Xocalı faciəsini əks etdirən, 30 ildə olduğu kimi, bu gün də sona qədər izləyə bilmədiyim kadr və lentlərə baxdıqca bir daha başa düşdüm ki, azğın düşmən bizə ömrümüz boyu unutmayacağımız, qəlbimizi həmişə göynədəcək bir yara vurub. Bəlkə də, itirilmiş uşaqlıq, gənclik illərimizin, gözlərimizdə donan təbəssümün, viran qalmış ata-baba yurdumuzun, 30 ildən sonra evimizin kandarına qədər gedib, bələdçinin - təhlükəlidir, içəri keçmək olmaz, - sözlərinin tikanlı məftil kimi qarşımızı kəsməyinin ağrı və ağırlığından keçmək olar, amma Xocalı faciəsi əbədi ayıq qalmaq üçün, düşmənimizi unutmamaq üçün yetərli fakt və sənəddir. XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı millətindən asılı olmayaraq bütün insanlığın üzqarası və utanc yeridir.
26 fevral gözümüzün önünə asılmış çəhrayı pərdənin açılıb düşdüyü gündür. Düşən pərdənin arxasından dəhşətli divlərin, caynaqlı varlıqların təkcə qorxulu nağıllarda olmadığı, bəlkə də nağıllara həyatdan köçdükləri göründü. Qorxulu nağılları oxumağa hələ yaşları çatmayan uşaqların donmuş cəsədləri həmin nağılların personajları oldu. Amma "Xocalı" nağıl deyildi, qəmli hekayə və dastan da deyildi, yüzlərlə bayatı və ağının, qəmli laylaların mövzusu olsa da, bayatı və layla da deyildi. "Xocalı" acı həyat gerçəkliyi, tarixin heç vaxt qaysaq bağlamayan yarası idi. Düşmənlərimizin özləri haqqında bütün dünyaya və insanlığa təqdim etdikləri imzalı, möhürlü cəlladlıq sənədi idi "Xocalı".
O günə kimi hər hansı filmdə azacıq təsirli epizod olduqda kanalı dəyişən, uşaqları hər hansı psixoloji yükdən və sarsıntıdan qoruyan böyüklərimizin özləri qorxunc, ağlasığmayan səhnələrin qarşısında lal-dinməz dayanmışdılar, yanındakı balacaları belə ovutmağı unutmuşdular. 26 fevralda mənfur düşmənin qanlı əməli nəticəsində çox şüarlar divarlardan sürüşüb düşdü. Bunlar təkcə "xalqlar dostluğu", "mehriban qonşu", "Kür, Araz, Ararat" haqqında süni yaradılmış və beynimizə yeridilmiş şüarlar deyildi, həm də "kişi ağlamaz", "qadına əl qaldırmazlar", "uzaq qohumdan yaxın qonşu yaxşıdır" kimi tarixin süzgəcindən süzülüb gələn büllur deyimlər idi ki, xain düşmənlərimiz onları qara daşla vurub çiliklədi. Biz o gün cəsədlərin içindən doğmalarını axtaran, tapanda bir cür, tapmayanda başqa cür fəryad edən kişilərin göz yaşlarına, gəlincikləri və oyuncaqları ilə birgə terrora məruz qalan uşaqların faciəsinə, qadınlara, yaşlılara edilən işgəncələrə, dözümün son həddini yoxlayan təcrübələrə, daha nələrə, nələrə şahid olduq. Qarı qanla ləkələyən, hələ açılmamış çiçəklərin arzusunu gözündə qoyan, amansızlıqları ilə meşədəki vəhşi heyvanları belə qorxudan, tarixlər boyu dahilərin haqlarında dedikləri "erməni yer üzünün ilanı, insanlığın düşmənidir" (Sədi Şirazi), "Dərisi ağ qulların pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur" (Adam Mets), "Ermənilərin eybi: bədfel, kündəbədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüşsöyən, ürəyixıltlı, ağasına düşmən olmalarıdır" (Qabusnamə), "Əgər yuxuda erməni görmüsüzsə, çox ehtiyatlı olun, bilin ki, sizi aldadacaqlar və yaxud sizə xəyanət edəcəklər" (Olqa Smurova) kimi çoxsaylı zərbi-məsəlləri dönə-dönə isbat edən faşist ermənilərdir düşmənimiz. Bu, bizi daim oyaq olmağa, inanmaq, bağışlamaq kimi "səhvlərimizi" təkrarlamamağa məcbur edir. Tarixlər boyu ona sığınana, pənah gətirənə, özündən zəifə, onu qonşu seçənə mərhəmətli davranışı ilə fərqlənən xalqımızın mənfur düşmənə bu məcburi aqressiv münasibəti əslində, onlar özləri yaradıblar. Özümüzə güclə təlqin etdiyimiz, əslində, bizə yad olan nifrət hissinin müəllifi bədnam "qonşularımız"ın özüdür. Bunun bünövrəsini zaman-zaman qoysalar da, 92-ci ilin qış gecəsində hasarlarına çatıb, bürclərini ucaltdılar. 26 fevral bizim nəslin uşaqlığının son gecəsi oldu. Bizim nəsli uşaqlığından ayıran güllə və savaşın səsi, barıt və qan qoxusu, həmyaşıdlarımızın yarıda qalmış həyat hekayələri oldu.
Bütöv bir məmləkətin qandonduran yaşantıları, həyatı zülmlə qırılan yüzlərlə insanın, zorla beşiyindən uzaq düşən körpələrin, toy çadırı yarımçıq qalan gənclərin, isti ocağı qanla söndürülən ailələrin, qəbri yurdda qazılmayan qocaların bütün insanlığa ittihamıdır "Xocalı". Və nəhayət, erməni faşizminin öz əli və dili ilə özünə hazırladığı dəhşətli ittiham, amansız hökmdür. Bunu təkcə biz, təqdim olunan yüzlərlə sənəd və faktlardan sonra faciə kimi tanıyan və təsdiq edən bir çox dünya ölkələri demir. Bunu həm də o bəd əməl sahibləri özlərinin xatirə və gündəliklərindəki etiraflarında, sevinc və nəşəylə bəyan etdikləri qanlı əsərlərində yazırlar. İnsanlığın üz qarası Zori Balayanın "Ruhumun canlanması" adlı murdar cızmaqarasında yazdığı kimi. Belə nümunələrin sayı olduqca çoxdur. İnsanlığa sığmayan bu əməllərin sahiblərinin tarix qarşısında, insanlıq qarşısında həmişə başları aşağı olacaq, hələ cavabını vermədikləri, bədəlini ödəmədikləri cinayətlərinin cəzasını ödəyəcəklər.
Onların Xocalıda etdiklərini unutmayaq, bir də təkrar olunmaması üçün, tarixin özünün yenidən yadımıza salmaması üçün unutmayaq. Bir gün Zəfər yolunun Xocalıdan keçməsi üçün yadımızdan çıxarmayaq. Adətən, yolçular yolu özləyər, amma elə yollar var, gözləri yol çəkib yolçusunu gözləyər, Xocalıya gedən yol kimi... O yolun yolçusu ola bilmək üçün yaddaşımızı diri və oyaq saxlayaq.