Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Güləmail Muradın “Nuru Paşa Dastanı” Poemasının Obrazlar Sistemi - Salidə Şərifova

19-09-2022 [ 12:28 ] [ oxunub:119 ]
printerA+ | A-
102702

Giriş

Güləmail Muradın “Nuru Paşa dastanı” poeması türk dünyasının birliyini əks etdirən poema nümunəsi kimi dəyər kəsb edir.

XX əsrin əvvəllərində xalqımıza qarşı törədilmiş soyqırımın qarşını almaqda misilsiz rol oynamış və adlarını tarixə qızıl hərflərlə yazdırmağı bacarmış Osmanlı əsgərlərindən ibarət olan Qafqaz İslam ordusunu tərənnüm edən poema obrazlar zənginliyi ilə diqqəti cəlb edir.

Güləmail Murad poemada qələmə aldığı tarixi olay və həyat hadisələrini obrazlar vasitəsilə əks etdirir. Şair təfəkkürünün təzahür forması olan obrazlar həm məhdud, həm də geniş mənada işlənilməsi ilə diqqəti cəlb edir. Güləmail Murad məhdud mənada təqdim etdiyi obrazlar vasitəsilə konkret bir şəxsi bildirməyə nail olur. Məsələn, Nuru paşa, Ənvər paşa, Ərdoğan və digərləri. Geniş mənada isə işlətdiyi obrazlar vasitəsilə Güləmail Murad insan mənasından kənara çıxaraq, insan həyatını, onunla bağlı olan məqamları əks etdirir. Güləmail Muradın geniş mənada işlətdiyi obrazlar sırasında mənfi və ya müsbət surətləri, insan obrazını, əşya surətini və s. görə bilirik.

Güləmail Muradın “Nuru Paşa dastanı” poemasında Nuru paşa obrazı

Güləmail Muradın “Nuru Paşa dastanı” poemasında diqqəti ilk növbədə özünə yönəldə bilən obrazlardan biri Nuru paşa obrazıdır. Şair poemanın başlanğıcında “Qafqaz İslam Ordusunun baş komandanı Nuru Paşanın xatirəsinə həsr edilir” epiqrafını oxuculara təqdim etmişdir. Qeyd etməliyik ki, Nuru paşa Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan, Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə yaradılmış  Qafqaz İslam Ordusunun komandiri olmuşdur. Nuru paşanın qəhrəmanlıq və şücaəti Azərbaycan bədii söz sənətində bədii dillə tərənnüm və ya təsvir edilmişdir. Məsələn, Xalq şairi Nəriman Həsənzadənin Türk-Qafqaz ordusunun şərəfinə həsr etdidyi “Nuru Paşa” adlı poeması böyük türk komandanı Nuru Paşaya həsr edilmiş poemalardan biridir.  Güləmail Muradın müəllifi olduğu “Nuru Paşa dastanı” ədəbiyyatımızda yaranmağa başlamış bu ənənənin davam etdirilməsi kimi diqqəti cəlb edir.

Güləmail Murad poema boyunca Nuru paşanın həyata keçirdiyi missiyanı xatırlamış, bununla kifayətlənməmiş, onun xalqın qan yaddaşına hopmuş əməllərini vəsf etmişdir:

Bütün diviziyalar
Gəlmişdi hərəkətə
Başında igid Nuru!
İgid, qəhrəman Paşam!
Qurban sənə can, Paşam!

Bu nümunədə Güləmail Murad yaratdığı obrazın hansı xüsusiyyətlərə malik olmasını əks etdirir. Şair poemada Nuru paşanın xarakterini yarada bilir. Bəllidir ki, xarakter dedikdə təsvir və ya tərənnüm edilən obrazın həyat hadisələrinə yanaşmasında, hərəkətlərində, fəaliyyətində, başqa insanlara və ya baş verən olaylara münasibətində təzahür edən fərdi xüsusiyyətlərin məcmusunu nəzərdə tuturuq. Güləmail Murad poemanın süjetinin inkişafı xəttində Nuru paşa obrazını xarakterik bir şəxs kimi digər obrazlardan fərqləndirməyə nail ola bilir:

Almışdı öz çiyninə
Bütün məsuliyyəti!
Ölüyə ruh verirdi,
Damara qan verirdi
Paşanın qətiyyəti,
Paşanın cəsarəti!

Güləmail Murad poemada Nuru paşanın digər obrazlardan fərqlənməsini, məhz konkret olaraq nəyə görə onu vəsf etməsini poetik dillə əks etdirir:

“Yaz” deyə coşan ürəkdi,
Yazan mənim öz əlimdir.
Məni yazmağa səsləyən,
Sənə minnətdar elimdir.

Güləmail Murad irəli sürdüyü ideyaların  əsas ifadəçisinə Nuru paşanı çevirə bilir. Poemanın əsas qəhrəmanı olan Nuru paşanı adı da poemanın adına çıxarılmış, və əsər əsas qəhrəmanın adını daşıyır. Müəllif poemanın əsas qəhrəmanına tez-tez xitab edərək, onun xalqın qan yaddaşına həkk olunacağına toxunur:

Nuru Paşam, bundan sonra
Kim deyir ki, aglayacam!
Xatirəni ürəyimdə
Əbədilik saxlayacam!

36 saata Bakını azad etmiş Nuru paşa obrazı Güləmail Murad tərəfindən parlaq və tam şəkildə işlənilərək oxuculara çatdırılmışdır.

Güləmail Muradın “Nuru Paşa dastanı” poemasında Ənvər paşa obrazı

Güləmail Muradın poemada yaratdığı obrazlar içərisində Ənvər paşanın, Ərdoğanın və digər tarixi şəxsiyyətlərin obrazlarının tərənnüm etməsi də maraq doğurur. Şair Ənvər paşanı sevgi və ehtiramla tərənnüm edir. Düzdür, poemada təsvir edilən hadisələrin mərkəzində Nuru paşa olsa da, müəllif Ənvər paşanın parlaq obrazını yaratmağa nail olur:

Yenə də Ənvər Paşa,
Nuru bəyin qardaşı!
Müqəddəs odun, suyun,
Yerin-göyün qardaşı!

Güləmail Murad Ənvər paşanın da xalqımıza qarşı aparılan soyqırımın qarşısını almaq məqsədilə həyata keçiridyi əməlləri poetik dillə tərənnüm edir:

Şığıdı gələcəyə,
Xəyalın qanadında!
Böyük ordu yaratdı
Qafqaz islam adında!

AXC-nin Аzərbаycаn xаlq təhsili nаziri olmuş Nəsib bəy Yusifbəyоvun vurğuladığı  kimi “… Ənvər Paşa və Nuru Paşanın аdlаrı nəinki təkcə Аzərbаycаnın, еyni zаmаndа bütün türk xаlqlаrının yаddаşındа həmişəlik qаlаcаqdır”.

Güləmail Muradın “Nuru Paşa dastanı” poemasında azərbaycanlı türkünün və türkün bədii obrazları

Güləmail Muradın müəllifi olduğu bu poemada Nuru paşa, Ənvər paşa kimi tarixi şəxsiyyətlərin obrazları ilə yanaşı, azərbaycanlı türkünün və türkün bədii obrazlarının təqdimi maraq doğurur. Azərbaycanlı türkünün və türkün  mübarizliyi, tarixi keçmişinə nəzər salınması, tarixin yaddaşında silinməz iz buraxması və s. şair tərəfindən tərənnüm edilir:

Вaşlıуа bаş əydirən,
Dizilyə diz çökdürən!
Qorxu-ürkü bilməyən,
Düşmən bağrın sökdürən!

Güləmail Murad türkün tarixi salnaməsini yüksək dəyərləndirir, dövlətin milli atributu sayılan bayrağının daim dalğalanmasını arzu edir:

Alqış sənə türk oğlu,
Tanrı sənin dayağın!
Ulduzlardan ucada
Dalgalansın bayragın!

Güləmail Murad Azərbaycan xalqının ağır zamanında yardım edənlərini ümumiləşdirərək bir vətən övladı kimi onlara təşəkkürünü də poetik dillə təqdim edir:

Sag olsun Ənvər Раşa,
Nuru, həm Mürsəl Раşa,
Yusif bəу, İzzat Раşa,
Xalqa məhəbbət Раşa,
Türkə sədaqət Раşa!

Güləmail Muradın Qafqaz İslam Ordusunun bаş komandanı Nuru paşanın unudulmaz xatirəsinə həsr etdiyi poemada türkün qəhrəman əməllərinin davam etdirilməsini onun tarixi missiyasının, əməllərinin tərkib hissəsi kimi tərənnüm etməsində haqlı olmasını açıqlaya bilir:

İnsanların harayıydı
Qafqaz Müsəlman ordusu.
Tanrının əsgərləridir
Müqəddəs Quran ordusu.

Şair azərbaycanlılardan, başqa millətin nümayəndələrindən, həmçinin Dağıstanda yaşayan azərbaycanlılardan ibarət könüllülərin Qafqaz İslam Ordusunun sıralarına qatılmalarını türk Ordusuna etimaddan, Nuru paşaya olan inamdan irəli gəlməsini də göstərə bilir. Müəllif bu inamdan irəli gələn qələbəni də açıqlamağa nail olur:

Şuşanın başı dumanlı idi,
Dağlarda duman, biz çəni qovduq!
Əzdik başını qarı düşmənin,
Biz Qarabagdan düşməni qovduq!

Güləmail Muradın “Nuru Paşa dastanı” poemasında zəfərin bədii təsviri

Poemada maraqlı məqam Güləmail Muradın zəfərin bədii təsvirini təqdim etməsidir. Şair  Vətən müharibəsində zəfər əldə etməyimizi əks etdirməklə yanaşı, bu məqamı qəhrəmanların xarakteri ilə yanaşı, əsərin əsas ideyası kimi təqdim edilə bilməsinin labüdlüyünü əks etdirir. Qələbənin əldə edilməsini tarixin təkrarlanması kimi əks etdirən müəllif bu fikirlərində haqlı olmasını poetik dillə təsdiq edir:

Düz qırx dörd günlük bir savaş oldu,
Nuru Paşamın qayıtdı ruhu!
Otuz ildir ki, yol gözləyirdik,
Röyada idik, ayıltdı ruhu!

Güləmail Murad zəfər təntənəsini tərənnüm edərkən, onun hadisələrin inkişafında və xarakterlərin təqdimində yekun bir məqam olmasını aça bilir:

Otuz ildi ki, yolun gözlədik
Neсə həsrətlə biz bu zəfərin!
Bu təkcə bizim zəfər deyildi,
Bu zəfəriydi külli-bəşərin!

Müəllif Azərbaycanın zəfər əldə etməsini haqqın nahaq üzərində təntənəsi kimi verməkdə tamamilə haqlı olmasını təsdiqləyə bilir:

Bu zəfər haqqın təcəllasıydı,
Bu hünər haqqın təntənəsiydi!
Bu, bu millətin bağrından qopan
Bütün dünyanın vicdan səsiydi!

Güləmail Muradın “Nuru Paşa dastanı” poemasında Şəhid obrazı

Güləmail Muradın “Nuru Paşa dastanı” poemasında təsvir etdiyi şəhadət, şəhid obrazı şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaqdadır. Güləmail Murad poemada doğma torpaqların ərazi bütövlüyünün təmin edilməsi üçün canlarından keçmiş insanların yalnız azərbaycanlıların olmasını deyil, həm də türklərin olmasını göstərə bilir. Şair Vətən üçün vuruşaraq, yüksək amal, məslək, əqidə, uğrunda şəhadət şərbətini içmiş ər oğullarının ölməzlik əldə etmələrini poetik dillə əks etdirir:

Onlar ölümləriylə
Ölməzliyə çatıblar!
Əbədi həyat bulub
Qəm-qüssəni atıbar!

Güləmail Muradın “Nuru Paşa dastanı” poemasında Azərbaycan və onun məkanlarının bədii təsviri

Güləmail Muradın “Nuru Paşa dastanı” poemasında Azərbaycan və onun doğma məkanlarının bədii təsviri diqqətdən yayınmır. Poemada Azərbaycan bütöv şəkildə, Bakı, Gəncə, Təbriz və s. məkanlar isə özünməxsus xüsusiyyətləri ilə oxuculara təqdim edilir. Məsələn, poemada Azərbaycanın bədii təsvirində onun keçdiyi tarixi yolu, dünəni və bu günü müasir  durum prizmasından təqdim edilir:

Azadlığın eşqi ilə
Daim gözü dolan yurdum!
Öz haqqını qoruyaraq,
Meydanda tək qalan yurdum!

Şair Aəzrbaycanın bir dövlət kimi formalaşması prosesində keçdiyi tarix meydanında şücaət göstərməsini də açıqlayır:

Qoç Koroğlun, Səttarxanın,
Neçə igid övladın var!
Tarixlərin varağında
Pozulmayan bir adın var!

“Qalx” deyirdi sənə tarix,
“Qalx” deyirdi tökülən qan!
Babəklərdən dərs almısan,
Zaman-zaman Azərbaycan!

Güləmail Murad “Nuru Paşa dastanı”nda tarixi Azərbaycan torpaqlarını canlandırması da maraq dairəsindədir. Şair Azərbaycanın keçdiyi dövlətçilik tarixinin xəritəsini göz önündə canlandırır:

Bir yanı qoca Təbriz,
Bir yanı Göyçə gölü,
Bir yanı Ağrı dagı,
Bir yanı Muğan çölü!
Bir yanı qədim Dərbənd,
Bir tərəfi Borçalı!

Maraqlı məqam isə poemada Bakı, Gəncə  şəhərlərinin daim mübarizə aparmalarının bədii təsviridir. Bakı cihad, nər meydanı kimi təqdim edilir:

Bakı igid meydanı,
Bakı ər meydanıydı,
Malazgirt savaşı tək
Bakı cihad meydanı,
Bakı nər meydanıydı!

Və ya Gəncənin mübarizə aparan şəhər kimi təqdim edilməsinə diqqət yetirək:

Gəncə ayaga qalxdı,
Dinə-imana gəldi.
Gəncə ayağa qalxdı,
Gəncə üsyana gəldi!

Güləmail Murad bütöv Azərbaycanı haqq yolunda mübarizə aparan bir dövlət olmasının bədii təsvirində onu oxucusunun gözündə canlandrmağa qadir olur. Şair poemada Azərbaycanın yalnız bu gün deyil, erməni məsələsinin, xalqımızın yaxasına zəli kimi yapışmış bu problemin mövcud olduğu gündən mübarizə aparmasını təqdim edir:

Naxçıvan, Salyan, Şuşa,
Dayanılar bаş-bаşa!
Dərbənd, Şamaxı, Ağdam,
Neftçala, Şirvan, Muğan,
Erməniylə vuruşur
Anamız Azarbaycan!

Xızı, Zirə, Xırdalan,
Bakı, Kürdəmir, Göyçay,
Bayıl, Binə, Mərdakan,
Erməniylə vuruşur
Anamız Azərbaycan!

Müəllif “Anamız Azərbaycan” deyərək bütöv Azərbaycanı gözümüzdə canlandırır. Güləmail Muradın 1918-ci il mayın 25-də Gəncəyə gəlmiş Nuru Paşanın işğal altında olan Salyan, Ağsu, Kürdəmir, Şamaxı, Bakı kimi məkanları işğaldan azad olunması ilə bərabər Vətən müharibəsini, onun itkilərini əlaqəli şəkildə təqdim etməsi də diqqətdən yayınmır. Tarixin təkrarlandığını, türk oğlunun doğma torpaqlarını azad etmək yolunda həmişə mübarizə apara bilməsini qabardır:

Torpaqlara səpilən
Arzuların gül açıb!
Körpəcə istəklərin,
Ayaq açıb, dil açıb!

Güləmail Murad Bakının azad olunduğu tarixi, 15 sentyabr 1918-ci il tarixini də tərənnüm edərək, təqdim edir. Bakı üçün tarixi bir salnamə olan o tarixi günü müəllif belə vəsf edir:

Min doqquz yüz on səkkiz
on dördü sentyabr,
Gecə saat ikiydi,
Вaşı bəlalar çəkən
Qədim şəhər yatmışdı …

On bеş sentyabrda
Dalgalandı Bakıda
Türkün şanlı bayragı!
Hər yerə özü ilə
Zəfər sorağı verən
Adlı-sanlı bayragı!

Türk dünyası tarixində özəlliyə malik olan 15 sentyabr tarixi məhz Nuru paşanın komandanlığı altında türk qoşunlarının Bakını bolşevik, erməni-daşnak birləşmələrinin işğalından azad etməsi tarixidir. Bakının işğaldan azad edilməsi zamanı o dövrdə 6 min azərbaycanlı hərbçi və könüllü dəstə, 8 min türk əsgər və zabiti iştirak etmişdir.

Güləmail Muradın “Nuru Paşa dastanı” poemasında keçmişə müraciətin bədii təsviri

Güləmail Muradın “Nuru Paşa dastanı” poemasında keçmişə bağlılıq özünü poema boyu əks etdirir. Şairin keçmişə bağlılığının, keçmişin unulmamasına çağırışı adi çağırış səviyyəsində qalmır. Güləmail Murad keçmişə bağlılığı gələcəyin təməl daşı olması kimi təlqin edir:

Keçmişə bağlılıq
Nuru Paşam!
Ululardan ulu Paşam!
Gələcək öz binasını
Keçmiş üstə qurur, Paşam!

Şairin keçmişin unudulmamasına səsləyişi isə xalqın üzləşə biləcəyi bəlaları göz önündə canlandırır:

Bakını bölmək yağlı tikətək,
Son məqsəd budur, son qayə budur!
Sən bir bunlarda iştahaya bах!
Sarkazm budur, kinayə budur!

Güləmail Muradın “Nuru Paşa dastanı” poemasında mənfi surətlər

Qeyd etmək lazımdır ki, Güləmail Muradın “Nuru Paşa dastanı” poemasında mənfi surətlər özünün çoxluğu ilə diqqətdən yayınmır. Bunlar içərisində erməni, erməni yaraqlısı, Şaumyan və digər surətləri göstərmək olar. Müəllif təsvir etdiyi erməni surətləri vasitəsilə onların xislətini açmağa nail olur:

İt kimi hürüşür ermənilər də,
Gedənin-gələnin dalınca qaçır.
Ağlayır, sızlayır, boynunu bükür,
Gah Şərqə, gah Qərbə qucağın аçır

Maraqlı məqam odur ki, Güləmail Murad erməninin bir toplum kimi proobrazını yarada bilir:

Həm acgozdü, həm qanmaz,
Gördüyündən utanmaz.
Tutduğunu buraxmaz,
Zəlidir ermənilər!

Şair poemada Şaumyanı xatırlatmaqla ermənilərin XX əsrin əvvəllərində törətdikləri faciələrə diqqəti yönəldir. Şaumyanın mənfur əməlləri damarında türk qanı axan hər bir kəsə bəllidir:

Məni уаndırır yaman,
Bakı kommunasının
Rəhbəridi Şaumyan.
Necə olub ki, görən,
О burda bаş seçilib.
Düşmən necə güclənib,
Xalqım necə kiçilib?

Müəllif bədii suala müraciət etməklə mənfur düşmənin obrazını oxucunun gözündə canlandırır, tarixə eskurs edir.

Nəticə

Güləmail Muradın qələmə aldığı “Nuru Paşa dastanı” onu göstərir ki, tarixi dövrdən asılı olmayaraq, Azərbaycan ədəbiyyatında vətənimizin azadlığı və bütövlüyü uğrunda mübarizə aparmış türk əsgərinin təsviri zamanı Türk əsgərlərinin şəhid olmaları, onların xilaskar rolu, Türk ordusunun Nuru Paşa, Ənvər paşa kimi bir sıra zabitlərinin obrazlarının təqdim edilməsinə önəmli diqqət yetirilir. Dövlətiçiliyimizin azadlığı və bütövlüyü uğrunda mübarizə aparmış hər bir şəxs dinindən, millətindən, dilindən asılı olmayaraq, xalqımızın qan yaddaşında əbədi yaşayacaq.

http://www.dibace.net/dunyadan/guləmail-muradin-nuru-pasa-dastani-poemasinin-obrazlar-sistemi/

SİZƏ MARAQLI OLA BİLƏR