Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 50-yə yaxın əməkdaşı Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər edib.
İnstitutun baş direktoru akademik İsa Həbibbəylinin təşəbbüsü ilə həyata keçirilən bu səfərin əsas məqsədi 44 günlük Vətən savaşında Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər Azərbaycan Ordusunun qazandığı şanlı zəfər nəticəsində işğaldan azad olunan doğma Şuşa şəhərini görmək arzusunu institut əməkdaşları üçün gerçəkləşdirməkdir.
Təsadüfi deyil ki, Şuşa Azərbaycan ədəbiyyatının yarandığı ən mühüm mərkəzlərdən biridir. Burada görkəmli şair və yazıçılarımızdan Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Ceyhun bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli və adlarını sadalamaqla bitməyən neçə-neçə dahilərimiz yaşayıb yaratmışlar. Hər bir Azərbaycan vətəndaşının, o cümlədən ədəbiyyatşünasların otuz il arzusunda olduğu Şuşanı gedib görmək istəyini nəzərə alaraq Ədəbiyyat İnstitutu qurumun həmkarlar təşkilatının dəstəyi ilə mədəniyyət paytaxtına səfər təşkil edib.
Şuşa ziyarəti dövlətimizin Şuşaya vətəndaş səfərləri çərçivəsində yaratdığı imkanlardan faydalanmaqla həyata keçirilib. Səfər zamanı institut əməkdaşları proqram üzrə Xurşidbanu Natəvanın evi və bulağı, Şuşa qalası, Mərkəzi meydandakı Üzeyir bəy Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəlləri, Bülbülün ev-muzeyi, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər.
Prezident İlham Əliyev görkəmli şairimiz Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinin qeyd olunması məqsədilə 14 mart 2022-ci il tarixli sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, səfər çərçivəsində Şuşanın mərkəzində yerləşən Xurşidbanu Natəvanın heykəli önündə görkəmli şairə həsr olunmuş "Xan qızı Xurşidbanu Natəvan" adlı elmi sessiya keçirilib. Sessiyada institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, Natəvan irsinin tədqiqatçısı, professor İslam Qəribli, filologiya elmləri doktoru Mahirə Quliyeva, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Fəridə Hicran çıxış edərək Şuşa ziyarəti və Xurşidbanu Natəvanın həyatı və yaradıcılığı haqqında danışıblar.
Şuşa səfəri Ədəbiyyat İnstitutunun əməkdaşlarında zəngin təəssürat yaradıb. Bu təəssüratların gələcək elmi tədqiqatlar üçün stimul verəcəyi şübhəsizdir.