AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Bədii mətnin təhlil texnologiyası” adlı elmi seminar keçirilib.
Seminarda Ədəbiyyat İnstitutunun alimləri ilə yanaşı, doktorantları, magistrləri və təcrübəçi tələbələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açıb. O, çıxışında bu cür seminarların artıq bir ənənə halını aldığını vurğulayıb. Qeyd edib ki, “artıq formatı dəyişmişik. Məqsədimiz fokslandığımız auditoriyanı dəyişmək, daha faydalı olmaq, elmin inkişafına öz töhfəmizi verməkdir. Bugünkü seminarımız “Bədii mətnin təhlil texnologiyası” adlanır. Məruzəçimiz institutumuzun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmməddir. Bu çox zəruri mövzudur. Seminardan öncə mövzu ilə bağlı müakirələr aparmışıq”.
Sonra Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd mövzu ilə bağlı geniş məruzə edib. Bu seminarın eyni zamanda praktik xarakter daşıdığını da nəzərə çatdırıb. Bu cür seminarların dissertasiya yazan gənc tədqiqatçılara çox kömək olacağı qənaətini bölüşüb.