2023-cü ildə Almaz Ülvi və Ümid Bekmuhammadin həmmüəlliflikdə yazdığı “Maqsud Şeyxzadə və onun “Cəlaləddin Mənquberdi” dramı” kitabı çap olunmuşdur. Kitab Özbəkistan Respublikasının Ürgənc şəhərində, “Agahi” nəşriyyatında çap edilib. 176 səhifədən ibarət olan bu kitabda publisistik yazılar – oçerklər və dram yer almışdır. “Cəlaləddin Mənquberdi” fondunun rəisi, tarix elmləri üzrə fəlsəfə doktoru Bekzad Abdrimov “Maqsud Şeyxzadə – dostluq nümunəsi” adlı məqalədə Maqsud Şeyxzadə və onun şəxsiyyəti, yaradıcılığı haqqında əhatəli məlumat vermişdir. Kitabın redaktorları tarix elmləri doktoru, dosent Qudrət Maşaripov və Respublika mənəviyyat və mərifət mərkəzi Xarəzm şəhər bölümünün baş mütəxəssisi Qulamcan Atacanovdur. Kitaba filologiya elmləri doktoru, dosent Dilşadbek Qayibov və tarix üzrə fəlsəfə doktoru Ömərbek Xocamuradov rəy yazmışdır. Əsər Cəlaləddin Mənquberdinin tarixdə tutduğu yeri yüksək sənətkarlıqla təsvir edir, gənclərimizi Vətən sevgisi və onun rifahı üçün daima birliyə çağırır.