Dünyanın aparıcı elmi qurumlarının rəhbərləri Elm Günü ilə əlaqədar akademik İsa Həbibbəyliyə təbrik məktubları ünvanlayıblar.
Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkər 27 Mart – Elm Günü ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Türkiyə Elmlər Akademiyası adından 27 Mart Azərbaycanda Elm Günü ilə əlaqədar sizi təbrik etməkdən şərəf duyuram. “Bir millət, iki dövlət” şüarı ilə hərəkət edən və hər zaman bizimlə birgə olduğunu hiss etdirən Azərbaycan xalqına yaşadığımız zəlzələ fəlakəti zamanı göstərdiyiniz yardımlara və maddi-mənəvi dəstəyə görə minnətdarlığımızı bildiririk. Sizi yanımızda hiss etmək bizlərə güc verdi.
Akademiyamız ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında 2003-cü ildə imzalanmış Elmi Əməkdaşlıq Sazişi və İcra Protokolu 2023-cü ildə yenilənmişdir. Akademik İsa Həbibbəylinin Türkiyə Elmlər Akademiyasına ziyarəti zamanı iki Akademiya arasında nəşr mübadiləsi, birgə tədbirlərin təşkili və məqalələrin çapı qərara alınmışdır. Ümid edirik ki, tezliklə razılaşdığımız məsələlər üzrə birgə fəaliyyətə başlayacağıq.
Sağlam və xoşbəxt günlərdə həmişə birgə 27 Mart Azərbaycanda Elm Gününü qeyd etmək diləyilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə, Akademiyanın əməkdaşlarına və Azərbaycan xalqına dərin hörmət və sevgimi göndərirəm.
Hörmətlə
Prof. Dr. Müzəffər Şəkər
Türkiyə Elmlər Akademiyasının prezidenti”
Qeyd edək ki, TÜBİTAK-ın başqanı, prof. Dr. Hasan Mandal, Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Murat Jurinov, Macarıstan Elmlər Akademiyasının prezidenti, professor Tamah Froynd, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, prof. Şuxrat Siracəddinov, Tatarıstan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Myakzyum Salaxov, Başkortostan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Alfis Qayazov, Başkortostan Dövlət Universitetinin Vətən tarixi kafedrasının müdiri, Başkortostan Respublikası EA-nın müxbir üzvü Aytuqan Akmanov, Pakistanın Lahor Dövlət Kollec Universitetinin vitse-kansleri, professor Syed Əsgər Zaidi, İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq Daimi Komitəsinin (COMSTECH) Baş koordinatoru prof. Dr. M.İqbal Çoudhari, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktor müavini, PhD. Maka Elbakidze, Avropa Komissiyasının Şərq Tərəfdaşlığı ölkələri üzrə əlaqə layihəsinin rəhbəri İrina Matthevs, Cənubi Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı professoru Choon-Hwan Lee, Avstraliya Federativ Universitetinin Smart Analitika Mərkəzinin direktoru, professor Adil Bağırov, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Azərbaycan-Yaponiya dostluq cəmiyyətinin sədri, Dr. Xəlil Kələntər, Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdov, ABŞ-ın Emori Universitetinin Kimya Departamentinin direktoru, Dr. Camal Musayev və başqaları tərəfindən də AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə təbrik məktubları göndərilib.