Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Ad: Bağırlı Aygün Ağabağır qızı

Vəzifə: Elmi katib

Haqqında

Bağırlı Aygün Ağabağır qızı 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə BDU-nun Filologiya fakültəsinin bakalavr, 1999-cu ildə magistr pillələrini fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olmuşdur. “Səməd Vurğunun nəzəri-estetik görüşlərində klassik irs problemi” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmiş, hal-hazırda “Səməd Vurğun ədəbi məktəbi: formalaşması, poetik təkamülü” adlı elmlər doktorluğu dissertasiyası üzərində işləyir. 2016-cı ildən dosentdir. Aygün Bağırlı Ədəbiyyat İnstitutunda elmi işçi, böyuk elmi işçi, aparıcı elmi işçi, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. Hal-hazırda isə İnstitutun elmi katibidir. 100-ə yaxın elmi-publisistik məqalənin, bir monoqrafiyanın (“Səməd Vurğunun nəzəri-estetik görüşlərində klassik irs problemi”) müəllifi, 5 kitabın (“Boyük Azərbaycan şairi İmadəddin Nəsimi”, “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” I və II hissə, “Azərbaycanın dahi humanist şairi Nizami Gəncəvi” (Argentinada), “Milli-mənəvi dəyərlər”) həmmüəllifi, 10-dan çox kitabın tərtibçisidir. Əsərləri həmçinin Türkiyədə, Rusiyada, Argentinada, Özbəkistanda, Qazaxıstanda və Dağıstanda çap olunmuşdur. “Sənətkarın elmi pasportu” seriyasından olan “Xaqani Şirvani: Həyatı və yaradıcılığı”, “Nizami Gəncəvi: Həyatı və yaradıcılığı”, “İmadəddin Nəsimi: Həyatı və yaradıcılığı”, “Məhəmməd Füzuli: həyatı və yaradıcılığı”, “Molla Pənah olan Vaqif”, “Əbdürrərəhim bəy Haqverdiyev: Həyatı və yaradıcılığı”, “Bəxtiyar Vahabzadə (həyatı, mühiti və yaradıcılığı)”, “Məmməd Araz (həyatı və yaradıcılığı)”, “Xanımana Əlibəyli imzası” kimi monaqrafiyaların məsul redaktoru, oncildlik “Azərbaycan Ədəbiyyatı Tarixi”nin II və IV cildlərinin məsul katibi, VII və IX cildlərinin Redaksiya Heyətinin üzvü, “Azərbaycan Ədəbiyyatşünaslığı” jurnalının baş redaktorunun müavini, “Nizami Gəncəvi almanaxı”nın radaksiya heyətinin üzvüdür. İyirmiyə yaxın Beynəlxalq və Respublika konfransının Təşkilat Komitəsinin üzvü və iştirakçısı olmuşdur. 2016-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü və katibidir. Aygün Bağırlı həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyində Dərslikləri Qiymətləndirmə Şurasının ekspertidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-ci ildə “Səməd Vurğun”, 2015-ci ildə “İlin gənc alimi”, 2022-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı, 2024-cü ildə TÜRKSOY-un “Molla Pənah Vaqif” medalı ilə təltif edilmiş, müxtəlif illərdə AHİK-in, AMEA Humanitar Elmlər Bölməsinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri Fərmanlarına layiq görülmüşdür.