Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA Rəyasət Heyətinin iclasında mühüm qərarlar qəbul edilib

18-01-2023 [ 09:06 ] [ oxunub:61 ]
printerA+ | A-
103020

Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş direktorları, aidiyyəti şəxslər, ali təhsil müəssisələrinin və KİV-in nümayəndələri iştirak ediblər.

Əvvəlcə AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin alimlərinin 2022-ci ildə əldə etdikləri mühüm nəticələri əks etdirən sərgiyə baxış keçirilib.

Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib.

Müzakirəyə çıxarılan birinci məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA əməkdaşlarının, elmi işçilərin, doktorant və magistrlərin, təqaüdçü alimlərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması haqqında fərman və sərəncamları, qarşıda duran vəzifələr barədə olub. Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanda elmin, ziyalılığın, təhsilin, mədəniyyətin inkişafına müstəqil Azərbaycan dövləti həmişə böyük diqqət və qayğı göstərib. Ulu Öndər Heydər Əliyevin hələ Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edərkən başlatdığı böyük iş dahi rəhbər tərəfindən müstəqillik dövründə daha da inkişaf etdirilib. Prezident İlham Əliyevin həmişə öz fəaliyyətində Azərbaycanda elmin, təhsilin, mədəniyyətin, ziyalılığın inkişafına dəstək verilməsini, qayğı göstərilməsini prioritet sahələrdən biri kimi meydana qoyduğunu deyən akademik İsa Həbibbəyli bu dəstəyin yeni imkanlar açdığını söyləyib: “Bu günlərdə cənab Prezidentin Azərbaycan cəmiyyətinin, o cümlədən ziyalı təbəqənin sosial müdafiəsinin daha da gücləndirilməsi ilə əlaqədar imzaladığı sərəncamlar içərisində elmə, təhsilə aid olan sahələr xüsusi yer tutur və bu, Akademiyaya göstərilən diqqət və qayğının parlaq ifadəsidir. Cənab Prezidentin 13 yanvar 2023-cü il tarixli Sərəncamı ilə AMEA-nın Rəyasət Heyəti və aparatının, Gəncə Bölməsinin aparatının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşlarının əməkhaqları 15 faiz artırılıb. Bundan başqa, ölkə başçının Fərmanı ilə elm və təhsil sahəsində 25 il çalışmış, hazırda işləməyən şəxslərin aylıq təqaüdləri artırılaraq elmlər doktoru elmi dərəcəsinə görə 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 300 manat müəyyən edilib. Bu məbləğ MDB ölkələri içərisində ən yüksək göstərici sayılır və bu, alimlərimizin sosial müdafiəsi sahəsində cənab Prezidentin atdığı əhəmiyyətli bir addımdır. Eyni zamanda, fəxri adlara görə aylıq təqaüdün məbləği də artırılıb və Əməkdar elm xadiminin təqaüdü 150 manata çatdırılıb. Cənab Prezidentin digər sahələrin və o cümlədən elm adamlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımın mahiyyəti Akademiyada daha dərindən başa düşülür, yüksək dəyərləndirilir”.

Prezident İlham Əliyevin əsas hədəflərindən birinin həm də yeni elmi nəslin inkişafı ilə əlaqədar olduğunu deyən AMEA rəhbəri ölkə başçısının elmlər və fəlsəfə doktorlarının, doktorantların, magistrlərin təqaüdlərinin artırılması haqqında Sərəncamlarının təkcə onların sosial müdafiəsinin gücləndirilməsinə deyil, həm də Akademiyanın gəncləşməsi prosesinin sürətlənməsinə hesablanmış addım olduğunu bildirib: “Dünya akademiyalarında, o cümlədən AMEA-da qocalma prosesinin genişlənməsindən həmişə bəhs edilib. Bunun qarşısını almaq üçün gəncləşmə prosesini sürətləndirmək lazımdır. Doktorantlar üçün indiyədək mövcud olmuş təqaüdlərin azlığı nəticəsində gənclərin Akademiyaya gəlişində durğunluq vardı. Təqaüdlərin artırılması doktorantura və magistraturada rəqabət mühitini genişləndirəcək. Əgər əvvəllər doktorantura üçün bir yerə 7-10 iddiaçı var idisə, indi bir yerə çox nadir hallarda iki namizəd olur. Gələnlər isə imkan daxilində seçilir ki, nəsillərin varisliyi təmin edilsin. Beləliklə, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda elmi işçilərin, alimlərin əməyinin stimullaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar elmə, alimə, Akademiyaya dövlət dəstəyinin bariz nümunəsidir. Bu dəstək elmdə qocalma prosesini azaltmaqla yeni elmi nəsillərin hazırlanmasına kömək edəcək, Akademiyada gəncləşmə prosesi sürətlənərək varislik əlaqələri daha sıx, yaxın təmaslar şəraitində həyata keçiriləcək. Varisliyin qorunub saxlanması işinə dövlətin dəstəyi bizə Akademiyanın sabahına daha inamla baxmağa şərait yaradır”.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarının mindən çox Akademiya işçisini, doktorant və magistrləri əhatə etdiyini söyləyən AMEA rəhbəri qeyd edib ki, insan kapitalına yönəlmiş bu siyasət elm və ziyalı faktorunun ölkədə inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir.

Rəyasət Heyətinin iclasında çıxış edən AMEA əməkdaşları ölkəmizin Prezidenti İlham Əliyevə Akademiya əməkdaşlarına, alimlərimizə, elmin inkişafına göstərdiyi böyük qayğıya görə dərin minnətdarlıqlarını ifadə edib və göstərilən dövlət qayğısına əməli işləri ilə cavab verəcəklərini bildiriblər.

Daha sonra iclasda Prezident İlham Əliyevin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Tədbirlər planı təsdiqlənib.

Sonra ayrı-ayrı elmi-tədqiqat institutlarında paralellik təşkil edən, yaxud ayrılıqda fəaliyyət göstərməsinə zərurət olmayan elmi şöbələr və sektorların işinə yenidən baxılması məsələsi müzakirə edilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bu məqsədlə elmi-tədqiqat institutlarında struktur islahatlarının aparılmasının zəruriliyindən və əhəmiyyətindən danışıb.

İclasda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi cərəyanlar sektorunun ləğv edilərək Ədəbiyyat nəzəriyyəsi şöbəsinə birləşdirilməsi barədə qərar qəbul edilib. Bundan başqa, Rəyasət Heyətinin qərarı ilə fəaliyyət istiqamətləri eyni olduğu üçün Folklor İnstitutundakı Musiqi folkloru şöbəsi ləğv edilərək, Memarlıq və İncəsənət İnstitutundakı Xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin bazasında Musiqi folkloru adlı yeni şöbə yaradılıb.

Eyni zamanda, Akademiyada Albanşünaslıq üzrə tədqiqatların vahid mərkəzdən və sistemli şəkildə tədqiq olunmasını təmin etmək məsədi ilə Memarlıq və İncəsənət İnstitutunun Alban memarlığı və incəsənəti şöbəsi Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin tərkibinə keçirilib.

İclasda AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda bir sıra dəyişikliklər edilməsi də müzakirə olunub. Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanın icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən 19 avqust 2022-ci il tarixli qərar qəbul olunub. Qərarın 2-ci bəndinə əsasən, Rəyasət Heyəti aparatının mövcud strukturunun AMEA-nın yeni strukturuna və işçilərin yeni say həddinə uyğunlaşdırılması zərurətini nəzərə alaraq, Rəyasət Heyəti aparatının yeni strukturu yaradılıb. AMEA rəhbəri diqqətə çatdırılıb ki, hazırda beynəlxalq təcrübədə elmi idarəetmə sahəsi üzrə yeni innovativ idarəetmə mexanizmlərinin tətbiqinə, kadrların potensialından daha səmərəli istifadəyə imkan verən optimal struktur modellərinin təşkili təcrübəsi Rəyasət Heyəti aparatının strukturuna, onun şöbələrinin fəaliyyət istiqamətlərinə və bundan irəli gələrək həmin şöbələrin adlandırılmasına yenidən baxılması zərurətini yaradıb.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib. Rəyasət Heyətinin qərarı ilə əlavə maliyyə vəsaiti tələb etmədən daxili imkanlar hesabına aparatın Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsi Elm və təhsil şöbəsi, Beynəlxalq əlaqələr və xaricdə elmi tədqiqatların (təhsilin) təşkili şöbəsi Beynəlxalq əlaqələr şöbəsi, Media və informasiya şöbəsi İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Kadr potensialı və təhsil şöbəsi İnsan resursları şöbəsi, Hüquqi təminat şöbəsi Hüquq şöbəsi, Ümumi şöbə Sənədlərlə iş şöbəsi, Elmi irsin və sənədlərin arxivləşdirilməsi şöbəsi isə Elmi irs şöbəsi kimi müəyyən edilib. Maliyyə şöbəsi ləğv edilərək onun bazasında Maliyyə və mühasibat şöbəsi yaradılıb.

Həmçinin iclasda AMEA-da və ölkənin digər elmi qurumlarında Qərbi Azərbaycanla bağlı aparılan elmi tədqiqatların daha sistemli və inteqrativ şəkildə təşkili məqsədilə Akademiyada Qərbi Azərbaycanla bağlı tədqiqatlar üzrə Əlaqələndirmə şurası yaradılıb. Eyni zamanda 2023-cü il üzrə AMEA-da aparılacaq elmi tədqiqat işlərinin əhatəli planı, eləcə də 2023-cü ildə AMEA-da keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfransların planı təsdiqlənib.

Daha sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.

Hesabatı təqdim edən AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik-katib, akademik Arif Həşimov bildirib ki, 2022-ci ildə Humanitar Elmlər Bölməsinin elmi müəssisələri tərəfindən 8 istiqamətin 39 problemi üzrə 98 mövzu, 504 iş üzərində tədqiqat aparılıb. 98 mövzudan 27-si, 504 işdən 240-ı tamamlanıb. Bölmənin müəssisələrində 12, kənar təşkilatlarda isə 16 mühüm nəticə əldə olunub. Bu mühüm nəticələr içərisində Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin təşəbbüsü ilə Böyük Britaniyada ilk dəfə Azərbaycan dilinin rəsmi olaraq Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin türk dili proqramının tədris yükünə daxil edilməsi xüsusi əhəmiyyət daşıyır. Oksford Universitetində Azərbaycan dilinin tədrisi dilimizin və mədəniyyətimizin təbliğindən başqa, həm də tədqiqatçıların elmi araşdırmalar zamanı Azərbaycan dilində olan materialları oxuya bilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Qeyd edilib ki, ölkə başçısının “2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli Sərəncamı AMEA alimlərinin qarşısına ciddi öhdəliklər qoyub. Ölkə Prezidentinn etimadını doğrultmaq, eləcə də 2022-ci ilin respublikamızda “Şuşa İli” elan olunmasının ictimai-siyasi, beynəlxalq-ideoloji, elmi-mədəni əhəmiyyətini təbliğ etmək məqsədilə AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələri ilə birgə fəaliyyət proqramının hazırlanıb və bir sıra təqdirəlayiq işlər həyata keçirilib. Diqqətə çatdırılıb ki, bu istiqamətdə bölmənin müəssisələrinin əməkdaşları tərəfindən “Azərbaycan ədəbiyyatşünaslıq elminin Qarabağnaməsi” adlı tam mətnli elektron məlumat bazası yaradılıb, “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”, “Şuşanamə. Şeirlər toplusu”, “Zəngəzur folkloru: milli-mədəni düşüncə və çağdaş elmi yanaşmalar. Elmi araşdırmalar toplusu”, “Şuşa şəhərinin şəhərsalma problemləri” və s. kitablar çap olunub, yerli və beynəlxalq səviyyəli konfranslar keçirilib.

Həmçinin AMEA-nın Rəyasət Heyətində “Şuşa İli”nin yekunlarına dair “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda beynəlxalq miqyaslı zirvə konfransı keçirilib. Tədbir çərçivəsində işğaldan azad olunmuş torpaqlarımız, xüsusən də Şuşa şəhəri ilə bağlı AMEA-nın elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən “Azərbaycan Milli Elmlər Akademiyasının Qarabağnaməsi (2020-2022-ci illər)” (layihənin rəhbəri akademik İsa Həbibbəyli) adlı kitab nəşr olunub, ölkənin aidiyyəti qurumları və konfrans iştirakçılarına təqdim edilib.

Bundan əlavə, Prezident İlham Əliyevin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında”  6 dekabr 2022-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar bölmənin müəssisələri tərəfindən Şuşa şəhərinin ədəbi-mədəni mühitinə, ədəbiyyatına, mədəniyyətinə, folkloruna dair elmi tədqiqat işlərinin aparılması, kitabların nəşr olunması, genişmiqyaslı tədbirlərin keçirilməsi və s. ilə əlaqədar təkliflər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilib.

Hesabat ilində, həmçinin dövlət başçısının 2022-ci ildə Azərbaycan ədəbiyyatının, ictimai fikir tarixinin formalaşmasında xidmətləri olan görkəmli xadimlərin yubileyləri ilə əlaqədar imzaladığı sərəncamlardan irəli gələrək Əhməd Cavadın 130, Hüseyn Cavidin 140, Ömər Faiq Nemanzadənin 150, Xurşidbanu Natəvanın 190 illik yubileylərinə həsr olunmuş silsilə konfransların keçirildiyi, nəşrlərin ərsəyə gətirildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, 2022-ci ildə Humanitar Elmlər Bölməsinin müəssisələrində 122 kitab (6-sı xaricdə), 80 monoqrafiya (10-u xaricdə), 2113 məqalə (279-u xaricdə, 10-u “Web of Science” və “Scopus” bazalarında) və 190 tezis (70-i xaricdə) çap olunub, əməkdaşların əsərlərinə 96 istinadın edildiyi bildirilib. Humanitar Elmlər Bölməsinin üzvlərinin (10-u akademik, 8-i müxbir üzv) isə hesabat ilində 21 kitabı, 250-dən çox məqaləsi çap olunub.

Məruzədə Bölmənin kadr potensialı və elmi kadrların hazırlanması, beynəlxalq müqavilələr, keçirilmiş beynəlxalq, respublika miqyaslı konfrans, sessiya, seminar və yubileylər haqqında məlumat, elmlə təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, təltif və mükafatlar, sosial sferada fəaliyyət barədə də məlumat verib.

 Sonra AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva AMEA-nın İctimai Elmlər Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti  haqqında hesabatını təqdim edib. Qeyd edilib ki, ötən il bölmənin müəssisələrində aparılan tədqiqatlar, əsasən “Azərbaycan 2030: sosial iqtisadi inkişafa dair Milli Prioritetlər”ə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına, eləcə də “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” sərəncamların icrasına istiqamətlənib. Bölmənin elmi tədqiqat müəssisələrinin əməkdaşları 8 Dövlət Proqramının icrasında iştirak ediblər.

Vurğulanıb ki, hesabat dövründə bölmənin müəssisələrində 36 problem, 94 mövzu, 316 iş, 168 mər­­hələ üzərində elmi tədqiqatlar aparılıb, bunlardan 27 mövzu, 246 iş, 93 mərhələ tamam­lanıb. Həmçinin bölmənin elmi tədqiqat müəssisələrində 17, kənar təşkilatlarda isə 25 mühüm nəticə əldə olunub.

Akademik Gövhər Baxşəliyeva bildirib ki, hesabat ilində bölməyə daxil olan müəssisə­lərin əməkdaşları tərəfindən araşdırılan 60-dən çox elmi tədqiqat işi Qarabağa, Şuşaya həsr edilib. Vurğulanıb ki, dövlət başçısının “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli”nin elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq, bölmənin müəssisələrində 40-dan çox tədbir həyata keçirilib ki, bunlardan 4-ü beynəlxalq, 9-u respublika  konfransı, 4-ü sərgi və 20-dən çoxu dəyirmi masa, elmi seminar olub. Sərəncam çərçivəsində bölmənin elmi tədqiqat müəssisələrində 21 kitab və monoqrafiyanın nəşr edildiyi, “Qarabağ 1822-1846: sənəd və materiallar toplusu”, “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri”, “Şuşa Bəyannaməsi və Cənubi Qafqazın yeni geosiyasi reallıqları”, “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” və s. kitabların bu qəbildən olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, “Şuşa İli” nin yekunlarına həsr edilmiş “Akademi­yanın Şuşanaməsi: Ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda “Şuşa İli” ilə əlaqədar apardıqları elmi tədqiqatlara görə bölmənin 20-dən çox əməkdaşı AMEA-nın, 40-dan çox əməkdaşı isə İctimai Elmlər Bölməsinin Fəxri fərmanları ilə təltif olunublar.

Bundan əlavə, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” ölkə başçısının Sərəncamının icrasına uyğun olaraq, bölmənin müəssisələrinin tədbirlər planının hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edildiyi bildirilib.

İctimai Elmlər Bölməsinin nəşriyyat fəaliyyətinə toxunan akademik Gövhər Baxşəliyeva hesabat ilində bölmə əməkdaşları tərəfindən 2044 əsərin işıq üzü gördüyünü, bunlardan 64-nün kitab (5-i  xaricdə), 66-nın monoqrafiya (12-si xaricdə), 1456-nin məqalə (385-i xaricdə), 447-nin tezis (172-si xaricdə) 12-nin dərslik, dərs vəsaiti və metodik vəsait, 84-nün məqalə (“Web of Science”, “Scopus” bazalarında) olduğunu diqqətə çatdırıb. Məruzəçi, o cümlədən bölmə əməkdaşlarının əsərlərinə 1316 istinadın edildiyini deyib. Bildirilib ki, bölmənin 8 akademik və 11 müxbir üzvünün il ərzində 17 kitabı (1-i xaricdə), 30 məqaləsi (25-i xaricdə) çap olunub.

Diqqətə çatdırıb ki, hesabat ilində İctimai Elmlər Bölməsinin müəssisələri tərəfindən 17 beynəlxalq konfrans, 3 beynəlxalq seminar, 1 beynəlxalq forum, 20 respublika konfransı, 44 elmi seminar, 4 elmi sessiya, 19 kitab  təqdimatı, 20-yə yaxın görüş,  47 dəyirmi masa və Elmi şuranın 71 iclası keçirilib.

Hesabat məruzəsində, o cümlədən AMEA-nın Rəyasət Heyətinin qərar və sərəncamlarının icrası ilə əlaqədar görülmüş işlər, kadr hazırlığı, elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr və qrantlar, müqavilələr, elektron elmin vəziyyəti, təltiflər və mükafatlar, elmin populyarlaşdırılması sahəsindəki fəaliyyət iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Hesabatlar dinlənildikdən sonra məruzələr ətrafında akademik Rasim Əliquliyev, akademik İbrahim Quliyev, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, akademik Muxtar İmanov, müxbir üzv Ərtegin Salamzadə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, hüquq elmləri doktoru, professor Habil Qurbanov və İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim İmanov çıxış edib, fikir və mülahizələrini bildirərək təkliflərini səsləndiriblər.

Rəyasət Heyətinin müvafiq qərarları ilə AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatlar qənaətbəxş hesab edilib və bir sıra tapşırıqlar verilib.

Sonda çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Humanitar və İctimai Elmlər bölmələri üzrə mühüm nəticələrin ötən illə müqayisədə yüksək olduğunu deyib, bölmə əməkdaşlarının ideoloji işlərlə yanaşı, cəmiyyət quruculuğu prosesində də yaxından iştirakının vacibliyini bildirib. Bölmə əməkdaşlarının impakt faktorlu jurnallarda məqalələrinin çapının artırılması işinə diqqətin gücləndirilməsi, respublika səviyyəli elmi-nəzəri seminarların keçirilməsi, həmçinin Akademiyada işıq üzü görən nəşrlərin elektron variantlarının Vikipediyada yerləşdirilməsi istiqamətində tapşırıqlarını verib.

Qısa müddət ərzində aparılan bir sıra köklü islahatlardan sonra Akademiyanın yeniləşmə mərhələsində olduğunu deyən AMEA rəhbəri milli dövlətçilik, milli maraqlar, azərbaycançılıq, vətənpərvərlik sahəsində dövlətimiz tərəfindən müəyyən edilmiş istiqamətlərin həyata keçirilməsində Azərbaycan elminin bundan sonra da öz əməli töhfəsini verəcəyinə əminliyini ifadə edib.

www.science.gov.az