Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Professor Abdurrahman Aliy: “Birinci Türkoloji Qurultayın 100 illiyi türk aləminin intellektual irsinin yenidən dəyərləndirilməsi baxımından yeni imkanlar açır”

27.02.2026 | 11:30

Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış mühüm hadisələrdəndir. Qurultayın 100 illik yubileyi türk aləminin intellektual irsinin yenidən dəyərləndirilməsi, Türkologiyanın aktual məsələlərinin müzakirəsi və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bunu Türkiyənin Yunus Emre İnstitutunun prezidenti, professor Abdurrahman Aliy Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunan “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Professor Abdurrahman Aliy bildirib ki, türk dilinin beynəlxalq miqyasda yayılması, ortaq mədəni irsin qorunması və elmi fəaliyyətlərin dəstəklənməsi əsas prioritetlərdəndir. O, Yunus Əmrə İnstitutu tərəfindən türkologiyanın sadəcə bir elm sahəsi kimi deyil, tarixi irsi, mədəni qarşılıqlı təsiri, diplomatik baxışı, dil və təhsil siyasətlərini əhatə edən, çoxşaxəli və strateji bir istiqamət kimi qiymətləndirildiyini söyləyib. Vurğulayıb ki, ortaq məqsədlər ətrafında birləşmiş türkologiya camiəsi beynəlxalq müstəvidə daha güclü və təsirli mövqe formalaşdıra bilər.

İnstitut prezidenti Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyaların müasir şəraitdə uğurla gerçəkləşdiyini söyləyib. O, bugünkü tədbirdə Türk dünyasından və Türk dünyası xaricindəki ölkələrdən gəlmiş dəyərli türkoloqların eyni məkan altında toplaşmasını əhəmiyyətli hadisə kimi dəyərləndirib. Qurultayın Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.