Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

ELM. TƏHSİL

Ədəbiyyat İnstitutunda 2022-ci ilin I yarımilində görülmüş işlər müzakirə olunub

24-06-2022 [ 10:25 ] [ oxunub:274 ]
printerA+ | A-
102528

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

Iclasda şuranın üzvləri, şöbə müdirləri və gündəlikdəki məsələlərə aidiyyəti olanlar iştirak ediblər. Elmi şuranı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib.

Akademik İsa Həbibbəyli gündəlikdə olan “AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Şuşa–270” çərçivəsində görülən işlər”, “Şair, dramaturq Hüseyn Cavidin 140 illik yubileyinin keçirilməsi”, “Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin keçirilməsinə dair”, “AMEA-nın müxbir üzvü Azadə Rüstəmin 90 illik yubileyinin keçirilməsi haqqında” və digər məsələlər haqqında fikirlərini bölüşüb. O deyib: “Şuşa İli” çərçivəsində tədbirlərin həyata keçirilməsində Ədəbiyyat İnstitutunun da xüsusi payı var. Biz əməkdaşlarımızı xüsusi reyslə Şuşaya göndərmişik. İslam Qəribli Xurşidbanu Natəvan haqqında kitab hazırlayır. Bu ilə töhfə olaraq iki kitab, bir konfrans nəzərdə tutmuşuq”.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı 2022-ci ilin I yarımili üçün elmi hesabatını təqdim edib. Diqqətə çatdırıb ki, birinci yarımil Ədəbiyyat İnstitutu üçün elmi nailiyyətlərin əldə edilməsi baxımından əhəmiyyətli olub.

Aygün Bağırlı Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib. O, “Şuşa İli” çərçivəsində Ədəbiyyat İnstitutunun əlliyə yaxın əməkdaşının bu şəhərə səfərini xatırladıb. Eyni zamanda, “Şuşa İli” ilə bağlı nəşrlər, institutun nəşriyyat işləri, beynəlxalq əlaqələr və qrantlar və başqa fəaliyyətlər haqqında hərtərəfli məlumat verilib.

Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov aidiyyəti üzrə məsələləri səsləndirib.

Elmi şurada, həmçinin çap və müsabiqə məsələləri müzakirə edilib.

FOTO QALEREYA