Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə

10-05-2022 [ 10:24 ] [ oxunub:79 ]
printerA+ | A-
102338

Hər bir xalqın siyasi-tarixi taleyində dövlət müstəqilliyindən böyük hadisə yoxdur. Yalnız müstəqil dövlətə malik olmaqla, xalq özünü tam ifadə etmək imkanı qazanır. XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin mühüm əhəmiyyəti olmuşdur. Buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyətini davam etdirməsi xalqın bütövlüklə özünü ifadə etməsi üçün lazımi imkan yarada bilməmişdir.

18 oktyabr 1991-ci ildə yenidən bərpa olunmuş Azərbaycan Respublikasının müstəqilliyi tariximizin mühüm hadisəsidir. Uğurla öz fəaliyyətini davam etdirməkdə olan, dünya birliyində qəbul olunmuş, böyük sürətlə bütün yönləri ilə inkişaf edən müstəqil Azərbaycan dövləti xalqımızın çoxəsrlik tarixi ərzində həm ölkə daxilində və həm də beynəlxalq miqyasda milli varlığını təsdiq etməsi üçün geniş imkanlar yaratmışdır.

Qeyd etmək lazımdır ki, yeni tarixi epoxada Azərbaycanda dövlət müstəqilliyi ideyasının müəllifi və müstəqillik uğrunda mübarizənin lideri Heydər Əliyev olmuşdur. Bu, uzaqgörən dahi lider hələ sovet hakimiyyəti dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə dövlət səviyyəsində həyata keçirdiyi mühüm tədbirlərlə xalqımızı və ölkəmizi dövlət müstəqilliyinə hazırlamaq vəzifəsini qabaqcadan həyata keçirmişdir. Heydər Əliyevin rəhbərliyi ilə milli mədəniyyətin və ədəbiyyatın inkişaf etdirilməsi ilə milli şüurun formalaşdırılması, elmi və bədii əsərlər vasitəsilə milli-mənəvi dəyərlərimizin bərpası və yaşadılması, Azərbaycan dilinin 1978-ci ildə Azərbaycan Sovet Respublikasının Konstitusiyasına daxil edilməsi, Cəmşid Naxçıvanski adına hərbi məktəbi təsis etməklə azərbaycanlı hərbçi kadrlarının formalaşdırılması və sair kimi məsələlər xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlamaq missiyasını həyata keçirməyə xidmət edirdi.

Ona görə də müstəqil Azərbaycan Respublikası XX əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyi qazanmış digər keçmiş müttəfiq respublikaları ilə müqayisədə daha tez və daha sürətlə müstəqillik təsisatlarını yarada bilmişdir. Çünki həmin respublikaların dövlət müstəqilliyi elan olunduqdan sonra atdıqları müstəqillik üçün zəruri olan addımları Heydər Əliyev Azərbaycanda hələ sovet hakimiyyəti illərində həyata keçirmişdir.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə gəlməsi ilə dövlət müstəqilliyi ilə zamanın meydana çıxardığı fərqli problemlərin: vətəndaş müharibəsi təhlükəsinin, ölkəmizin ərazi bütövlüyünün parçalanması cəhdlərinin aradan qaldırılması, qanunsuz silahlı birləşmələrin ləğv edilməsi, dövlət çevrilişi cəhdlərinin dəf olunması gənc müstəqil Azərbaycan dövlətinin siyasi taleyini həll etmişdir.

Əksinə, Heydər Əliyevin 1982-ci ildən sonra SSRİ rəhbərliyində yüksək vəzifə tutması və istefaya göndərilməsindən sonra ölkəmizdə olmadığı illər haqlı olaraq Azərbaycan tarixində itirilmiş mərhələ hesab olunur. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə "itirilmiş illərin" boşluğu doldurulmuş, ölkəmizin siyasi həyatında və iqtisadiyyatında baş vermiş dərin böhran aradan qaldırılmışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev ilk növbədə Azərbaycan Respublikasının siyasi suverenliyinin qəti şəkildə təsdiq olunması məsələsini həll etmişdir. Məlum olduğu kimi, 18 oktyabr 1991-ci il tarixdə Azərbaycan Respublikasının Müstəqillik Aktı imzalansa da, ozamankı səriştəsiz iqtidarın uğursuz fəaliyyəti nəticəsində xalqımız dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmışdır. Qarşıda ancaq sözdə ifadə olunmuş müstəqilliyi böyük siyasətdə və gerçək həyatda isbat etmək lazım idi. Müstəqillik tariximizin ən həssas və məsuliyyətli vəzifəsi olan bu çətin, mürəkkəb və şərəfli missiyanı görkəmli dövlət xadimi Heydər Əliyev həll etmişdir.

Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev ilk növbədə cəmiyyətin çoxpartiyalı siyasi sistem əsasında yenidən qurulması işini həyata keçirmişdir. SSRİ kimi qüdrətli bir dövlətin təkpartiyalı sisteminin əsas liderlərindən biri olan Heydər Əliyev müstəqillik dövründə çoxpartiyalı cəmiyyət quruculuğunda da böyük səriştə nümayiş etdirmişdir. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə, 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasını təsis edərək bu siyasi təşkilata rəhbərlik etməsi ölkəmizdə çoxpartiyalı sistemin formalaşdırılmasına xidmət göstərmişdir. Heydər Əliyevin 3 oktyabr 1993-cü ildə yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçilənədək Yeni Azərbaycan Partiyasının müxalifət partiyası kimi fəaliyyət göstərməsi siyasi bir təşkilatın dövlət müstəqilliyinin möhkəmləndirilməsi uğrunda necə mübarizə aparmasının nümunəsini əks etdirmişdir. Beləliklə, müstəqillik şəraitində iqtidar-müxalifət rəqabətinin sağlam əsaslarla inkişaf etdirilməsinin ibrətamiz addımları atılmışdır. Heydər Əliyev 1993-cü ildə ölkə rəhbəri vəzifəsinə seçildikdən sonra da gənc müstəqil dövlətin çoxpartiyalı əsasda formalaşdırılması istiqamətində düşünülmüş tədbirlər həyata keçirmişdir.

Azərbaycan Respublikasında müstəqil dövlətin Konstitusiyasının hazırlanması, ümumxalq müzakirələrinin təşkil edilməsi və referendum yolu ilə qəbul edilməsinə nail olması ölkəmizdə siyasi suverenliyin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi yollarında həyata keçirdiyi möhtəşəm siyasi aktdır. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi dövlət müstəqilliyinin hüquqi-demokratik əsasda formalaşdırılmasına, suveren dövlətin mahiyyətinin dünyaya bəyan olunmasına, fəaliyyətinin tənzimlənməsinə və istiqamətləndirilməsinə görkəmli dövlət xadiminin böyük xidmətidir. Təsadüfi deyildir ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan tarixinə Heydər Əliyev Konstitusiyası kimi daxil olmuşdur.

Ölkəmizdə siyasi suverenliyin təmin edilməsində demokratik seçki sisteminin təşkil edilməsi də mühüm rol oynamışdır. Azərbaycan xalqının 3 oktyabr 1993-cü il seçkilərində birmənalı şəkildə Heydər Əliyevin tərəfində olduğunu açıq-aşkar bəyan etməsi və seçkilərdə çox mütəşəkkil şəkildə iştirak etməsi ilə ölkəmizə demokratik seçkinin sovet hakimiyyəti dövründəkindən fərqli bir modelini gətirmişdir. Bununla belə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə ölkəmizin parlamentinə çoxpartiyalı əsasda keçirilmiş seçkilər siyasi suverenliyimizin mühüm göstəricilərindən birinə çevrilmişdir. Məhz 1995-ci ildə Milli Məclisə keçirilən seçkilər əsasında müxtəlif sosial-siyasi qrupların maraqları ilə Azərbaycanda ilk çoxpartiyalı parlament formalaşmışdır. İqtidar partiyasının mütləq üstünlük qazandığı Milli Məclisdə həm də müxalifət partiyalarının təmsil olunması gənc hüquqi-demokratik dövlətin simasını müəyyən etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə senzuranın ləğv olunması da müstəqillik yollarında azad sözə, fikir müxtəlifliyinə - plüralizmə, aşkarlıq və demokratiyaya açılan qapı idi.

Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin də möhkəm əsaslarını yaratmışdır. Ulu Öndərin 20 sentyabr 1994-cü ildə imzaladığı "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi müstəqilliyinin manifesti hesab edilməyə layiq olan mühüm tarixi hadisədir.

"Əsrin müqaviləsi" dünya ölkələrinin müstəqil Azərbaycan Respublikasını tanımaları, dostlarımızın və tərəfdaşlarımızın daha da artması baxımından da əhəmiyyətli olmuşdur. Məhz "Əsrin müqaviləsi"nin açıdığı geniş imkanlar müstəqil dövlətimizin iqtisadi müstəqilliyinin təmin olunmasına misilsiz töhfələr verməkdədir.

Bundan başqa, Heydər Əliyevin əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Naxçıvan ərazisində və sonra ölkə Prezidenti olaraq bütövlükdə Azərbaycan Respublikası miqyasında həyata keçirdiyi torpaq islahatları iqtisadi müstəqilliyimizin təmin edilməsinin qarantına çevrilmişdir. Bu, nəinki əsasən aqrar ölkə olan Azərbaycanda, o cümlədən geniş mənada əsasən torpaq mülkiyyətinə əsaslanan Şərq mühitində dövlət səviyyəsində həyata keçirilmiş ilk torpaq islahatları kimi də iqtisadi tariximizdə mühüm yer tutur.

Eyni zamanda, Heydər Əliyev sovet dövründə Azərbaycanı 15 müttəfiq respublika arasında axırıncı yerlərdən qabaqcıl, hərtərəfli şəkildə inkişaf etmiş respublika səviyyəsinə qaldırmışdır.

1993-cü ildə prezident seçkiləri ərəfəsində də ölkəmiz siyasi və iqtisadi cəhətdən ağır böhran içərisində idi. Ulu Öndər Azərbaycanın ozamankı çətin vəziyyətini 23 sentyabr 1993-cü ildə Azərbaycan Elmlər Akademiyasında ziyalılarla görüşündə aşağıdakı kimi təqdim etmişdir: "İndi respublika dağılmaq vəziyyətindədir. Təəssüf ki, dənizdə qasırğanın dağıtdığı gəmini dalğalar sahilə atmışdır. Həmin gəmini yenidən tikmək, elə vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə çıxa bilsin. Belə bir vəziyyətdə gəlib məsuliyyəti öz üzərimə götürmək, şübhəsiz ki, şəxsi nöqteyi-nəzərdən yanaşılsa, lazımlı şey deyildir. Amma məsələyə bütövlükdə xalqın, respublikanın mənafeyi baxımından yanaşaraq Ali Sovetin Sədri vəzifəsini aparmağa etiraz etməmişəm".

Görkəmli dövlət xadimi Heydər Əliyev "dənizdə qasırğanın dağıtdığı" Azərbaycanı iqtisadi cəhətdən yenidən quraraq dirçəltməyə nail olmuşdur. Bununla o, müstəqil Azərbaycana aid olan fərqli bir gəminin qüdrətli sükançısı vəzifəsini böyük bacarıqla yerinə yetirmiş, ölkəmizi yeni sahillərə çıxarmışdır.

Ölkəmizdə planlı sosialist təsərrüfatından sərbəst bazar iqtisadiyyatına keçilməsi və beləliklə, özəl sektorun yaradılması ilə iqtisadi müstəqilliyin yeni sistemi yaradılmışdır. Bütün bunların ölkəmizin iqtisadiyyatına gətirdiyi fərqli münasibətlər, gəlirlər, mənfəətlər iqtisadi müstəqilliyimizin təmin edilməsinin əsaslarını təşkil edir. Deməli, Heydər Əliyev respublikamızda bazar iqtisadiyyatına keçid proqramının da müəllifi olmuşdur.

Müstəqil dövlətin formalaşdırılması və inkişaf etdirilməsi baxımından müstəqillik dövrünün ordu təsisatlarının yaradılması, Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsə nail olunması ilə Heydər Əliyev ərazi bütövlüyümüzün təmin edilməsi üçün zəruri addımları atmış, dövlət təhlükəsizliyinin möhkəm təməllərini yaratmışdır. Bu, Qarabağ münaqişəsinin həlli baxımından da həlledici faktorun həyata keçirilməsi deməkdir. Görkəmli dövlət xadiminin ayrı-ayrı qruplara məxsus olan həvəskar batalyonları ləğv edərək vahid komandanlığa tabe olan mütəşəkkil, nizamlı ordu yaratması müstəqil dövlətin hərb siyasətinin qətiyyətlə həyata keçirilməsini təmin etmişdir.

Heydər Əliyevin start verdiyi və strategiyasını müəyyən etdiyi İpək yolu layihəsi beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması ilə nəticələnmişdir. Bir qədər sonra ölkəmizin ərazisində yaradılmış müxtəlif nəqliyyat dəhlizləri Heydər Əliyevin İpək yolu strategiyasının töhfələridir. Məhz Heydər Əliyevin İpək yolu strategiyası Azərbaycanın qədim İpək yolunu bərpa edərək beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmasına şərait yaratmışdır.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının milli dövlətçilik ideologiyasının yaradıcısıdır. Azərbaycançılıq ideologiyası Heydər Əliyevin müstəqillik ideallarının ümumiləşdirilmiş siyasi-ideoloji əsasıdır. Azərbaycançılığın dövlət ideologiyası kimi müəyyən edilməsi dövlətçilik baxımından Ümummilli Lider Heydər Əliyevin kəşfidir. XIX əsrin ikinci yarısında mətbuatda meydana çıxmış, sonra isə XX əsrin əvvəllərində ədəbiyyatda daha da inkişaf etdirilmiş azərbaycançılıq ideyaları ilk dəfə olaraq müstəqillik dövründə Heydər Əliyev tərəfindən dövlət ideologiyası səviyyəsinə qaldırılmışdır. Azərbaycan dövlətçiliyi, Azərbaycan dili və Azərbaycan xalqı anlayışları, müstəqil respublikamızın dövlət

rəmzləri Heydər Əliyevin azərbaycançılıq ideologiyasının üzvi tərkib hissələridir. Məhz Heydər Əliyevin timsalında Azərbaycan dili və Azərbaycan xalqı anlayışları Azərbaycan Respublikasındakı oborogen xalqı, habelə digər bütün xalqları və azsaylı etnik qrupları özündə birləşdirən, onların hamısı tərəfindən eyni dərəcədə qəbul edilən məfhumlardır. Eyni zamanda, Azərbaycan dili və Azərbaycan xalqı anlayışları xalqımızın dilinin və milli mənsubiyyətimizin aid olduğumuz böyük dil ailəsindəki özünəməxsus yerini və mövqeyini də obyektiv şəkildə müəyyən etməyə imkan yaradır. Elmi cəhətdən düzgün olan bu yanaşma siyasi baxımdan da mühüm gerçəkliyin ifadəsi olub, həm də ölkəmizdə siyasi sabitliyin, cəmiyyətdə vəhdət və harmoniyanın da həyata keçirilməsinə təminat verir.

Müstəqil Azərbaycan dövlətinin xarici siyasət kursu da görkəmli dövlət xadimi tərəfindən müəyyən olunmuşdur. Heydər Əliyev Azərbaycanın xarici siyasətində tarazlaşdırılmış dövlət siyasəti təliminin müəllifidir. Dövlət müstəqilliyinin başlanğıc mərhələsində hakimiyyətdə olmuş səriştəsiz, naşı və süni utopik iddialara malik Azərbaycan iqtidarının yanlış hərəkətləri və səhv bəyanatları sayəsində həm qonşu dövlətlərlə və həm də digər ölkələrlə gənc respublikanın münasibətlərinin pozulduğu bir şəraitdə tarazlaşdırılmış xarici siyasət kursu mövcud ziddiyyətləri və etimadsızlığı aradan qaldırmaq üçün düşünülmüş və məqsədyönlü bir təlim idi. Heydər Əliyev bu yolla həm qonşu ölkələrlə dağılmış münasibətləri bərpa edib daha da inkişaf etdirməyə nail olmuş, həm də dünya birliyi ilə müstəqil Azərbaycan Respublikasının yeni yaranmaqda olan əlaqələrini tarazlamışdır. Azərbaycan Respublikasının Avropa Şurasının üzvlüyünə qəbul edilməsi, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağının Brüsseldə, Avropa Şurasının baş iqamətgahı qarşısında ucaldılması və dalğalandırılması Heydər Əliyevin məqsədyönlü xarici siyasətinin real təntənəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursu müstəqillik dövrümüzün yeni tarixi mərhələsinin reallığıdır.

Göründüyü kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətçilik təlimi ölkəmizi və xalqımızı dövlət müstəqilliyinin çətin yollarından böyük uğurla keçərək, tarixin məsuliyyətli sınaqlarından alnıaçıq çıxararaq qarşıdakı daha böyük inkişafın strategiya və taktikasının müəyyənləşdirilməsini təmin etmişdir. Həyata keçirilən böyük islahatlar, atılan düşünülmüş addımlar Azərbaycan Respublikasının gələcək inkişaf yollarının möhkəm təməllərini təşkil etmişdir. Bütün bunlara görə Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin banisi və yaradıcısı hesab etmək obyektiv reallıqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın və ölkəmizin müstəqillik yollarındakı böyük inkişafının, möhtəşəm nailiyyətlərinin qüdrətli yaradıcısıdır. Prezident İlham Əliyevin simasında Azərbaycan Respublikasının dövlət idarəçiliyində siyasi varislik təmin edilmişdir. Heydər Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrinin tarixi varisi kimi meydana çıxmış dövlət xadimi fenomenidir. Prezident İlham Əliyev isə dövlətçilik fəaliyyətində Heydər Əliyevin siyasi təlimini yaradıcılıqla inkişaf etdirən, mövcud dünya düzəni reallıqları ilə daha da zənginləşdirən, seçdiyi yolda qətiyyətlə və inamla irəliləyən yeni tipli qüdrətli liderdir.

Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində siyasi varisliyin təmin edilməsi respublikada davamlı və dayanıqlı inkişafın baş verməsini şərtləndirmişdir. Bununla belə, Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunda özünün çoxcəhətli mühüm xidmətləri, beynəlxalq aləmdəki böyük nüfuzu ilə Prezident İlham Əliyev öz erasını yaratmışdır. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 19 il ərzində Prezident İlham Əliyev dünyada gedən proseslərə, ölkədə baş verən hadisələrə daim yeni yanaşması, hər hansı bir məsələnin görsənən və görünməyən tərəflərini birlikdə təhlil edib dəyərləndirməsi, yeni çağırışlara vaxtında və yüksək səviyyədə cavab verməklə yanaşı, hətta bir çox hallarda fərqli çağırışların müəllifi kimi çıxış etməsi ilə səciyyələnir.

Məsələn, Heydər Əliyev epoxasının dövlət idarəçiliyində Ulu Öndərin adı ilə bağlı olan kompleks yanaşma metodunu İlham Əliyev çoxvektorlu idarəetmə, yaxud şaxələndirilmiş iqtisadi inkişafın həyata keçirilməsi prinsipi ilə əvəzləmişdir. Yaxud Heydər Əliyevə məxsus cəmiyyət hərəkatında millətlərarası münasibətlərin tənzimlənməsi işini İlham Əliyev multikulturalizm və tolerantlıq miqyasında həyata keçirmişdir. Bu anlayışların arasındakı yaxınlıq və fərqlər İlham Əliyevin siyasi varis kimi özünəməxsusluğunun ilkin göstəriciləridir.

Axı siyasi varis anlayışının özü də hər hansı idarəetmə metodunun olduğu kimi kopiyasını çıxarmaq, heç dəyişmədən tətbiq etmək deyildir. Ümumiyyətlə, varislik, xüsusən də siyasi varislik mövcud olan işlərin yaradıcı şəkildə davam etdirilməsi deməkdir. Siyasi varislik qəbul edilmiş estafeti yeni məsafələrə çatdırmaq mənasında başa düşülməlidir. Əgər məsələyə idman yarışları gözü ilə baxsaq, siyasi varislik müəyyən edilmiş hərəkət zolağı ilə, lakin fərqli sürətlə, yaxud başqa üsullarla gedərək yeni məsafələr qət etmək, zirvələr fəth etmək deməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin timsalında siyasi varislik qəbul edilmiş estafetin dəyərini və qiymətini daim uca tutmaqla, xalqımıza konkret tarixi epoxada mühüm nailiyyətlər qazandırmışdır. Həmin dəyərlərə və yanaşma metodlarına yüksək ehtiramını ifadə etməklə bərabər, strateji xətti və taktikanı ardıcıl olaraq daha da təkmilləşdirmək və yeniləşdirməklə rekord göstəricilər əldə edilmişdir. Məsələn, İlham Əliyevin Azərbaycanın dövlət idarəçiliyinə gətirdiyi regionların inkişaf etdirilməsi anlayışı ölkənin iqtisadi-mədəni mənzərəsinin tamamilə dəyişdirilməsi ilə nəticələnmişdir. Heç şübhəsiz, regionların inkişafına diqqət həmişə olmuşdur. Ancaq etiraf etmək lazımdır ki, Azərbaycan tarixinin hər hansı bir dövründə regionların inkişafı heç vaxt onilliklərlə ardıcıl şəkildə davam etdirilən sistemli dövlət proqramları səviyyəsində baş verməmişdir. Sovet hakimiyyəti illərində kəndlərdə bəzi kiçik müəssisələrin, məsələn, çörək sexi, yaxud çəkməçi otağının və ya ticarət obyektinin, ət dükanının açılması SSRİ miqyasında şəhərlə kənd arasındakı fərqlərin aradan qaldırılması kimi təqdim olunurdu. Prezident İlham Əliyevə məxsus regionların inkişaf etdirilməsi üzrə dövlət proqramları isə kəndlərdə çoxmərtəbəli və müasir məktəb və xəstəxana binalarının, ixrac potensialına malik emal müəssisələrinin, şəkər və pambıq zavodlarının, hətta maşın-traktor istehsal edən, böyük kollektivləri olan müəssisələrin açılması baş vermiş, məhsulları ölkə və dünya bazarlarına çıxarılmış, brend qazanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi modernləşdirmə hərəkatı ənənə və novatorluq prinsipi əsasında qurulmuş yeniləşdirmə proqramlarıdır. Bu prosesdə novatorluğun payı çox olmazsa, müəyyən yeniliklər əldə etmək mümkün olsa da, tam mənası ilə yeniləşdirmək mümkün olmaz.

İlham Əliyevin modernləşdirmə hərəkatının özü də daim inkişaf etdirilərək yeniləşdirilmiş bir proqrama çevrildiyi üçün hər dəfə tam yeni bir hərəkat səviyyəsinə qaldırılır. Məsələn, ilk dəfə Böyük Qayıdış proqramı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan "ağıllı kənd" və ya "ağıllı şəhər" layihələri nəinki Azərbaycanda, hətta dünya miqyasında analoqu olmayan və ya tək-tək bənzəri olan tam yeni layihələrdir. "Ağıllı kənd", "ağıllı şəhər" layihələri nəticə etibarilə Azərbaycanda daha müasir həyat tərzi yaradan və ağıllı yeni nəsillərin yetişdirilməsinə xidmət edən İlham Əliyev layihələridir.

Eyni sözləri son illərdə ölkəmizdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq edilən "yaşıl enerji" zonaları haqqında da demək olar. Yaxud respublikamızda artıq tətbiq edilmiş azad iqtisadi zonalar da İlham Əliyev erasının Azərbaycana gətirdiyi modern yeniləşdirmə nümunələridir. Artıq ölkəmizdə qapıları döyməkdə olan süni intellektin tətbiq sahələrinin yaradılması məsələləri də İlham Əliyev inkişaf mərhələsinin reallıqlarına çevrilməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin dünyada yeni inkişaf dalğası kimi qəbul olunmuş Dördüncü Sənaye İnqilabının çağırışlarını tətbiq etməkdə zamanı qabaqlayan lider olduğunu nümayiş etdirir.

Dünyaya səs salmış "Əsrin müqaviləsi"nin konkret layihələr üzrə həyata keçirilməsi, gerçəkləşdirilməsi baxımından da siyasi varisliyin novator təzahürləri müşahidə olunmaqdadır. Məlum olduğu kimi, Azərbaycanın siyasi taleyinin həll olunmasında və iqtisadi inkişafının təmin edilməsində müstəsna dərəcədə böyük rolu olan "Əsrin müqaviləsi"nə görə Azərbaycanın neft və qaz ehtiyatlarının Tbilisidən keçərək Türkiyə limanlarına çatdırılması və oradan da tankerlərlə Avropa bazarlarına daşınması nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev Bakı-Tbilisi-Ərzurum neft-qaz marşrutlarının çəkilişini təmin etməklə 2005-ci ildə istismara verilməsini təmin etmişdir. Bu, Azərbaycana böyük iqtisadi inkişaf, kifayət qədər maliyyə resursları, ən başlıcası isə, etibarlı tərəfdaşlar qazandırmışdır. Prezident İlham Əliyevin "Əsrin müqaviləsi"nə yaradıcı münasibəti ölkəmizə TANAP, TAP, "Şahdəniz" kimi yeni neft-qaz ixracı marşrutları yaratmışdır. Və Bakıdan başlanaraq Tbilisidən keçməklə Türkiyənin Ceyhan limanında dayanan neft-qaz marşrutları hazırda Avropanın az qala yarısına qədər çatdırılmışdır. Bu, İlham Əliyev erasıdır.

Nəqliyyat dəhlizlərinin yaradılması da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ideyalarından doğmuş yeni layihələrdir. Bakı-Tbilisi-Qars "Dəmir İpək yolu"nu heç tərəddüd etmədən İlham Əliyev dəmir yol magistralı da adlandırmaq olar. Ölkəmizdə artıq işə salınmış Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri də müstəqil Azərbaycanın nəqliyyat sektorunun İlham Əliyev avtomobil magistrallarıdır. Nəhayət, dünyada iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə, regionda sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfələr verəcək Zəngəzur dəhlizi ideyası da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur.

Ən nəhayət möhtəşəm Qarabağ Zəfəri!

Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi yollarında Ümummilli Lider Heydər Əliyev böyük iş aparmışdır. Məhz Heydər Əliyevin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində dünyada Ermənistanın Qarabağ haqqında geniş yaydığı mif qətiyyətlə dağıdılmışdır. O, danılmaz tarixi faktlar, qədim coğrafi xəritələr əsasında dünya ictimaiyyətinə Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu inandırmışdır. Xüsusən Lissabon Sammitindəki Qarabağ müzakirələrində Heydər Əliyevin geniş dünyagörüşü, dərin bilikləri və dəmir məntiqi uydurma erməni mifini alt-üst etmişdir.

Eyni zamanda Ulu Öndər Horadiz əməliyyatı vasitəsilə də Qarabağın döyüş yolu ilə alınacağına inam yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev II Qarabağ müharibəsində xalqımızın tam və qəti qələbəsini təmin etmişdir.

İlham Əliyev çoxəsrlik Azərbaycan tarixinə qalib Müzəffər Ali Baş Komandan kimi daxil olmuşdur. Bununla Azərbaycan xalqının da bütün dünyaya Qalib Xalq kimi təqdim etmək missiyası yerinə yetirilmişdir.

Göründüyü kimi, Azərbaycan Respublikasının müstəqillik yollarındakı şərəfli və məsuliyyətli inkişafının böyük təməlləri Ümummilli Lider Heydər Əliyev tərəfindən atılmışdır. Eyni zamanda Azərbaycanın dünya birliyində söz sahibi olan ölkələrdən birinə çevrilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikasını inkişaf etməkdə olan ölkələrin sırasından inkişaf etmiş ölkələrin miqyasına çıxartmaqdadır.

Dövlət rəhbərimiz müasir dövrün görkəmli dünya liderlərindən biri kimi qəbul olunur. Prezident İlham Əliyev yeni dünyanın dəyişməsinə və inkişaf etdirilməsinə təsir göstərən, bələdçilik edən uzaqgörən və qətiyyətli dövlət xadimidir. Prezident İlham Əliyev zamanı qabaqlayan və zamanla rəqabət aparan qüdrətli lider kimi Azərbaycanı qələbədən-qələbəyə aparmaqda davam edir.

Azərbaycan Respublikasının müstəqillik yollarındakı geniş üfüqləri Prezident İlham Əliyevin əməllərinin və ideyalarının işığında aydın şəkildə görünür. Çoxəsrlik Azərbaycan tarixinin Heydər Əliyev epoxası və müstəqillik dövrünün İlham Əliyev erası xalqımızın, dövlətimizin şərəf, ləyaqət və intibah dövrləridir. Qüdrətli lideri olan Azərbaycan xalqının sabahkı addımları daha qətiyyətli, irəlidəki həyatı isə parlaq olacaqdır.

Heydər Əliyev epoxasından və İlham Əliyev erasının dərslərindən çıxarılan əsas nəticə bundan ibarətdir.

İsa HƏBİBBƏYLİ, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

“Azərbaycan” qəzeti