Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Elnarə Akimova. İmzalar içində Hadi

13-12-2019 [ 11:46 ] [ oxunub:44 ]
printerA+ | A-
99548

Məhəmməd Hadi sovet rejiminin qurbanlarından biri oldu. Bu cür vətən sevdalı şairi, dövrün Osmanlı mətbuatını belə lərzəyə gətirən, açıq və üsyankar yazılarına görə barəsində ölüm hökmü kəsilən nəhəng bir sənətkarı sovet hökuməti sərxoş, sərgərdan biri kimi tanıtdı bizlərə. Taleyin hökmümü deyək buna, ya göy qübbəsinin altında heç nəyin boşuna axıb getməməsimi adlandıraq, bilmirəm, hər halda böyük gələcək onların xeyrinə işlədi. Cümhuriyyətin yüzüncü ildönümünü qeyd elədik, bu söz ardınca bir qisim ad gətirdi. Vaxtilə sovet rejiminin silməyə, yox etməyə çalışdığı bir qisim ad... Bu onların haqqıdır. Çünki Azərbaycan Cümhuriyyəti bir tarixi, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu deyil, XIX əsrin sonu XX əsrin əvvəlləri boyu milli siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsidir. Həmin illərdə bizdə milli dövlətçilik ideyasının tarixi uzağa getməsə də, milli mənlik şüurunun yaranmasının aspektləri bədii düşüncəyə söykənirdi. 1918-ci ildə yaradılan Azərbaycan Cümhuriyyəti də əqidə və məslək birliyinin təzahürü kimi ərsəyə gəldi, seçilmişlərin, yüksək zəka və intellekt sahiblərinin əməl göstəricisi oldu. O da maraqlıdır ki, bizdə heç vaxt "intellekt və emosiya potensialı" (Nizami Cəfərov) o dönəmdəki kimi  toplu şəklində üzə çıxmadı - vahid ədəbi-estetik qayəyə xidmət mənasında, yəni. Bu intellekt və emosiya potensialının ehtiva olunduğu ən yaxın ünvan Məhəmməd Hadidir. Tək yaradıcılığı ilə yox, bütünlükdə tərcümeyi-halı ilə...

Bilirsinizmi nədir, məncə, nüxbeyi-amal?

Könüldəki əməlim millətin səadətidir...

Ey Vətən! Ey pəriyi-vicdanım!

...Səni sevmək deyilmi imanım?

Hadi vətəni sevməyi imanına çevirdi. Vətən haqqında ən gözəl şeirlərin müəllifi kimi yazdı adını milli ədəbiyyat tarixinə. Hadiyə qədər sevgi obrazının bütün çalarları işlənmişdi ədəbiyyatda. Bütün dərinlik ölçülərində gətirilmişdi poeziyaya. Tək Füzuli faktoru kifayət edir fikrimizi əsaslandırmağa. Amma vətəni iman kimi, ömür kimi sevmək təlimi ilk dəfə Hadinin şeirlərindən saçıldı poeziyaya. Hadi toplumdan millətə aparan yolun şairi kimi doğuldu, bu amal uğrunda yaşadı, bu ideya yolunda ömrünü var etdi. Abdulla Şaiq yazırdı: "Hadi qədər hürriyyətə həvəs göstərən bir şair olmamışdır... hər bir əsərində hürriyyəti oxşamadan keçməmişdir". XX əsrin narahat fikir burulğanlarında yaranan poeziyada  Məhəmməd Hadinin yeri və rolu da məhz bu həqiqətdədir. Onun Hürr aşiqi, Cümhuriyyətə gedən yolun şairi olmaq statusu daşımasında...

Ədəbiyyatşünas Əziz Mirəhmədov "Məhəmməd Hadi" monoqrafiyasında Hadinin məşhur  "İmzasını qoymuş miləl övraqi-həyatə,/ Yox millətimin xətti bu imzalar içində..." beytini nəzərdə tutaraq yazır ki, "Azərbaycan şairinin bu mübaliğəli, həyəcanlı hökmünə də Lermontovların, Nekrasovların, Çernışevskilərin dərin vətən sevgisinin, vətəni daha qüvvətli, daha gözəl, daha uca mərtəbədə görmək arzusunun xüsusi bədii ifadəsi kimi baxmaq lazımdır". Zənnimizcə isə, Məhəmməd Hadi poeziyasındakı bu təsir daha çox türk poeziyasına aid edilməlidir. Bu yöndə ədəbi fikirdə münasibətlər haçalanır. Şairin daha çox türk şairi Namik Kamalla bədii-estetik ruh yaxınlığından bəhs edənlər də var, bu müqayisə ilə barışmayıb etiraz edənlər də. Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Səyavuşu" əsərində oxuyuruq: "Azərbaycan gəncliyi saf və səmimi bir niyyətlə türk öyrətmənlərinin tələbəsi oldu. Çox keçmədi ki, Namik Kamal Məhəmməd Hadini, Əbdülhəq Hamid Hüseyn Cavidi, Məhəmməd Əmin də Əhməd Cavadı oğulluğa qəbul etdilər". Bu mübahisəli fikrə reaksiyaya çağdaş dövrümüzün bir çox tədqiqatçı alimlərinin  - Vaqif Sultanlının "Azadlığın üfüqləri", "Azərbaycan mühacirət ədəbiyyatı" kitablarında, Əli Saləddinin "Əhməd Cavad", İslam Qəriblinin "Məhəmməd Hadi və mətbuat (1905-1920)" monoqrafiyalarında, Qara Namazovun məqaləsində və s. kimi əsərlərdə rast gəlirik. Məsələn, gənc tədqiqatçı Tural Hüseynlinin "Azərbaycan obrazı müasir Türkiyə romanında" kitabında mövzu ilə bağlı belə qənaətlər səsləndirilir:

"Namik Kamal (1840-1888) Məhəmməd Hadini (1879-1920) oğulluğa necə qəbul edə bilərdi? N.Kamal vəfat edəndə M.Hadinin 9 yaşı var idi. M.Ə.Rəsulzadənin haqqında söhbət gedən fikri müqayisə səciyyəsi daşıyır, zənnindəyik. Yəni bu o deməkdir ki, N.Kamal yolunu M.Hadi, Ə.Hamidin yolunu H.Cavid, M.Ə.Yurdaqulun yolunu isə Ə.Cavad davam etdirmiş, birincilər ikinciləri oğulluğa yox, əksinə, ikincilər birinciləri mənəvi atalığa qəbul etmişlər". Burdan məsələnin ikinci məqamına diqqət çəkmək lazım gəlir. Bu təsirlə razılaşmayanların mövqeyinə. Bu etiraz dalğası ədəbiyyatşünas Azər Turanın "Əli bəy Hüseynzadə" monoqrafiyasından gəlir: "Tədqiqatçılar Hadini bəzən Namik Kamalın haləsində görürlər. ...Amma Namik Kamal hər nə qədər böyüksə, Hadinin lirikası ondan geri qalmaz. Hadi ədəbi fikrin yeniliklərə meyli baxımından Namik Kamaldan sonradır. Ancaq onun yazdıqlarında estetik feyz, yaxud mənəvi füyuzatın püskürdüyü ruhi enerjinin estetikası Namik Kamalda yoxdur". Zənnimcə, Məhəmməd Hadi yaradıcılığı poetik siqlət, düşüncə hüdudsuzluğu və milli məfkurə aydınlığı baxımından fərqli hadisədir, ədəbi-tarixi gedişatın öz inkişaf məntiqindən doğan gerçəklikdir. Bu mənada, demək olar ki, "XIX-XX yüzillərin böyük Türk romantizmini Əbdülhəq Hamid, Namik Kamal, Mahmud Əkrəm, Tofiq Fikrət, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Divanbəyoğlu... demək olar ki, birlikdə yaratmışlar. Məhz onların bir sənətkar, ideoloq və mütəfəkkir xidmətindən (hünərindən!) dünya romantizminin Qərbdən və Rusiyadan (M.Y.Lermontov) sonra ikinci klassik intibahı Asiya-İslam, Şərq dalğası yaranmışdır" (Yaşar Qarayev).

Əziz Mirəhmədov Məhəmməd Hadini "Azərbaycan romantizminin təşəkkül tapıb inkişaf etməsində və dünya romantizmi ilə qovuşmasında başlıca simalardan biri" hesab edirdi. "XX əsr Azərbaycan romantiklərinin geniş poetik vüsətli və sosial miqyaslı hürriyyət manifesti Məhəmməd Hadinin poeziyası ilə başlayır. Onun 1906-cı ildə yazdığı "Nəğmeyi-əhraranə" ("Hürriyyət nəğməsi", "Azadlıq nəğməsi") şeiri bu "Hürriyyət romantizminə" həqiqi bir proloq oldu" - Vəli Osmanlı da tədqiqatında bu məqama xüsusi həssaslıqla yanaşır.

Hadi XIX əsrin sonları, XX əsrin əvvəllərində dünya reallığının fəci nəticələri - maarifçilik ideyalarının özünü doğrultmadığı və zəkanın süquta uğradığı dönəmin şairi idi.  Qərbin tərəqqisi və Şərq xalqları üzərində hökmranlığı Hadi kimi qeyrətli şairə təsirsiz ötüşmürdü. Poeziyasında daim bu qata vurğulu idi, onlar müəyyən iqtisadi, siyasi-ictimai şərtlərdən, insanın daxili narahatlığından, özünü azad ifadə etmək, dünyanı dəyişmək arzusundan, keçmişə, ənənəçiliyə qarşı üsyankar ovqatdan meydana çıxırdı. O zaman, XX əsrin ilk onilliyində yaranan əksər cərəyanlar dövrün siyasi durumuna reaksiyanın ifadəsi  kimi meydana çıxmışdı. Hadinin şeirlərində əksini tapmış milli insan böhranı, milli varlığın real durumunda həm də XX əsr məzmununun parametrlərini, qlobal miqyaslı ümidsizliyin təsirlərini görə bilirik. Birinci Dünya müharibəsinin fəsadları, insanlığa qarşı yürüdülən amansız qərarlar onun yaradıcılığına təsirsiz ötüşmürdü və şairin lirikasında insanın psixoloji yaşamları boşluq, təklik, son problematikası ilə müşayiət olunmağa başlayırdı: "Təbəssüm istəməm artıq, /bükayə şövqüm var,/Bərabər ağlayaq, /ey çeşmi-giryəzayi-vətən".

M.C.Cəfərov "Azərbaycan ədəbiyyatında romantizm" kitabında yazır ki, "Ümumiyyətlə, "məhkum Şərqin", o cümlədən də Şərq ölkələrindən biri olan Azərbaycanın əsrə görə, irəli getmiş xalqlara görə mədəni-siyasi və iqtisadi cəhətdən geridə qalması, azad və yüksək mədəniyyətli bir həyatın gec-tez mümkün olacağına inanan və həmişə bu barədə çox düşünüb-daşınan romantikləri çox narahat edirdi". Bütün poetik ehtiraslara, vətənlə bağlı coşqulu xitablara rəğmən Hadi də  milli intibah ideyalarının tərənnümündən dolayı pessimizmə qapılmış, bu bədbin əhval-ruhiyyə onların fərdi dünyaduyumunun bir hissəsinə çevrilmişdir. Tədqiqatçı Ə.Əsgərli "XX əsr Azərbaycan şeirinin poetikası" kitabında M.Hadinin "Facieyi həyatımızdan bir pərdə", "Təxəttürimazi", "Dad istibdaddan", "Dilənçi", "Ey zavallı bəşər" və s. şeirlərini nəzərdə tutaraq iztirab, əzab çalarını  onların səciyyəvi  xüsusiyyəti kimi qabardır və bunun ümumən Kantın, Nitsşenin, Şopenhauerin, ümumən dekadentlərin fəlsəfi fikrində əxlaqın bünövrəsində dayanan amil olduğunu vurğulayaraq Hadi yaradıcılığına da bu prizmadan nəzər yetirməyi məqbul hesab edir: "M.Hadinin 1905-1919-cu illərdə yazdığı şeirləri ifrat fərdiyyətçiliyin, dekadent fəlsəfi düşüncənin bariz nümunəsidir. ...Bu  məntiqlə Ə.Hüseynzadə, S.Mənsur, M.Hadi, H.Cavid, A.Şaiq, A.Səhhət, Ə.Cavad, M.Müşfiq poeziyası arasında həm oxşar bağlar, subyektiv idealist dəyərləndirmə və fərdiyyətçi poetik fikir və düşüncə sistemi görmək mümkündür". Bəli, M.Hadinin bu dövr şeirlərində qatı tünd boyalar üstünlük təşkil edir, dünya, bəşər kədərin, iztirabın, göz yaşının mənbəyi kimi mənalandırılırdı. "İnsanların tarixi faciələri, yaxud "Əlvahi-intibah" poemasında həqiqətin yoxa çıxdığı, yerini məzlumlara, haqqa qarşı təzyiqin, gücün tutduğu dünyanı şair haqlı olaraq matəmgaha bənzədərək yazırdı: "Həyatın səsləri guşumda /həp fəryad şəklində,/Bu insanlar ki qardaşdır/ və lakin yad şəklində". Onun "Zümzümatı-təhəssürat, yaxud qarışıq xəyallar" şeirinin yaranması da estetik idealla gerçəklik arasındakı uçurumun olmasından qaynaqlanırdı: ""Lal ol, demə, qanma, / gözünü kur elə" derlər, /Gözlü nasıl ömr eyləsin əmalər içində?!/...İmzasını qoymuş miləl övraqi-həyatə,/Yox millətimin xətti bu imzalər içində"!

Məhəmməd Hadi dünyada yaşayıb dünya proseslərindən kənarda qalmağın,bu nigaranlığın bütün çalarlarını - fəlsəfi dramatizmini, sosial-ictimai dərinliyinin izlərini milli ədəbiyyatımıza gətirirdi. Dövrün başqa münəvvərlərini fərqli edən də məhz bu məqamdır! Dünya proseslərinə ayıq və oyaq reaksiya, bu proseslərin milli ədəbiyyatda dərki və idrakı səviyyəsi! Hürriyyətin inadlı vəsfi, coşqulu tərənnümü. Toplumun, cəmiyyətin, xalqın XX əsr ölçülərinin axtarılması meyilləri, ona nəzərən dəyərləndirilməsi məqamları: "Yox millətimin xətti bu imzalar içində"...

Hadinin bioqrafiyasının coğrafi ərazilərinə nəzər yetirirəm: 1910-cu ildə İstanbula gedir,  1913-cü ildə fars dilinə tərcümə olunan "Fünun və maarif" şeirinə görə həbs edilib Salonikə sürgün olunur. 1914-cü ildə vətənə dönür. 1915-ci ildə Qafqaz ordusunda feldşer işləyir, daha sonra Avstriya cəbhəsinə, Karpata gedib müsəlman əsgərləri alayında alay mollası kimi fəaliyyət göstərir. Lakin bütün hallarda istiqlalçı ruhunu qoruyub saxlayır Hadi. Təsadüfi deyil ki,  1918-ci ildə yaranan Azərbaycan  Cümhuriyyəti sevincini şeirlərində ifadə edir, Cümhuriyyətin ana dilində rəsmi mətbuat orqanı olan "Azərbaycan" qəzetində dövrün ən alovlu, ən coşqulu şeirlərini yazır, üçrəngli bayrağımızı, Milli Ordunu tərənnüm edir. Cümhuriyyətin qurulması sevinci  Hadinin "Əhrarlı təranələr"ində əksini tapır. 1918-ci il sentyabrın 15-də qəzetin ilk sayında Məhəmməd Hadinin "Türk nəğməsi" şeiri çap olunur: "Qan ilə qazandıq zəfəri, verməriz əldən,/Xof eyləmədik ateşi-dehhase duveldən./Bir zərrə belə qorxmayırız desti-əcəldən,/İstərsə cahan çevrilə tərsinə təməldən/Türkün üzü çevrilməyəcək səmti əməldən". Hadinin "Əsgərlərimizə, könüllülərimizə" şeiri də "Azərbaycan" qəzetinin 1919-cu il 23 aprel sayında çap olunmuşdur: "Qorxutmamalı bizləri yollardaki əngəl,/Məfkurəyə doğru yürü, /qoş, durma, çapıq gəl!/Millət tikəcək namına ölsən dəxi heykəl,/Qoyma toxuna yurduna /naməhrəm olan əl"!

Azərbaycan Cümhuriyyəti ilə bağlılıq dövrünü şairin milli azadlıq romantikası dövrünün üçüncü mərhələsinə aid edirlər. 1918-ci ildə Bakıda baş vermiş qanlı mart hadisələri, kütləvi müsəlman qırğınları, erməni-rus tərkibli "Bakı kommunası" və s. kimi fəci yaşantılar, ardınca milli hökümətin süqutu Hadinin özünün də içindəki qürubu dərinləşdirir. Fəqət millətin və vətənin səadəti yolunda ölüm və əzablarla iç-içə dayansa belə, idealındakı Hürriyyət amalına doğru getməkdən usanmır Hadi. Nə sürgündə olanda, nə qəriblik həyatı yaşayanda, nə də səfalət içində boğulanda Vətən adlı imanından dönmür.

SİZƏ MARAQLI OLA BİLƏR