Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Rəsmi xəbərlər

AMEA-da Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ilə bağlı tədbirlər planı hazırlanır

24-11-2022 [ 23:15 ] [ oxunub:229 ]
printerA+ | A-
102899

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iclasın gündəliyi barədə məlumat verib.

İclasda müzakirəyə çıxarılan ilk məsələ Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 16 noyabr tarixli Sərəncamının icrası barədə olub.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Vətən müharibəsində tarixi Zəfərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, davamlı peşəkar siyasəti, qətiyyəti nəticəsində və qəhrəman ordumuzun şücaəti sayəsində nail oldu. Bu, müstəqil Azərbaycan tarixinin ən parlaq dövrlərindən biridir və Prezident İlham Əliyevin adı ilə bağlı olan möhtəşəm tarixi hadisədir. Müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə dövlətimizin başçısının rəhbərliyi ilə geniş quruculuq işlərinə başlanıldığını deyən akademik İsa Həbibbəyli qısa müddət ərzində Füzuli və Zəngilanda beynəlxalq hava limanlarının açıldığını, yüksək standartlara cavab verən “Zəfər yolu”nun, tunellərin çəkildiyini, şəhərlərin, rayon mərkəzlərinin baş planlarının təsdiqləndiyini, Ağalı kəndinin sakinlərinin öz dədə-baba yurdlarına köçürüldüyünü, sosial obyektlərin istifadəyə verildiyini, sənaye parklarının salındığını bildirib. Qeyd edib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir. Azərbaycanda bir çox dövlət proqramlarının uğurla icra olunduğunu deyən AMEA rəhbəri Böyük Qayıdışa dair I Dövlət Proqramının da Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə həyata keçiriləcəyini söyləyib.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, elmi cəhətdən də əsaslandırılmış mükəmməl sənəd olan Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, əhalinin doğma torpaqlarına qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Qeyd edib ki, Dövlət Proqramının “Nüfuzlu xarici təhsil müəssisəsinin filialının yaradılması istiqamətində təşviqedici tədbirlərin görülməsi” üzrə bəndində AMEA-ya Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birgə müvafiq tapşırıqlar verilib. Onun sözlərinə görə, tapşırıqda regionun sosial-iqtisadi ehtiyaclarının və kadr potensialının təhlil olunması və müvafiq təkliflər hazırlanması, filialı yaradılacaq ali təhsil müəssisəsinin müəyyənləşdirilməsi, filialın yaradılması və fəaliyyətinin təmin edilməsi əksini tapıb.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi abidələrin bərpası və qorunması işinin təşkili, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsinin də qarşıda duran əsas vəzifələrdən olduğunu deyən akademik İsa Həbibbəyli sözügedən sənədin, həmçinin 2.7.4-cü bəndində Akademiyaya “Tarix və mədəniyyət abidələrində, eləcə də daşınmaz tarix-mədəniyyət abidələrində bərpa, konservasiya, rekonstruksiya və regenerasiya işlərinin aparılması”nın da tapşırıldığını bildirib. Diqqətə çatdırıb ki, bu istiqamətdə işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Dövlət Turizm Agentliyi ilə birgə həyata keçiriləcək. Birgə işlər abidələrin ilkin inventarlaşdırılması, cari vəziyyətinin təhlili, foto, video və 3D formatında qeydə alınması və məlumat bazasının yaradılması, abidələrin tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi, eləcə də abidələrin bərpa edilməsi və elektron məlumat bazasının yaradılması istiqamətində aparılacaq.

AMEA rəhbəri, o cümlədən seysmologiya istiqamətində də müvafiq addımların atılacağını deyib, Dövlət Proqramından irəli gələrək institutların baş direktorlarına elmi və iqtisadi cəhətdən əsaslandırılmış təkliflərin hazırlanması ilə bağlı tapşırıq və tövsiyələrini verib. Akademik İsa Həbibbəyli strateji əhəmiyyət daşıyan və milli maraqlarımızın qorunmasına xidmət edən Dövlət Proqramının həyata keçirilməsində AMEA-nın çoxminlik kollektivinin öz səylərini əsirgəməyəcəyini və Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərinə alimlərimizin töhfə verəcəklərinə əminliyini bildirib.

Akademiyanın Arxeologiya, Etnoqrafiya və Antropologiya, Tarix, Memarlıq və İncəsənət institutlarının baş direktorları Abbas Seyidov, Kərim Şükürov və Ərtegin Salamzadə rəhbərlik etdikləri müəssisələrdə Qarabağla bağlı aparılan tədqiqatlar barədə məlumat veriblər.

Rəyasət Heyətinin qərarı ilə Böyük Qayıdışa dair I Dövlət Proqramında AMEA-nın üzərinə düşən vəzifələrdən irəli gələrək tədbirlər planının hazırlanması məqsədilə akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.

Tədbirdə müzakirəyə çıxarılan növbəti məsələ “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə rəhbərinin 2022-ci il tarixli 3 noyabr Sərəncamının icrası barədə olub. Akademik İsa Həbibbəyli görkəmli oftalmoloq alim və ictimai xadim akademik Zərifə Əliyevanın ölkəmizdə göz xəstəliklərinin diaqnostika və müalicəsindəki mühüm xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, Zərifə Əliyeva gözün peşə və irsi xəstəliklərinə, sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə dair fundamental tədqiqatlar aparıb. Akademik Zərifə Əliyeva ötən əsrdə Azərbaycanda qadın ziyalılarının aparıcı qüvvəsi olub, hər zaman öz zəngin dünyagörüşü və baxışı ilə fərqlənib və əsərləri bir çox xarici dillərə tərcümə olunaraq yeni oftalmoloq mütəxəssislərin yetişməsinə töhfə olub.

AMEA prezidenti İsa Həbibbəyli akademik Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar Biologiya və Tibb Elmləri Bölməsində beynəlxalq konfransın keçiriləcəyini, yetişdirdiyi mütəxəssislərin tədbirə çağırılacağını, onun zəngin həyatı və yaradıcılığını əks etdirən kollektiv monoqrafiyanın hazırlanacağını, Fiziologiya İnstitutunda vaxtilə Zərifə Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə yaradılmış laboratoriyanın maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək veriləcəyini diqqətə çatdırıb.

Rəyasət Heyəti tərəfindən AMEA-da akademik Zərifə Əliyevanın 100 illiyinin qeyd edilməsi üzrə tədbirlər planının hazırlanması və həyata keçirilməsi ilə əlaqədar olaraq akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.

İclasda, həmçinin elmi tədqiqat işlərinin yekun hesabatları və qarşıda duran vəzifələr haqqında müzakirələr aparılıb. AMEA rəhbəri vurğulayıb ki, akademiyanın tabeliyində olan müəssisələrdə aparılan tədqiqatlar Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını, milli prioritetləri və Azərbaycan elmi qarşısında qoyulan yeni çağırışları əhatə etməli, qeyd olunanlar yeni hesabat qaydalarında öz əksini tapmalıdır. AMEA prezidenti hesabatların hazırlanması qaydasının ilkin variantının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması ilə bağlı görülən işlər barədə məlumat verib və Redaksiya heyətinin yeni tərkibi təsdiq edilib.

İclasda bir sıra elmi-təşkilati məsələlərə də baxılıb, 2022-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri və “AMEA-nın məruzələri” jurnalının redaksiya heyəti təsdiqlənib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR