Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin elmi jurnalı olan “Filologiya və sənətşünaslıq” dərgisinin növbəti sayı (2022, № 2) çap olunub. Jurnalda humanitar elmlər istiqaməti üzrə ədəbiyyatşünaslıq, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, müqayisəli ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik, sənətşünaslıq, mətbuat tarixi və publisistika sahələri üzrə elmi-tədqiqat əsərləri nəşr olunur.
“Filologiya və sənətşünaslıq” elmi jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Jurnalın bu sayı akademik İsa Həbibbəylinin Xalq rəssamı Ömər Eldarovdan bəhs edən “Azərbaycan heykəltəraşlıq sənətinin əbədi mogikanı” məqaləsi ilə açılır.
Baş redaktorun müavinləri AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elməri doktoru Əlizadə Əsgərlidir. Redaksiya heyətinə bir sıra akademiklər və AMEA-nın müxbir üzvləri daxildir. Jurnalın məsul redaktoru Maral Poladovadır.
“Elm” nəşriyyatında çap olunan jurnalın bu sayı “Ədəbiyyatşünaslıq”, “Dilçilik”, “Sənətşünaslıq”, “Zemfira Səfərova - 85”, “Yubileylər” və “Xronika-2022” bölmələrindən ibarətdir. “Bələdçi” Azərbaycan, ingilis və rus dillərindədir.
“Filologiya və sənətşünaslıq” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.
Qeyd edək ki, jurnalın təsisçisi Azərbaycan Milli Elmlər Akademiyasıdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30.05.2019-cu ildə qeydiyyata alınıb. Jurnal 2019-cu ilə qədər “Xəbərlər” (Humanitar elmlər seriyası) adı ilə çap olunub.