Azərbaycanın dünyaya bəxş etdiyi işıqlı şəxsiyyətlərdən biri də fədakar elm və din yolçusu Şeyx Məhəmməd Rasizadədir.
Şeyx Məhəmməd Rasizadə XX əsrin sonlarında, 1878-ci il mart ayının 15-də, "Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan ən qədim şəhərlərindən" olan Naxçıvanda Hacı Molla Abdulla Rasizadənin evində dünyaya gəlib.
Şeirə, muğamata dərindən bələd olan Hacı Molla Abdulla, çox məlahətli səsə malik olub. Şamaxı, Təbriz məclislərinə də dəvət alan, Seyid Əzim Şirvanı ilə yaxından tanış olan Hacı Molla Abdulla onun hörmət və ehtiramını qazanıb. Seyid Əzim "Hacı Molla Abdulla Şaxtaxtılıya" adlı mənzum məktubunda Hacı Molla Abdullanın kimliyini, rövzəxanlıq məharətini, "avazeyi-fəzli"ni, yaşadığı dövrdəki məşhurluğunu nişan verir, şəxsiyyətinə və sənətinə yüksək qiymət verir. Onun S.Ə.Şirvaninin "Səni Şahtəxtli derlər", - deyə nişan verdiyi Hacı Molla Abdullanın yaşadığı dövrdə hörmət, nüfuz sahibi və bütün Azərbaycanda yalnız bir rövzəxan kimi deyil, şeirdən, sənətdən baş çıxaran, "şerü əşarə" can verən bir şəxs olduğunu, sağlığında "Mavəraünnəhrdən... İraqü İsfahana"dək yayılmış böyük bir şöhrət qazandığını, eyni zamanda "dövrünün maarifçi ziyalılarının da diqqət mərkəzində olduğunu" təsdiqləməkdədir. "Dövrünün maarifçi ziyalılarının diqqət mərkəzində olan", açıqfikirli, elmə, təhsilə dəyər verən Hacı Molla Abdulla övladlarının dünyagörüşünün, bədii istedadlarının formalaşmasında, onlarda şeirə-sənətə meylin oyanmasında böyük rol oynayıb. Hacı Molla Abdullanın qız övladları Fatma, Ümmi Səlimə, Xurşid ali təhsil almasa da, oğul övladları istedadlı və təhsilli olub, Şeyx Məhəmməd Tehranda, Hüseyn Cavid İstanbulda, Əlirza Gürcüstanda təhsil alıb. Hacı Molla Abdullanın özünün və oğlanlarının adlarının önündəki "Hacı", "Şeyx", "Molla" sözləri dini titul olmaqdan başqa, həm də onların biliklərinə, təhsillərinə işarədir. Şeyx Məhəmməd Tehranda, Hüseyn Cavid İstanbulda, Əlirza Gürcüstanda təhsil alsa da, uşaqlıq və gənclik illərində yaşadıqları coğrafi məkan, təhsil və tərbiyə aldıqları sosial-mədəni mühit onların dünyagörüşünün formalaşmasında, yaradıcılıqlarında önəmli faktor olub. Doğulub böyüdüyü, təhsil və tərbiyə aldıqları sosial-mədəni mühit onların mənəvi-iradi keyfiyyətləri, xarakter, bacarıq və istedadları ilə yanaşı, həm dünyagörüşlərini bir çox cəhətdən müəyyənləşdirib. Hacı Molla Abdullanın ilk oğul payı olan Şeyx Məhəmməd Rasizadənin də dünyagörüşünün formalaşmasında doğulduğu ailə və təhsil aldığı mühitin önəmli rolu olub. Kiçik yaşlarından oxumağa maraq göstərən, kitabın, elmin aludəçisi olan Şeyx Məhəmməd ilk təhsilini mollaxanada alıb, müqəddəs Quranı, fars və ərəb dilini mükəmməl öyrənib. Təhsilini Tehranda davam etdirib, "Şeyx" titulunu qazanıb.
Uzun illər "könlünü din, fəlsəfə və elmi hikmətə" bağlayan, dövrünün qabaqcıl fikirli adamlarından, böyük maarifpərvərlərindən olan Məhəmməd Rasizadə "qardaşı Hüseyn Cavidi Türkiyəyə oxumağa göndərib, maddi qayğılarının bir qismini üzərinə götürüb". Hüseyn Cavid İstanbuldan Naxçıvana, Qurbanəli Şərifzadəyə göndərdiyi məktubunda (1910) qardaşı Şeyx Məhəmməddən "fəzilətpərvər qardaşım" - deyə bəhs edib (Fəzilətli - sözü əslən ərəb mənşəli olub, insanda ağıl, kamal, elmi-mərifət, mərdlik, yüksək mənəviyyat alicənablıq kimi sifətlərin ümumi adı).
Oğlu Tahir Şeyxin portretini sözlə ən gözəl cizgilərlə rəsm edib: "Rindanə xislətli", "alnında zəka", "gözlərində dərin bir məna" daşıyan "Şərqli bir filosof". Cavidin "fəzilətpərvər" qardaşı, Tahirin "rindanə xislətli" atası Şeyx Məhəmməd müasirlərinin xatirələrində də hörmət və ehtiramla xatırlanır. Görkəmli ədəbiyyatşünas Əli Sultanlı yazır: "Cavidin böyük qardaşı Məhəmməd Rasizadə mükəmməl təhsil görmüş bir vaiz idi. Vaizlikdən ziyadə müəllimlik və mühərririklə məşğul idi. Naxçıvanda Sovet hakimiyyəti yarandıqdan sonra Naxçıvan Pedaqoji məktəbinin dil və ədəbiyyat müəllimi olmuşdur" (4, 1982, 87). Naxçıvan mühitinin mötəbər şəxsiyyətlərindən olan Şeyx Məhəmməd Rasizadə görkəmli yazıçı-publisist, teatr xadimi C.Məmmədquluzadə, E.Sultanov, Q.Şərifzadə, Ə.Xəlilov, S.Xəlilov, M.Ə.Süleymanov, N.Şeyxov, Ə. Sultanov, M.C.Şurbi, Ə.Sultanlı, M.C.Cəfərov, İ.Axundov, Çakər və s. müasiri olub.
Elmi dinlə, dini elmlə vəhdətə gətirən "şərqli filosof" dünyəvi təhsil vermək yolunu tutub (1906), ömrü boyu elmə, maarifə xidmət edib. Naxçıvandakı "Məktəbi-xeyriyyə" və "Üsuli cədid" məktəblərində lisan müəllimi kimi çalışıb. Bir sıra görkəmli şəxsiyyətlərə dərs deyib, Azərbaycanı öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan bölməsinin tarix, ədəbiyyat bölməsinə rəhbərlik edib. Filologiya elmləri doktoru Fərman Xəlilovun "Naxçıvanı öyrənən elmi cəmiyyət" kitabında toplanmış 21 may 1925-27 avqust 1928-ci illərə aid Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin material-protokollarında Naxçıvanı öyrənən cəmiyyətin işində əsl ziyalı, vətəndaş qeyrəti ilə çalışan Şeyx Məhəmmədin adına tez-tez rast gəlinir. Cəmiyyətin iclas protokollarından məlum olur ki, Şeyx 1930-cu ildə "Şərur dairəsinə səyahət haqda qeydlər" adlı yazı yazıb, "Dillərin tülu və qürubu" mövzusunda məruzə edib. Şərur qəzasında aparılmış ibtidai tədqiqat haqqında məqaləsi "Azərbaycanı öyrənmə yolu" jurnalında dərc olunub.
Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin material-protokollarından: 1, 4, 6, 9, 10, 24, 28, 33, 34, 36, 38, 39, 40, 41 və b. Şeyx Məhəmmədin çəmiyyətdə fəaliyyət göstərən müasirləri; M.Mirheydərzadə, M.Xasayev, A.Musazadə, Ə.Həsənzadə, Y.Qazızadə, Ş.Əfəndizadə, X.Hacılarov, Q.Hacılı, V.Həsənzadə, H.Səfərli, Ə.Rüstəmov, Ə.Qılmanov, N.Əfəndizadə, Ə.Sadıqzadə, M.Hacınski, R.Paşazadə, M.Əhmədovla birlikdə cəmiyyətdəki fəaliyyət dairəsinin genişliyi aşikar görünür.
Vətənini sevən bir "vətən daşı" olan Şeyx Məhəmməd tələbələrini başına yığıb kənd-kənd, oba-oba gəzərək şifahi xalq ədəbiyyatı nümunələrini toplayıb, tarixin səhifələrindən silinmək təhlükəsi yaşayan abidələri arayıb-axtarıb, ərsəyə gətirib. Naxçıvan folklorunun toplanması sahəsində diqqətəlayiq işlər görüb. Topladığı folklor nümunələrini öz əli ilə, əski əlifba ilə dəftərlərə köçürüb. Haliyədə bu dəftərlərin bəzisi; "El ədəbiyyatı", "Bayatılar", "Atalar sözləri", "Nağıl" və sair Hüseyn Cavidin Naxçıvandakı ev-muzeyində mühafizə edilir.
Həm də şair və jurnalist olan Şeyx Məhəmmədin XX əsrin əvvəllərindən "Şərqi-Rus", "Həyat", "İrşad", "Tazə həyat", "Təkamül", "İqbal", "Füyuzat", "Açıq söz", "Hürriyyət" kimi qəzet və jurnallarda, sonralar isə Sovet mətbuatında, xüsusilə, "Şərq qapısı" qəzetində xalqı maarif, elm və mədəniyyətə səsləyən şeirləri dərc olunub. Onun şair kimi imzasına "Ədəbiyyat qəzetəsi", daha çox "Şərq qapısı" qəzetində rast gəlinir. 1924-1929-cu illərdə qəzetin redaktoru bacısı Xurşidin oğlu Abbas Gülməmmədovun olması ictimai sistemlə barışmış Şeyx Məhəmmədin tez-tez şeirlərinin qəzet səhifələrində boy göstərməsinə yol açır. Şeyx Məhəmməd də bir çoxları - Səməd kimi, Rəsul kimi, Rüstəm, Rahim və digərləri kimi şeirlərində rejimin tələblərinə əməl etməli olur, Rəsul Rzanın yenilikçi poeziyasını "Bolşevik yazı" şeirinə görə alqışlayır: "Alqışlaram səni əski yazımla,/Təbrik edirəm bu sınıq sazımla..." Bu səslər Şeyxin deyil, vaxtın, zamanın səsi idi. Bir tərəfdən də, "əski yazım" və "sınıq sazım" sözləri ilə Şeyxin sınıqlığını, məcburiyyətini ifadə edir (Bakıda Hüseyn Cavid "əski mövzulardan" yazdığı üçün qınandığı kimi, Naxçıvandada Şeyx Məhəmməd "əski şair", "köhnə ədəbiyyatın təmsilçisi" kimi qınanırdı). "Köhnə ədəbiyyatın təmsilçisi və məftunu" sayılan Şeyx Məhəmmədin "yenini və cavanı qəlb genişliyi ilə qarşılamağa özündə qətiyyət tapması", "ədəbi mühitə yenicə atılmış cavanın bir gün özünün mühit yaradacağını peyğəmbər bəsirətliliyi ilə sezməsi" şairin oğlu - Xalq yazıçısı Anar tərəfindən yüksək qiymətləndirilib: "Qoca şair ilk qələm təcrübələrini oxuduğu, ona doğma olmayan üslubda yazan gəncin yolunun, məsləkinin bir gün izlənəcəyini, ədəbi mühitə yenicə atılmış cavanın bir gün özünün mühit yaradacağını peyğəmbər bəsirətliliyi ilə sezmişdi. Ən sevimlisi isə odur ki, köhnə ədəbiyyatın təmsilçisi və məftunu olan bu insan yenini və cavanı qəlb genişliyi ilə qarşılamağa özündə qətiyyət tapmışdı".
Nə yenini, nə sosializmi vəsf edən
ləri alqışlaması Şeyx Məhəmmədin yaxasını əzablardan xilas edə bilməyib. Çalışdığı iş otağı əlindən alınıb, işdən çıxarılıb. Ömrünün bir neçə ilini yalnız itirdiklərini geri almağa həsr etsə də, heç nəyi geri qaytara bilməyib. Yaşadığı qorxunc illərdə belə müəyyən tədqiqatlar aparan, "xalqının geridə qalmasını acı bir həqiqət olaraq hiss edib, bunun çarəsini yalnız xalqı ziyalandırmada görən" Şeyx Məhəmməd Rasizadə, işdən çıxarılana qədər müəllimliklə məşğul olub. "Qardaşı və dostu" Cavidi təhsil alması üçün İstanbula göndərib, "məsrəflərini" müəyyən qədər təmin edib. Ruhani təhsili almış, Şeyxlik rütbəsinə yüksəlmiş, gözəl müəllimlik və mühərrirlikliyi ilə yanaşı, həm də istedadı olan Şeyx Məhəmmədin Azərbaycan xalqı qarşısında xidmətləri böyükdür.
Təəssüf ki, "cavankən dərin məfkurə yarğanları ilə ayrılan bir epoxadan çıxaraq digər epoxaya düşmüş Şeyx Məhəmməd Rasizadə yollar ayrıcında buraxılıb". İşıqlı ziyalı, imanlı bir din adamı, "fəzilətpərvər" Şeyx Məhəmməd Rasizadə "kommunizm yezidlərinin", "adamcıl div ideologiyanın" qurbanı olub ("Kommunizm yezidləri"nin 37-də Şeyxlərimizin başına nə oyunlar açdıqları bəllidir).
Maarif xadimi, jurnalist, tədqiqatçı və şair Şeyx Məhəmməd Rasizadənin həyatını və fəaliyyətini əks etdirən tədqiqata, işlərinin obyektiv dəyərləndirilməsinə ciddi ehtiyac var. Uzun illərdən sonra Rasizadələr nəslinə aid bəzi arxiv materialının tapılması Şeyx Məhəmmədlə bağlı bəzi faktların gizli qaldığını, gün üzünə çıxarılmasını gözlədiyini söyləməyə imkan verir.
Yunan filosofu Senekanın çox bəyəndiyim bir sözü var: "Mən özüm haqqında danışmağı sevmirəm. Mənim haqqımda gördüyüm işlər danışır". Şeyx Məhəmməd Rasizadənin xalqı qarşısındakı xidmətləri onun haqqında danışa biləcək qədərdir.
525-ci qəzet, 2022, 24 iyun