Ədəbiyyat İnstitutunda “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı elmi sessiya keçirilib
07.05.2026 | 17:30Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı elmi sessiya keçirilib. Öncə İnstitutda Heydər Əliyevlə bağlı nəşrlərdən ibarət sərgiyə baxış olub.
Tədbiri giriş sözü ilə İnstitutun direktor müavini filologiya elmləri doktoru, dosent Mehman Həsənli açıb. Mehman Həsənli ümummilli lider Heydər Əliyevin ədəbiyyata qayğısından, şair və yazıçılarla olan münasibətindən geniş danışıb. Onun istər sovet, istərsə də müstəqilliyin bərpasından sonrakı dövrlərdə ədəbiyyat adamları ilə dostluğundan və klassiklərə olan yüksək münasibətindən söz açıb.
Onun əməli işlərinin davamı olaraq Prezident İlham Əliyevin bu sahənin təmsilçilərinə göstərdiyi xüsusi diqqətin nəticələrini də xatırladıb. Ölkəmizdə Nəsimi və Nizami ilinin elan olunmasını ulu öndərin dövlətçilik siyasətinin davamı kimi səciyyələndirib. Azərbaycanın ən vacib komponentlərindən biri olan Azərbaycan dilinin qorunmasında ədəbiyyatın müstəsna rolunu xatırladıb. Ədəbiyyat İnstitutunda Heydər Əliyevə həsr olunmuş nəşrlərin əhəmiyyətini vurğulayıb.
Ardınca Heydər Əliyevin yazıçı və şairlərlə olan münasibətini əks etdirən video-çarx nümayiş etdirilib.
Sonra XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Azərbaycan ədəbiyyatı Ulu öndər Heydər Əliyevin dəyərləndirmə müstəvisində”, elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Heydər Əliyevin ədəbiyyat strategiyası”, Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov “Heydər Əliyev və klassik ədəbi irs” mövzusunda məruzə ediblər. Həmçinin, filologiya elmləri doktorları Məmməd Əliyev və Esmira Fuad da mövzuya münasibət bildiriblər.