Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

“Zahirəddin Məhəmməd Babur və Azərbaycan” mövzusunda beynəlxalq konfrans keçirilib

15-02-2021 [ 10:16 ] [ oxunub:98 ]
printerA+ | A-
100537

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” adlı onlayn beynəlxalq elmi konfrans keçirilib.

Dahi özbək şairi, görkəmli dövlət xadimi Zahirəddin Məhəmməd Baburun anadan olmasının 538 illiyinə həsr olunan konfransda Özbəkistanın və Əfqanıstanın Azərbaycandakı səfirləri də iştirak ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq son günlərdə rəhbərlik etdiyi müəssisədə Özbəkistanla ədəbi-mədəni hadisələrə həsr olunan birgə tədbirlərin keçirildiyini söyləyib. Akademik “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” konfransından sonra M.Baburun yubileyinin qeyd olunmasını qardaşlıq əlaqələrinə mühüm töhfə kimi qiymətləndirib. Azərbaycanla Özbəkistan ədəbi əlaqələrinin inkişafında hər iki ölkənin Yazıçılar Birlikləri ilə Elmlər Akademiyalarının, xüsusilə Ədəbiyyat İnstitutlarının böyük işlər gördüyünü xatırladıb. Akademik İ.Həbibbəyli Ədəbiyyat İnstitutunda görülən işlərə nümunə olaraq Almaz Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri” adlı kitabını, “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş xüsusi buraxılışını, Ədəbiyyat İnstitutunda Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzinin yaradılmasını, Ramiz Əskərin tərcümələrini, Həmidulla Baltobayevin institut tərəfindən “İlin alimi” diplomuna layiq görülməsini, Maqsud Şeyxzadəyə aid kitabın çap olunmasını, Qaraqalpaq və Səmərqənd universitetləri ilə əməkdaşlıq müqavilələrinin imzalanmasını və s. xatırladıb.

“Biz ümumtürk birliyinə öz töhfələrimizi veririk. Baburların hakimiyyəti dövründə tikilən Tac-Mahal türk memarlığının əzəmətli abidəsidir. Onun inşasında azərbaycanlı memarlar da iştirak ediblər. Baburlar sülaləsi tarixə öz möhürünü vurub. Babur eyni zamanda böyük şairdir. “Baburnamə”nin adını dəyişib “Özbəknamə” qoymaq olar. Onun lirikası ilə yanaşı, “Divan”ı da Əlişir Nəvainin “Divan”ı kimi çağatay türkcəsinin qüdrətini yaşadır, gələcək nəsillərə ərməğan edir. Türk dünyasında dövlət xadimi olan mükəmməl şairlər çoxdur. Ədəbiyyat faktoru hakimiyyət faktoruna qol-qanad verir. Baburun hakimiyyəti və yaradıcılığı buna ən bariz nümunədir”, - deyə İ.Həbibbəyli diqqətə çatdırıb.

Akademik, həmçinin Əfqanıstan səfirinə tədbirə qatıldığına görə təşəkkürlərini çatdırıb, ədəbi əməkdaşlıq münasibətlərinin qurulması üçün onu Ədəbiyyat İnstitutuna dəvət edib.

Özbəkistanın ölkəmizdəki səfiri Bəhram Əşrəfxanov isə “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” konfransında da iştirak etdiyini xatırladıb, M.Baburun da yubileyinin qeyd edilməsindən məmnunluğunu dilə gətirib. Qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyayev ötən dörd ildə bütün sahələrlə yanaşı, elm, ədəbiyyat, mədəniyyət istiqamətində də böyük yeniliklərə imza atıb. Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin yaradılması, universitetin qarşısında Əlişir Nəvainin böyük heykəlinin qoyulması, xüsusən “Əlişir Nəvai-580 günləri” çərçivəsində “Əlişir Nəvai Fondu”nun və “Əlişir Nəvai Ordeni”nin yaradılması, Zahirəddin Məhəmməd Baburun anadan olmasının 538-ci il dönümünün qeyd edilməsi və s. bu kimi ədəbi-mədəni hadisələr ziyalıların, tədqiqatçıların sevincinə səbəb olub. Səfir Baburu öz dövrünün ensiklopedik şəxsiyyəti adlandıraraq onun hərbi rəhbərliyindən, alimliyindən, böyük şairliyindən, mahir diplomatlığından, vətənpərvərliyindən ətraflı söz açıb. Özbəkistanın müstəqillik qazanmasından sonra hər il Babur günlərinin yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb.

Konfransda Əfqanıstanın ölkəmizdəki səfiri Amanulla Ceyhun böyük insanları müştərək mirasımız adlandırıb. Bildirib ki, Babur bütün coğrafiyamızın parlaq ulduzudur. Hər iki konfransa qatılmasını böyük qürur adlandıran əfqan səfir ingilis dilində Babur haqqında məqaləsini təqdim edib.

Özbəkistan Yazıçılar Birliyinin yaradıcılıq işləri üzrə birinci müavini Nadir Xalbutayev isə Azərbaycan-Özbəksitan əlaqələrini bütün dünyaya bir örnək adlandırıb. Özbəkistan Yazıçılar İttifaqının üzvü Mirzə Gəncəbəy çıxışında Baburun altı cildiyinin bu yaxınlarda çap olunduğunu bildirib.

Sonra filologiya elmləri doktoru Almaz Ülvi, professorlar Həmidulla Baltobayev, Cabbar İşankulov, Ramiz Əskər, Dilaram Salahi Babur yaradıcılığına aid məruzələrlə çıxış ediblər.

Tədbirdə, o cümlədən filologiya elmləri doktorları Paşa Kərimov, Yaşar Qasımbəyli, Cəlaləddin Curayev, Bəsirə Əzizəliyeva və Xürrəm Rəhimov, filologiya üzrə fəlsəfə doktorları Şəhla Məcidova, Obidaxan Fayzullayeva, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin şöbə müdiri, professor Nurbay Cabbarov, Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin böyük elmi işçisi Qədir Erqaşev, Özbəkistan Yazıçılar Birliyinin üzvləri Əbdurəsul Cüməqulov, Arif Hacı və Rüstəmcan Ummatov Babur yaradıcılığına aid maraqlı məruzələrlə çıxış ediblər.

SİZƏ MARAQLI OLA BİLƏR