Beynəlxalq Atatürk Sülh Mükafatı laureatı, dünya şöhrətli dövlət adamı, Azərbaycan xalqının Ümummilli Lideri Heydar Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Türkiyə Cümhuriyyətinin Elazığ şəhərində Fırat Universutetinin və Manas Kültür Mərkəzinin birgə təşkilatçılığı ilə konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Fırat Universitetinin professoru, tarix elmləri doktoru Məhəmməd Bəşir Aşan konfransın “Heydər Əliyev və çağdaş Azərbaycan” mövzusunda olduğunu, 100 illiyi qeyd edilən yubiliyarın Azərbaycan xalqının tarixində və taleyində oynadığı mühüm rolu, Türk dövlətləri arasında iqtisadi, sosial, ictimai-siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi, intensivləşdirilməsi istiqamətindəki xidmətlərini yeni və maraqlı faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“Heydər Əliyev və Türk dünyası” mövzusunda məruzə etmək üçün Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Asif Rüstəmliyə söz verilib.
Prof.Dr.Asif Rüstəmli Azərbaycan – Türkiyə ictimai-siyasi, ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsində 100 illik yubileyi qeyd edilən ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Məruzəçi Ulu öndərin Türk xalqlarının ortaq ədəbi-bədii abidələrdən olan, “Müdrikliyin, zəkanın, qəhrəmanlığın, cəsarətin rəmzi” adlandırdığı “Kitabi-Dədə Qorqud – 1300”, “Manas-1000” eposlarının yubiley tədbirlərindəki çıxışlarından nümunələr səsləndirmiş, “Türk Dünyası Yazıçılarının III qurultayındakı nitqi”ndə “Kitabi-Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu” dastanları, eyni kökə, eyni soya mənsub dahi mütəfəkkirlərdən, söz ustadlarından Nizami Gəncəvi, Yunus Əmrə, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Məhtimqulu Fəraqi və digərləri haqqında ulu öndərin düşüncə və dəyərləndirmələrini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Konfransda Fırat Universitetinin bölüm başkanı, Prof.Dr. Ercan Alkaya, ögretim üyelerindən Prof.Dr. Əhməd Buran, Dos.Dr. Şəbnəm Fərzəli, Manas Kültür Mərkəzinin rəhbəri Mühəmməd Şener Bulut, Muammer Aksoy, Zekeriyyə Bican və b. çıxış edərək Heydər Əliyevin dünya çapında fenomenal şəxsiyyət, dövlət adamı, Türk dövlətləri arasında birləşdirici lider olduğunu xüsusi vurğulayıblar.
Elazığlı şairlərdən Tuncer Sönmez, Günerkan Aydoğdu, Hadi Önal, İlhami Bulut, Mahir Gürmüz, Ziya Tunctəkin Azərbaycana və Heydər Əliyevə həsr etdikləri şeirlərini oxumuş, sənətçi-bəstəkar Mustafa Öztürk vaxtilə ulu öndərin sevdiyi Azərbaycan mahnılarını ifa etmişdir.
Konfransı Elazığ şəhərində fəaliyyət göstərən “Kanal-23” və “Kanal Fırat” televiziya kanalları və “Fırat” qəzeti işıqlandırıb.