Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu-85
Elmsiz inkişaf yoxdur! Bu, az qala, dünya yaranandan bilinən bir həqiqətdir. Dünyanı qısa bir vaxt ərzində, yəni cəmi bir neçə min ildə ilksəl düşüncə və yaşam tərzindən çağımızın möcüzəyə bənzər mürəkkəb texnika və texnologiya şəbəkəsinə, kainata uzanan araşdırma qüdrətinə yetirən elmdir.
Söz yox, bu gəlişmədə yükün ağırlığını təbii və ya dəqiq elmlər daşımışdır. Buna görə də bilik aləmində, təhsil sistemində bəzən humanitar elmlərin yetərincə dəyərləndirilmədiyi hallarla da qarşılaşırıq.
Bunun kökündən yanlış bir yanaşma olduğunu sübuta ehtiyac yoxdur, çünki əslində, yalnız elmin əsl mahiyyətini, tarixin inkişaf məntiqini və fəlsəfəsini bilməyən adamlar dəqiq elmlərlə humanitar elmlərin bir-birinə nə qədər bağlı olduğunu, bir-birinin inkişafına təməldən necə yardım etdiyini görməyə bilərlər.
Humanitar elmlərin önəmini azaltmaq, bu sahəyə ikinci dərəcəli bir iş kimi baxmaq meyilləri bizdə də olmuşdur.
Elmin maliyyələşdirilməsi məsələsi gündəmə gələndə Elmlər Akademiyası və humanitar institutların xidmətini dərk etməyənlərin tərəddüdləri dediyimizin təsdiqidir.
Vaxtilə müstəqil dövlətin və millətin inkişafında elmin müqayisəsiz rolunu anlamayanların bütünlüklə Milli Elmlər Akademiyasının fəaliyyətini şübhə altına almaq və bu sahəni universitetlərə daşımaq çağırışlarını da eşitmişik. Halbuki, bir çox dövlətlərin elmə bizdən 8-10 dəfə artıq vəsait ayrıldığını də bilirik və inkişaflarını məhz elmə bu cür yanaşmalarına borcludurlar.
Eyni yolu biz də keçməliyik və nə qədər qəribə görünsə də, ilk növbədə, humanitar elmlərimizin inkişafı qayğısına qalmalıyıq.
Bunun bir çox səbəbi var: birincisi, dəqiq elmlərin hər bir sahəsi artıq ayrı-ayrı dövlətlərin monopoliyası olmaqdan çıxıb; axtarış, inkişaf müxtəlif ölkələrdə paralel gedir və əldə olunan nəticələr tezliklə Yer kürəsinin ümumi malına çevrilir; bizim kimi ölkələrin bu elmlərin inkişafına qatqısı o qədər böyük deyil, bir daha çox köməkçi mövqeyindən çıxış edirik. Söz yox, bəzən istisnalar da olur.
İkincisi, texniki elmlərin dili ümumidir, fiziklər, riyaziyyatçılar, kimyaçılar ümumi bir gəlişmə səviyyəsinə əsaslanaraq çalışırlar və bizim axtarışlarımızın sonuclarından asılı olmayaraq dünya bu elm sahələrini irəli aparır.
Lakin humanitar elmlərimizin taleyi bütövlüklə bizim özümüzdən asılıdır. Dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya və s. elmlərimizi biz özümüz yazmalı, özümüz araşdırmalıyıq. Nəzərə almalıyıq ki, uzun müddət bu elm sahələrinin də taleyi bütövlüklə bizim əlimizdə deyildi, tədqiqatlar bəlli imperiyanın marağına xidmət edirdi, bəlli ideoloji sistemin prinsiplərindən kənara çıxa bilməzdi. Mənəvi dəyərlərimizi onu görməzdən gələn, inkar edən, saxtalaşdıran, əzib məhv etməyə çalışanların istəyinə və tələbinə uyğun araşdırmalı və təqdim etməli idik.
Dilimiz, ədəbiyyatımız və tariximiz bu yanaşmanın ağır zərbələrini alıb; yaralarımızı sağaltmaq, yanlış nəzəri qəliblərdən xilas olmaq və öz ruh aləmimizə qayıtmaq yüksək hazırlıq, dərin elmi düşüncə və əzmkarlıq istəyir.
Azərbaycanın humanitar elmləri indi bu yoldadır.
Tələbəlik illərimdən başlayaraq "Ədəbiyyat və incəsənət" qəzetində ədəbi işçi, sonra "Yazıçı" nəşriyyatında naşir, sonra Mətbuat və İnformasiya naziri, 25 il millət vəkili olsam da, Azərbaycanın Milli Elmlər Akademiyası mənə həmişə doğma olub, bura öz evim, ocağım, fikrimizin zirvəsi, məbəd kimi baxmışam.
Dil və ədəbiyyat institutları ayrılmazdan əvvəl Nizami Muzeyinin üst qatında yerləşirdi və mənim orta məktəb müəllimim də oranın aspirantıydı, ara-sıra onun yanına gedib-gəlirdim. Bu, mənim Akademiyanın elmi instutları ilə ilk tanışlığım idi. Sonra "Sabir poeziya günləri"ndə ilk şeirlərimdən birini dinləyən Nizami Muzeyinin direktoru, professor Abbas Zamanov məni muzeyə çağırıb söhbət etdi, tez-tez görüşdük və demək olar ki, dostlaşdıq.
Lakin Akademiya ilə əsl bağlılığım universiteti bitirəndən sonra başladı. "Ədəbiyyat və incəsənət" qəzetində ara-sıra kitablar haqqında resenziyalar, ədəbi mühitimiz haqqında məqalələr yazırdım, qəzetə gələn tanınmış yazıçılarla, ədəbiyyatşünas alimlərlə görüşürdüm...
Universiteti fərqlənməylə bitirdim. Günlərin birində işlədiyim şöbənin müdiri, şair-tənqidçi Ayaz Vəfalı mənə dedi ki, Ədəbiyyat İnstitutunun folklor şöbəsinin müdiri, professor Məmmədhüseyn Təhmasib səni yanına çağırır, get görüş. "Yəqin, qəzet üçün yazı hazırlayacağam!" - deyə düşündüm və Akademiyanın indiki binasında Təhmasib müəllimi tapdım. Yazı verən adama oxşamırdı; məni institutun direktoru, professor Mirzəağa Quluzadənin yanına apardı və "Mirzəağa müəllim, mən Sabirin "Ədəbiyyat və incəsənət" qəzetindəki yazılarını izləyirəm, istedadlı oğlandır, onu bizim şöbənin aspiranturalığına məsləhət bilirəm", - dedi. Mirzəağa müəllim: "Mənə də rast gəlib yazıları, bizim müdafiə edənlərimizin adını illərlə mətbuatda görmürük, amma bunun qələmi işləyir, yoxsa tənqidçidir, etirazım yoxdur" - deyə razılığını bildirdi.
Beləliklə, mən payız imtahanlarında ədəbiyyat və fəlsəfədən əla, xarici dildən yaxşı qiymət alıb, aspiranturaya girməyə ən real namizədlərdən biri oldum. Beş nəfər imtahan versə də yalnız bir nəfərin qiyməti mənimlə bərabər idi: şair Zeynal Xəlilin oğlu Rzanın. İnstitutdakı qohumlarının ona kömək elədiklərini bilirdim. Buna baxmayaraq, məni də kənarda qoymaq istəmirdilər. İş mürəkkəbləşdi, axırda Mirzəağa müəllim bizi Akademiyanın Rəyasət Heyətinə, humanitar elmlər üzrə vitse-prezident, Akademik Məmməd Arif Dadaşzadənin yanına apardı. Məmməd Arif sənədlərlə tanış oldu, bizi danışdırdı və qərarını verdi: bir aspirant yerimiz var, o da Sabirindir, çünki həm fəlsəfədən, həm ədəbiyyatdan əla alıb. Rza bu fənlərin birindən dörd alıb, onu da götürmək istəyirsinizsə yaz üçün ayrılmış bir aspirant yerini irəliyə çəkməyimizə icazə verərik.
Bu gün Nizami adına Ədəbiyyat İnstitutuna rəhbərlik edən akademik İsa Həbibbəyli ilə də o vaxt, birgə oxuduğumuz illərdə dostlaşmışdıq. O vaxtdan mən həmişə özümü, harda işləməyimdən asılı olmayaraq, həm də Ədəbiyyat İnstitutunun əməkdaşı sayıram.
Yazıçılar İttifaqındakı, onun orqanı olan "Ədəbiyyat və incəsənət"dəki mühitlə, Nizami adına Ədəbiyyat İnstitutunun mühiti bir-birindən fərqliydi. Qəzetdə mübahisə və müzakirələrlə dolu olan canlı bir həyat vardı. Tanınmış şair və naşirlərimizin, sənət adamlarının bir ayağı qəzetdəydi; həftənin bir gününü mətbəədə keçirirdik. Ədəbiyyat İnstitutunda isə doğrudan da bir məbəd sakitliyi vardı. Ədəbi tənqidin və ədəbiyyatşünaslıq elmimizin nəhəngləri olan Mirzəağa Quluzadə, Məmməd Cəfər, Məmmədhüseyn Təhmasib, Kamal Talıbzadə, Yaşar Qarayev, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Qasım Qasımzadə...
Bu adlarsız bugünkü ədəbiyyatşünaslıq elmimizi təsəvvür etmək olmaz. Bu adamların və onların yolunu davam etdirən, sonralar elm sahəsində yüksələn gənc alim və aspirantların institutda toplanması təsadüf idi, yoxsa ciddi bir seçimin nəticəsiydi, - deyə bilmərəm. Daxildəki münasibətlər məni az maraqlandırırdı; çünki onların hamısı mənim gözümdə sanballı və dəyərli adamlar idi.
Ali məktəblərdə çalışanların normal olmayan yüksək dolanışığı və imkanları ilə müqayisədə çox ciddi şərtlər altında, ehtiyac içində yaşayan bu insanları mən əsl elm fədailəri hesab edirəm.
Ədəbiyyat İnstitutunun bizim ictimai fikir tariximizdəki yerini dəyərləndirmək üçün əsrin 20-30-cu illəri ilə indiki günlərimiz arasında müqayisə aparmaq yetərlidir.
Firidun bəy Köçərlidən, Əli Nazimdən Əmin Abiddən bu günə ədəbiyyatşünaslığımızın keçdiyi yol - sözün əsl mənasında, nəhəng, inanılmaz bir yüksəliş yoludur.
Ədəbi tənqid, folklorşünaslıq, mətnşünaslıq, ədəbi əlaqələr, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, müasir ədəbiyyat... demək olar ki, bu illərlə doğulub formalaşmış sahələrdir və institutda bu araşdırma yönlərinin təməli qoyulmuş, nəzəri əsasları hazırlanmışdır..
Klassiklərimizin əlyazmalarının axtarılıb üzə çıxarılması, incələnməsi, nəşri, ədəbiyyatımızın dövrləşdirilməsi, təxminən 1500 ildə bədii sözümüzün yaratdığı müxtəlif nəzəri-fəlsəfi fikir axınları; ədəbiyyatımızın qonşu xalqların ədəbiyyatları ilə əlaqələri - bunlar hamısı birbaşa Nizami adına Ədəbiyyat İnstitutunun ardıcıl elmi fəaliyyətinin bəhrəsidir.
Ədəbiyyat İnstitutunun gördüyü iş, yalnız bir elmi axtarış və nəzəriyyə işi deyildir; həm də ümummilli təfəkkürün, əxlaq və mədəniyyətin, milli şüurun formalaşmasında böyük rol oynayan siyasi, ictimai və vətəndaşlıq işidir.
Millət yetişdirdiyi insanların tarix boyu hansı söz möcüzələri yaratdığını eşitdikcə, bildikcə, öz ədəbi-bədii irsinin nə qədər zəngin olduğunu dərk etdikcə, böyük yazarlarının əsərlərini oxuyub, onların dünyada nə boyda təsir buraxdığının şahidi olduqca mənən böyüyür və dünya xalqları arasında başıuca gəzir.
Ədəbiyyatşünaslıq elminin nəticələri bu gün həm təhsilimizin, həm milli ideologiyamizin əsasında dayanır.
Mirzəağa Quluzadə, Məmməd Cəfər, Əziz Mirəhmədov, Yaşar Qarayev, Bəkir Nəbiyev... Ədəbiyyat İnstitutunun direktorları həm alim, həm insan kimi ən yüksək hörmətə layiq adamlar olublar. Bu gün onların yolunu akademik İsa Həbibbəyli ləyaqətlə, yüksək peşəkarlıqla, tükənməz enerji ilə davam etdirir.
Ədəbiyyat İnstitutu İsa Həbibbəylinin doğma ocağıdır. Orda müdafiə edib, Naxçıvan Universitetinin rektoru olanda da institutla əlaqələrini heç vaxt kəsməyib.
Bakıya gələndə onun görüşünə tələsdiyi, vaxtının azlığına-çoxluğuna baxmadan əhvalını öyrənməyi özünə borc bildiyi insanlardan biri, bəlkə də birincisi akademik Məmməd Cəfər idi.
O, Məmməd Cəfəri də, Cəlil Məmmədquluzadə kimi, millətin mənəvi dünyasının memarlarından biri kimi, ata kimi, ruh qohumu kimi sevirdi. Bu, həm də onun Ədəbiyyat institutuna münasibətindən irəli gəlirdi.
Beləlikə, tale gənclik dostum İsa Həbibbəylini Naxçıvandakı uzun pedaqoji və quruculuq fəaliyyətindən sonra yenidən Akademiyaya, Ədəbiyyat İnstitutuna qaytardı.
"Quruculuq fəaliyyəti"ni özəlliklə vurğulamağım səbəbsiz deyil.
İsa Həbibbəyli zorla, başqalarının köməyi ilə bir dissertasiya yazıb müdafiə etməklə vəzifəsini bitmiş sayanlardan fərqli olaraq, Naxçıvanda yaşaya-yaşaya Bakının elmi-ədəbi mühiti ilə həmişə bağlı olub, mətbuatda ardıcıl çıxışlar edib, illər boyu ədəbiyyat mərkəzlərinin xəbərsiz olduğu mətnləri, əlyazmalarını, klassiklərimizin adı və yaradıcılığı ilə bağlı mühüm bilgiləri, insanları tapıb üzə çıxarıb, ardıcıl şəkildə kitablar nəşr etdirib. Bir insanın öz mühitində ən yüksək elm və şöhrət zirvəsinə yüksəlməsi üçün bunlar da bəs edərdi. Lakin İsa Həbibbəylinin başqa həmkarlarından fərqi həm də elmin və pedaqoji işin çox bacarıqlı bir təşkilatçısı olmasıdır. Bu da özəl bir istedad və qabiliyyətdir. İsa Həbibbəyli fitrətdən gələn bir quruculuq eşqi və fədakarlıqla Naxçıvan Dövlət Universitetində bir örnək yaratdı. Rektorluq illərində o, Naxçıvan Universitetini respublikanın mühüm milli-mənəvi, ictimai-fikir mərkəzlərindən birinə çevirdi, bir neçə köhnə binada yerləşən ali məktəbin yerində əsl universitet şəhərciyi qurdu və bu universitetlə yaxın-uzaq ölkələrin universitetləri ilə sıx əlaqələr yaratdı. Çətin şəraitdə onun başçılıq etdiyi təhsil ocağı Naxçıvan gənclərinin cazibə mərkəzi oldu və onların təhsil alıb, doğma ocaqlarına əbədilik bağlanmalarına şərait yaratdı.
O vaxt Naxçıvan Respublikasına yolu düşən hər kəs bunun şahidi olmuşdur.
İsa Həbibbəyli və onun həmkarlarının Naxçıvanda yaratdıqları elm və təhsil mühiti sayəsində burada heç vaxt özünü əyalətdə hiss etmirsən; Naxçıvan həmişə ölkəmizin ən mühüm elm, təhsil, mədəniyyət, iqtisadiyyat mərkəzlərindən biri olaraq qalıb.
Həmin quruculuq havasını, elmimizin, təhsilimizin, mədəniyyətimizin, dövlətçiliyimizin inkişafı yolunda heç bir fədakarlıqdan çəkinməmək vərdişi və xarakteri sonra İsa Həbibbəylini Bakıya, Milli Elmlər Akademiyasına gətirdi. Onun Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti olduğu illərdə gördüyü işlərin hamısını sadalamaq imkan xaricindədir. Bunu Akademiyanın işçiləri daha yaxşı bilirlər. Lakin bu şey mübahisəsizdir. Onun gəlişi ilə Akademiyaya yeni hava gəldi; Nizami adına Ədəbiyyat İnstitutunda yeni şöbələr yaradıldı, institutun əlaqələri genişləndi, burda ədəbiyyatın canlı havası gücləndi və institut ölkəmizin siyasi, ictimai, mədəni həyatı ilə daha sıx bağlandı; çağdaş ədəbiyyatımıza diqqət artdı və nəhayət, müstəqillik dövrü ədəbiyyatı haqqında ikicildlik tədqiqat hazırlanıb nəşr edildi. İnstitut ölkənin ali qanunvericilk orqanı və beynəlxalq parlament sistemi ilə əlaqələr yaratdı. Bütün bunları birbaşa akademik İsa Həbibbəylinin xidmətləridir.
İsa Həbibbəylinin şəxsi təşəbbüsü ilə ədəbiyyat tariximizin dövrləşməsinin yeni konsepsiyası hazırlanmış, bu konsepsiya əsasında "Azərbaycan Ədəbiyyatı tarixi" oncildliyinin ilk cildi çapdan çıxmışdır.
Ədəbiyyat İnstitutunun yubileyi ərəfəsində humanitar elmlərimiz qarşısında duran vəzifələrdən də danışmaq olardı. Ədəbiyyat tariximizin daha dərindən öyrənilməsi, qədim əlyazmaların toplanması və nəşri, bu məqsədlə mütəxəssislərin yetişdirilməsi, türk dünyası ədəbiyyat tarixinə ortaq baxış və bu sahədə mövcud olan sorunların çözüm yolları üçün proqramların və kadrların hazırlanması...
Məncə, İnstitut öz yubileyini ciddi yaradıcılıq uğurları ilə qarşılayır. Bizə uğurlar diləmək qalır...
Ədəbiyyat qəzeti, 13 noyabr, 2-18-ci il