Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının müzakirəsi keçirilib

24-10-2017 [ 10:35 ] [ oxunub:57 ]
printerA+ | A-
62946

Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış yazıçı-publisist Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının ədəbiyyatşünas alim və tədqiqatçıların iştirakı ilə müzakirəsi keçirilib.

http://elmtv.az/az/news/2055/

AZƏRTAC xəbər verir ki, “Atabəy Eldəniz” əsəri müəllifin yeddinci tarixi romanıdır. Kitaba “Ön söz”ü AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov yazıblar.

Yazıçı bu əsərdə Azərbaycan tarixində mühüm yer tutmuş daha bir görkəmli dövlət xadiminin romanını yaradır və Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran ilk Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətinə işıq salır.

Tədbirdə çıxış edən akademik İ.Həbibbəyli bildirib ki, son onillikdə Y.Oğuz yeni dövrün müasir tarixi romançısı kimi ad qazanıb. Y.Oğuz "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur - Zirvəyə doğru", "Əmir Teymur - Dünyanın hakimi", "Şah arvadı və cadugər", "Sultan Arp Aslan" və s. romanlarında Azərbaycanın və türk dünyası tarixinin müxtəlif dövrlərini əhatəli təsvir etməklə müasirlərimizin milli gen yaddaşının oyanışına və dövlətçilik təfəkkürünün qüvvətlənməsinə məsuliyyətlə və şərəflə xidmət göstərir. Yazıçının romanlarındakı milli dövlətçilik ideyası və azərbaycançılıq ruhu tarixi mövzuların müasir dövrlə, yeni tarixi epoxa ilə üzvü surətdə əlaqələndirilməsinə geniş imkan yaradır. Onun hər romanı ümumtürk tarixinin və Azərbaycan gerçəkliyinin böyük bir epoxasının mahiyyətinin açılmasına, dövlətçilik ənənələrimizin reallıqlarının diqqət mərkəzinə çəkilməsinə işıq salır. Y.Oğuzun növbəti "Atabəy Eldəniz" romanı onun yaradıcılığında tarixi roman janrının davamlı inkişaf proseslərində olduğunu göstərir. Əsərdə Azərbaycan Atabəyləri dövlətinin (1136-1225) yaranması, fəaliyyəti, bu dövlətin qurucularının hünər və qəhrəmanlığı bütün tarixi miqyası və ictimai-siyasi qüdrəti ilə əksini tapıb. Azərbaycan anlayışının yalnız coğrafi ərazi deyil, mənəvi vətən və torpaq, cəmiyyət və dövlət kimi təşəkkülü, formalaşması, yüksəlməsi roman boyu oxucunun gözü qarşısında canlı lövhələrdə əks olunur.

Akademik Nizami Cəfərov isə yazıçının sənətkarlıq xüsusiyyətlərindən danışıb. Bildirilib ki, Azərbaycanda Atabəylər dövrünə həmişə maraq olub, bir sıra dəyərli elimi, eləcə də bədii əsərlər yaradılıb. Onlardan ikisini – akademik Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti (1136-1225)” monoqrafiyasını və Xalq Şairi Nəriman Həsənzadənin “Atabəylər” mənzum dramını ayrıca qeyd etmək lazımdır. “Şübhə etmirəm ki, Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanı da həmin mövzuda qələmə alınmış dəyərli əsərlər sırasına daxil olacaq”, - deyə N.Cəfərov bildirib.

Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Elnarə Qaragözovanın “Atabəy Eldəniz” romanında tarix və şəxsiyyət amili” mövzusunda məruzəsi dinlənilib.

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya elmləri doktorları Əlizadə Əsgərli və Lalə Həsənova romanın məziyyətlərindən danışıblar. Çıxışlarda “Atabəy Eldəniz“ romanının Azərbaycan dövlətçiliyinin qədim tarixə və böyük ənənələrə malik olduğunu bədii həqiqətlər vasitəsilə təsdiq edən əsər kimi əhəmiyyəti vurğulanıb.

Müzakirələr zamanı Milli Məclisin deputatları Musa Qasımlı və Aqil Abbas, “Atabəy Eldəniz“ romanının redaktoru, yazıçı Elçin Hüseynbəyli, əsəri türk dilinə çevirən Hüseyn Adıgözəl çıxış ediblər. Qeyd edilib ki, roman yazıçıların digər əsərləri kimi, tarixçilərin, elmi ictimaiyyətin, araşdırmaçıların və Azərbaycan tarixini sevən gənclərin böyük marağına səbəb olacaq.

Sonda Y.Oğuz çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR