Akademik Məmməd Cəfər Azərbaycan ədəbi tənqidinin professional mənada ilk təməl daşlarını qoyanlardan biri idi. Bəzən mübahisələr gedir ki, tənqidçi ilə ədəbiyyatşünasın fərqi nədədir? Deyirlər ki, tənqidçi müasir ədəbi prosesdən, ədəbiyyatşünas isə ədəbiyyat tarixindən yazır-fərq elə bundadır. Məncə, bu fikir doğru deyil. Axı, ən yaxşı tənqidçi həm də ən gözəl ədəbiyyatşünasdır. Çünki tənqidçi ədəbiyyat tarixini bilmədən, müəyyən nəzəri biliklə silahlanmadan çağdaş ədəbi prosesi necə qiymətləndirə bilər? Məmməd Cəfər müəllim bu mənada həm mahir tənqidçi, həm zəngin biliklə silahlanmış nəzəriyyəçi, həm də ədəbiyyat tarixçisi idi və bütün bunları bir-birindən ayırmaq olmaz!
Xalq yazıçısı Elçinin "Cəfər müəllim" yazısında Məmməd Cəfərin fəaliyyət dairəsini çox yığcam şəkildə ifadə olunur və bu təqdimat adamı heyrətə gətirir. Müasirləri arasında yalnız akademik - "tənqidimizin vicdanı" hesab edilən Məmməd Arif Dadaşzadə bu çoxcəhətli fəaliyyəti ilə müqayisəyə gələ bilər. Amma kəmiyyət anlayışı həmişə bir şübhəçilik yaradır, "məhsuldar yazıçı", "məhsuldar tənqidçi"-bəzən bu ifadələr öz əksinə çevrilir. Məmməd Cəfərin isə bu çoxcəhətli, sözün əsl mənasında adamı heyrətə gətirən alim-tənqidçi fəaliyyəti kəmiyyət anlayışını tamamilə keyfiyyət göstəricisinə çevirir. Məmməd Cəfərin hətta ən kiçik yazısından tutmuş ən monoqrafik tədqiqatına qədər hər bir yazısı ədəbi tənqidimizin-ədəbiyyatşünaslığımızın-ictimai fikrimizin ən gözəl örnəkləridir. Hətta bu yazıların bir çoxuna sosialist realizminin damlaları düşsə beləg
Məmməd Cəfər "Xatirələr" memuarında öz həyatının təxminən qırx ilini qələmə alıb. İsa Həbibbəyli "Xatirələr"i M.Cəfərin tale romanı adlandırır. Və yazır ki: "Qəti olaraq bu fikirdəyəm ki, hətta Məmməd Cəfər müəllimi ən yaxından tanıyanlar da "Xatirələr"i oxuyandan sonra onu yenidən və daha dərindən dərk edəcəklər. Əsər Məmməd Cəfər Cəfərovun od içindən çıxıb kürədə bişən bütöv və əzəmətli şəxsiyyətinin təqdimnaməsidir".Bu əzəmətli şəxsiyyətin uşaqlığı və gəncliyi isə çox fəna keçmişdi, on yaşında atasını, anasını itirmişdi, evin yeganə ruzi qazananı dərzi şagirdi, çörəkçi, idarədə kuryer işləmiş, balaca ailə başçısı kimi rahatlıq bilməmişdi.Ancaq Məmməd Cəfər bütün bu çətinliklərə qalib gəldi, çünki onu gəncliyin işıqlı romantikası yaşadırdı. Naxçıvanın qabaqcıl ziyalıları ilə ünsiyyətdə olsa da, şəxsi mütaliəsi ilə böyük ədəbiyyat aləminə az-çox bələd idisə, Naxçıvan mühiti onu sıxırdı. M.Cəfər yazır ki: "Qorkinin romantik hekayə, povest və dramları mənə çox dərin təsir göstərmişdi. Yəqin ki, oxuduğum kitabların və mühitin təsiri ilə məndə belə bir macəralı fikir, xəyal əmələ gəldi ki, Naxçıvandan çıxıb gedim". 1930-31-ci ildən başlayaraq M.Cəfərin Bakı həyatı başlayır, Ali Pedoqoji İnstitutun dil və ədəbiyyat fakültəsində təhsil alır.
Hər bir şəxsiyyətin formalaşmasında heç şübhəsiz, müəllimlərin rolu böyükdür.Təfsilata varmaq istəmirəm, sadəcə, Məmməd Cəfərə dərs deyən müəllimlərin adlarını çəkim: Azərbaycan ədəbiyyatından (Füzulidən Vaqifə qədər) professor Bəkir Çobanzadə, gənc Həmid Araslı, təcrübəli müəllim Feyzulla Qasımzadə, Rus ədəbiyyatı tarixindən gənc Mikayıl Rəfili, cavan tənqidçi Məmməd Arif, Qərb ədəbiyyatı tarixindən Əli Sultanlı, sonra Hacıbaba Nəzərli, sonra Hənəfi Zeynallı, Fəlsəfə tarixindən Seyfulla Şamilov, Ədəbiyyatşünaslıqdan Əli NazimgElə tələbəlik illərində Məmməd Cəfər ona dərs deyən bu müəllimlərin etimadını qazanır, o, institutu bitirən kimi aspiranturaya qəbul olunur, aspiranturada oxuya-oxuya rus ədəbiyyatı tarixindən mühazirələr oxuyur. M.Cəfər ADU-da filologiya fakültəsinin də dekanı olmuşdu. Deyirlər ki, dekan olanda öz maaşını bütünlüklə kasıb tələbələrə paylayırmış.
Burada M.Cəfərin sonrakı həyatını xatırlatmaq istəmirəm. Qırxıncı illərdə də, əllinci, altmışıncı, yetmişinci illərdə də Məmməd Cəfər müəllim Azərbaycan tənqidi və ədəbiyyatşünaslığının ən parlaq simalarından biri idi. Nələr yazmayıb:Azərbaycanın ali məktəblərində rus ədəbiyyatına aid ilk dərsliyin müəllifi-"Rus ədəbiyyatı tarixi oçerkləri"- bunu 1939-cu ildə hazırlamışdı. Çox sonralar üç gildlik "XIX əsr rus ədəbiyyatı" dərslikləri yarandı. Bu dərsliklərdə hər bir oçerk öz yüksək elmi-nəzəri səviyyəsi ilə seçilir və mən deyərdim, rusların özlərinin yazdıqlarından heç də geridə qalmır. M.Cəfər Tolstoyşünas və Belinskişünas alim kimi də tanınır və etiraf olunur. 1964-cü ildə onun "Azərbaycan-rus ədəbi əlaqələri tarixindən" adı ilə çox sanballı bir monoqrafiyası nəşr edildi. M.Cəfər bu mənada ədəbi əlaqələr sahəsində görkəmli bir mütəxəssis idi. Ancaq təbii ki, onun əsas tədqiqat predmeti Azərbaycan ədəbiyyatı idi. Lap qədim dövrdən müasir çağımızacan Azərbaycan ədəbiyyatının elə bir şəxsiyyəti, elə bir problemi olmayıb ki, M.Cəfərin nəzərindən yayınsın. "Azərbaycan ədəbiyyatında romantizm" əsəri isə heç şübhəsiz onun şah əsərlərindən biridir.
Onu həmişə müəllim-alim, müəllim tənqidçi kimi tanıyırdılar. İsa Həbibbəylinin "Məmməd Cəfər elmi məktəbi" adlı məqaləsində M.Cəfər müəllimin elmi məktəbini təmsil edənlərin böyük bir siyahisi ilə tanış oluruq: Əziz Mirəhmədov, Yaşar Qarayev, Arif Hacıyev, Elçin, Şamil Salmanov, Zahid Əkbərov, Əbülfəz İbadoğlu, Məmməd Əliyev, Əjdər İsmayılovgvə elə İsa Həbibbəylinin özü.
Məmməd Cəfər "köhnə kişilər"in bütün mənəvi keyfiyyətlərini özündə hifz edən, yaşadan və bu xüsusiyyətləri yetirmələrinə də sirayət etdirən böyük şəxsiyyət idi. Bu şəxsiyyətin alın yazısında bir neçə silinməz sözlərlə qarşılaşırıq.
Birinci söz -Ədəbi vicdan, həqiqət hissi.
M.Cəfərin tənqidi yazılarında bu ədəbi vicdan-həqiqət hissi heç vaxt korşalmadı. Onun müasir ədəbiyyata, ayrı-ayrı ədəbi şəxsiyyətlərə həsr etdiyi yazılarda "bir vicdan həqiqəti səviyyəsinə qalxan estetik mövqe" ilə qarşılaşırıq. M.Cəfərin tənqidi öyrədən tənqid idi.Amma nəsihətçilikdən, moralistikadan uzaq idi. Onun tənqidi yüksək təhlil mədəniyyəti ilə aşılanmışdı. O, həmişə "reseptçilikdən", mücərrəd, ümumi "nəzəriyyəçilikdən" qaçırdı, müsbət qəhrəman problemindən yazanda da, Rəsul Rzadan novator bir şair kimi söz açanda da, Səməd Vurğunun "Aygün"ündən, İlyas Əfəndiyevin "Körpüsalanlar"ından, Elçinin hekayə və povestlərindən, İsa Hüyseynovun, Bayram Bayramovun nəsr əsərlərindən danışanda da həmişə prinsipial tənqidçi mövqeyi nümayiş etdirirdi. M.Cəfər bədii əsərlə həyat həqiqəti arasında əlaqəni həssaslıqla izləyir, bu əlaqə zəif nəzərə çarparsa, tənqidin ucadan səslənən mühakimələrindən çəkinmirdi. Məmməd Cəfərin elə tənqidi yazıları var ki, bu gün də o yazılara bir dərslik kimi baxırsan. Məsələn, Mir Cəlalın "Açıq kitab" romanı haqqında məqaləsi son 73 ilin ən dəyərli tənqid nümunələrindən biridir. Tənqidin "açıq kitabı" adlandırmaq olar bu məqaləni.
İkinci söz- Ənənəyə, klassikaya məhəbbət. M.Cəfər yaşarı ənənələrin və klassik poeziyanın Məcnunu idi. Füzulini çox sevirdi, "sevmək" sözü azdı, onun içində, daxilində, bəlkə də qanında Füzuli eşqi yaşayırdı. Onun Füzuliylə bağlı bir neçə tədqiqat əsəri var..Azərbaycan füzulişünaslığında (1930-1960-cı illərdə) beş böyük alimin tarixi xidmətlərini unutmaq olmaz- Həmid Araslı Füzulinin həyat və ədəbi fəaliyyətini, Mir Cəlal dahi şairin sənətkarlıq dünyasını, M.Quluzadə şairin lirikasını, Fuad Qasımzadə Füzulinin idrak dünyasını tədqiq etdilər, füzulişünaslıq professional elm səviyyəsinə yüksəldi, M.Cəfər isə Füzulini filosof kimi tanıtdı, "Füzuli düşünür" onun klassikayə məhəbbətinin zirvə əsəri oldu.Füzulini tədqiq etməklə M.Cəfər bizə klassik şeir, lirika, fəlsəfi poeziya, Aşiq obrazı, sufimlik, eşq və idrak haqqında həqiqətləri anlatdı.Belə yazırdı M.Cəfər: "Füzulini başa düşmək üçün hər şeydən əvvəl sevən qəlbə malik olmaq lazımdır. Elə bir qəlbə ki, sadəcə, sevib yüngülləşmək, nəşələnmək çox asandır. Bu cür sevməyi hər kəs bacarar. Sevib kədərlənmək, bütün xalqın, elin, bəşəriyyətin dərdinə şərik olmaq isə çətindir.Füzulini sağ ikən, ölüm hissləri ilə yaşayan bədbinlər başa düşə bilməzlər".Təkcə Füzulimi? Nizaminin fikir dünyası, M.F.Axundxadənin, Sabirin, Mirzə Cəlilin, Hadinin, Cavidin və b. klassiklərin yaradıcılığı Məmməd Cəfər gözü ilə yenidən kəşf edildi, desək, səhv etmərik.Amma onun ənənəyə və klassikaya münasibətinin ən dəyərli ölçüsünü "Füzuli düşünür"lə yanaşı, M.F.Axundzadəyə və Mirzə Cəlilə həsr etdiyi "Mütəfəkkirin şəxsiyyəti" və "Cəlil Məmmədquluzadə" əsərləri də təyin edir.
Üçüncü söz-Sadəlik. Akademik Məmməd Cəfər çox sadə insan idi.Mən bu sadəliyi Ədəbiyyat İnstitutunun aspirantı olanda da, onun bu institutda şöbə müdiri və direktor işlədiyi illərdə də hiss etmişəm.Asta danışardı, asta yeriyərdi, heç kimin salamını cavabsız qoymazdı.Nizami adına Ədəbiyyat İnstitutunda-aspiranturaya qəbul imtaşanı verəndə cavablarım onun çox xoşuna gəldi. Mən onun yadlından çıxmadım. Kəmali-ədəblə ona salam verirdim, gülümsünürdü. Bir dəfə aspiranların hesabatı dimnləniləndə dedi ki: "Vaqif çox tərbiyəli oğlandır".
Qayda belə idi ki, aspiranturanı bitirəndə də imtahan verirsən. Buna minimum imtahan deyirlər. İxtisas imtahanından "beş" aldım, komissiyanın sədri də Məmməd Cəfər müəllim idi. Mənə düşən birinci sual belə idi: "Ədəbiyyatda tip, xarakter, obraz". Mən onlarla rus və Avropa müəlliflərindən nəfəs dərmədən sitatlar gətirdim. Birdən dedi: "Dayan, bu əsərləri rusca oxumusan yoxsa tərcümədən?" Dedim ki, o əsərlərin şeç biri dilimizə tərcümə olunmayıb. Təsdiq etdi. İkinci sual Füzulidən idi. Elə danışmağa başlayırdım ki, dedi: "Bir qəzəl de Füzulidən". Başladım:
Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz,
Bu həm bir qəm ki, el tənindən əfqan eyləmək olmaz.
Nə müşgül dərd olursa, bulunuün aləmdə dərmanı,
Nə müşgül dərd imiş eşqin ki, dərman eyləmək olmaz.
1979-cu ilin 26 noyabrında Ədəbiyyat İnstitutunda namizədlik dissertasiyası müdafiə etdim. Müdafiə Şurasının sədri, professor M.Quluzadə xəstələnmişdi. Belə hal baş verəndə institutun direktor müavini, professor Kamal Talıbzadə onu əvəz etməli idi. Ancaq Kamal müəllim mənim elmi rəhbərim idi. Odur ki, həmin gün institutun ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Məmməd Cəfər müəllim iclası apardı. Müdafiə uğurla keçdi. M.Cəfər müəllim icdasın sonunda dedi: "Elə hesab edirəm ki, bu gündən Vaqif Yusifli adlı bu cavan öz səsini tənqidçilərin səsinə qata bilər".
Bu, mənim həyatımda ilk xeyir-dua idi.
Və mən bu məqamda Məmməd Cəfər müəllimə-bu mütəfəkkir şəxsiyyətə "rohun şad olsun" deirəm.