Çinin Qansu vilayətinin UNESCO Assosiasiyasının nümayəndə heyəti Ədəbiyyat İnstitutunun qonağı olub
25.11.2026 | 16:00Çin Xalq Respublikasının Qansu vilayəti UNESCO Assosiasiyasının prezidenti Du Yongjunun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin Tədqiqatları Mərkəzini ziyarət edib.
İlk olaraq AMEA Rəyasət Heyətində keçirilən görüşdə Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli AMEA-da Çinin tarixi və mədəniyyəti ilə bağlı aparılan tədqiqatlar, eləcə də iki ölkə arasında elmi əməkdaşlıq əlaqələri haqqında məlumat verib. Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Tədqiqatları Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə müxtəlif vaxtlarda Konfutsi İnstitutu tərəfindən Çin dili kursları təşkil olunub və indiyədək Akademiyanın 15-dən çox əməkdaşı bu kurslarda iştirak edib. Onlardan bir neçəsi Çinin universitetlərində keçirilən təhsil proqramlarına qatılaraq müvafiq sertifikatlar əldə edib. Akademik, həmçinin Ədəbiyyat İnstitutunda Çin şairlərinin XX əsrin ikinci yarısında Azərbaycan haqqında yazdıqları şeirlərin və hekayələrin, eləcə də azərbaycanlı müəlliflərin Çin mövzusunda qələmə aldıqları bədii əsərlərin toplanaraq ayrıca kitab şəklində nəşrə hazırlandığını və nəşrin 2027-ci ildə nəzərdə tutulduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətinin Elmin populyarlaşdırılması şöbəsinin əməkdaşı Cəmaləddin İsmayılovun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında yaratdığı “Çin gözəli” portretini Ədəbiyyat İnstitutunun Çin Tədqiqatları Mərkəzinə təqdim edib.
Daha sonra Du Yongjunun rəhbərlik etdiyi nümayəndə heyəti Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənlinin müşayiəti ilə institutun fəaliyyəti və elmi strukturları ilə tanış olub. Mehman Həsənli Çin Tədqiqatları Mərkəzində aparılan elmi araşdırmalar, Çin dilinin müntəzəm tədrisi, eləcə də İnstitut əməkdaşlarının bu dil üzrə imtahanlarda əldə etdikləri uğurlu nəticələr barədə məlumat verib.