AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib.
Sonra Dünya ədəbiyyatı və komparativistika şöbəsinin baş elmi işçisi Lyudmila Səmədovanın 80, Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi Gülbəniz Babayevanın 60 illik yubileyləri münasibətilə Fəxri fərmanla təltif ediliblər.
Elmi şurada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi” haqqında 14 mart 2022-ci il tarixli Sərəncamı və qarşıda duran vəzifələrə dair”, “Mirzə Fətəli Axundzadənin 210 illik yubiley tədbirlərinin keçirilməsi haqqında”, “Mirzə Ələkbər Sabirin 160 illik yubiley tədbirlərinin keçirilməsinə dair”, “Türk şeirində milli istiqlalın möhtəşəm manifesti: Əhməd Cavad və Mehmet Akif Ərsoy” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi haqqında”, “Ədəbi proses-2022” Yaradıcılıq müşavirəsinə hazırlıq” məsələləri müzakirə olunub.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, aprelin 12-də Ədəbiyyat İnstitutun bir qrup əməkdaşının Şuşaya səfəri nəzərdə tutulur və Xurşidbanu Natəvana həsr olunmuş konfransın keçirilməsi planlaşdırılır.
Elmi şurada, həmçinin çap və müsabiqə məsələləri də müzakirə edilib.