deyildi. Həqiqətən də, ATTC çoxşaxəli fəaliyyəti dövründə böyük uğurlara imza atdı. Cəmiyyətin təşkilatçılığı və ev sahibliyi ilə 1926-cı il fevral-mart aylarında Bakıda, Türk Mədəniyyəti Sarayında keçirilən Birinci Türkoloji qurultay Türk xalqlarının birlik və bütövlük rəmzinə çevrildi, əməkdaşlıq və birgə fəaliyyət istiqamətində böyük uğurlara yol açdı, işıqlı ideyaları nişan verdi...

Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" dördcildlik kitabı, ilk dəfə, böyük tirajla nəşr olundu. Klassik ədəbi irsin, xalq ədəbiyyatının toplanması, tədqiqi və nəşri sahəsində bir çox nailiyyətlər qazanıldı.

Elmi-tədqiqat istiqamətlərinin şaxələnməsi, elmi-texniki bazanın zamanın tələblərinə cavab verməməsi, təcrübəli mütəxəssislərin cəlb edilməsi sahəsində imkanların məhdudluğu ciddi struktur dəyişikliyini zərurətə çevirməklə yanaşı, Cəmiyyətin hüquqi-təşkilati statusunun genişləndirilməsinin vacibliyini də aktuallaşdırdı.

Beləliklə, Respublika Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 9 oktyabr tarixli qərarı ilə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti ləğv edildi, onun bazası əsasında, geniş səlahiyyətlərə malik Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu (Az.DETİ) yaradıldı. Milli Elmlər Akademiyasının ilk modeli olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti altı il ərzində üzərinə götürdüyü missiyanı məsuliyyət hissi, ləyaqət duyğusu ilə yerinə yetirdi ; elmimizin növbəti mərhələləri üçün möhkəm, monolit təməl yaratdı. Yüzlərlə azərbaycanlı alim Tədqiq və Tətəbbö Cəmiyyətinin "şinel"indən çıxdı. Onların milli-mənəvi dəyərlərə söykənən unudulmaz xidmətləri və şərəfli adları Azərbaycan elminin uca kürsülərindən hər zaman qürur hissi və iftixar duyğusu ilə xatırlanmağa layiqdir.

 

Ədəbiyyat qəzeti. 01.11.2023

SİZƏ MARAQLI OLA BİLƏR