Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Güney Azərbaycan şair və nasiri Zöhrə Vəfayi - Pərvanə Məmmədli

09-01-2023 [ 11:30 ] [ oxunub:141 ]
printerA+ | A-
103006

Zöhrə Vəfayinin Güney Azərbaycan ədəbiyyatı sahəsində özünəməxsus xidmətləri var. Tanınmış jurnalist, şair və nasirdir.

Təbrizdə doğulan Zöhrə Vəfayi Səttari ilk və orta təhsilini bu şəhərdə tamamladıqdan sonra Tehran Universitetinin Filoloji fakültəsinə daxil olub. İlk qələm təcrübəsinə 1973-cü ildə başlayıb, elə həmin ildə də "Azərbaycan nağılları" adlı ilk əsəri çap olunub. Güney Azərbaycanın çox dəyərli satirik jurnalı olan və iki dildə yayınlanan (farsca və türkcə) "Çuvaldız"ın redaktoru olub. Qeyd edək ki, "Çuvaldız" dərgisinin Güney Azərbaycan satirik ədəbiyyatının və jurnalistikasının gəlişməsində böyük rolu olub. Z.Vəfayinin bir neçə qələm yoldaşları ilə birlikdə çıxardıqları "Çuvaldız" dərgisi üç il çap olunandan sonra nəşrinə qadağa qoyulub.

Zöhrə Vəfayi Güneydə ədəbiyyat və kültürün müxtəlif sahələrində çalışıb, əsərlər yaradıb.

Zöhrə Vəfayi Cənubda Mirzə Cəlilin klassik üslubunu memuar xatirə üslubunda davam etdirən yazıçılardandır. Onun xatirə elementinin güclü olduğu əsərlərində avtobioqrafik cizgilər çoxdur. İstər redaktoru olduğu satirik "Çuvaldız" dərgisindəki duzlu felyetonları, istərsə də xatirə-müraciət şəklindəki yazıları bunu bir daha təsdiqləyir. Onun "Məktub" əsəri memuar-xatirə silsiləsinə daxil olan ən gözəl nümunələrdəndir: Müəyyən səbəblərdən vətəni tərk etmək məcburiyyətində qalıb qürbətdə yaşayan qohumunun onu yanına səsləməsinə müəllif Mirzə Cəlilsayağı cavab verib. Özünü qol-budaqlı ağac sanan müəllif məktub müəllifinə yazır: "Torpaqdakı kök, kötüklərimi necə qırım, bəlkə özümlə götürüm?! Bəs onda onun bar budağında yuva quran quşları neynim...". Sonra isə fikrini obrazlı şəkildə ortaya qoyaraq yazır: "Mənə gəl deyirsən... Mən Muğan çölündə at çapdırmışam, Arazın suyundan içib, onun axarlığına and içmişəm. Xalxalın dumduru havasından almışam, Xəzərin suyunda əllərimi yuyub, Ərdəbilin adını özünə qaytarmaq üçün and içmişəm. Talış dağlarında qurulan komalara baş uzadıb, bir-bir yaşayanlarına salam vermişəm. Mən Kəleybərin dumanlı meşələrində Babəkə hay vermişəm. Qaradağ Elatlarına burdayam demişəm. Yurdumun güzərlərində olan kotan ağaclarda yadigar qazmışam. Miyananın düyü zəmilərində sarı bülbül kimi uçmuşam. Zəncanın əkinçisinə "yorulma, qardaşım" demişəm. Qəzvində itən-batan qardaşıma "Dayan! İtmə!" demişəm. Mən kötüyümlə bu yurdumun qarış-qarışına baş çəkmişəm. Salam verib salam almışam. Bu tanış üzləri necə tərk edim. Mən olmasam əgər, atalarımızın məzarını xəzəl basar, toz basar. Mən onları silib aydınlatmalıyam".

İnsanı kövrəldən bu sətirlər Cənubun bəlli çoğrafiyasını xatırladır. Vətəni addım-addım təsvir edən yazıçının nəsr təhkiyəsində daxili monoloq əsas yer tutur. Əsərdə nəsrdən çox, poetik deyim tərzi ilə üzləşirik.

Başqa bir əsəri, "Məktuba cavab" maraqlı məzmunu ilə diqqəti cəlb edir. Əsər xatirə, keçmişə dönük ruhlu şeirlər silsiləsindəndir. Zöhrə Vəfayi bir körpü kimi keçmiş ilə gələcək arasında dayanaraq nostalji xatirələri canlandırıb onlara güzgü tutur. "Qürbət cənnət olsa da, heç zaman doğma elin yerini vermir" fikrini xatırladıb sözünə yekun vurur.

Zöhrə Vəfayi əsərlərində Azərbaycan təbiətinin, coğrafiyasının rəngarəngliyinə geniş yer verilmişdir. Heç bir fəsildə şair təbiəti ancaq sırf gözəllik mənasında təsvir etməmiş, bəlkə onu insanın arzuları və sevinci ilə üzvi vəhdətdə götürmüşdür.

Bu bağlılıq və vəhdət çox aydın hiss olunur. Əslində, şair təbiətimizin gözəllikləri ilə mədəniyyətimizin qədimliyini, keçmişimizin ululuğunu oxucuya çatdırmağa çalışır. "Miyana"nın düyü zəmilərində sarı bülbül kimi uçmuşam; "Zəncan"ın əkinçisinə, "yorulma, qardaşım", "Qəzvin"də itən-batan qardaşıma "Dayan! İtmə!" demişəm; kötüyümlə bu yurdumun hər qarışına baş çəkmişəm, salam verib, salam almışam. Bu tanış üzləri necə tərk edim. Mən olmasam əgər, atalarımızın məzarını xəzəl basar, toz basar. Mən onları silib aydınlatmalıyam. Mən bir güzgü kimi keçmiş ilə gələcək arasında dayanmalıyam. Axı keçmişi gələcəyə göstərən lazımdır".

Görkəmli Azərbaycan şairi Səməd Vurğun yazırdı: "Məhəbbətin hakim olduğu ürəklər yağışdan sonra açılmış şəffaf və ləkəsiz bir yaz səmasını andırır ki, orada yalnız aydınlıq, al-əlvan şəfəqlər, təravət və qüdsiyyət görünür. Məhəbbət insan qəlbini süzgəcdən keçirir, ötərgi və zərərli hisslərdən təmizləyir, yaşamağın mənasını gözəlləşdirir, insanı xeyirxah olmağa, alicənab və nəcib olmağa dəvət edir". Zöhrə Vəfayinin "Nə yazım?" şeiri sevgiyə həsr olunmuş ən gözəl poeziya nümunələrindən biridir:

 

Dili dilimdəndir, amma söz almır,

Yalvarıram yuxumda bəlli qalmır

Aylar, illər ötür qapımı çalmır,

Bu dərdimə görən çarə, nə yazım?

 

Mənə yetir hər nə dərdi, kədəri

Xəncər olub yırtaydım bu qədəri

Boşlaya biləydim belə hədəri

Özgə sandığında varə, nə yazım?

 

Yol üzündə sıra duran xüdəkdən

Arzı uzun, əllər amma güdəkdən

Həsrət yükünə çevrilən ürəkdən,

Şərh olaraq min bir parə, nə yazım?

 

Zöhrə Vəfayinin qızına yazdığı "Qızım, məni bağışla" məktubu bu günümüzlə çox səsləşir. İranda hicab İslam inqilabından sonra qadınlar üçün məcburi geyim kodeksinə çevrilib. Bu məcburi örtük bir yana, ölkədə qadınlar bir çox insani haqlardan məhrum ediliblər. Z.Vəfayi özünü bir ana kimi qız övladını başqa bir məkanda və zamanda dünyaya gətirmədiyi üçün suçlu bilir. Uşaqlığı uşaqlıqda, gəncliyi gənclikdə yaşaya bilməməsinə görə qızından onu bağışlamasını istəyir. Zöhrə Vəfayi müsahibələrindən birində deyib ki, "Güney Azərbaycan türklərinin sayı 40 milyondan çox olmasına baxmayaraq, haqlarımızı müdafiə edə bilmirik. İranda həm cinsiyyətdən doğan bir bərabərsizlik var, həm də rəsmi olmayan dilimiz baxımından ikiqat zülm olunur. Elə götürək, öz anamı. Öz haqlarından belə xəbəri yoxdur. Qadınların haqları nədir, kişilərlə bərabər hüquqludur, ya yox, bilmir. İstəyirəm dünya bilsin bizim nələr çəkdiyimizi".

Ədib "Qızım, məni bağışla" əsərində bu mövzunu bədii dillə daha geniş qələmə alıb davam etdirir: "Çünki mən illər və əsrlər boyu səbr daşı olmuşam. Mən bu qadın yaşayışımda yanıb möhkəmlənmişəm. Mən də qız olduğuma görə çox sözlərdən və çox arzulardan əlimi üzmüşəm. Amma yenə də dayanmışam. Görürsən ki, mən keçmişimdən utanmıram. Çünki özümü tanımışam və özümə inamım olubdu. Mən başqalarına deyildiyi kimi, zəif, yalançı, hiyləgər, yaltaq, çox danışan, çox xərcləyən, düşüncəsiz, ağılsız olmamışam. Mən ana olduğuma görə fəxr edirəm. Bunları tək səni sevindirmək üçün yox, səni sevdiyim üçün deyirəm. Mənə inan və nəhayət, özünə inan. Sabahın tarixini sən yazacaqsan, sən yaradacaqsan.

Bu barədə artıq düşün...".

Zöhrə Vəfayinin qızına ünvanladığı məktubdan çıxarılan nəticə budur ki, Analar sıxıntısız bir şəraitdə yaşayırsa, onların bu ruh halı ailə fərdlərinə, bununla da bütün sosial cəmiyyətə müsbət təsir yaradır. Ananın rahat olması o ölkənin göstəricisidir. Haqlarından məhrum olan, təhsilləri əngəllənən, kişilər tərəfindən aşağılanan qadınları varsa, o ölkə nə qədər başqa cəhətlərilə öyünmək istəyirsə istəsin, sosial baxımdan inkişaf etmiş dövlət sayıla bilməz.

Zöhrə Vəfayi öz yaxın məsləkdaşları ilə birlikdə İranda Azərbaycan türklərinə qarşı aparılan farslaşdırmanın şovinist dövlət siyasəti səviyyəsinə qalxdığı illərdə Cənubda azərbaycançılığı qoruyaraq xalqın milli ruhunu yaşatmağa nail olmuşdur.

Zöhrə Vəfayinin Cənubi Azərbaycan ədəbiyyatı sahəsində özünəməxsus xidməti vardır.

...Və bu gün Təbriz və digər şəhərlərdə gənc qadınlar artıq küçəyə hicabsız çıxırlar. Etirazçılar qadınların hüquqlarının qorunması, polis zorakılığına son qoyulması, İranın demokratikləşməsini tələb edirlər. İranda qadınların tələbi tək hicabsız gəzmək deyil, onlar ölkədə qadın fundamental hüquqlarının tapdanması, özəl həyatlarının bütün sahələrinə müdaxilə etirazlarını ifadə edir.

SİZƏ MARAQLI OLA BİLƏR