Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan, qiymətli şeir və poemalar yazan, dövri mətbuatda çoxsaylı bədii-publisistik məqalələr dərc etdirən, klassik Şərq və farsdilli Azərbaycan poeziyası nümunələrini dilimizə çevirən Məhəmməd Hadi (1879-1920) əsasən qüdrətli romantik şair kimi şöhrət qazanmışdır. O, özünü əhatə edən müdhiş mühitin, obyektiv gerçəkliyin mürəkkəb və parlaq hadisələrinin, "odlu fəğanlarının", "acı həqiqətlərinin", "dadlı xatirələrinin" oyatdığı dilsiz duyğulara, böyük rus tənqidçisi Vissarion Belinskinin sözləri ilə desək, "söz və surət vermiş, onları dar köks qəfəsi içərisindən bədii həyatın təmiz havasına çıxarmışdır". Romantik şair qəlbində bəzən "şərarə" və "əndişə", bəzən "kəsbi-karə qeyrət", bəzən də nida və "fəryad şəklində" doğulan lirik və bədii düşüncələrdən ucalan poetik səs pərdə-pərdə qüvvətlənərək "cəhalətdən şikayətə", "El fəryadı"na, "Vətən nidası"na, "Amali-istiqbal"a, ümumiyyətlə, özünün dediyi kimi, "Vətən səsi və həyatın sözü" səviyyəsinə yüksəlmişdir:
Elmin, hünərin, mərifətin varsa, buyur gəl,
Yoxsa, bu həyat aləminə olma bir əngəl.
Ərbabi-kəmalın yeridir bil ki, bu meydan,
Bədbəxt yaşar torpağın üstündəki nadan.
...İştə yaşamaq haqqına haizdir o kütlə -
Bir hərbi-münəvvərlə çıxıb cəbheyi-cəhlə,
Bundan belə dünya böyük ürfanlı ər istər,
Sən də yaşamaq istər isən bilgini göstər.
Lakin bu hərarətli şair səsi Mirzə Ələkbər Sabirin satirik qırmanclamalarından, Hüseyn Cavidin romantik-fəlsəfi ümumiləşdirmələrindən, Abbas Səhhət və Abdulla Şaiqin romantik-realist tərənnüm üsullarından fərqli olaraq, "milli nəğmə", "həsb-hal", hətta "Zamanın məzhəkələri", "Hərarətli şeir və qızdırmalı halımda saçmalarım", bəzən də "Məhəmmədəli şahın qulağına azan" şəklində təzahür edən romantik həyəcanlardan ibarət olan, dövrün suallarına və çağırışlarına cavab kimi meydana çıxan hərarətli Hadi sözü idi. Fədakarlıq və mərdanəlik bu şeirin həqiqi epiqrafı, "qüvvət, həyat, ümid" isə estetik idealı olmuşdur. Hürriyyətin "firdovsi məna"sından bəhs edən "Nəğməyi-əhraranə" (1906) şeiri ilə başlanan bu orijinal yaradıcılıq yolu "insanların tarixi faciələri və yaxud əlvahi-intibah" (1918) poeması ilə yalnız xronoloji baxımdan deyil, həm də ideya-sənətkarlıq cəhətdən tamamlanmışdı. "Əlvahi-intibah" poeması təkcə Məhəmməd Hadi romantizminin yox, ümumən Azərbaycan ədəbiyyatında romantizm intibahının yaradıcılıq zirvəsi idi.
Zamanı və insanlığı düşündürən böyük amalları və mətləbləri obrazlı şəkildə, yüksək sənətkarlıqla və fəlsəfi ümumiləşdirmələrlə əks etdirən "Əlvahi-intibah" poeması təzə epoxanın intibah göstəricisi idi. Azərbaycan romantik lirikasının fəlsəfi dərinliyini, sənətkarlıq baxımından kamilliyini, vətəndaşlıq çağırışlarını "Əlvahi-intibah" səviyyəsində ifadə edə bilən əsər tapmaq çətindir. Bu, Məhəmməd Hadi istedadının da intibahı idi:
Həyatın səsləri guşumda həp fəryad şəkilində,
Bu insanlar ki, qardaşdır və lakin yad şəkilində...
Bütün bunlara görədir ki, "Əlvahi-intibah" poeması ilə Məhəmməd Hadinin Bayron, Puşkin romantizminə qovuşduğu qeyd edilir, bu poema dərin təsirlənmiş təfəkkür sahibinin məhsuludur. Həqiqətən də Məhəmməd Hadinin lirikası üçün romantik-publisist üslub səciyyəvidir.
Gündəlik hadisələrə fəal müdaxilə edən Məhəmməd Hadi təəssüratlarını məqalələri ilə yanaşı, şeirlərində də geniş şəkildə əks etdirmişdir. Bu isə onun şeirlərinə o vaxta qədər Azərbaycan şeirində ya heç işlədilməyən, ya da az işlədilən söz və tərkiblər gətirmişdi. Şairin şeir dilində tez-tez rast gəlinən milləti-məzlumə, mənafeyi-şəxsiyyə, məktəbi-mədəniyyət, məktəb, maarif, məişət, intibah, istibdad, vicdan, amal, əsarət zülməti, həyatın dəftəri, dadlı həqiqət və s. kimi ifadələr ədəbiyyatdan çox dövri mətbuatdan gəlir. Lakin bütün hallarda Hadi belə sözlərə müəyyən poetik məna verir. Buna görə də publisist dil ünsürləri onun şeirlərinin ideya aktuallığını qüvvətləndirir, gerçəkliyin həyati ifadələrlə tərənnümünə imkan yaradır. "Dad istibdaddan" şeirindəki özünəqədərki Azərbaycan lirikasında nadir hallarda təsadüf edilən, dövri mətbuatdan gələn söz və tərkiblər yüksək obrazlılığa və mənaya malik olan lirik nümunəyə, publisistikaya məxsus sadəlik, aydınlıq, çağırış və sərtlik bəxş etmişdir:
Qaldıq əlində bir sürü ərbabi-vəhşətin,
Olduq əsiri pənceyi-qəhrü müsübətin.
...Ehraq olundu zülmilə nazəndə şəhrlər,
Yaxmaqdadır cəhanları ahı cəmaətin.
...Qan ağlayır əhali, könüllər cərihedər.
Gülməzmi ey xuda, yenə ruxsarı rəhmətin,
Hər kimsə öz mənafeyi-şəxsiyyəsin arar,
Əshabi-elm olmada qurbani zillətin.
Bədii publisistika ilə bağlılıq, eyni zamanda Məhəmməd Hadinin lirikasında XX əsrin əvvəlləri Azərbaycan dövri mətbuatında geniş şəkildə işlənən Osmanlı və ərəb-fars dillərindən alınmış ifadələrin fəallığını artırmışdır. "Füyuzat", "Şəlalə" kimi nisbətən çətin dildə yazıb-yaratmağa üstünlük verən mətbuat orqanlarında çalışan şairin yaradıcılığında çox vaxt həmin jurnalların dil təcrübəsindən gəlmə meyillər hiss olunacaq səviyyədədir. Şeirlərilə iştirak etdiyi mətbuat orqanlarına şöhrət və oxucu qazandıran Məhəmməd Hadi, həm də təbii olaraq bu jurnallardan dil cəhətdən təsirlənmişdir.
Mövcud ictimai gerçəkliklə barışmayan M.Hadinin romantik baxışları həmişə işıqlı gələcəyə dikilir. Xoşbəxt gələcək onun bütün ideallarının nəticəsi, iztirablarının və romantik örpəyi arxasında gülümsəyən şanlı gələcək günəşi və ardınca buz bədənli okeana isti iqlim qurşaqları yayan nəhəng aysberq kimi Hadinin "qızdırmalı halımda saçmalarım" formasında təzahür edən şeir ümmanına nikbin poetik hava gətirir. Həmin poetik nikbinlik Hadi kədərini işıqlı ümidlərlə qovuşdurur.
İctimai gerçəklikdən şikayətlərini də, şanlı istiqbal olan gələcəyin romantik işıqlarını da Məhəmməd Hadi özünəməxsus məcazlarla canlandırmışdır. O, müqayisə ünsürlərindən hamısının iştirak etdiyi müfəssəl bənzətmələrlə poeziyamızda tamamilə orijinal səslənən heyrətamiz təşbehlər yaratmağa müvəffəq olmuşdur. Şair ənənəvi mövzulardan sayılan məhəbbət, təbiət, vətən, hətta XX əsr şeirimizdə xüsusi vüsət alan elm və məktəb mövzularına müraciət edərkən də lirikamızı yeni bədii təsvir vasitələrilə zənginləşdirmişdir. "Lövheyi-bahar" şeirindəki bahar təşbehləri yeni və mənalıdır:
Parıldayır gümüş kimi çəməndə ruyi-məvcadar,
Axar dəruni-bağdə, qılar riyazı tabdar.
Bulaqlar əşkrizi-qəm, təranəsazdır həzar,
Bu lövheyi-həyatdan al aqil içən etibar,
Rümuzi süni anlamış nəşaidi-həzarı gər.
Təşbeh və metaforasız, epitet, bədii sual və nidasız, "ictimai rəmz"dən M.Hadinin özünün etiraf etdiyi kimi, xali şairin nəinki bir şeirini, hətta bir misrasını da tapmaq çətindir. Romantizm poetikası sistemində özünəməxsus yeri və əhəmiyyəti olan bədii təsvirlərin, ifadə vasitələrinin hamısı küll halında Hadi lirikasına poetik cazibədarlıq gətirməklə bərabər, yeni-yeni mənaların ifadəsinə, ictimai məzmunun qüvvətlənməsinə də müvəffəqiyyətlə xidmət edir. Hətta M.Hadi məqalələrindən birində açıq sözün, mütərəqqi fikrin təqil olunmaqda davam etdiyi şəraitdə rəmzlərlə yazmağı sənətkarın qarşısında duran bədii-estetik tələb kimi irəli sürürdü. O, buna görə də Mollayi Ruminin ictimai mətləbləri üstüörtülü yolla ifadə etməsinə yüksək qiymət verir, qələm dostlarını da bu tələbə əməl etməyə çağırırdı. Hadi xüsusi olaraq xatırladırdı ki, "sözü aydın və müəmmasız söyləyənlər isə müstəbidlərin istibdad qılıncına qurban olub getmişlərdir".
Qüdrətli şair Məhəmməd Hadinin şeirlərinin əksəriyyəti lirik qəhrəmanın odlu qəlbindən qopan ehtiraslı monoloq və orijinal dialoq formalarında təzahür edir. Həqiqət və gələcək eşqi ilə alışan lirik "mən"in hərarətli, qayğılı düşüncələri, haray və həyəcanları bu monoloqların başlıca məzmununu təşkil edir. Lirik düşüncə və həyəcanların çılğın bir zirvəyə yüksəldiyi anlarda isə Hadinin monoloqları qəmpərvər aşiqin təranəsi, rindin nəvası, "xurafat içində həqiqət", yaxud "fəryad şəklində" ifadə edilir və ictimai-fəlsəfi vüsət alır. Dialoqlar da belə monoloqlardan yaranır. Şair çox vaxt şeirlərinin sərlövhəsini, sual tərzində müəyyənləşdirir. Şeir özü isə bütövlükdə dövrün tələbindən, ictimai-mədəni tərəqqinin ləng inkişafından doğan həmin sualların cavabından ibarət olur. "Qələm nə söyləyir", "Biz nə haldayıq?", "Nasıl yüksəlməli?", "Həqiqət acımı, dadlımı?" və sair qeyri-adi dialoq formalı şeirlər şairin özü ilə daxili söhbəti, hesabatı təəssüratı doğurur.
Hadi klassik lirikasının ənənəvi janrlarını dövrün həqiqətlərinin bədii inikasına doğru istiqamətləndirə bilmiş, məlum poetik formalarda siyasi fırtınalar dövrünün mütərəqqi ideyalarını mənalandırmışdır. Şairin qəzəl, rübai, tərcibənd, tərkibənd kimi şeirləri klassik poeziyasındakı sələflərdən həm məzmun, həm də formaca fərqlənir. Əvvəla, Hadidə qəzəllər sayca azalmış, ilk və axır beytlərin səciyyəvi xüsusiyyətlərinin sədləri dağıdılmış, rübailərin qafiyə tənasübü dəyişmişdir. İkincisi isə klassik lirikadakı aşiqanə məzmun Hadinin şeirlərində öz yerini yeni ictimai mənalara tərk etmişdi. Hadi yaradıcılığında qəsidə artıq klassik lirikada Tanrını tərənnüm edən minacat, peyğəmbəri tərifləyən nət, hökmdarı ilahiləşdirmək məcburiyyətindən kənara çıxa bilməyən mədhiyyə, şairin özünün vəziyyətini mənalandıran fəxriyyə və matəm, kədər motivlərini canlandıran mərsiyə əlamətlərinin, məzmun xüsusiyyətlərinin sədlərini xeyli aşaraq yüksək vətəndaşlıq keyfiyyətləri qazanmış, ictimai-fəlsəfi xarakter almışdı. Qəsidə ustasının bu janrda yazılmış şeirlərində minacatların və lənətin mövcud xarakteri büsbütün tərk edilmişdi. Hökmdarın mədhini isə köhnəlmiş idarə üsulunun, vaxtı keçmiş adətlərin, geri qalmış həyat tərzinin tənqidi əvəz etmişdi. "Arzuyi-dil" qəsidəsində "atəşlərə dönmüş vətən"in nəsibi əzab olan övladlarının "aləmi yandıran fəryadları"ndan, "Əndişeyi-həyat" şeirində məişətə qat-qat vurulan zəncirlərin yaratdığı əsarət zindanından danışılır. Böyük söz ustadı Səməd Mənsura həsr olunmuş "Hərarətli şeir, yaxud qızdırmalı halımda saçmalarım" qəsidəsinin ideya-məzmununu isə sərlövhənin özü də dolğun ifadə edir. Bu şeirdə şairin idealla varlıq arasındakı təzaddan, uyğunsuzluqdan doğan odlu, hərarətli düşüncələri əks etdirilmişdi:
Gözün bir gülməyir
bu ərzi-fəryadı görən gündən,
Könül şad olmayır
bu səhni-nəşadı görən gündən.
...Bəşər göz yaşıdır
matəmgəhi-dünyayə gəldikdən,
Bunu tədqiq qıldım,
hali-növzadı görən gündən.
Orta əsr ədəbiyyatındakı mistik məzmunlu mərsiyə və münasibətnamələrin əvəzinə, Məhəmməd Hadinin dünyəvi kədərini tərənnüm edən "Təraneyi-qəmpərvəranə", "Dünya saheyi-qəmdir" və s. kimi qəsidələri meydana çıxmışdı. Lirik "mən"in dilindən deyilsə də, bu şeirlərdə "özündən daha qabaq, daha artıq xalqını, vətənini düşünən namuslu vətəndaşın", Hadinin öz sözləri ilə desək, "dünyadə bədbəxtanə yaşayan arifin" kədərli düşüncələri çırpınırdı. Beləliklə, qəsidə zamanın ictimai mənzərəsini mənalandıran, dövrün ciddi, mürəkkəb suallarına cavab axtaran sosial məzmunlu şeirə çevrilmişdi.
İdeya, məzmun və poetik forma etibarilə rus və dünya şeirindəki oda janrı ilə yaxın olan qəsidə üçün təntənəli dil və üslub həmişə səciyyəvi əlamətlərdən sayılmışdır. Vaxtilə M.V.Lomonosov oda formasında yazılan şeirlərin təntənəliyini onun yüksək üslubu ilə təmin etməyə çağırmışdı. Romantik şeirdəki qəsidələrdə də yüksək ahəngdarlıq və poetik təntənə xatirinə parlaq üslub qorunub saxlanılmışdır. Hadinin parlaq üslublu, xüsusi təmtərağa malik qəsidələrində "işıqlı düşüncələr ilə işıqlanır millət" tələbinə əməl edilmişdir.
Hadinin əksər qəsidələri məsnəvi formasında qafiyələndirilmişdir. Yəni hər beyti təşkil edən cüt misra öz arasında qafiyəcə uyğunlaşdırılmışdır.
Kupletlər də Məhəmməd Hadinin romantik şeirin poetik forma xəzinəsinə daxil etdiyi yeni janrlardandır. "Ümməhati-həyat, yaxud cinsi-lətifəyə bir baxış", "Timsali-məal, hüsnü-məhzun", "Hisviyyət təranələri" başlıqları altında toplanan kupletlər əsasən dördlüklər və beşliklərdən ibarətdir. Formaca yeni olan bu bəndlərin quruluşunda, qafiyələnməsində xalq-aşıq şeirindəkindən fərqləri üsullardan istifadə edilmişdir. Dördlüklərdə bir qayda olaraq birinci və dördüncü misralar birlikdə qafiyələndirilmiş, yanaşı gələn ikinci, üçüncü misralar isə ayrılıqda qafiyəcə uyğunlaşdırılmışdır. Bu cür qafiyələnmə üsulu Azərbaycan şeirində yeni idi:
Açıl, ey sübhi-sadiqi-millət,
Gecə geymiş həyatımızsa yetər!
Parla, ey canlı nur, canlı səhər,
Ərisin bizləri udan zülmət!
Bəzən ədəbiyyatşünaslıqda kupletlər M.Hadinin "müvəffəqiyyətsiz forma axtarışlarına misal" hesab edilmişdir. Doğrudan da bəzi misralardakı natamamlıq, vəzndəki dəyişkənlik və s. kupletlərin forma sarıdan nöqsanı sayıla bilər. Lakin Hadinin dördlüklərində misraların bütövlüyü və vəzni pozulmamışdır. Sərbəstlik beşliklərdə nəzərə çarpır ki, bu da şairin poetik forma sahəsində klassik ənənədən müəyyən qədər ayrılmaq, orijinal yol tutmaq cəhdlərindən irəli gəlmişdir. Əslində, romantiklərin hamısı bu cür cəhd göstərmiş, özlərinin yaradıcılıq dəst-xəttinə uyğun gələn yeni janrlarda yazmağa can atmışlar. Hadinin də yaradıcılığında bu cəhdin uğurlu təzahür etdiyi məqamlara təsadüf edirik. O, elə beşlik kupletlər də yaratmışdır ki, onlarda yarımçıq misralar və ya vəzn dolaşıqlığı yoxdur:
Ana! - Eylər hüququnu pamal,
Üzünə, həqqinə çəkər pərdə,
Olmuş ikən südünlə pərvərdə.
O səbəbdən ki, cəhreyi-amal.
Məhəmməd Hadi lirikasının vəzni də onun təmtəraqlı bədii üslubunu tamamlayır. Şairin heca vəznində yazılmış şeiri yox dərəcəsindədir. O, şeirlərini əsasən əruz vəzninin rəngarəng bəhrələrində yazmışdır. Çünki əruz vəzni təmtəraqlı üslub üçün münbit şərait yaradırdı. Vəzndən irəli gələn yüksək ahəng, ağır poetik ləngər, vurğu və ibarə, dəbdəbəli dil Məhəmməd Hadinin üslubu ilə çulğalaşır. Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədovun haqlı olaraq dediyi kimi, Məhəmməd Hadi əruz vəzninin təntənəli bəhrələrinə müraciət etməklə şeirlərinə coşqunluq gətirmişdir. Həqiqətən bu vəzn Hadi şeirinin parlaq bədii üslubunu tamamlamışdır.
Novatorluq yollarındakı belə axtarışlar Məhəmməd Hadi yaradıcılığının başlıca məzmununu və əsas istiqamətlərini təyin etmiş, zəngin ənənələrə malik olan ədəbiyyat tariximizdə qüdrətli sənətkar kimi fəxri yer qazandırmışdır. Məhəmməd Hadinin yaradıcılığı Azərbaycan şeirində Füzuli ilə Səməd Vurğun arasında xüsusi mərhələ təşkil edir. Bütün bənzərsiz cəhətləri, özünəməxsusluqları ilə bir sırada Hadi şeiri klassik lirikadan yeni şeirə keçidə, hazırlıq baxımından da mühüm əhəmiyyət kəsb edir. Məhəmməd Hadinin simasındakı Azərbaycan şairi Füzulini inkar etmədən, onu forma və məzmunca bir qədər yeniləşdirərək klassik şeirdən yeni şeir mərhələsinə keçə bilmişdir.