Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Heydər Əliyev. Müdriklik mücəssəməsi: məruzələr, çıxışlar, görüşlər, müsahibələr

09-05-2023 [ 07:45 ] [ oxunub:312 ]
printerA+ | A-
103341

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarına əsasən Ulu Öndərin “Müdriklik mücəssəməsi” adlı irihəcmli kitabı “Elm” nəşriyyatında nəşr edilib.

Əsərin elmi məsləhətçisi və “Ön söz”ünün müəllifi, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, birinci nəşrinin (1999) tərtibçisi professor Vilayət Quliyev, təkmilləşdirilmiş ikinci nəşrinin (2023) tərtibçisi isə filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir.

Topluda Ümummilli Lider Heydər Əliyevin 1969-2003-cü illərdə humanitar sahə ilə əlaqədar keçirilən qurultaylarda, konfranslarda, mötəbər məclislərdə, görüşlərdə etdiyi məruzələri, çıxışları, söhbətləri, ədiblərə ünvanladığı təbrik məktubları, jurnalistlərə verdiyi müsahibələr dörd bölmə üzrə xronoloji ardıcıllıqla yer alıb.

Nəşrə akademik İsa Həbibbəyli “Heydər Əliyevin dövlətçilik təliminin ədəbiyyat dərsləri” adlı dolğun, səmimi, Ulu Öndərin poeziyaya bağlılığının məhrəm qatlarına işıq salan, onun ədəbiyyat haqqında incələmələrini özündə ehtiva edən geniş və mükəmməl  “Ön söz” yazıb.

Kitabın ilk və ən iri bölməsində Ümummilli Liderin Azərbaycan Yazıçılar Birliyinin V, VI, VII və X, Türk Dünyası Yazarlarının III qurultaylarında, “Kitabi-Dədə Qorqud” 1300, Məhəmməd Füzuli 500, Nəriman Nərimanov 100, Üzeyir Hacıbəyli 110, Cəfər Cabbarlı 80, Süleyman Rüstəm 90, Mirvarid Dilbazi 85, Əliağa Vahid 100, Maqsud İbrahimbəyov 60, Yusif Səmədoğlu 60 və başqa yubiley tədbirlərində, ədiblərin abidələrinin açılışında söylədiyi nitqlər, məruzələr, çıxışlar birmənalı olaraq günümüzlə səsləşir, toxunulan problemlər, qabardılan fikir və düşüncələr öz aktuallığını, ədəbi-elmi dəyərini qoruyub saxlayır.

“Müdriklik mücəssəməsi”nin “Görüşlər, xatirələr” adlı ikinci bölməsi Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə qayıtdıqdan sonra ilk dəfə 1993-cü ildə Elmlər Akademiyasının binasında ziyalılarla görüşü zamanı ölkəmizin qədim və çağdaş tarixi, mürəkkəb və tutqun taleyi, klassiklərə və ədəbi irsə yeni baxış, sovet rejiminin mövcud mühit məcrasında, müstəqillik müstəvisində dəyərləndirilməsi məsələləri barədə etdiyi açıq və səmimi söhbətlər ilə açılır.

Heydər Əliyevin teatr tamaşalarını izlədikdən sonra tamaşanın yaradıcı heyətinin peşəkarlığı, sənətkarlıq xüsusiyyətləri, dram əsərinin ideya-bədii və mənəvi-psixoloji məziyyətləri haqqında dəyərləndirmələri xronoloji ardıcıllıqla topluda yer almışdır. Kitabda şairlərə, yazıçılara, söz ustalarına ünvanlanmış təbrik məktubları və xarici jurnalistlərə ədəbiyyatla, mədəniyyətlə bağlı verilmiş müsahibələr də öz əksini tapmışdır.

Akademik İsa Həbibbəyli “Müdriklik mücəssəməsi”nə yazdığı müqəddimədə maraqlı bir məqama diqqəti cəlb edir: “...Görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat haqqındakı fikirləri onun müstəqil dövlətçilik təliminin əsas meyarlarını, vəzifə və məqsədlərini ifadə edən dövlət əhəmiyyətli qənaətlərdən ibarətdir. Ulu Öndərin ədəbiyyata dair irsi dahi şəxsiyyətin siyasi fəaliyyətinin qiymətli səhifələrini təşkil edir. Ədəbiyyat haqqındakı fikirləri Heydər Əliyevin dövlət siyasətinin dərsləri və tezisləridir. Heydər Əliyevin ədəbiyyata dair baxışları görkəmli dövlət xadiminin cəmiyyətin inkişafına aid fikirləridir. Buna görədir ki, müstəqil Azərbaycan dövlətinin rəhbəri Heydər Əliyevin dövrün xarici işlər naziri Vilayət Quliyevlə bir söhbətində ədəbiyyat haqqındakı nitqlərinin, yazıçı və şairlərə təbrik məktublarının toplandığı “Ədəbiyyatın yüksək borcu və amalı” kitabındakı zəngin materialları nəzərdə tutaraq dediyi “deyəsən, sovet vaxtı mən partiya-təsərrüfat işindən çox, ədəbiyyat məsələləri ilə məşğul olmuşam” - sözləri onun ədəbiyyat işinə dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən biri kimi verdiyi yüksək qiymətin obyektiv ifadəsidir”.

Heydər Əliyevin “Müdriklik mücəssəməsi” adlı seçilmiş əsərləri humanitar və ictimai elmlər sahəsində çalışan ədəbiyyat, təhsil, mədəniyyət və incəsənət işçiləri üçün mükəmməl elmi-metodoloji vəsait, dəyərli töhfədir.

SİZƏ MARAQLI OLA BİLƏR