Yaxşı ki, son zamanlar uşaqlar üçün təşkil olunan kitab bayramları var. Bəli, mən onları uşaq kitab bayramı adlandırıram. Çünki uşaqların üzlərində yaranan gülüşün, sevginin, sevincin səbəbi məhz, kitablardır. Ötən illərdə bu sevincin memarı Mədəniyyət Nazirliyinin təşkil etdiyi Bakı Beynəlxalq Kitab Sərgiləri idi. Müxtəlif təqdimatların, müzakirə və görüşlərin içərisində uşaqlara da kifayət qədər diqqət ayrılmışdı və beş gün davam edən sərgi müddətində mən şəhərdən kənarda yerləşən Bakı Ekspo Mərkəzinə dəstə-dəstə uşaqların müəllim və valideynləri ilə birlikdə necə böyük həvəslə axın etdiyinin şahidi olmuşdum. Bunu danmaq olmaz, həmin sərgilər çərçivəsində uşaq ədəbiyyatına ayrılan diqqət epizodik yox, kifayət qədər əhatəli və dolğun idi. Ötən həftənin sonundan başlayaraq, aprelin 8-11 tarixlərində ölkəmizdə növbəti belə kitab bayramı gerçəkləşdi. Bu dəfə uşaq sevinclərinə ev sahibliyini "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyi edirdi. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan festivalın digər təşkilatçıları isə Mədəniyyət, Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi idi.
Bu dəfə diqqətdə yalnız uşaqlar idi. Bütün gözəlliklər onlar üçün təşkil edilmişdi: on minlərlə kitabın endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları, kukla teatrı, əyləncəli tamaşalar, sevimli uşaq yazarları ilə görüşlər, onların imzalı kitablarını əldə edə bilmək imkanı və s.
II Uşaq Kitab Festivalı! Adını səsləndirmək belə kifayət edir ki, görülən işin mahiyyətindən, qarşıya qoyulan niyyətin aliliyindən qürur duyasan. Axı obyektivin fokusunda ancaq uşaqlardırsa, əlavə izaha ehtiyac qalırmı?! Məkan isə uzaq deyildi. Bakı İdman Sarayı. Dörd gün müddətində bura uşaqlar üçün ən rəngarəng proqramlarla zəngin doğma məbədə çevriləcəkdi. Çevrildi də.
Etiraf edək ki, dünyada baş verən hadisələri hər axşam əllərində olan telefonlar vasitəsilə müşahidə edən uşaqların marağını, diqqətini ram edib kitaba yönəltmək o qədər də asan, həmçinin adi iş deyil. Bu o deməkdir ki, bütün təbliğat vasitələrinin məişətimizə daxil olduğu bir vaxtda uşaqlarımızın görüş dairəsinin genişliyinə, idrak səviyyəsinin yüksəkliyinə baxmayaraq, onlara öz uşaqlıqlarını yaşatmaq, kitabın sehrinə cəlb etmək meyarını qorumaq hər zaman mümkündür. Yetər ki, buna cəhd və istək olsun.
"Güzel günler göreceğiz çocuklar"
Festivala gələnə qədər müşahidə elədiyim, izlədiyim, sorağını duyduğum, sonra isə canlı şəkildə gördüyüm mənzərələr həddən artıq ürəkaçan idi. Sanki hər damlası bir nur topası olan çiçək yağışına düşmüşdük. Hər tərəf uşaq idi. Kitab seçən, səs-küyün içində sonsuz sevinclə gülümsəyən, görüşdüyü sevimli yazıçılarına heyrətlə baxan, klounun əlindən tutub əylənən, ətrafa böyük sevgi və ümidlə baxan bu uşaqlar böyük Nazim Hikmətin bəhs etdiyi həmin qəhrəmanlar idilər sanki: "motorları maviliklərə sürməyə" inamını itirməyənlər. Onlar mütaliəyə həvəsli, kitabı sevən, kitabla böyüyən nəsildilər. Demək ki, narahat olmağa o qədər lüzum yoxdur. "Bir gün bir kitab oxudum, bütün həyatım dəyişdi"... Kitabla həyatlarını dəyişməyə müvəffəq olan bu qəhrəmanların daim yeni, yaradıcılıq üfüqlərinə doğru yüksəlişlərə can atacaqları günləri görmək də olacaq qismətdə.
"Aç daxılını, seç kitabını"
Festival rəhbərliyi ilə söhbətimdə öyrənirəm ki, sən demə, festivaldan əvvəl məktəbdəki uşaqlara daxıla pul yığmaqla bağlı təkliflər edilib. Əllərinə düşən pulu daxıla atan uşaqlar festivala gələrək daxılı açıb ora yığılan pula kitab almalı idilər. Özlüyündə maraqlı olan bu ideyanı məktəblilərdə əxlaqi sifətlərin tərbiyəsinə kömək edən ştrix kimi mənalandırıram. Uşaqları doğru istiqamətə yönləndirmək, onlarda kitaba münasibətdə yüksək məziyyət formalaşdırmaq baxımından bu cür ideyalar mənəvi keyfiyyətlər təlqin edir.
Gözəl uşaq yazıçımız Reyhan Yusifqızı festivalla bağlı təəssüratlarını bölüşür: "8 və 9 aprel II Uşaq Kitab Festivalı gözəl bir kitab bayramı idi. Valideynin əlindən tutub gələn sevincli uşaqlar, əllərində daxıl, kitab seçirlər. Sevdikləri yazıçıya elə məhəbbətlə baxırlar ki... Bəziləri həyəcanlanır, danışa bilmir, bəziləri sual verir, qucaqlaşırıq. Uşaqların sevgisini qazanmaq böyük xoşbəxtlikdir. Sevincim yerə-göyə sığmır...". Zahid Xəlil uşaq kimi sevinir, balaca oxucuları ilə görüşə tələsir, kitab imzalayır. Sevinc Nuruqızı uşaqların dövrəsində xoşbəxtliklə gülümsəyir: "Melisa", "Zəfər nəğməsi Şuşa", "Pıçıltı" kitablarının oxucularını bağrına basıb gözəl tablo yaradır. Belə... Mübadilə qarşılıqlıdır. Canlı təmas, ünsiyyət öz sözünü deyir. Uşaqların kitablardan oxuduqları şair, yazıçılar indi onlarla bir yerdədirlər. Bu dəfə möcüzə nağıllarda yox, həyatın özündə yaşanır. Bakı İdman Sarayının səhnələrində.
Məsuliyyət peşəkarlığın birinci adıdır!
Festival müddətində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyində təmsil olunan bütün şəxsləri, İdarə Heyətinin üzvlərini, nəşriyyatlarla iş şöbələrinin məsul insanları daim dinamik obrazda gördüm, həvəs və təəssübkeşliklə demək olar ki, bütün aparıcı tədbirlərə qatılırdılar. Yəni, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi bu festivalda sadəcə təşkilatçı deyildi, həm də festivalın fəaliyyətində, onun uğurlu keçməsi üçün müxtəlif tədbirlərində yaxından iştirak edən tərəf idi. Uşaqlarla birgə uşaqlaşmaq, sevinclərinə həmtay olmaq, onların əlvan, rəngarəng arzularına qarışıb sevincin sonsuzluğunda qanad açıb uçmaq. Qeyri-ixtiyari V.Q.Belinskinin sözlərini xatırlayıram: "Onlar sizi özlərinə dost görmək istəyirlər; elə bir dost ki, özünü yaddan çıxarıb, özü də bir növ dost olsun". ANAİB-in bütün üzvləri festivalda uşaqların dostu idi.
Rəngarəng tədbirlər və uşaqlar
Sərgidə uşaqların marağını cəlb etmək, onların saatlarını faydalı emtək üçün bir çox tədbirlər düzənlənmişdi. Uşaqların sevimli yazıçıları ilə görüşləri (Zahid Xəlil, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Sevinc Elsevər, Gülzar İbrahimova), müxtəlif uşaq kitablarının təqdimatı, kukla teatrının nümayişləri, nağıl saatları (Xəzər Süleymanlının, Kamal Yaşarın, Mənsum İbrahimov, Fidan Nizamova, Rövşən Abdullaoğlu, İradə Qədirova, Mehriban Nağıyevanın ifasında), şou-proqramlar, animatorla, şən klounla oyunlar, 5 saylı uşaq incəsənət məktəbinin konserti, uşaqların istəkləri ilə bağlı müzakirə saatları və s. Festivalda yeni kitabları ilə balaca oxucularının qarşısına çıxan yazıçılar da oldu. Həmid Piriyevin "Balaca Delfinin macəraları" kitab silsiləsi, Reyhan Yusifqızının "Qapı arxasında O", Sevinc Elsevərin "Döyüş iti" və "Xeyirxah siçan", Elgüselin "Yumağın macəraları: Sirli məktub", Aynur Cavid və Cəmilə Məmmədlinin "Bilgənin macəraları" silsiləsindən "Həkim Bilgə" və "Səyyah Bilgə" kitabları diqqətçəkən əsərlər, uşaqların zövq və maraqla qarşıladıqları nümunələr kimi yadda qaldı.
Məlumdur ki, bu il ölkə başçısının sərəncamı ilə Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib. II Uşaq Kitab Festivalında bu məqamla bağlı təbliğat yaxşı qurulmuşdu. Şuşa Muğam məktəbinin şagirdlərinin çıxışı, Solmaz Amanovanın "Şuşanın sehrli açarları" kitabının təqdimatı müqəddəs məkanımıza münasibətdə uşaqların içindəki sevgi ruhunun formalaşmasına öz müstəsna təsirini göstərəcəyi şübhəsizdir. Eləcə də Sevinc Nuruqızının Gəncə terrorundan bəhs edən "Piçıltı" kitabının, bu əsərin əsasında hazırlanmış tamaşanın məktəblilərin ifasında təqdimatı balaca oxuculara vətənpərvərlik duyğuları aşılamaq, tariximizə həssas yanaşmağı öyrətmək baxımından uğurlu addımlar sayılmalıdır.
"Gəlin, açıq danışaq" - sözümüz eşidilənək...
II Uşaq Kitab Festivalını önəmli edən bir amili də qeyd etmək istəyirəm. Bu da uşaqlarla bağlı müxtəlif çeşidli problemlərin işıqlandırılması, müzakirəyə, fikir mübadiləsinin predmetinə çevrilməsi idi. Elgüsel "Uşaqlar bizə nə demək istəyirlər", Altay Abdullaoğlu "Uşaqlar və valideynlər nəyi bilməlidir", Şəmil Sadiq "Valideynlər təhsildən nə istəyirlər". Göründüyü kimi, geniş müzakirəyə açıq suallardır.
Festivalın ən önəmli, yaddaqalan və əhəmiyyətli hadisələrindən biri aprelin 10-da "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin "Azərbaycanda uşaq və tədris ədəbiyyatı: reallıqlar və perspektivlər" mövzusunda elmi-praktik seminarının təşkili və keçirilməsi sayılmalıdır. Çoxdandır ki, bu istiqamətdə problemlər ona məsul şəxslərin bir araya cəm olması, işıqlandırılması baxımından baş tutmurdu. Eləcə ayrı-ayrı məqalələrdə şərhinə varılır, yaxud da Şəmil Sadiqin tədbirdə qeyd etdiyi kimi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun hər il ənənə olaraq keçirdiyi "İlin ədəbi yekunları" elmi-yaradıcılıq müşavirəsində səsləndirilirdi. Bu baxımdan, tədris ədəbiyyatının vəziyyəti ilə bağlı təşkil olunan elmi-praktik seminar uşaq ədəbiyyatı problemlərinin bir qisminin həllinə hədəflənmək baxımından böyük əhəmiyyət kəsb edir. Seminarda ANAİB-in sədri Şəmil Sadiq "Uşaq ədəbiyyatının bugünkü vəziyyəti"; Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu "Dərslik mətnləri. Oxuyub, anlamaq"; yazıçı Zahid Xəlil "Uşaq ədəbiyyatında klassizm ənənələri"; "Altun kitab" nəşriyyatının direktoru Rafiq İsmayılov "Azərbaycanda uşaq kitabları beynəlxalq təcrübə kontekstində" və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri Elnarə Akimova "Tədris vəsaitlərində uşaq ədəbiyyatının yeri və rolu" mövzusunda məruzələr etdilər. Ardınca məruzəçilərə ünvanlanan suallar, uşaq nəşrlərinin vəziyyəti, uşaq yazarlarının çap olunma çətinlikləri, nəşriyyatların uşaq yazarları ilə yaradıcılıq əlaqələri, uşaq kitablarında illüstrasiya və dizayn məsələləri, məzmunlu kitab hasilə gətirməyin prinsip və meyarları kimi problemlər geniş müzakirə predmetinə çevrildi. Hərçənd açıq döhbətin açıq qalan sualları da oldu. Xüsusilə, dərsliklərdəki problemlərlə bağlı səsləndirdiyim əsaslı iradlara Təhsil Nazirliyinin əməkdaşı tərəfindən əsaslı cavablar ala bilmədim.
Təklifimdə isə qalıram. Dərsliklərin hazırlanması işində milli şüuru ayıq olan və yüksək intellektli insanlar dayanmalıdır. Uşaq ədəbiyyatını seçərkən hər dövrün ən yaxşı, ən seçilmiş nümunələrinə istinad edilməlidir. "Vətən dili" dərsliyini bəlkə bu gün də meyara çevirmək olar. Klassik və müasir uşaq ədəbi nümunələri, xarici ədəbiyyatdan tərcümələr, nağıl və əfsanələr, folklor nümunələri və s. Məqsəd bütün hallarda ideya-bədii cəhətdən kamil nümunələrə yer verməkdir. Dərsliklərdəki qüsurların islahını sabaha saxlamaq olmaz. Çünki hər dəfə ideya-bədii baxımdan qusurların ehtiva olunduğu dərsliklə bir nəsil yetişir artıq, oxuduqları onda bu və ya digər dərəcədə iz qoyur. Əks halda, dərsliklərdəki uşaq ədəbiyyatı bədii baxımdan zövqsüz, ideya baxımdan mənasız mətnlərin ümidinə hələ çox qalacaq. Bu isə nəticəsiz əbədi əməyə məhkum olmaq deməkdir.
Son zamanlar bizdə bir çox sahələrlə, istiqamətlərlə bağlı sanki "əcəl zəngi" çalınır. Mən çox istərdim ki, bu zənglər SOS siqnalı, həyəcan təbili ilə əvəz edilsin. Vaxtında, zamanında, tez-tez eşidilsin bu səslər. Çünki bu təbil bizim diriliyimizə, dirçəlişimizə daha çox zəmin yarada, daha çox stimul verə bilər. II Uşaq Kitab Festivalını bir də bu baxımdan əhəmiyyətli hadisə hesab etmək olar.
Ümumilikdə, maarifçi xarakterinə, sabahımıza hədəflənmiş ali və nəcib niyyətinə görə dörd gün əyləncə və intellekt qovşağında baş tutan bu festivalın bütün təşkilatçılarına dərin səmimiyyətlə təşəkkür borcumuz var.
"Ədəbiyyat qəzeti". 2023, 15 aprel