Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Mir Cəfər Pişəvəri – Gizli imzalı məqalələr (1945-1946)

22-09-2023 [ 15:46 ] [ oxunub:28 ]
printerA+ | A-
103685

M.C.Pişəvərinin çoxsahəli fəaliyyətini öyrənmək sahəsində Cənubi Azərbaycanda, eləcə də ümumən İranda da müəyyən işlər görülmüşdür. Cənubi Azərbaycanda yazılmış məqalə, xatirə, publisist əsərlər əslində onun zəngin irsini, gələcək nəsillərə örnək olacaq həyat yolunu bir daha öyrənmək sahəsində uğurlu sayıla bilər. Bu baxımdan ictimai-siyasi xadim, yazıçı, tərcüməçi, ədəbiyyatşünas, qüdrətli publisist və mühərrir, dövlət xadiminin həyat yolunun, ədəbi-bədii və publisistik irsinin geniş miqyasda öyrənilib qiymətləndirilməsi, xalqa çatdırılması çağdaş azərbaycanşünaslıq elminin qarşısında duran mühüm vəzifələrdəndir. M.C.Pişəvəri Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində M.F.Axundzadə, M.Ə.Rəsulzadə, C.Məmmədquluzadə, F.B.Köçərli, N.Nərimanov, Ə.Haqverdiyev,  Ə.Hüseynzadə,M. B. Məmmədzadə, Ə. Ağaoğlu, Ə.Cəfəroğlu, Y.Vəzir, S.Hüseyn kimi şəxsiyyətlər qrupuna daxildir. Onlar bir tərəfdən xalqın ədəbiyyatını, mədəniyyətini davam etdirib zənginləşdirmiş, digər tərəfdən həmin ədəbiyyat və mədəniyyətin keşiyində durub onu təhlil və təbliğ etmiş, üçüncü bir tərəfdən xalqın sabaha səadəti, xoşbəxtliyi yolunda  mübarizə aparmışlar.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan  ədəbiyyatı şöbəsinin müdiri, professor Rəhim Əliyevin ideya müəllifliyi və tərtibçiliyi ilə Mir Cəfər Pişəvərinin “Azərbaycan” qəzetində “Gizli imzalı məqalələr (1945-1946)” kitabı işıq üzü görüb. Ərəb əlifbasından Hökümə Allahverdiyeva, farscadan İbrahim Quliyev Babək, Yədulla Kənani, Arif İbrahimov, Hökümə Allahverdiyeva və Həsən Səfəri çeviriblər

Filologiya elmləri doktoru Rəhim Əliyev kitaba “M.C.Pişəvəri “Azərbaycan” qəzetində və ya gizli “Novruz” imzası haqqında” adlı geniş “Ön söz” yazıb.

M.C.Pişəvərinin “Azərbaycan” qəzetində müxtəlif imzalarla çoxlu məqalələri çıxıb. Bu kitabda ilk dəfə olaraq ancaq “Novruz” gizli imzası ilə 80 il əvvəl dərc edilmiş anadilli və farsca məqalələrin tərcümələri yer alıb. Kitabda Pişəvərinin Ş.M.Xiyabani haqqında böyük və naməlum araşdırması da verilib.

Burada həm də Pişəvərinin öz müəllimi Şeyx MəhəmmədXiyabani haqqında böyük və naməlum araşdırması yer alır. Bunların kitab şəklinin səksən il yubanması Sovet rejiminin Milli Hökumət mövzusuna və M.C.Pişəvərinin o dövrdə fəaliyyətinə qoyduğu senzura  ilə bağlı olmuşdur.

1945-1946-ci illəri əhatə edən M.C.Pişəvərinin “Azərbaycan” qəzetində dərc olunan  gizli imzalı məqalələrindən ibarət  çap olunmuş bu kitab güneyli-quzeyli ədəbiyyatımızı və tariximizi araşdıran tədqiqatçılar üçün bir örnəkdir.

 

Professor Vüqar Əhməd