Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Vikipediya”da İraq-Türkman ədəbiyyatı ilə bağlı məqalələr hazırlanır

24-10-2023 [ 15:58 ] [ oxunub:29 ]
printerA+ | A-
103862

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Vikipediya” qrupu “Vikipediya”nın Azərbaycan dili bölməsində ədəbiyyatla bağlı müxtəlif mövzuları əhatə edən əhəmiyyətli məqalələr yaratmaqda davam edir. Bu sahədə İraq-Türkman (Kərkük) ədəbiyyatı ilə bağlı yaradılan məqalələr böyük maraq doğurur.

Bunu AzərTac-a açıqlamasında AMEA-nın Rəyasət Heyəti Aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib. O bildirib ki, “Vikipediya”da İraq-Türkman ədəbiyyatı ilə bağlı məqalələri Ədəbiyyat İnstitutunun Şifahi xalq ədəbiyyatı və ədəbi abidələr şöbəsinin kiçik elmi işçisi, dissertant Nərmin Həsənova hazırlayıb. O, bu günədək “Vikipediya”da “Əta Tərzibaşı”, “Əbdürrəzaq Növrəs”, “Hicri Dədə”, “Arzu-Qəmbər dastanı”, “İraq-Türkman folkloru”, “Məhəmməd Xurşid Daquqlu”, “Haşim Nahid Ərbil”, “Kərkük” qəzetinin baş redaktoru “Şəmsəddin Kuzəçi” adlı məqalələr hazırlayaraq istifadəçilərin ixtiyarına verib. Nərmin Həsənovanın hazırladığı məqalələr elmi yükü və istinadlarının çoxluğu ilə seçilir. Ədəbiyyat İnstitutunda İraq-Türkman ədəbiyyatı ilə bağlı aparılan araşdırmalar və əldə edilən son nəticələr bu məqalələrdə öz əksini tapıb. Müəllif məqalələri hazırlayarkən müxtəlif mənbələrə müraciət etməklə yanaşı, uzun illər ərzində İraq-Türkman ədəbiyyatı, folkloru, dili ilə bağlı tədqiqatlar aparan professor Qəzənfər Paşayevin və Əta Tərzibaşının ədəbiyyatşünaslıq fəaliyyəti ilə bağlı dissertasiya işi üzərində çalışan institutun elmi işçisi Orxan İsayevin məsləhətlərindən yararlanıb.

“Tarixin müxtəlif dövrlərində Azərbaycandan köçərək İraqda məskunlaşan türkman soydaşlarımız haqqında Ədəbiyyat İnstitutunda viki məqalələrin hazırlanması bundan sonra da davam etdiriləcək. Qeyd edim ki, bir müddətdir AMEA-nın Rəyasət Heyəti Aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada akademiyanın müxtəlif institutlarının əməkdaşları üçün “Vikipediya” təlimləri keçirilir”, deyə Elnur Eltürk fikrini yekunlaşdırıb.

SİZƏ MARAQLI OLA BİLƏR