Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Şəfa Əliyeva: Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet elmi əməkdaşlıq üçün mühüm platformadır

26.08.2026 | 11:34

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetinin açılışı Azərbaycan–Özbəkistan elmi, mədəni və ədəbi əlaqələrinin inkişafı baxımından mühüm hadisədir. Universitetə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verilməsi iki ölkənin ədəbi irsinin qarşılıqlı öyrənilməsi, xüsusilə Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığının müqayisəli tədqiqi üçün yeni imkanlar yaradır.

Bu fikirləri AMEA Gənclər Akademiyasının sədr müavini, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəfa Əliyeva açıqlamasında bildirib.

Gənc alimin sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Özbəkistanın müvafiq elmi və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük elmi potensial mövcuddur. İnstitutda Nizamişünaslıq, Azərbaycan–Özbəkistan ədəbi əlaqələri və müqayisəli ədəbiyyatşünaslıq istiqamətlərində aparılan tədqiqatlar gələcək əməkdaşlığın elmi əsaslarından birini təşkil edə bilər.

O qeyd edib ki, akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru Almaz Ülvi, Yaşar Qasımov, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə və digər alimlərin Azərbaycan–özbək ədəbi əlaqələri, Nizami Gəncəvi və Əlişir Nəvai irsi ilə bağlı araşdırmaları birgə elmi layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Növbəti mərhələdə əməkdaşlığın konkret tədqiqat proqramları ilə davam etdirilməsi məqsədəuyğundur. Nizami və Nəvai mətnlərinin müxtəlif aspektlərdən müqayisəli öyrənilməsi, mətnşünaslıq və tərcümə layihələrinin həyata keçirilməsi, klassik ədəbi irsin rəqəmsallaşdırılması və elektron mətn korpuslarının hazırlanması bu istiqamətlər sırasında yer ala bilər. Gənc tədqiqatçıların prosesə cəlb olunması da xüsusi əhəmiyyət daşıyır.

AMEA Gənclər Akademiyası Azərbaycan və Özbəkistanın gənc filoloqları arasında elmi əlaqələrin genişləndirilməsi, birgə seminarların, yay məktəblərinin və gənc ədəbiyyatşünasların forumlarının təşkili istiqamətində əməkdaşlıq imkanlarına malikdir. Belə layihələr gənc alimlər arasında elmi ünsiyyətin gücləndirilməsinə və gələcək birgə tədqiqatların formalaşmasına şərait yarada bilər.

O, Daşkənddə universitetin yeni kampusunda Nizami Gəncəvi Muzeyinin yaradılmasını da mühüm təşəbbüs kimi qiymətləndirib. Onun fikrincə, muzey yalnız eksponatların nümayiş etdirildiyi məkan kimi deyil, Nizami irsinin öyrənilməsi və təbliği ilə bağlı elmi tədbirlərin, mühazirələrin, sərgilərin və rəqəmsal layihələrin keçirildiyi elmi-maarifləndirici mərkəz kimi fəaliyyət göstərə bilər.

Ədəbiyyat İnstitutunun Nizamişünaslıq sahəsində zəngin elmi təcrübəsinin bu istiqamətdə əməkdaşlıq üçün mühüm imkan yaratdığını vurğulayan Şəfa Əliyeva Azərbaycan və Özbəkistan alimlərinin birgə layihələrinin Nizami irsinin beynəlxalq səviyyədə öyrənilməsinə və təbliğinə töhfə verəcəyini bildirib. O, həmçinin Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin məzunlarının Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetdə təhsil almaq imkanını Azərbaycan–Özbəkistan əməkdaşlığının təhsil və gənclər sahəsində konkret nəticələrindən biri kimi dəyərləndirib. Qeyd edib ki, məktəbin ilk beş məzununun qrant əsasında universitetdə təhsil almaq hüququ qazanması, məzunların 20 faizinin isə universitetə qəbul olunması iki ölkə arasında təhsil əlaqələrinin praktiki nəticələrini nümayiş etdirir.

Alim əlavə edib ki, Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet gələcəkdə Azərbaycan və Özbəkistan alimlərinin, xüsusilə humanitar elmlər üzrə tədqiqatçıların əməkdaşlığı üçün mühüm elmi platformaya çevrilə bilər. Bunun əsas istiqamətlərindən biri Nizami irsinin və Azərbaycan–Özbəkistan ədəbi əlaqələrinin müasir elmi metodlarla birgə araşdırılmasıdır. Tədqiqatçı Ədəbiyyat İnstitutunun elmi təcrübəsi ilə AMEA Gənclər Akademiyasının gənc tədqiqatçıları bir araya gətirən imkanlarının bu əməkdaşlığın inkişafına real töhfə verə biləcəyi vurğulayıb.

AzərTac