Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Akademik İsa Həbibbəyli özbək mətbuatına müsahibə verib

10-01-2018 [ 09:34 ] [ oxunub:55 ]
printerA+ | A-
72975

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Özbəkistanın “Kitab dünyası” qəzetinə müsahibə verib. Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişaf tarixindən, ortaq kökə əsaslanan hər iki xalqın qədim və zəngin ədəbiyyat ənənələrindən bəhs edən akademik İsa Həbibbəyli müsahibəsində bildirib: “Azərbaycan-özbək ədəbi əlaqələrinin qədim tarixi və zəngin ənənələri vardır. Azərbaycan və özbək əlaqələri yalnız ədəbiyyatla bağlı deyildir. Xalqlarımızı ortaq  köklər və böyük tarixi ənənələr bağlayır. Ədəbi əlaqələr xalqlararası münasiblətlərin hərəkətverici qüvvəsidir”.

Müsahibədə son dövrlər Azərbaycanda və Özbəkistanda qarşılıqlı ədəbi əlaqələrin inkişafı istiqamətində görülən işlər barədə geniş bəhs edilib. Bu istiqamətdə Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli mərkəz tərəfindən tanınmış Azərbaycan ziyalısı, publisist Qulu Kəngərlinin Azərbaycan ədəbiyyatı nümunələrinin nəşr edilməsinin, görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin əsərlərinin özbək dilində çapa hazırlamasının əhəmiyyətli layihələr olduğunu vurğulayıb.

Müsahibədə Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişafı istiqamətində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görülən işlər barədə danışılıb. İnstitutda 2016-ci ildə yaradılmış “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin qarşılıqlı əməkdaşlıq üzrə əhəmiyyətli tədqiqatlar aparmaq üçün yaradıldığı diqqət mərkəzinə çəkilib. Bu yaxınlarda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda özbək “altmışıncıları”nın görkəmli nümayəndəsi, xalq şairi Camal Kamalla keçirilən görüşdən, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti ilə imzalanmış əməkdaşlıq memorandumunun perspektivlərindən söhbət açılıb.

Akademik İsa Həbibbəyli Özbəkistanın “Kitab dünyası” qəzetinə müsahibəsində Azərbaycan-Özbəkistan ədəbi-elmi və mədəni əlaqələrinin tükənməz mövzu olduğunu, hər iki ölkə üçün mühüm əhəmiyyətə malik olan bu problemi dərindən və sistemli şəkildə tədqiq etməyin əhəmiyyətindən danışıb.

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR