Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Prezident İlham Əliyev göstərdiyi misilsiz xidmətlərlə bu gün ədəbiyyatın qarşısına böyük məsuliyyət yükü qoyub

24-10-2023 [ 16:16 ] [ oxunub:38 ]
printerA+ | A-
103861

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəldiyi ildən bu günədək nümayiş etdirdiyi yüksək səriştə və əzmin sirri, ilk növbədə, varislik haqqını qoruyaraq Yola davam etməsindədir. İlham Əliyev bu haqqı qoruyan və bütün sahələrə uğurla tətbiq edən dövlət başçısıdır. Ümummilli Lider Heydər Əliyevin gözəl bir fikir vardı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bunlar Ümummilli Liderin yalnız inamından hasilə gələn fikirlər deyildi, bu inamın kökündə İlham Əliyevin dövlətçilik şüuruna, dövləti sağlam düşüncə və əzmlə idarə etmək və irəli aparmaq gücünə əminliyin diktəsi dayanırdı”.

Bunu müsahibəsində YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri Elnarə Akimova deyib. O bildirib ki, zaman bu müdrik şəxsiyyətin - Heydər Əliyevin qənaətlərində yanılmadığını sübut etdi. İlham Əliyev sovet epoxasında yetişsə də milli təəssüb, milli müəyyənlik duyğularını uca tutan lider oldu. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq, noyabrın 10-a qədər davam edən 44 günlük müharibə bunun sübutudur. Azərbaycan işğal altında olan tarixi torpaqlarını azad etdi. Bu, əlbəttə ki, güclü nizami ordunun, xalqın birliyinin və Ali Baş Komandanın siyasi əzmkarlığının nəticəsində qazanılmış qələbə idi. Ötən əsrin 90-cı illərində ona görə uduzmuşduq ki, Qarabağ savaşını Vətən və xalq müharibəsinə çevirə bilməmişdik. Ali Baş Komandan İlham Əliyevin gücü onda oldu ki, məhz bu amili nəzərə aldı, milləti milli-diplomatik səriştə, peşəkar və ali mənəvi-əxlaqi təməllər üzərində savaş hərəkatına hazırladı. Məsələnin ümummilli hərəkat kimi sabit, qlobal səciyyəsini axıra qədər ona görə saxlaya bildi ki, siyasi oriyentiri düzgün müəyyənləşdirməklə yanaşı, milli enerji və təlatümün, güclənən emosiyaların hərarətini orduya yönəldə bildi. Ona görə ön cəbhədə düşməni, rəqiblərimizi belə heyrətdə qoyan kütləvi fədailik və şəhidlik hünəri meydana qoyuldu. Müharibəni hərbi texnikadan öncə milli enerjinin əzəməti uddu.

“İlham Əliyev göstərdiyi misilsiz xidmətlərlə bu gün ədəbiyyatın, bədii sözün də qarşısına böyük məsuliyyət yükü qoydu. Baş verənləri, yaşanan taleyüklü prosesləri, tarixi reallıqları bədii sözün təcəssüm predmetinə çevirmək, gələcəyin yaddaş məxəzini yaratmaq, qürur və şərəflə yazılmış Zəfər salnaməsinin ədəbiyyatda obrazlaşmasını təmin etmək. Həm də məsələyə son iki yüz ilin fövqündən, tarix müstəvisindən yanaşaraq, daha epoxal, daha sistemli, monumental mətn təfəkkürü ilə.

Əlbəttə, İlham Əliyevin ədəbi obrazını yaratmaq o qədər də asan məsələ deyil. Ötən həftə AMEA Rəyasət Heyətində Prezidentin hakimiyyətə gəlməsinin iyirmi illiyi ilə bağlı təşkil edilən konfransda akademik İsa Həbibbəyli doğru vurğuladı ki, İlham Əliyev liderlik obrazına fərqli və yeni statuslar qazandıran şəxsiyyətdir. Bu mənada, onun ehtiva etdiyi bütün ali statusların məzmun dərinliklərinə enərək layiq olduğu səviyyədə ədəbiyyatlaşdırmaq çağımızın yazıçı və şairindən böyük estetik potensial, kollegial yanaşma tələb edir. Bu gün ölkə başçısının obrazını necə xarakterizə etmək olar? Bütün ali dəyərləri ilə birlikdə, ilk növbədə, sülh və barışıq rəmzi kimi!” - deyə alim əlavə edib.

 

O, Ali Baş Komandan İlham Əliyevin üzərinə çox ağır missiya düşdüyünü vurğulayıb: “Bir tərəfdən ölkənin rifahını və sabitliyini pozmaq istəyən siyasi cəbhələr, antimilli maraqlara xidmət edən ünsürlər, digər tərəfdən yalnız erməni siyasilərinin, əsgərlərini deyil, erməni vətəndaşlarının belə qana, müharibəyə susayan, Birinci Qarabağ müharibəsində və ondan sonrakı otuz il müddətində “Bakıya qədər gələcəyik!”, “Axırıncı türkü də öldürəcəyik!” şüarlarını səsləndirməkdən usanmayan kor kütlə…

İlham Əliyev hər zaman sülhün tərəfində olduğunu bəyan edib. Çıxışları hər zaman sülhə, barışığa dəvət çağırışları ilə zəngindir. Bu gün İlham Əliyevin qətiyyəti, əzmi bütün dünya üçün örnəkdir. Azərbaycan Prezidenti bu gün min cür mürəkkəb, xaotik, gizlin, məkrli siyasi oyunların çevrəsində dövlət qurur. Son hadisə ilə isə yalnız son otuz ilin yox, iki yüz illik bir dövrün yaraları bütövlənir. Parçalanan, talan olan Azərbaycan hələ Ümummilli Lider Heydər Əliyevin zamanında kor Edip kimi ayağa durub qalxmağa özündə qətiyyət tapmışdı. İlham Əliyev isə Azərbaycanı ona tarixən dəymiş bütün zərbələrin altından zədəsiz çıxarmağı bacardı. Gələcəyə bütöv Azərbaycan ərməğan etmək üçün. Bu gün dünyada öz siyasi ambisiyası, mənfəəti naminə xalqının qanı və müsibətini tərəziyə qoymağa hazır olanlar var. İlham Əliyev isə şərəf və suverenliyi, humanizm və insaniyyəti liderlik fəaliyyətinin ana xəttinə çevirib”.

Prezident İlham Əliyevin yalnız Qarabağı bütöv şəkildə geri almağa, Azərbaycanın bütün torpaqlarında Konstitusiya quruluşunu bərpa etməyə deyil, həm də müharibələrə son qoymağa, sülhə nail olmağa çalışdığını vurğulayan E.Akimova diqqətə çatdırıb ki, Azərbaycan hakimiyyətinin, ordumuzun Qarabağda apardığı bütün əməliyyatların, eləcə də son lokal antiterror tədbirlərinin kökündə bu amil dayanırdı. Müharibəyə son qoymaq! Çıxışlarında bu hərəkatların mülki əhaliyə qarşı olmadığını dönə-dönə bəyan edir, bunun əyani sübutlarını mütəmadi ortaya qoyur, dünyaya sübut etməyə çalışır ölkə başçısı. Qarabağdakı ermənilərə öz vətəndaşları kimi müraciət edilməsi, onlara düzgün yol göstərilməsi də həmin bu missiya daxilində dərk ediləsi prosesdir. Sülh və əmin-amanlığın tam bərqərar olmasına çalışmaq əzmi Prezident İlham Əliyevin bəşər tarixinə verdiyi böyük töhfədir! Hər halda bu gün qürur duymalıyıq ki, kimlərinsə utopik şəkildə arzuladığı sivil lider obrazı – böyük şəxsiyyət, güclü siyasi rəhbər, tək ölkəsinin deyil, dünyanın yaxşılığını arzulayan, bunu bəşəriyyət qarşısında məsuliyyət kimi dərk etdirməyə çalışan insanın rəhbərlik etdiyi ölkədə yaşamaq bizim nəsibimiz olub və Ali Baş Komandan İlham Əliyev bu ali dəyərləri, mənəvi-əxlaqi keyfiyyətləri özündə ehtiva edən şəxsiyyətdir! Ölkə başçısının oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Zəngəzurla bağlı Ulu Öndərin fikrinə, mövqeyinə istinadən səsləndirdiyi fikir bunun bir daha sübutu oldu: “Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”.

“Bəli, İlham Əliyev fərqli yol tutur və tutduğu yolla əslində xalqın əsrlərlə qazandığı nəcib xalq statusunu təhdid və zərbələrdən qorumuş olur. Onun hədəfi yalnız mənfur düşmən deyil, həm də bütün insanlığa qənim kəsilən qüvvələrdir, silahı yalnız hərbi texnika deyil, həm də insani, humanist ideyalardır. Sülh istəyi və insanlıq ləyaqətini bir araya cəm edib öz liderlik tərcümeyi-halının əsas xəttinə çevirməyi bacaran Azərbaycanın gücü - İlham Əliyev bu əzmlə ən uzaq tarixləri yaxına gətirir, ən əlçatmaz arzuları reallığa çevirir və bu yaxınlaşan uzaqlıqlardan bir də açılacaq Zəngəzur dəhlizinin üfüqləri görünür”, - deyə o fikrini yekunlaşdırıb.

AzərTac

SİZƏ MARAQLI OLA BİLƏR