2023-cü ildə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin qərarı, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın redaktorluğu ilə “Ədəbi portretlər (özbək şair və yazıçıları haqqında məqalələr)” adlı kitab çap olundu. Kitabda Özbəkistan Respublikası Prezidentinin sərəncamı ilə 2022-ci ildə yubileyləri qeyd olunacaq görkəmli özbək şair və yazıçıları haqqında məqalələr toplanmışdır. Elmi-nəzəri kontekstdə yazılmış bu tədqiqatlar AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsində hazırlanmışdır. Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur. Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri filologiya elmlər doktoru, professor Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacı, məsul katibi Şəbnəm Mirzəzadə, korrektoru Şahnaz Nəsiblidir. Kitab 150 səhifədən ibarətdir. Burada ilk növbədə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbbibəylinin, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Bəhram B.Əşrəfxanovun giriş sözləri yer almışdır. Kitaba ön sözü fil.e.d. Almaz Ülvi yazmışdır. Almaz Ülvi “Azərbaycan-özbək ədəbi əlaqələri tarixindən” adlı ön sözdə Azərbaycanla Özbəkistanın uzunmüddətli ədəbi, mədəni və dostluq əlaqələrindən bəhs etmişdir. Müasir dövrdə davam edən bu ədəbi-mədəni əlaqələrin istiqamətləri, yolları aydınlaşdırılmışdır. Araşdırmalar şöbənin və institutun tanınmış alimləri tərəfindən qələmə alınmışdır. Müxtəlif müəlliflər tərəfindən qələmə alınan məqalələr elmi tədqiqat xarakteri daşıyır. Məqalələr Almaz Ülvi, Y.Qasımbəyli, Z.Allahverdiyeva, P.Məmmədli, N.İsmayılova, M.Gəncəbəy, Ş.Əliyeva, Ş. Mirzəzadə tərəfindən yazılmışdır. Kitaba daxil olunmuş klassik və müasir özbək şair və yazıçıları bunlardır: Nadira, Berdaq, Əbdülhəmid Çolpan, Osman Nasir, Natan Mallayev, Suyimə Ğəniyeva, Xudaverdi Toxtabayev, Şərəf Osnatdinov, Həbib Sadulla, Aydın Hacıyeva, Məhəmməd Əli, Xurşid Dövran.
Bu kitabın nəşri ədəbi əlaqələrimizin inkişafı üçün olduqca əhəmiyyətli işdir.