Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Ədəbiyyat İnstitutunda “Rəqəmsallaşma dövrünün çağırışları: Reallıqlar və perspektivlər” adlı tədbir keçirilib

04.01.2026 | 15:00

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elm gününə həsr olunmuş “Rəqəmsallaşma dövrünün çağırışları: Reallıqlar və perspektivlər” adlı tədbir keçirilib.
Tədbirdə Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmləri doktoru, dosent Mehman Həsənli, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva, AMEA RH Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə, həmçinin təcrübəçi tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun direktor müavini Mehman Həsənli Ədəbiyyat İnstitutunda rəqəmsallaşma və süni intellekt dövründə görüləcək işlər  barəsində geniş məlumat verib. 27 mart Elm gününün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamı ilə təsis edildiyini vurğulayıb. AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi altında Ədəbiyyat İnstitutunda görülən işlərdən və müasir dövrün tələblərinə cavab verən elmi yeniliklərdən söz açıb. AMEA Rəyasət Heyətinin Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin Akademiyaya daxil olan İnstitutlarda elektronlaşma işinin təşkili və gələcək perspektivlərlə bağlı görülmüş işləri xatırladıb.
Əlavə edib ki, müasir dövrdə ənənəvi mediadan sosial mediaya keçid geniş vüsət alıb. İnformasiyanın yayılma məsələlərində sosial medianın payının artdığını və alimlərin də bu hərəkatda iştirakının vacibliyini vurğulayıb. Rəyasət heyətinin Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsində sosial media ilə bağlı işlər aparıldığını bildirib.
Sonra AMEA Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov rəqəmsallaşma hərəkatı və yeni çağırışlar mövzusunda çıxış edib. Akademiyanın jurnallarının elektron vəziyyəti, onların beynəlxalq elmi bazalara daxil edilməsi, elmi platformalarla bağlı işlərin təkmilləşdirilməsindən danışıb.
AMEA İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin əməkdaşı Elnur Eltürk (Hüseynov) akademiyada formalaşan yeni rəqəmsal elmi mühitlə bağlı fikirlərini bölüşüb. Alimlərin fəaliyyətinin sosial mediada təbliği ilə bağlı təkliflərini səsləndirib.
Ədəbiyyat İnstitutunun Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva şöbənin fəaliyyət istiqaməti və perspektivləri haqqında danışıb.