Ədəbiyyat İnstitutunda Pakistandan olan ziyalılarla görüş olub. Pakistanlı alimlər Pəncab Universitetinin professor assisenti Faiza Bash və Lahor Universitetinin professor asisenti Almas Xanımla olan görüşdə Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli və Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli də iştirak ediblər.
Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli qonaqları salamlayaraq İnstitutun Azərbaycan-Pakistan ədəbi əlaqələrinin inkişafı istiqamətində gördüyü işlər və nəzərdə tutduğu fəaliyyət planı ilə bağlı məlumat verib. Bildirib ki, “mən 2005-ci ildə parlament xətti ilə Pakistanda olmuşam. Hazırda Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi” fəaliyyət göstərir. Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyi Məhəmməd İqbalın “Seçilmiş əsərləri”ni nəşr edib. Eyni zamanda Pakistan şairi Məhəmməd İqbala həsr olunmuş “Məhəmməd İqbal: Eşq və düşüncə şairi” monoqrafiyası çap olunub.
İyul ayında Azərbaycan - Pakistan əlaqələrinin 30 illiyi münasibətilə konfrans keçirəcəyik. Lahor Universitetinin rektoru və 11 nəfər heyət konfransa qatılacaq. Bu konfransda akademiyanın rəhbərliyi və Pakistanın Azərbaycandakı səfirinin iştirakı da gözlənilir. Noyabr ayında isə Pakistana getməyi nəzərdə tuturuq.
Biz istərdik ki, Nizami Gəncəvinin Pakistanda Azərbaycan şairi kimi tanıdılmasına siz də öz töhfələrinizi verəsiniz. Sizə bununla bağlı çap olunmuş kitablarımızı da təqdim edəcəyik. Bu kitabların Pakistanda urdu və ingilis dillərində çap olunması əlaqələrimizə daha böyük töhfə olar”.
Lahor Universitetinin professor asistenti Almas Xanım bildirib ki, “biz buraya Türkiyədən gəlmişik. Orada altı şəhərdə altı universitetdə görüşlərimiz olub. Lahorda konfrans təşkil edib, sizi də dəvət etmək istəyirik. Azərbaycandan beş nəfərin həmin konfransa qatılmağını nəzərdə tuturuq”.
Sonra qonaqlar “Pakistan ədəbiyyatı mərkəzi” ilə yaxından tanış olublar.