Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

97-ci ilin bir payız günü... - Vaqif Yusifli

10-05-2023 [ 15:15 ] [ oxunub:140 ]
printerA+ | A-
103351

Həmin gün - oktyabrın 31-i. Yazıçılar Birliyinin birinci katibi - gözəl şairimiz Fikrət Qoca səhər çağı mənə zəng elədi. "Vaqif, sən bu gün saat ikidə Prezident Aparatında Fatma xanım Abdullazadənin qəbulunda olmalısan". Soruşdum ki, niyə, Fikrət müəllim? Söylədi ki: "Saat dörddə Prezidentimiz Heydər Əliyev gənc yazarlarla görüşəcək. O görüşdə sən bugünkü ədəbi gəncliyimiz barədə on beş-iyirmi dəqiqə məruzə etməlisən. Biz bilirik ki, sən cavanların yaradıcılığına yaxşı bələdsən, yazılar yazmısan. Hazırlaş, Fatma xanım nə lazımdır sənə deyəcək". İstədim deyəm ki, mən bir az xəstələnmişəm, amma demədim. Çünki ulu öndər Heydər Əliyevin qarşısında çıxış eləmək, onu lap yaxından görmək bütün ömrüm boyu mənə bir də qismət olacaqmı? Zaman özü məni o böyük insanın qarşısına çıxarır. Fatma xanımın yanında oldum, o mənə bəzi məsləhətlər verdi. Əsas sözü o oldu ki, özünü itirmə. Və nəhayət, saat dörddə iyirmi gənc yazarla birgə ulu öndərin görüşündə iştirak etdim. Ulu öndər hamımızı salamladı. O, bir gün əvvəl qocaman və orta nəsil şairləri, nasirləri, ədəbiyyat, incəsənət xadimlərini qəbul etmişdi, onlarla ədəbiyyatımızın müxtəlif problemləri ilə bağlı söhbət aparmışdı... İndi isə növbə cavanların idi. Onun giriş sözü ədəbiyyatımızın iyirminci-otuzuncu illərindən doxsanıncı illərin sonlarına qədər olan böyük bir dövrdə yaranan və bir-birini əvəz edən ədəbi nəsillərlə bağlı idi. Prezidentin çıxışı onun ədəbiyyata dərindən bələdliyi, hər bir sənətkarın yaradıcılığını düzgün dəyərləndirməsi ilə bizi heyrətləndirdi. Sonra Yazıçılar Birliyin sədri Anar müəllim danışdı, ədəbi gəncliyin bugünkü nəslinin qarşısında duran vəzifələrdən söz açdı. Çıxışının sonunda mənim adımı çəkdi: "Burada tənqidçi Vaqif Yusifli iştirak edir, düzdür, o, cavan deyil, amma cavanların yaradıcılığına yaxşı bələddir. İndi sözü ona verək və ədəbi gəncliyimizlə bağlı fikirlərini bizimlə bölüşsün". Mən tribunaya qalxdım. Çalışdım ki, özümü itirməyim və çıxışdan əvvəl ulu öndərin gözlərinə baxdım. İşıq gördüm. O İşıq məni qorxudan xilas elədi. Özümü itirmədim. İyirmi dəqiqəlik məruzəmdə mən ədəbi gəncliyin yaradıcılığı və qayğılarından söz açdım, ədəbiyyatda bir-birini əvəz edən nəsillərin hər birinin missiyasını dəyərləndirdim və "yeni ədəbi gəncliyi nə düşündürür"sualını izah elədim. Prezidentimizin ədəbiyyatımıza necə qayğı göstərməsindən danışdım. Mən otuzuncu illərin ədəbi gəncliyindən söz açanda Rəsul Rzanın adını unutdum və Prezident dərhal reaksiya verdi. "Rəsul Rzanın adını unutdun". Mən üzr istədim. Bu, bir təsadüf idi. Çıxışımın lap əvvəlində mən buraya toplaşan gənc yazarları təqdim elədim. Qeyd edim ki, bu görüşdə Rafael Hüseynov da, Səyyad Aran da, Nizami Cəfərov da iştirak edirdi. Səyyad Aranı təqdim edəndə prezident dedi ki, Səyyad Aran, yəqin, yaradıcılığa təzə başlayıb.

Və çıxışımın sonunda "Ulduz" jurnalının çətin duruma düşdüyünü, maliyyə səbəblərindən ildə bir və ya iki sayının çap edilməsini söylədim. Prezident elə oradaca dedi ki, "Azərbaycan" jurnalının və "Ədəbiyyat qəzeti"nin çap məsələlərində daha heç bir əngəl yoxdur, qoy "Ulduz" jurnalı da sahmana düşsün, çünki cavanların ən çox çap olunduğu bir mətbuat orqanıdır. Prezident elə oradaca bu barədə lazımı tapşırıq verdi.

Görüşün səhərisi Yazıçıların X qurultayı başlandı. Mən də qurultay nümayəndəsi idim. Maraqlı çıxışlar olu. Bu çıxışların hamısı 97-ci il noyabr ayının ilk saylarında "Xalq qəzeti" və "Ədəbiyyat qəzeti"ndə dərc olundu.

Qurultayın fasilə zamanı iclası aparan Yusif Səmədoğlu mənə yaxınlaşıb dedi ki, hazırlaş, sözü sənə verəcəyəm, ədəbi gənclik barədə on dəqiqə çıxış edəcəksən.

Bir haşiyə: Biz illər boyu Ulu Öndərin ədəbiyyat, sənət adamlarına hədsiz qayğısının şahidi olmuşuq. Mən onun sənətsevərliyini - şairlərə, yazıçılara, bəstəkarlara, rəssamlara məhəbbətini Şah İsmayıl Xətainin şahlığı ilə müqayisə edirəm. Mənbələrdən gələn məlumatlara görə Şah İsmayıl Xətai, döyüşlərə yollananda sənətkarları aparmırmış, mağaralarda gizlədirmiş ki, onlara xətər toxunmasın. Məsələn, o dövrün böyük rəssamı Kəmaləddin Behzadı beləcə gizlədirmiş. Heydər Əliyev də Azərbaycanın ünlü sənətkarlarını hər cür təqibdən, sıxıntıdan qoruyurdu. Onun Qabil, Bəxtiyar Vahabzadə, Mirvarid Dilbazi, Məmməd Arazla görüşlərində həmin o "İşıq" bütün Azərbaycana yayılırdı.

Bu qurultaydan iyirmi altı il bir zaman keçib. Və mən özümü xoşbəxt sanıram ki, Ulu Öndərin də iştirak etdiyi o qurultayda ikinci dəfə onun qaşısında çıxış etdim. Həmin çıxışımı ulu öndərin anadan olmasının 100 illiyində onun ruhuna böyük ehtiramla təqdim edirəm:

Hörmətli Prezident! Hörmətli qurultay iştirakçıları!

Dünən Prezident sarayında hörmətli Prezidentimizin ədəbiyyatın gənc nəsli ilə görüşündə mən ədəbi gənclik, çağdaş ədəbiyyatımızın gənc qolunun mənzərəsi haqqında müəyyən məlumat verdim. Ədəbiyyatımızın gənc nəsli barədə qurultayımızda da bir neçə kəlmə danışmaq istəyirəm.

O xalqın ədəbiyyatı güclü və yenilməzdir ki, onun sabahına bir inam, ümid var. Bu ümidi və inamı da öz yaradıcılığı ilə, həyata, cəmiyyətə, gerçəkliyə orijinal, fərdi münasibəti ilə gənc ədəbi qüvvələr yaradır. Əgər indi "ədəbi gənclik" deyilən məfhum dilimizdə çox zəif səslənirsə, onda ədəbiyyatımızın gələcəyinə necə ümid etmək olar? Amma bir ədəbiyyat adamı, tənqidçi kimi mən qətiyyən bədgüman deyiləm. Gözəl gəncliyimiz var və onların XXI əsr ədəbiyyatımızı öz çiyinlərində aparacağına böyük inamım var.

Əlbəttə, nəsil söhbəti bir az şərtidir. Yəni elə gənclərimiz var ki, artıq onlar yetkin şair kimi püxtələşiblər, durulublar, aydınlaşıblar. Belə gənc şairlərimiz çoxdur. Mən Rüstəm Behrudini, Murad Köhnəqalanı, Akif Səmədi, Adil Mirseyidi, Nisəbəyimi göstərə bilərəm. Artıq bunlar yetkin şairlərdir. Elə yaşlılarımız var ki, otuz-otuz beş kitabı çıxıb, amma onlara yetkin şair, yaxud nasir demək mümkün deyildir. Yəni yaş söhbəti nisbidir. Amma hər halda mən belə başa düşürəm ki, əgər ədəbiyyata yeni gələn nəsil ona təzə hava, təzə ruh, nəfəs gətirirsə və onun gətirdiyi bu nəfəs, bu səs bizim ədəbiyyata yeni cizgilər, yeni bədii rənglər mənzərəsi, yeni söz mühiti yaradırsa, əlbəttə, ondan yeni ədəbi nəsil kimi söhbət açmağa dəyər.

Nəsillər gəlir, nəsillər gedir, hər bir ədəbi nəsil də ədəbiyyatda öz üslubunu, öz üslub platformasını yaradır. Ola bilsin ki, təzə gələn nəslin ifadə, deyiliş, duyum tərzi yaşlı və qocaman nəslin xoşuna gəlmir və müəyyən qıcıqlanmalar - münasibətlər də baş verir. Əllinci, altmışıncı, səksəninci illərdə biz bunu görmüşük. Bunlar hamısı ədəbiyyatın qanunauyğunluqlarıdır və beləcə də davam edəcəkdir. Yəni təzə gələn nəsil də haçansa ədəbiyyatda öz sözünü, cizgisini yaradacaqdır. Bu mənada səksəninci illərin ortalarında ədəbiyyata gələn, doxsanıncı illərdə onlara qoşulan yeni ədəbi nəslin yaradıcılığından, bayaq dediyim kimi qətiyyən bədgüman deyiləm.

Onların arasından hətta tənqidçilər də yetişir. Kamal Abdullanın məruzəsində ədəbi tənqidin inkişafına münasibətdə bir balaca bədgümanlıq halları hiss olunurdu. Amma mən onu deyə bilərəm ki, gənc ədəbi tənqid nəsli də formalaşır. Bayram Əvəzoğlunun, Cavanşir Yusiflinin, Məti Osmanoğlunun, Rasim Mirzəyevin, Şirindil Alışanlının, Nizaməddin Şəmsizadənin və başqalarının adını çəkə bilərəm. Onların yazılarında özlərindən bir az əvvəl gələn tənqidçilərdən seçilmək, fərqlənmək meylləri hiss olunur. Yəni bizim dünən dediyimizi onlar bu gün başqa tərzdə deyə bilirlər.

Ədəbi gəncliyin qayğıları, problemləri çoxdur. Mən ədəbi gəncliyin problemlərinə, qayğılarına, üslub istiqamətlərinə ayrı-ayrı gənc şairlərin, nasirlərin yaradıcılığına aid iyirmi-otuz məqalə yazmışam. Əgər bu qurultayın yönü doğrudan da yardıcılıq söhbətləri istiqamətində olsaydı, daha çox hesabat xarakteri daşımalıydı. Əvvəlki qurultayda olduğu kimi adlar sadalanacaqdı, müxtəlif əsərlər yaddan çıxacaqdı. Belə olanda tələsiklik, əsəbilik yaranır. Məsələn, gözəl şairimiz Səyavuş Sərxanlı deyir ki, nə üçün mənim adım o məruzədə zikr olunmadı, axı mən də yazıb-yaradıram. Başqa şairlərimizdən, nasirlərimizdən də belə gileylər eşidilir.

Qayğıların və problemlərin bir çoxu məişət məsələlərinə, gənclərin yaşayış tərzinə gəlib çıxıbdı. Hörmətli Prezidentimiz dünən bunların bir çoxunun həll edəcəyinə böyük inam yaratdı. Məsələn, "Ulduz" jurnalı gözümüzən qabağındadır, - neçə ədəbi nəsil yetişdiribdir. Baş redaktorlar Cabir Novruzdan, Akif Hüseynovdan, Abbas Abdulladan başlamış hamı bu jurnalda formalaşıbdır. Ümumiyyətlə, yazıçıların, şairlərin jurnalda formalaşması, qol-qanad açması, pərvəriş tapması hamımıza məlumdur. Amma "Ulduz" jurnalının belə vəziyyətə düşməsini gözləməzdik. Cavanların göz dikdiyi, yazılarını çap etdirdiyi bu jurnal indi sükut içindədir.

Hörmətli Prezidentimizin dərhal buna reaksiya verməsi, məsələni həll etməsi bu gün buraya toplaşan əksər cavanların ürəyinə doğrudan da bir inam işığı səpələdi. Təsəvvür edin, ildə jurnalın on iki nömrəsi çıxsa, görün nə qədər gənc şair, nasir öz fərdi dəst-xəttini görəcək, ədəbiyyatımızın problemləri - gənclərin qayğıları barədə söhbət gedəcəkdir.

Ədəbi gəncliklə yaxın təmasda, ünsiyyətdə olduğum üçün deyə bilərəm ki, onların qüsurlarını da görmək lazımdır. Bizim gənclərin bir çoxu dahilik iddiasındadırlar. Onların onundan-on beşindən Əli Kərimin bir şeiri çıxmaz, iyirmisindən-otuzundan Ramiz Rövşənin bir kitabının şeiri çıxmaz. Amma özləri haqqında yüksək səviyyədə, tonda danışır, qəzetlərdə müsahibələr verirlər. Bütün bunlar gəncliyin mənəvi xarakteri ilə uyuşmur, onların şeirləri ilə həyata münasibətləri arasında kəskin fərq yaradır. Mən bunu gənclərə məsləhət görməzdim.

Əsasən də Yazıçılar Birliyi, onun bir struktur kimi qalıb-qalmaması, Birliyin rəhbərliyi haqqında bəzən bu gənclərin dilindən eşidirik: gəlin filankəsi seçək, filankəsin namizədliyini irəli sürək. O, xalqa daha yaxın adamdır, bizim problemlərimizi daha yaxşı həll edə bilər və s. ara söhbətləri, dedi-qodular.. Mən gənclərə məsləhət görüb deyərdim ki, başınızı aşağı salın, oturun şeirinizi, qoşmanızı, gərayınızı, hekayələrinizi yazın... Ədəbiyyatda ancaq yazılan əsərlər qalacaq. Bu gün Anarın, sabah o birisinin Yazıçılar Birliyinin sədri seçilməsinin sizin yaradıcılığınıza dəxli yoxdur. Yazçılar Birliyi heç bir yazıçıya, əli qələmliyə istedad bəxşiş etmir. O istedad ürəkdən - könüldən - duyğudan gəlir. Mən Yazıçılar Birliyinin üzvü olmaya da bilərəm. Amma əgər mən yazıramsa və yazdıqlarım çap olunursa, ədəbi ictimaiyyətdə təqdiredici fikirlər oyadırsa, mənim üçün kifayətdir. Mən başımı aşağı salıb ədəbiyyatın "qara fəhlə"si kimi işləyirəmsə, - bunu gənclərə deyirəm, - bu mənim üçün böyük etimaddır.

SİZƏ MARAQLI OLA BİLƏR