Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AÇAR SÖZLƏR

Füzulişünaslıq

18-02-2018 [ 17:59 ] [ oxunub:212 ]
printerA+ | A-

Füzulişünaslıq

Füzulişünaslıq

Füzulişünaslıq XVI əsr Azərbaycan poeziyası və ədəbi dilinin banisi Məhəmməd Füzulinin irsini, onun həyat və yaradıcılığını, ədəbi-tənqidi mətnlərini, mühiti və müasirlərini, mövzu və problemlərini, habelə, ədəbi məktəbini öyrənir. Füzuli irsinin tədqiqat tarixinin öyrənilməsi də Füzulişünaslıq üçün ədəbi-tarixi əhəmiyyətə malikdir. Nizamişünaslıq və Füzulişünaslıq eyni zamanda Azərbaycan dövlətinin ədəbiyyat və mədəniyyət siyasətidir.

Məhəmməd Füzuli farsca, ərəbcə və türkcə “Divan”lar müəllifidir. Türk (Azərbaycan) “Divan”ı Füzuli yaradıcılığının zirvəsidir. Qəzəlləri məşhurdur. Həmin qəzəllərdə dini-fəlsəfi fikirləri, bəşəri və ilahi eşq tərənnüm olunub. Füzulinin “Divan”ında lirik növün qitə, rübai, mürəbbe, müxəmməs, müsəddəs, tərcibənd, tərkibənd, təxmis və s. janrları birləşib və mövzu baxımından rəngarənglik ifadə edib. Farsca “Divan”ı nəşr olunub, dilimizə tərcümə edilib, tədqiq tarixi öyrənilib. “Divan”ına daxil olan qəzəllərin əsas mövzusu məhəbbətdir. Onların müəyyən hissəsi dini-fəlsəfi mövzudadır. Füzulinin qəsidələri də məşhurdur. Həmin qəsidələr tövhid, minacat, nət və dini şəxsiyyətlərin mədhi ilə bağlıdır. Şairin ictimai-fəlsəfi məzmunlu qəsidələri də çoxdur. İslam müqəddəslərinə həsr edilmiş qəsidələri “Su”, “Xəncər”, “Olur” və s.-dir. Sənətkarın “Ənisül-qəlb” qəsidəsi Xaqani Şirvaninin “Qəsideyi-Şiniyyə” əsərinin təsiri olaraq yazılıb.

M.Füzulinin yaradıcılığında məsnəviləri mühüm yer tutur. “Bəngü Badə”, “Söhbətül-Əsmar”, “Həft cam” (“Saqinamə”) şairin alleqorik məsnəviləridir. Füzulinin “Bəngü Badə” və “Söhbətül-əsmar”da mənsəb uğrunda mübarizə tonunda mənfi insan xislətləri tənqid edilib. “Həft cam” (“Saqinamə”) poemasında musiqi alətlərinin dili ilə şairin dövrünə münasibəti və sufi-fəlsəfi görüşləri ifadə olunub.

Məhəmməd Füzulinin (“Leyli və Məcnun” əsəri onun) məsnəvi yaradıcılığının zirvəsidir. Əsər həm də anadilli epik şeirimizin səviyyə göstəricisidir. Poemada insanın eşq vasitəsilə kamillik zirvəsinə yüksəlməsinin bədii ifadəsi verilib. “Leyli və Məcnun” özünəməxsus süjet, kompozisiya, təsvir-təhkiyə və bədii sənətkarlıq xüsusiyyətlərinə malikdir.

Sənətkarın yaradıcılığında bədii nəsri mühüm yer tutur. Onun nəsr nümunələri ilk olaraq şairin divanlarına yazdığı dibaçələrdir. Bu dibaçələr şairin elmi görüşlərinin ifadəsidir. “Şikayətnamə” (“Nişançı Paşaya məktub”), “Qazi Əlaəddinə məktub”, “Əhməd bəyə məktub”, “Bəyazid Çələbiyə məktub” Məhəmməd Füzulinin məktublarındandır.

“Hədiqətüs-süəda” əsəri Füzuli nəsrinin, habelə, Azərbaycan bədii nəsrinin kamil nümunəsidir. Sənətkarın farsca nəsr əsərləri “Səhhət və Mərəz”, “Rindü Zahid”dir. “Səhhət və Mərəz” alleqorik əsərdir. Nəsr nümunəsində müəllifin sufi görüşləri ifadə olunmuşdur. “Rindü-Zahid” əsərində ata ilə oğulun mübahisəsi tonunda iki dünyagörüşü, həyat və insana iki cür baxış bədii ifadəsini tapıb.

Füzuli tərcümələri sərbəst tərcümələrdir. Şairin “Tərcümeyi-Hədisi-ərbəin” əsəri fars-tacik şairi Əbdürrəhman Camidən tərcümədir. “Hədiqətüs-süəda” əsəri də orta əsrlərə məxsus tərcümə əsəridir. Hüseyn Vaiz Kaşifinin “Rövzətüş-şühəda” əsərindən sərbəst tərcümə olunmuşdur. Məqtəl janrının inkişafında da bu əsərin əhəmiyyətli yeri vardır.