Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Safura Quliyeva - 80: Poeziyanın ən zərif, həssas bilicisi - Günay Qarayeva

25-04-2023 [ 10:26 ] [ oxunub:18 ]
printerA+ | A-
103302

"Poeziya elə bir yaradıcılıq növüdür ki, onun təzahüründə zahiri formal əlamətlərin təhlili ilə kifayətlənmək mümkün deyil. Burada şairin bir fərd kimi mənəvi-psixoloji özümlüyü, dünyaya baxışı və dünyanı dərki, fəlsəfi-estetik görüşləri kimi əlamətlərlə yanaşı bədii təfəkkürünün formalaşmasında mövqe kəsb edən ədəbi-ictimai amillər də nəzərə alınmalıdır".

Safurə Quliyeva

 

Allahın verdiyi ömür missiyasını hər kəs bir cür yaşayır. Alim ömrü yaşamaq insana bəxş olunan ömürlərin içərisində ən şərəflisi və ən əzablısıdır. Şərəflidir ona görə ki, bütün bir qövm, ətraf o nurun haləti ilə işıqlanır, elm, ürfan çoxaldıqca mənəvi məsuliyyət hissi də artır, şərəf və əzabdan yoğrulan ömür estafeti başlanır. Belə ali və çətin yolun yolçularından biri də mənəvi cəhətdən olduqca zəngin, nurlu, işıqlı insan, zərif çiyinlərində həyatın verdiyi hər bir neməti, dəyəri çətinlik və yüksək mənəvi zənginliklə yaşayan ədəbiyyatşünas alim Safurə Quliyevadır.

Safurə Quliyeva 21 aprel 1943-cü ildə Bakıda qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakıda 172 saylı orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Əmək fəaliyyətinə hələ təhsil aldığı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" nəşriyyatında başlayıb. Redaktor kimi dəqiqliyi, işgüzarlığı, diqqətli olması, öz işinə hədsiz məsuliyyəti nəşriyyatın direktoru Əjdər Xanbabayevlə yanaşı həmin dövrdə Nizami adına Ədəbiyyat İnstitutunda çapa hazırlanan ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" kitabının redaktorlarından Bəkir Nəbiyev, Həbib Babayev və Q. Qasımzadənin diqqətini cəlb etmiş, onların təkidi ilə 1968-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsində əmək fəaliyyətinə başlamışdır. O zaman bu şöbə Q.Qasımzadə, B.Nəbiyev, H.Babayev, Y.Seyidov, A.Abdullazadə kimi elmi-ədəbi mühitin formalaşmasında xüsusi çəkisi olan elm adamlarının, tanınmış ədəbiyyatşünasların təmsil olunduqları ən qaynar və sanballı şöbələrdən biri idi. Belə bir mühitdə çalışmaq, məktəb keçmək, alimlərimizin yaratdığı imkanlardan bəhrələnən, elmi mütaliəsi zəngin olan, bacarıqlı Safurə xanımın yetişməsinə təkan vermiş, məsuliyyətli yolda ilk mayak olmuşdur. Həmin dövrdə repressiya qurbanı olan bir çox şair, ziyalı, ədəbiyyat adamları bəraət almış, onların yaradıcılığına yenidən nəzər salmaq, 37-ci ilin qara kabusundan xilas etmək, əsl həqiqətləri üzə çıxarmaq zərurəti yaranmışdır. Bu qurbanlar içərisində gənc, nakam taleli Mikayıl Müşfiqin də həyat və sənət həqiqətləri birincilər sırasında idi. Müşfiq şəxsiyyətinin, sənətinin mahiyyətini açmaq, onu ədəbi ictimaiyyətə təqdim etmək məqsədilə araşdırmalar apararaq müxtəlif istiqamətlərdən onun yaradıcılığına nəzər salan Safurə xanım 1974-cü ildə "Müşfiqin sənətkarlığı" adlı dissertasiya işini müdafiə etmiş, 1988-ci ildə isə alimin "Müşfiqin sənət aləmi" adlı monoqrafiyası çap olunmuşdur. Bu kitab Mikayıl Müşfiq sənəti, poeziyası üzrə alimin apardığı sistemli tədqiqatlarının yekunu olaraq elm aləminə ilk vizit vərəqi olmaqla bərabər tez bir zamanda ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Elmi işə opponentlik etmiş akademik Məmməd Arif kitaba yazdığı müqəddimədə qeyd edirdi: "Şair Müşfiqin sənətkarlığına həsr olunmuş bu monoqrafiya ciddi tədqiqat işidir. O, yalnız bir şairin, onun nəhəng bir sənətkar olmasına baxmayaraq lirikasını təhlil etmək çərçivəsində məhdudlaşmayıb, gənc Azərbaycan sovet poeziyasının təşəkkülü və sonrakı inkişafı ilə bağlı bir sıra məsələləri də əhatə edir" (Məmməd Arif). Kitab M.Müşfiq irsinin araşdırılması, yaradıcılıq özəlliklərinin üzə çıxarılması baxımından fundamental əsər olmaqla yanaşı Safurə Quliyevanın sonrakı illərdə də araşdırmalarının əsas tədqiq obyektlərindən biridir. Alim daha geniş həcmdə böyük epoxanın tarixi fonunda Müşfiq irsinin araşdırılmasına həsr olunmuş "Müşfiq həqiqətləri" kitabını yaxın zamanlarda oxucuların ixtiyarına verəcəkdir.

Safurə xanımın əsas elmi istiqamətini XX əsr Azərbaycan poeziyasının keçdiyi tarixi mərhələ, problem və şəxsiyyətlər təşkil edir. Başlıqda Safurə xanımın tədqiqatlarına istinadən epiqraf kimi verilmiş fikirlər əslində onun əsas yaradıcılıq, təhlil spektirini müəyyənləşdirən və konkretləşdirən göstəricidir. Ömrünün 50 ildən çoxunu ədəbiyyatın ən çətin və məsuliyyətli sahələrindən olan poeziyanın elmi-nəzəri araşdırması ilə məşğul olan Safurə xanımın bu günlərdə "Poeziyamız XX yüzillikdə" (Bakı, "Elm", 2023, 396 səh.) adlı kitabı çap olunub. XX yüzil Azərbaycan poetik fikrinin keçdiyi inkişaf mərhələləri, ictimai-sosial hadisələrin bədii təfəkkürə təsir mexanizmi, zaman, tarixi şərait müstəvisində poeziyanın tədqiq olunub öyrənilməsi kitabda əsas prioritet məsələlərdir. Kitabdakı məqalələr janr tipi baxımından müxtəlifdir. Burada müəllifin əsas tədqiq obyekti olan poeziyamızın XX əsr civarında keçdiyi inkişaf mərhələlərinə nəzər salınmış, bədii yaradıcılığın bir sıra nəzəri məsələlərinə toxunulmuş, ayrı-ayrı portret oçerkər və yubiley yazıları toplanmışdır.

"Poeziyada istiqlalımız yüz il öncə", "1920-1930-cu illərdə poeziya", "1940-1950-ci illərdə poeziya", "Poeziyada istiqlalımız XX yüzilliyin sonunda" və s. sanballı araşdırmaları böyük tarixi-xronikal mərhələnin, ictimai-siyasi ab-havanın mütəmadi olaraq dəyişildiyi, yeniləndiyi, öz mürəkkəbliyi, ziddiyyətliliyi ilə diqqət kəsb edən azman epoxanın poetik təkamülünün tədqiqi baxımından əhəmiyyətli araşdırmalardır. Kitabda toplanan məqalələr yeni əsrin başlanğıcı ilə sonluğu arasında mənəvi bağların qurulması, inkişafı və səciyyələndirilməsi ilə bağlı maraqlı harmoniyanı ehtiva edir. "Poeziyada istiqlalımız yüz il öncə" məqaləsi ilə başlanan topluda Azərbaycan poeziyası ayrı-ayrı problem və şəxsiyyətlər üzrə sistemli şəkildə araşdırılaraq "Poeziyada istiqlalımız XX yüzilliyin sonunda" məqaləsi ilə yekunlaşır. İki bir-birindən fərqli zaman müstəvisində fərqləndirilən Azərbaycan poeziyasının iyirminci yüzilliyin son rübündə poetik ovqatı, təsvir-tərənnüm üsulu, obrazlı deyim və görüm tərzi həm yaşlı, həm də poeziyaya yeni gələn gənc nəslin yaradıcılıq nümunələrində izlənilir.

Artıq biz tarixin bir çox mərhələlərini geridə buraxmışıq, arxivlər açılıb, xalqımızın keçmişinə, mübhəm, qaranlıq səhifələrinə baş vurmaq, həqiqətləri üzə, astara çıxarmaq asanlaşıb. Safurə xanım hələ bu məsələlərin qabardılması, həqiqətlərin gizlicə səsləndirildiyi zamanlarda arxiv və kitabxanalarda apardığı gərgin axtarışlar hesabına həqiqəti oxucuya astadan pıçıldamağa çalışırdı. Xalqı mübarizə ruhuna kökləyən məfkurə sahiblərinin hayqırtılarını sovet dövrünün yeni imicdə təbliğ etdiyi qəhrəmanların obrazında deyil, səsləri, azadlıqları boğazlarında qırılmış haqq aşiqlərinin od saçan misraları, gizli könül çırpıntılarını əks etdirən şeir nümunələri ilə təqdim edirdi. Onun elmi araşdırmaları patetikadan, süni, yapma şərhlərdən tamamən uzaqdır. Safurə xanım uzun-uzadı sitatlar gətirmir, nəzəri deklamasiyalar yürütmür, milli ədəbiyyatımızın kontekstində problemə nəzəri, praktiki yönümdən yanaşır. İrəli sürülən nəzəri fikir və mülahizələr əsasən bədii mətnə tətbiq olunaraq şair - bədii mətn - tədqiqatçı müstəvisində aparılır. Bu baxımdan kitabda yer alan məqalələr maraq doğurur.

Safurə xanımın Əhməd Cavad haqqında silsilə məqalələri onun yaradıcılığının müxtəlif etaplarına nəzər salmaqla yanaşı inkişafında, püxtələşməsində rol oynayan meyarların üzə çıxarılması, Əhməd Cavad şəxsiyyətinin tanıdılması, yaradıcılıq məramının, amalının açılmasında və eləcə də poetik üslubunun şərtlənməsində az əhəmiyyət kəsb etmirdi. XX əsr Azərbaycan ədəbiyyatında ictimai-siyasi fəallığı, bütöv mənəvi-əxlaqi səciyyəsi, həyatı yüksək incə zövqlə duyum, təsvir baxımından seçilən Əhməd Cavad şəxsiyyəti haqqında silsilə məqalələr yalnız yaradıcı bir şəxsin tanıtımı deyil, eyni zamanda ədəbi epoxanı təmsil edən ayrı-ayrı yaradıcıların baxış bucağından bədii, ictimai düşüncənin inkişaf meyillərini səciyyələndirmək, Azərbaycan milli düşüncəsinin inkişaf perspektivlərini ümumiləşdirmək xüsusiyyəti kəsb edir.

H.Cavidin "Azər" poemasından danışarkən müəllif yalnız onun ideya-məzmunu ilə deyil, bədii forma və quruluşuna, süjet xəttinə nəzər salır, dramatik elementlərdən yararlanmaqla yeni ictimai qurumun mahiyyətini, sosial konflikti açan, hadisələrə məntiqli, mühakiməli yanaşmalarla təhlillər aparan sənətkarın baxışlarını insan və sosial məkan məsələlərinə yönləndirir. 

Kitabda toplanan məqalələrin çox hissəsini portret-oçerklər təşkil edir. Ə.Cavad, S.Rüstəm, Ə.Vahid, N.Rəfibəyli, M.Dilbazi, Z.Xəlil və d. oçerkləri həmin şəxsiyyətlərin Azərbaycan ədəbiyyatı tarixində mövqelərini, yaradıcılıq fərdiyyətlərini müəyyənləşdirməklə yanaşı, XX əsr Azərbaycan poeziyasının tarixi, sosial şəraitini, yaradıcılıq meyillərini, ayrı-ayrı metod və təmayüllərin inkişaf metodologiyasını izləmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Şairin yaradıcılıq aləminə bələdlik, onu ümumi poeziyanın inkişaf axınından ayırmadan izləmək səbəbindəndir ki, bir-birindən fərqli üslub, məfkurəyə malik şairlər poeziyanın tarixi-ictimai arenasına gətirilir.

Poeziyada fərdi-bədii üslubu formalaşdıran amillər, ictimai-fəlsəfi görüşlərin yaradıcılığa təsir mexanizmi, müəyyən zamana uyğun olaraq lirik qəhrəman anlayışının yenilənməsi, transformasiyası, lirik ovqat və s. Safurə xanımın tədqiqatlarında alim səriştəsi və ustalığı ilə çözülür, təhlil olunur. Bu baxımdan Safurə xanım yalnız təqdim etmir, şairin yaradıcılıq aləminə daxil olaraq müəllif və klassik irs ənənələrini, yeni dövrün ifadə və təsvir meyarlarını, şair və ədəbi məktəb əlaqələrini və s. geniş təhlil bucağında təqdim edir.

Bu kitab Safurə Quliyevanın illərlə apardığı tədqiqatlarının yekunudur. Kitabda Mikayıl Müşfiqin yaradıcılığına geniş yer verilmiş, "Müşfiq səmasında buludlar", "Müşfiq: mühiti və sənəti", "Müşfiq həqiqətləri silsiləsindən", "Mikayıl Müşfiq (portret-oçerk)" araşdırmalarında Müşfiq sənətkarlığı, şairin fərdi üslubunun özəlliklərini çözməklə yanaşı dövrün, ədəbi tənqidin Müşfiq sənətinə qərəzli münasibəti, Müşfiq həqiqətləri, şairin sənətinə ikili münasibət tendensiyası açıqlanır. 1920-1930-cu illər ideoloji mübarizədə ölkənin ictimai-siyasi həyatında şair və yazıçıların yaşadıqları mərhumiyyətlər, məruz qaldıqları siyasi repressiyalar, onların ölümünə hökm verən sifariş və diktələr tədqiqatçı səriştəsi ilə təhlil olunur.

Şairin zamanın ictimai-siyasi iqliminə uyğun olaraq yazılan şeirlərinə bəzən inkarçı mövqedən yanaşılan, Müşfiq sənətinə zamanın ideoloji təsirlərindən irəli gələrək meyillənmələrə cavab olaraq müəllif, "Müşfiq həqiqətləri silsiləsindən" yazısını təqdim edir. Texstoloji, mətnşünas kimi yüksək həssaslıqla Müşfiq irsinin araşdırılması Leninə, Stalinə, Oktyabr, Aprel inqilabına həsr olunmuş bu şeirlərin fonunda Müşfiq sənətkarlığının üzə çıxarılması, şairin Azərbaycan ədəbiyyatında lirik "mən"inin üzə çıxarılmasında az əhəmiyyət kəsb etməyən bu şeirlərin əsas məğzini, məramını tutmaq yüksək professionallıq və tədqiqatçı şəriştəsi ilə həyata keçirilir. Şairin heç də birmənalı qarşılanmayan bu qəbildən olan şeirləri müstəqim formada deyil, zaman, ədəbi mühit, ictimai-siyası iqlim fonunda nəzərdən keçirilir, təhlil olunur.

Kitabda müəllif müstəqil şəkildə araşdırmalarını bir neçə istiqamətdə davam etdirərək nəzəri məsələlərə konkret meyarlar əsasında deyil, yeni nəzəri prinsiplərlə yanaşır. "Bədii yaradıcılıqda müəllif", "Səməd Vurğunun "Vaqif" pyesində müəllif" başlıqlı məqalələrində müəllif "mən"i, poeziya üçün aparıcı olan məsələlərin həlli mövqeyindən yeni mülahizələr irəli sürür. Bədii yaradıcılıqda müəllifin fəlsəfi-estetik görüşləri, ictimai-siyasi reallıqların insan obrazında inikası, şairin yaradıcı şüuruna əks təsirlərin poetik sistemin zəifləməsi, patetikanın yaranması ilə həmahəngliyi poetik nümunələr əsasında verilir.

Azərbaycan poeziyasını mərhələli şəkildə XX əsr müstəvisində tədqiq edən müəllif onu ümumi tarixi-siyasi proseslərdən, ideoloji təsirdən ayırmır. Safurə Quliyevanın araşdırmalarında konkretlik, ümumiləşdirmə gücü yüksəkdir. Zəngin ictimai-siyasi gedişatların təzahüründən yaranmış şeirin inkişaf meyillərinin öyrənilməsi istiqamətində maraqlı qənaətləri diqqət çəkir.

Artıq Safurə xanım ömrünün kamillik mərhələsindədir. Bu məqamda da şöbənin profilinə uyğun olaraq çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin VII cildinin redaktor və əsas müəlliflərindən biri, "XX əsr poeziyası antologiyası"nın (bu günə kimi antologiyanın IV kitabı çap olunub) tərtibçisi, XX əsr Azərbaycan poeziyasının tədqiqi və əsas simalarının tanıdılması istiqamətində bu gün də yorulmadan, usanmadan, əzmlə çalışan, tədqiqatlar aparan alimlərimizdəndir. Həssas, diqqətli redaktor, alicənab, mənən zəngin, geniş qəlbli, yüksək insanlıq keyfiyyəti Safurə xanımın xarakterini, mənəvi səciyyəsini bütövləşdirən əsas xüsusiyyətlərdir. Safurə xanım haqqında ədəbiyyatşünaslar yüksək fikirlər irəli sürmüşlər. Ömrünü elmə həsr edən Safurə xanımın alim fərdiyyətinin səciyyələndirilməsində M.Arif, A.Hüseynov, Ş.Alışanlı, T.Alışanoğlu və b. ədəbiyyatşünaslarımız maraqlı fikirlər irəli sürmüşlər. "Faciəvi Müşfiq ömrü və onun mənsub olduğu nəslin nümayəndələrinin dövrün eyni dramatizmi ilə dolu aqibətləri, çılğın şairimizin nəğmələrinin hərarətli şeiriyyəti və bir əsr boyu poeziyamızın səngiməyən gərgin, narahat axtarışları bu tədqiqatlarda həmişə birlikdə, vəhdətdə araşdırılır. Elə bu xüsusiyyəti ilə də maraq doğurur. İndi Safurə xanım Müşfiq sənətinin və poetik sözün xiridarı kimi tanınır" (Akif Hüseynli): "XX əsr poeziyamızı təmsil edən şairlərin yaradıcılıq səlahiyyətini üzə çıxarmaqda Safurə xanımın poeziyaya bədii sənətin ümumi qanunauyğunluqları kontekstində yanaşması prinsipi əsas yer tutur. O, şeiri təhlil edərkən onu milli estetik fikir daşıyıcısı kimi hədəf seçir. O, poeziyanı canlı bir varlıq kimi, konkret bir dövrün, real mühitin yetirməsi kimi təqdim edir" (Şirindil Alışanlı). "Safurə Quliyeva Mikayıl Müşfiq şeirinin tədqiqatçısı, şairin sənət dünyasına yaxından nüfuz edə bilmiş, Müşfiq şeirinin özəlliklərinə, poetikasına bələd azsaylı araşdırıcılardandır. "Müşfiqin sənət aləmi" monoqrafiyasını müşfiqşünaslıqda bugünəcən də ən etibarlı mənbə, sanballı tədqiqat hesab edir, mühazirələrimdə bu əsərə istinad edir, tələbələrimə də tövsiyə edirəm" (Tehran Alışanoğlu) və s.

O, mənən də zəngin adamdı. Uşaq kimi kövrək, incə və həssas Safurə xanımı tanıyanlar yaxşı bilir ki, bildiklərini ətrafından əsirgəməyən, kiminsə hər hansısa bir işində gərəkli olmaq, yol göstərmək, istiqamət vermək onun üçün həyat missiyasıdır. Bunu paylaşdıqca zənginləşir, özünü xoşbəxt hiss edir.

Safurə xanımın rəsmən yeganə aspirantı olsam da, onun ziyasından, verdiyi tövsiyələrdən bəhrələnən onlarla insan var. Safura xanım böyük bir şöbənin məsuliyyətini, ağırlığını çəkən, şöbədə nizam-intizamın, birliyin yaranması, mənəvi-əxlaqi bağların möhkəmlənməsində əsl ziyalı mövqeyinin məsuliyyətini dərk edir.

Mən deyərdim ki, yaşadığı ömürdən, yaşından asılı olmayaraq, bəlkə də yeganə ömür alim ömrüdür ki, onun yaşı olmur. Çünki substratı mənəviyyat, zəka, elm, mərifət olan bu ömür yaşlandıqca daha gərəkli və zəruri mayaya çevrilir. Mənəvi və ruhi yaşı bilinməyən 80 yaşlı Safurə xanımı təbrik edir, çətin və zövqlü işində ona yeni yaradıcılıq uğurları arzulayırıq.