Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Yenilməz türklüyümüzü bizə qaytaran ulu vətən mücahidlərinə - Nərmin Həsənova

27-09-2023 [ 13:44 ] [ oxunub:15 ]
printerA+ | A-
103716

Vətən torpağının oğullarını səslədiyi, igidlərini bağrına basdığı o şanlı vaxtdan artıq üç il keçir. Vətənin bir zərrəsi olan qəhrəman oğullar zülmət dünyasına cığırlar açdı. 44 gündə oğuz bahadırları “Dəmir yumruğa” dönərək 30 ildir yiyəsiz qalan yurdu əsl sahibinə qaytardı.  Qəlbi qubarlı Qarabağa şəhid qanı, qazi qanı o mübarək günü nəsib etdi. Qəhrəman oğullarımızın sayəsində əsrlərdən bəri davam edən azadlıq idealları, istiqlal mücadilələri Vətən savaşında tarixi zirvəsinə çatdı. Mənfur düşmən nəticədən dərs almayıb 2023-cü il sentyabrın 19-da növbəti hərbi təxribatını törətdi. Azərbaycan müdafiə Nazirliyinin antiterror əməliyyatı adlandırdığı silahlı toqquşma 24 saat sonra əldə olunan razılığa əsasən
dayandırıldı. Qarabağı görməyən vətən mücahidləri qəlbindəki Vətən həsrətiylə, yurd sevgisiylə, canlarındakı şücaətiylə bir daha düşmənə dərs verdi. Sentyabr ayında bu cənnət quşları bizləri əbədi tərk edib isti yuvalarına köçdülər. Arzu dünyası viran olan, gül bədənlərini mərmilər deşən bu igid cavanlar bizləri illər boyu yiyəsini axtaran torpaqlarımıza qovuşdurdu.
Analıq gülüşü dodaqlarında quruyan cavan gəlinləri, dərddən bir gecədə beli bükülən ataları, övlad dərdi çiyinlərinə yük olan anaları boyları evlərinin damından hündür olan o igidlərin şücaəti, qorxmazlığı, yenilməzliyi qürurlandırdı. Müzəffər ordumuzun qələbə çalması, mənfur düşmənin torpaqlarımızdan çıxarılması işığı vaxtsız sönən ocaqların tək təsəllisi oldu. Zəfər soraqlı 10 Noyabr günü bir ana oğlunun tabutunu çiynində son mənzilə yola salarkən, digər bir ana əllərində qərənfil dəstəsi göz yaşları içində “çox sevincliyəm, gedirəm oğlumun məzarı üstə onu təbrik edəm. Qanı yerdə qalmadı!” görüntüsü ilə yaddaşlara həkk olundu. Anım günü kimi tariximizdə yer alan 27 Sentyabr silahı ilə sirdaş olan ulu vətən savaşçılarının 30 illik qara baxtına əlvida deyib, türklüyümüzün yenilməz olduğunu bir daha sübut etdiyi gündür. Anım günü yaralı köksləri göy üzündə dalğalanan şanlı bayraqda çırpınan mücahidlərin günüdür. 27 Sentyabr Qarabağın vətənləşdiyi, yaddaşlara əbədi həkk olan 44 günün, düşmənin diz çökdürüldüyü tarixi anın xatırlandığı gündür. 27 Sentyabr vətən mücahidlərinin yenidən nəfəs aldığı, şəhidlərimizin bir ölüb min dirildiyi gündür. Bu anım günündə andı, ruhu, havası, suyu vətən olan, yoluna çıraq etdiyi bayrağına sarılaraq son mənzilə yola salınan şəhidlərimizi dərin ehtiramla yad edirik. Bütün şəhidlərimizin xatirəsi, qazilərimizin qarşısında baş əyir, bizlərə Qələbəni bəxş etdikləri, bizləri müzəffər xalq kimi yaşatdıqları üçün dərin minnətdarlığımızı bildiririk. Şücaətləri ilə, qəhrəmanlıqları ilə dastana çevrilən vətən oğullarının ailələrinə Allahdan güc, dözüm arzulayırıq.